Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-183/2021 19.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, Gürcüstan Respublikası Zestaphoni rayonunda qeydiyyatda olmaqla, ünvan 1 ünvanında müvəqqəti yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə hazırlıq iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. İttiham aktına əsasən əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12:40-da Tchumburidze Gagaya məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Rolfo” markalı, HH777H Gürcüstan dövlət qeydiyyat nişanlı qoşqulu, “X9” yük markalı, LT555Dİ Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində hərəkətdə olarkən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən 31-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək qarşısında eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Honda İnsight” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi onun avtomobilinin qabaq hissəsi ilə toqquşmuş, zərbədən “Honda İnsight” minik markalı avtomobil Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz E220” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilə, daha sonra “X9” yük markalı avtomobil Şahid idarə etdiyi “Ford Transit” yük markalı, **- CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Zərərçəkmiş şəxs6 idarə etdiyi “Mercedes Benz 220” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ-21013” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə və Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Benz C220” minik markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə, daha sonra yolayırıcı metal çəpərə dəymiş, nəticədə ehtiyatsızlıqdan “Honda İnsight” minik avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin sıyrığı, daxili qanaxma ilə müşayiət olunan dalağın cırılması (splenekomiya-dalağın cərrahi yolla çıxarılması) kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, habelə “Honda İnsight” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək Zərərçəkmiş şəxs1 8851 (səkkiz min səkkiz yüz əlli bir) manat məbləğində, “Mercedes Benz E220” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 3074 (üç min yetmiş dörd) manat, “Mercedes Benz C220” minik markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs3 970 (doqquz yüz yetmiş) manat, “VAZ-21013” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs4 5965 (beş min doqquz yüz altmış beş) manat, “Ford Transit” yük markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs5 9230 (doqquz min iki yüz otuz) manat, “Mercedes Benz 220” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs6 3773 (üç min yeddi yüz yetmiş üç) manat, “Rolfo” markalı, HH777H Gürcüstan dövlət qeydiyyat nişanlı qoşqulu, “X9” yük markalı, LT555Dİ Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Tchumburidze Gagaya 9860 (doqquz min səkkiz yüz altmış) manat, 48 p/m metal təhlükəsizlik səddinin yararsız hala düşərək sahibi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliynə 3091.20 (üç min doxsan bir manat iyirmi qəpik) manat maddi ziyan yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 çıxışında cinayət işinin məhkəmə baxışının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə aid olduğundan, işin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar mövcud olmadığından, aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikası CPM-nin tələbləri pozulması müəyyən edilmədiyindən məhkəmə baxışının təyin edilməsini təklif etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, o, Gürcüstan Respublikası vətəndaşı olmaqla, azərbaycan dilini bilmir. Barəsində olan cinayət işi üzrə ona tərcüməçi təyin edilsə də, lakin sonrakı mərhələdə ittiham aktının latın əlifbası ilə tərtib edilmiş nüsxəsi ona verilmiş, Gürcü dilinə tərcümə edilmiş nüsxəsi isə verilməmişdir. Formal olaraq ittiham aktının alması barədə müstəntiq qəbzə imza etdirib, əslində ittiham aktının Gürcü dilinə tərcümə edilmiş nüsxəsi ona verilməmişdir. Həmçinin ibtidai istintaq dövründə verilmiş mülki iddiadan məlumatı olmamışdır. Sonda Təqsirləndirilən şəxs cinayət işinin prokurora qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin ifadəsini müdafiə edərək, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ayrı-ayrılıqda işin məhkəmə baxışının təyin edilməsini xahiş etmişlər. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini, zərərçəkmiş şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Gürcüstan Respublikasının vətəndaşı olmaqla, azərbaycan dilində bilmir. İbtidai istintaq zamanı cinayət prosesinə cəlb edildiyi andan (şahid qismində dindirildiyi xx xxxxxx 2021-ci il tarixdən) tərcüməçi ilə təmin edilmiş və ona cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş və həmin hüquq və vəzifələrin həyata keçirilməsi üçün şərait yaradılmış, lakin sonrakı mərhələdə, daha dəqiq ittiham aktının təsdiq edilməsi və təqsirləndirilən şəxsə təqdim olunması mərhələsində Təqsirləndirilən şəxs cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuş və ittiham aktının onun başa düşdüyü dildə (gürcü dilində) tərcümə olunmuş nüsxəsi ona təqdim olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktı xx xxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini İİİ dərəcəli ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən təsdiq edilmiş və həmin tarixli 05/454 saylı məktubda cinayət işinin məhkəməyə göndərilməsi barədə təqsirləndirilən şəxsə və müdafiəçisinə məlumat verilməklə ittiham aktının təsdiq edilmiş surətinin onlara təqdim edildiyi göstərilsə də, lakin cinayət işi materiallarında olan sənədlərdə ittiham aktının təqsirləndirilən şəxsin başa düşdüyü dildə gürcü dilində tərcümə olunaraq, ona təqdim edilməsi müəyyən edilməmişdir. İnsan Hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının «ədalətli məhkəmə araşdırması hüququnu» təsbit edən 6-cı maddəsinin 3 (a) və (e) bəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq, məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə tərcüməçinin pulsuz köməyindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının öz ana dilindən istifadə etmək və ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. Həmin Məcəllənin 292.4-cü maddəsinə əsasən cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri, habelə həmin sənədlərin məhkəmə icraatının aparıldığı dildə yazılmış surətləri verilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs ittiham aktının ana dilinə (gürcü dilində) və ya bildiyi başqa dildə tərcümə olunmuş nüsxəsinin təqdim olunmadığı, bununla da onun ibtidai istintaq zamanı cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının kobud şəkildə pozulduğu müəyyən edilmişdir. Bu da Azərbaycan Respublikası CPM-nin 303.3.7-ci maddəsinin tələbləri üzrə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsas yaratmışdır. Bundan başqa cinayət işinin 168-ci vərəqində olan ibtidai istintaq dövründə Bakı İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X4 xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, cinayət nəticəsində Tchumburıdze Gagaya məxsus texniki “Rolfo” markalı, HH 777 H gürcü qeydiyyat nişanlı qoşqulu avtomobilə 9860 manat məbləğində zərər dəyməsi əsası ilə Tchumburidze Gaga zərərçəkmiş şəxs kimi tanınmışdır. Lakin zərərçəkmiş şəxsin hüquqlarını onun əvəzindən Bakı İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X4 xx xxxxxx 2021-ci il tarixli qərar əsasında nümayəndəsi qismində tanınmış Nümayəndə1 həyata keçirmişdir. Nümayəndə1 zərərçəkmiş şəxs Tchumburıdze Gaganın nümayəndəsi kimi tanınmasına Tchumburidze Gaga tərəfindən sonuncuya verilmiş etibarnamə əsas olaraq göstərmişdir. Lakin iş materialları ilə Nümayəndə1 zərər çəkmiş şəxs Gaga Tchumburıdzenin yaxın qohumu olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxs şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir. Yetkinlik yaşına çatmamış və ya fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin qanuni mənafeyini təmsil edən şəxslər onların nümayəndələri hesab edilirlər. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində aşağıdakı şəxslər iştirak edə bilərlər: 102.2.1. zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil; 102.2.2. zərər çəkmiş fiziki şəxsin, yaxud mülki iddiaçı və ya mülki cavabdeh olan fiziki şəxsin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan yaxın qohumu; 102.2.3. zərər çəkmiş hüquqi şəxsin, yaxud mülki iddiaçı və ya mülki cavabdeh olan hüquqi şəxsin qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsinə əsasən yaxın qohumlar - babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir. Həmin Məcəllənin 7.0.33-cü maddəsinə əsasən qohumlar - babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ya ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumlarıdır. Göründüyü kimi qanunvericilikdə zərərçəkmiş şəxsin şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə etməsi müəyyən edilsə də, lakin onun əvəzinə qanuni mənafeyini təmsil etmək üçün onun nümayəndəsi qismində tanınmaq hüququ olan şəxslərin konkret olaraq dairəsi müəyyən edilmişdir. Cinayət prosessual qanunvericiliyin tələbləri üzrə etibarnamə üzrə səlahiyyət verilmiş hər bir şəxsin deyil, zərərçəkmiş şəxsin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkili və ya yaxın qohumunun onun nümayəndəsi qismində tanınmaq hüququ vardır. Belə ki, həmin şəxs nümayəndə qismində tanındıqdan sonra cinayət təqibi üzrə icraatda zərər çəkmiş şəxsin əvəzinə iştirak etməli, bu zaman o, zərər çəkmiş şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, digər hüquqlardan istifadə etməli və digər vəzifələri daşımalıdır. Cinayət işi materiallarından görünür ki, Nümayəndə1 zərərçəkmiş şəxs Tchumburidze Gaga tərəfindən xx xxxxxx 2021-ci il tarixdə 1 ay müddətinə avtonəqliyyat vasitəsinə dair etibarnamə verilsə də, lakin həmin etibarnamədə sonuncunun zərərçəkmiş şəxsi ibtidai istintaq orqanlarında və məhkəmədə təmsil etmək hüququnun olması müəyyən edilməmişdir. Digər tərəfdən sözügedən etibarnamədə Nümayəndə1 zərərçəkmiş şəxsi ibtidai istintaq orqanlarında və məhkəmədə təmsil etmək hüququnun etibar edildiyi müəyyən edilsəydi belə, cinayət prosessual qanunvericiliyin tələbləri üzrə o, zərərçəkmiş şəxsin yaxın qohumu və ya vəkil olmadığından o, zərərçəkmiş şəxsi nümayəndəsi qismində təmsil edə bilməzdi. Lakin yuxarıda göstərilənlərə zidd olaraq Bakı İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X4 xx xxxxxx 2021-ci il tarixli qərarına əsasən Nümayəndə1 cinayət işi üzrə zərərçəkmiş şəxs Tchumburıdze Gaganın nümayəndəsi qismində tanınaraq, ona zərərçəkmiş şəxsin nümayəndəsi qismində bildiriş, hüquq və vəzifələrinin izah edilməsi haqqında protokol təqdim edilmiş, bundan başqa Nümayəndə1 zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş, eləcə də, istintiqan qurtarması və cinayət işinin materialları ilə tanış olması haqqında protokollar elan olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 284-cü maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq aşağıdakı hərəkətləri həyata keçirir: 284.1.1-ci maddəsinə əsasən ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir; 284.1.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. 284.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiəçisi və ya zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi təyin edilmiş vaxtda gələ bilmədikdə, müstəntiq cinayət işinin materialları ilə tanış olma vaxtını 5 (beş) günədək müddətə təxirə salır. Müdafiəçi və ya nümayəndə bu müddət ərzində gəlmədikdə təqsirləndirilən şəxsə müqavilə və ya təyin etmə əsasında başqa müdafiəçi, zərər çəkmiş şəxsə, mülki iddiaçıya və mülki cavabdehə isə başqa nümayəndəyə malik olmaq imkan yaradılır. Həmin Məcəllənin 286-cı maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. 286.2-cü maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. 286.4-cü maddəsinə əsasən protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. 286.5-cü maddəsinə əsasən protokola cinayət işinin materialları ilə tanış etmədən sonra verilmiş şifahi vəsatətlər daxil edilir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən istintaqın nöqsanlı aparılması məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün olmayan kobud pozuntu olmaqla və zərərçəkmiş şəxsin nümayəndəsi qismində mümkün olmayan şəxs Nümayəndə1 tanınması, onun digər hüquqlarını pozmaqla yanaşı cinayət işi materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq CPM-nin tələbləri pozulmasına dəlalət edir. Göstərilən hal Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinin tələbləri üzrə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsas yaratmışdır. Həmçinin cinayət işi materiallarının 99-cu vərəqində olan nümayəndə təyin edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Nümayəndə2 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi qismində tanınmış və cinayət prosesində iştirakı təmin olunmuşdur. Lakin iş materialları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin zərər çəkmiş şəxs qismində tanınması müəyyən edilməmişdir. Belə ki, cinayət işinin 64-cü vərəqində olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 3/02-8450 saylı məktub üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilməsi xahiş edilsə də, lakin həmin məktuba hər hansı münasibət göstərilməmişdir. Bununla da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin zərər çəkmiş şəxs qismində tanıması üçün kifayət qədər əsaslar olduğu halda, bu barədə qərar qəbul edilməmiş, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi zərərçəkmiş şəxs qismində tanınmadan, Nümayəndə2 birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi qismində tanınmışdır. Bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərər çəkmiş şəxs qismində tanına bilər. Belə halda bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi həyata keçirir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Həmçinin cinayət işi araşdırılarkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 Mahir oğlu cinayət prosesinin gedişi zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində ona maddi və mənəvi ziyan vurulması səbəbindən Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmışdır. Cinayət işi materiallarının 75-ci vərəqində olan mülki iddiaçı qismində tanınmaq haqqında xx xxxxxx 2020-ci il tarixli qərara əsasən Bakı İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X8 verilmiş ərizəni nəzərə alınaraq Zərərçəkmiş şəxs1 Mahir oğlunu mülki iddiaçı qismində tanınmışdır. Buna baxmayaraq verilmiş mülki iddia təqsirləndirilən şəxsə təqdim edilməmiş və tanış edilməmişdir. Mülki iddia ilə tanış etmə barədə cinayət işində heç bir bildiriş və protokol mövcud deyildir. Cinayət işi üzrə maddi məsuliyyət daşıyan şəxs mülki iddia ərizəsində göstərilsə də, mülki cavabdeh kimi tanınmamış və ona hüquq və vəzifələr izah edilməmişdir. Həmçinin ittiham aktında mülki iddia haqqında heç bir xüsusat öz əksini tapmamışdır. (CPM-nin 289.8.4-cü maddə) Azərbaycan Respublikası CPM-in 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Bundan sonra mülki cavabdehin ona qarşı verilmiş iddia üzrə izahat və ifadə vermək, sübutlar və digər materiallar təqdim etmək, iddia hissəsində öz etirazlarını vermək, mülki iddianı qəbul etmək kimi hüquqları yaranmış olur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 93.4-cü maddəsində göstərilmiş mülki cavabdehin subyektiv prosessual hüquqlarından öz iradəsindən asılı olmayan səbəbdən məhrum olmuşdur. Həmin hüquqlar cinayət prosesini həyata keçirən orqan tərəfindən heç bir məhdudiyyət qoyulmadan təmin olunmalı idi. Qanunvericilik şəxsin mülki cavabdeh kimi tanınmasını mülki iddia verildiyi anda, yəni mülki iddiaçı qismində tanınma haqqında qərarla eyni vaxta tanınmasını zəruri hesab etmişdir. Bununla da təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmuşdur. Bu da Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələbləri üzrə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsas yaratmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı ibtidai araşdırma orqanı tərəfindən yol verilmiş pozuntular əhəmiyyətli və kobud olduğundan və aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından hazırkı cinayət işinin baxılmasına xitam verilməli və qeyd olunan pozuntuntuların mümkün dərəcədə aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.7. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi; 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarır. Həmin Məcəllənin 300.3-cü maddəsinə əsasən bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrinə nəzərdə tutulmuş qərarları çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı barədə məsələyə baxmalı, qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Cinayət işi materiallarında olan sənədlərdən görünür ki, hazırki işin istintaqı aparılarkən Abaridze Grigolun Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsində istintaq edilən digər cinayət işi xx xxxxxx 2021-ci ildə ittiham aktı ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Qazax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmin hökm üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırki cinayət işi üzrə nəzərə alınmışdır. Məhkəmə hazırda Qazax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün qanuni qüvvəsini almasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxs X5 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(002)-183/2021 saylı cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-183/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-183/2021
19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver