Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-183/2025 23.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, rəsmi qaydada işləməyən, deməsinə görə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 may 2025-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yerləşən “Binə” ticarət mərkəzindəki “Ağ çiçəyim” gül mağazasının yaxınlığında tanışı Zərərçəkmiş şəxs onunla zarafat etməsini əsassız olaraq özünə sığışdırmayıb heç bir səbəb olmadan münaqişə yaradaraq hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ictimai qaydalara, əxlaq normalarına hörmətsizlik edib ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib, üzərinə hücum edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib qəsdən başı ilə sonuncunun sifət nahiyəsinə zərbə vuraraq hər iki gözətrafı nahiyəsinin hematoması və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin sınığından ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan xəsarətlər yetirməklə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına Az Ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, zərərçəkmiş şəxslə heç bir düşmənçilik və ədavəti olmamışdır, uzaq qohumluq münasibətləri vardır. Münasibətləri yaxşı olmuşdur, hadisə “Binə” Ticarət Mərkəzində baş vermişdir. Zərərçəkmiş şəxslə zarafatlaşmışlar, sonda sözləri tutmamış və davaya çevrilmişdir. Zərərçəkmiş şəxs sifət nahiyəsinə başı ilə zərbə vurmuşdur. Ətrafdakı insanlar onları ayırmağa çalışmışlar, hadisə yerinə polislər gəlmişdir və onları polis bölməsinə aparmışlar. Törətdiyi əməldə özünü təqsirli bilir və əməlindən peşmandır. O öz ifadəsində törətdiyi əməlindən peşman olduğunu, ilk dəfə cinayət törətdiyini, özünü təqsirli bildiyini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Bakı şəhəri, Lökbatan qəbəsində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında dayanaraq Salyan rayonuna sərnişin daşıma fəaliyyətini həyata keçirir. 12 may 2025-ci il tarixdə saat 12:30 radələrində Binə ticarət mərkəzinin qarşısında müştəri gözləyərkən həmyerlisi Əvəz yaxınlaşaraq insanların içərisində onunla yekə-yekə danışaraq “Əlin kişi əlinə dəysin” demiş, o, Əvəzdən o sözün açıqlamasını istəyərkən nalayiq ifadə işlətmiş, həmin zaman o, əsəbləşərək baş nahiyəsi ilə Əvəzin sifət nahiyəsinə bir zərbə vurmuş, bu zaman ətrafdakı insanlar onları ayırmışlar və polis əməkdaşları yaxınlaşaraq onları polis idarəsinə aparmışlar, hadisə zamanı o, xəsarət almamış, Zərərçəkmiş şəxslə əvvəllər aralarında hər hansısa şəxsi ədavəti və ya düşmənçiliyi olmamış, o, Əvəzin sifət nahiyəsinə başı ilə bir dəfə zərbə vurmuş, hadisə zamanı ətrafda taksi sürücüləri və rayona getmək istəyən müştərilər olmuş, lakin həmin şəxslərin heç birini tanımamış, etdiyi əməldən peşman olduğunu, özünü təqsirli bildiyini qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxslə qohumluq əlaqələri vardır, heç bir düşmənçilik və ədavəti yoxdur. Fəqanla zarafat etmişdir, dediyi söz Fəqanın xoşuna gəlməmişdir və sifət nahiyəsinə kəllə ilə zərbə vurmuşdur, sonra polis əməkdaşları yaxınlaşmış və onları polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs şikayətçi deyildir, onunla barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs 30 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 12 may 2025-ci il tarixdə saat 12 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə ticarət mərkəzinin qarşısından Salyan rayonuna yaşadığı ünvana getmək istəyərkən orada həmyerlisi Fəqanı görmüş və salamlaşanda aralarında mübahisə yaranmış, mübahisə sözlə yaranmış və onun Fəqana dediyi söz onun xoşuna gəlmədiyinə görə gözlənilmədən Fəqan başı ilə onun sifət nahiyəsinə bir zərbə vurmuş, bu zaman ətrafdakı insanlar onları ayırmış və polis əməkdaşları yaxınlaşaraq onları polis idarəsinə aparmışlar, hadisə nəticəsində onun sifət nahiyəsində xəsarətlər olmuş, onun Təqsirləndirilən şəxslə əvvəllər hər hansısa şəxsi ədavəti və ya düşmənçiliyi olmamış, Fəqan onun sifət nahiyəsinə başı ilə bir dəfə zərbə vurmuş, Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmış, həmin vaxt orada insanlar olsa da o, heç kəsi tanımamış, Fəqanla arasında mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nın 10-cu Patrul bölüyünün polis nəfəri, polis serjantı X3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs tanımamış, onlarla heç bir qohumluq və düşmənçilik münasibəti olmamışdır. İş yoldaşı Şahid2lə birlikdə Patrul xidmətində olan zaman onlara “Binə” bazarında gül mağazasının qarşısında dava-dalaş olması ilə bağlı məlumat daxil olmuş və hadisə yerinə gəlmişlər. Hadisə yerinə yaxınlaşanda Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Ağ Çiçəyim” gül salonunun qarşısında iki nəfərin xəsarət alaraq yaralandığını görmüşlər. Onlar hadisə yerinə gəldikdə artıq dava-dalaş bitmişdir. Zərərçəkmiş şəxs xəsarət alıb kənarda durmuşdur, Təqsirləndirilən şəxs isə mağazanın yanında dayanmışdır. Yaxınlaşıb özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmişdir. Onlar Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Qaradağ rayon Polis İdarəsinə təhvil vermişdirlər. Təqsirləndirilən və zərərçəkmiş şəxslər tərəfindən onlara hər hansı müqavimət və tabesizlik göstərilməmişdir. X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci ildən Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 10-cu PB-nin polis nəfəri vəzifəsində çalışır və polis serjantı rütbəsi daşıyır. 12 may 2025-ci il tarixdə təxminən saat 12 radələrində iş yoldaşı ƏÇPA-nın 10-cu PB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə 9693 çağırışlı avtopatrulla onlara təhkim olunmuş ərazi üzrə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzi ərazisində xidmət apardıqları zaman “Ağ çiçəyim” gül salonunun qarşısında iki nəfər şəxsin bir-biri ilə mübahisə edib əlbəyaxa olduğunu görmüşlər. Dərhal onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və xidməti vəsiqələrini təqdim etmişlər. Daha sonra onları sakitləşdirərək Qaradağ RPİ-nə dəvət etmişlər. Həmin iki nəfər şəxs razılıq verərək onlarla birlikdə Qaradağ RPİ-nə gəlmişdir. RPİ-də həmin şəxslərin Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bu barədə idarə rəhbərliyinə raportla məruzə edərək həmin şəxsləri növbətçi hissəyə təhvil verib xidməti yerlərinə qayıtmışlar və xidmət davam etdirmişlər. Həmin iki nəfər şəxslə şifahi söhbət aparan zaman dediklərindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxslə zarafat edərək görüşən zaman “əlin kişi əlinə dəysin” demiş, Təqsirləndirilən şəxs isə bu zarafatı qəbul etməmiş və başı ilə bir dəfə Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə zamanı hər iki şəxsin əlində bıçaq, başqa kəsici-deşici əşya və yaxud da digər hər hansı bir əşya görməmişdir. Hadisə zamanı ətrafda çoxsaylı insanlar toplaşmış, lakin onları tanımamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onların qanuni göstərişlərinə tabe olmuş və onlara qarşı hər hansı bir qanunsuz hərəkət etməmişlər. Şahid qismində tanınmış ƏÇPA-nın 10-cu Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Tərəflərin razılığı ilə məhkəmə iclasında şahidin ifadəsi elan olunmuş hesab edilmişdir. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 10-cu PB-nin polis nəfəri vəzifəsində çalışır və polis serjantı rütbəsi daşıyır. 12 may 2025-ci il tarixdə təxminən saat 12 radələrində iş yoldaşı ƏÇPA-nın 10-cu PB-nin polis nəfəri, polis serjantı X3 ilə birlikdə 9693 çağırışlı avtopatrulla onlara təhkim olunmuş ərazi üzrə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzi ərazisində xidmət apardıqları zaman “Ağ çiçəyim” gül salonunun qarşısında iki nəfər şəxsin bir-biri ilə mübahisə edib əlbəyaxa olduğunu görmüşlər. Dərhal onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və xidməti vəsiqələrini təqdim etmişlər. Daha sonra onları sakitləşdirərək Qaradağ RPİ-nə dəvət etmişlər. Həmin iki nəfər şəxs razılıq verərək onlarla birlikdə Qaradağ RPİ-nə gəlmişdir. RPİ-də həmin şəxslərin Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bu barədə idarə rəhbərliyinə raportla məruzə edərək həmin şəxsləri növbətçi hissəyə təhvil verib xidməti yerlərinə qayıtmışlar və xidmət davam etdirmişlər. Həmin iki nəfər şəxslə şifahi söhbət aparan zaman dediklərindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxslə zarafat edərək görüşən zaman “əlin kişi əlinə dəysin” demiş, Təqsirləndirilən şəxs isə bu zarafatı qəbul etməmiş və başı ilə bir dəfə Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə zamanı hər iki şəxsin əlində bıçaq, başqa kəsici-deşici əşya və yaxud da digər hər hansı bir əşya görməmişdir. Hadisə zamanı ətrafda çoxsaylı insanlar toplaşmış, lakin onları tanımamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onların qanuni göstərişlərinə tabe olmuş və onlara qarşı hər hansı bir qanunsuz hərəkət etməmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və X7 Hüquqi Şəxsinin 16 iyun 2025-ci il tarixli, 301 №-li rəyindən görünür ki, 1984-cü il təvəllüdlü vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və rentgen rəyinə əsasən, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, aşağıdakı nəticəyə gəlirəm: Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – hər iki gözətrafı nahiyəsinin hematoması və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin sınığı bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün onun ifadəsi yerində yoxlanılmış, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərmiş və təsdiq etmiş, bununla bağlı protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olması barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ailəli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Həmin Məcəllənin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs 12 may 2025-ci il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuş və 14 may 2025-ci il tarixdə saat 11:20-də təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 02 (iki) gün kimi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 220 (iki yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 220 (iki yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-183/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-183/2025
23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver