Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-185/2024 10.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Əlibayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmü ilə CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 03 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 19 iyun 2021-ci il tarixdən hesablanmış, Salyan Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli 395-VİQR nömrəli qərarının 4-cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 06 ay azaldılmış, 18 aprel 2023cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, fərdi əməklə məşğul olmuş, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, “Xutor” adlanan ərazinin, 11-ci döngəsində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirtmək məqsədilə 06 noyabr 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzinin ərazisində dayanmış Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açıb nəqliyyat vasitəsinin salonundakı oturacağın üzərindən içərisində dəyəri 32 manat olan 01 ədəd, 01 ədədi 30 manat olmaqla 120 manat dəyərində 04 ədəd, 01 ədədi 26 manat olmaqla 234 manat dəyərində 09 ədəd, 01 ədədi 25 manat olmaqla 225 manat dəyərində 09 ədəd, 01 ədədi 27 manat olmaqla 81 manat dəyərində 03 ədəd, 01 ədədi 28 manat olmaqla 84 manat dəyərində 03 ədəd, 01 ədədi 27 manat olmaqla 54 manat dəyərində 02 ədəd papaqlı qadın idman geyimləri olan 01 ədəd ağ rəngli sellofan torbanı götürməklə Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 830 manat dəyərində əmlakı gizli talayaraq oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə 10 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin ərazisində dayanmış Zərərçəkmiş şəxs3 məxsus "VAZ-2106" markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını özündə olan açarla açıb nəqliyyat vasitəsinin salonundakı sandıqça yerindən 01 ədəd 300 manat dəyərində "Honor Techno" markalı telefonu və 20 manat dəyərində qəpik pulları gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə 25 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin ərazisində dayanmış Zərərçəkmiş şəxs4 maxsus "VAZ-2107” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını özündə olan açarla açıb nəqliyyat vasitəsinin salonundan 800 manat dəyərində "Samsung Galaxy A51" markalı mobil telefonu gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə 13 dekabr 2023-cü il tarixdə saat 13.30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzinin ərazisində dayanmış Zərərçəkmiş şəxs2 məxsus "VAZ-2107" markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını özündə olan açarla açıb nəqliyyat vasitəsinin salonunda olan sandıqça yerindəki pul qabının içərisindən 65 manat pul, sürücünün oturacağının üstündəki döşəkçənin altında 01 ədəd 300 manat dəyərində "Xiomi Redmi note 8" markalı mobil telefonu götürüb Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 365 manat dəyərində əmlakı gizli talayaraq təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü əvvəlcə təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirsədə lakin məhkəmənin 12 sentyabr 2024-cü il tarixli iclasında özünü qismən təqsirli bilərək göstərmişdir ki, 65 manat pul və “Xiomi” markalı telefonu, Samsung “A 51” markalı telefonuda götürmüş, ancaq onun dəyəri 800 manat olmayıb köhnə telefon olmuşdur. “Honor” markalı telefonda oğurlamışdır. Hikmətin maşınından 17 dəst paltar götürmüş amma ittihamda paltarın sayı çox yazılmışdır. O istintaq zamanı polisin hədəsi ilə qorxduğu üçün üç epizodu öz üzərinə götürdüyünü, məhkəmə gedişində bununla bağlı məlumat verəcəyini gözlədiyini bildirmişdir. O daha sonra məhkəmənin sonuncu iclasında bütün epizodları bir daha etiraf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində götərmişdir ki, ruhi əsəb xəstəliyindən bu günə qədər əziyyət çəkməmiş, bu gün də əziyyət çəkmir. Rəsmi nikahı olmasa da, ailəlidir, iki azyaşlı övladı var. 2021-ci ildə Səbail Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzası 06 ay müddətinə azaldılmış, 2023-cü ilin aprel ayında cəzanın sonu ilə azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra bir müddət fərdi qaydada usta kimi fəaliyyət göstərmişdir. Lakin maddi vəziyyəti aşağı olduğundan ailəsini dolandırmaqda çətinlik çəkmiş, ona görə də pis yollara əl atmışdır. 2023-cü ilin noyabr-dekabr ayları ərzində bir neçə dəfə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” və “Binə” Ticarət Mərkəzlərinə gəlib, “VAZ” markalı avtomobillərin qapısını müəyyən yollarla açıb avtomobillərdən oğurluq etmişdir. O etdiyi oğurluq cinayətlərinin dəqiq sayını deyəcək. Ona elan edilmiş ittihamda özünü tam təqsirli bilmir. Çünki ona 8 fakt oğurluq cinayəti üzrə ittiham verilmişdir, lakin o oğurluq cinayətini 2023-cü ilin noyabr-dekabr aylarında, Sədərək və Binə Ticarət Mərkəzlərindəki 04 ədəd avtomobillərdən oğurluq etmişdir. Onun əvvəlki izahat və ifadələrində qeyd olunanları tam oxumamış, tam məlumatı yoxdur. Belə ki, o 2023-cü ilin noyabr ayının əvvəllərində Binə Ticarət Mərkəzinə gəlib, avtomobillərin arasında gəzib arxa salonunda yük olan VAZ 2106 markalı avtomobilə yaxınlaşıb qapılarını yoxlamış. Qapıları bağlı olduğundan avtomobilin sürücü tərəfdən olan qapısını açarla açmış, arxa salonda olan göy rəngli sellofan torbaların aşağısında olan ağ rəngli sellofan torbanı götürüb oradan uzaqlaşmışdır. O elə bilmiş ki, götürdüyü sellofan torbanın içərisində kişi geyimləri var. Lakin sellofan torbanı açanda görmüş ki, içərisində papaqlı qadın idman geyimləridir. Ona görə də həmin geyimləri Nəsimi rayonu ərazisində yerləşən 3-cü mkr dairəsində dayanan taksi sürücülərdən birinə satmışdır. Bir neçə gün sonra Sədərək Ticarət Mərkəzinə gəlmişdir. Eyni qaydada bazarın içərisində gəzib VAZ markalı avtomobillərdən birinə yaxınlaşıb avtomobilin qapısını açarla açmışdır. Avtomobilin içərisini axtarmış, bir şey tapmamışdır. Saxlanc yerinə baxanda 01 ədəd Honor markalı mobil telefon tapmışdır. Ona görə də oradan uzaqlaşıb getmişdir. Oğurladığı mobil telefonu işlətməyə çalış, lakin krediti ödənilmədiyindən istifadəyə yararsız olduğunu görüb atmışdır. Noyabr ayının sonlarında yenidən Sədərək Ticarət Mərkəzinə gəlmiş. Bazarın içərisində gəzən zaman VAZ 2107 markalı avtomobilin qapılarını yoxlayıb açmağa çalışmış. Qapısını aça bildiyi üçün avtomobilin salonunda, enerji qoşulmuş olan Samsung markalı mobil telefonu götürüb oradan uzaqlaşmışdır. Oğurladığı Samsung markalı mobil telefonu 3-cü mkr-da tanımadığı şəxsə 110 manata satmışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına, ailəsinə xərcləmişdir. İşləri olmadığından pula ehtiyacı yaranmış, yenə də 2023-cü ilin dekabr ayının ortalarında Sədərək bazarına gəlmiş. Bazarda ağ rəngli, köhnə VAZ 2107 markalı avtomobilə yaxınlaşıb sürücü tərəfdən olan qapısını açmışdır. Sürücü oturacağının üstündə balaca döşəkçə olmuş, altına baxanda Redmi markalı mobil telefon olduğunu görüb götürmüş. Avtomobilin saxlanc yerini açıb pul qabı tapmışdır. Pul qabının içərisində 01 ədəd 50 manat, 02 ədəd 5 manat olmaqla ümumilikdə 60 manat pulu götürüb avtomobilin qapısını əli ilə örtüb oradan uzaqlaşmışdır. Oğurladığı “Redmi” markalı mobil telefonu tanımadığı şəxsə 90-100 manata satmışdır. Mobil telefonları satdığı şəxsləri şəxsən tanımır, əsasən rayonlara gedən taksilərin toplaşdıqları yerdə olan tanımadığı şəxslərə yaxınlaşıb pula ehtiyacı olduğunu, ona görə də özünə məxsus mobil telefonu satdığını demişdir. İfadəsində qeyd etdiklərindən başqa o oğurluq etməmişdir. Ona ilkin istintaq zamanı, Polis şöbəsində izahat və ifadələrində hazır yazılmış izahat və ifadələri oxutmadan imzalar çəkdirmişlər. Onun digər baş vermiş, ona ittiham verilmiş oğurluq hadisələrindən heç bir məlumatı yoxdur. O ifadəsində göstərdiyi oğurluq hadisələrindən başqa heç bir oğurluq etməmişdir. O Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” və “Binə” Ticarət Mərkəzlərində cərgələrdə dayanmış avtomobillərdən elə oğurluq etmiş ki, onu avtomobilə daxil olan zaman heç kim görə bilməsin. O tam əmindir ki, o oğurluq edən zaman onu heç kim görməmiş, onun oğurluq etdiyini də heç kim başa düşməmişdir. O öz ifadəsində əlavə olaraq bütün epizotları etiraf etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, deməsinə görə faktiki evli olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını, heç bir maddi imkanı olmadığı üçün vurulmuş ziyanlardan ödəniş edə bilmədiyini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Xaçmaz şəhərində icarə əsasında qadın geyimləri mağazası işlədir. 06 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzinə alış-veriş etməkdən ötrü gəlmişdir. Avtomobili mağazalarının birinin qarşısında, avtomobillərin dayandığı yerdə saxlayıb bazara getmiş. Bazarda alış-veriş edib avtomobilin arxa salonuna yığmışdır. Təxminən 12 ədəd içərisində kişi və qadın qış geyimləri olan sellofan torbaları avtomobilin arxa salonuna yığıb bazara qayıtmışdır. Sellofan torbaların hamısı göy rəngdə olmuş, 01 ədəd içərisində qadın qış idman geyimləri olan sellofan torba isə ağ rəngli sellofan torba olmuşdur. O bazara gedib müəyyən alış-veriş edib avtomobilə qayıtmışdır. Avtomobilin sürücü tərəfdən qapısını açanda qapının kilid hissəsinə müdaxilə olunduğunu, qapının açıldığını hiss etmişdir. Avtomobilin salonuna baxanda müəyyən müdaxilələr olduğunu aşkar etdiyi üçün sellofan torbalara baxmış. 11 ədəd göy rəngli sellofan torbaların altına qoyduğu, 01 ədəd ağ rəngli sellofan torbanın oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal DİN-in 102 Zəng Mərkəzinə məlumat vermiş, daha sonra özü 10-cu Polis şöbəsinə getmiş, hadisə barədə danışmışdır. Oğurlanmış 01 ədəd sellofan torbanın içərisində 31 ədəd qış qadın idman geyimləri olmuşdur. O sonradan mağazadan aldığı idman geyimlərinin dəqiq sayı və qiymətlərini öyrənmiş. Sellofan torbanın içərisində 01 ədəd 32 manat dəyərində, 04 ədəd 30 manat dəyərində, 09 ədəd 26 manat dəyərində, 09 ədəd 25 manat dəyərində, 03 ədəd 27 manat dəyərində, 03 ədəd 28 manat dəyərində, 02 ədəd 27 manat dəyərində papaqlı qadın idman geyimləri olmuş, oğurluq nəticəsində ona ümumilikdə 830 manat maddi ziyan dəymişdir. O ilkin ərizə və izahatında baş vermiş oğurluq nəticəsində ona dəymiş maddi ziyanı dəqiq qeyd etməmişdir. Çünki mağazadan çoxlu sayda və çeşiddə mallar almışdır. O oğurlanmış geyimləri aldığı mağaza ilə danışıb, oğurlanmış malların dəqiq sayı və qiymətlərini öyrənmiş, hazırda da ifadəsində oğurlanmış malların dəqiq sayı və qiymətlərini qeyd etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilmədiyini bildirərərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. “VAZ 2107” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir, avtomobil faktiki olaraq ona məxsusdur. 13 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzinə alış-veriş etmək üçün gəlmişdir. Avtomobili bazarın təsərrüfat malları satılan yerdəki dayanacaqda saxlayıb qapılarını bağlamışdır. Bazarda alış-veriş edib saat 13:30 radələrində avtomobilə geri qayıtmışdır. Avtomobilin sürücü qapını açarla açanda avtomobildən oğurluq olmasından şübhələnib sürücü oturacağının üstünə qoyduğun döşəkcənin altına qoyduğu özünə məxsus Redmi Note 8 markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Dərhal avtomobilin saxlanc yerinə baxmış, orada olan pul qabının götürüb içərisinə baxmış, pul qabının içərisində ona məxsus sənədlər hamısı yerində olmuş, lakin pul qabıda olan 65 manat pulu oğurlanmışdır. O əvvəlcə Sədərək TM-nin içərisini gəzib hər hansı iz tapmağa çalışmışdır. Daha sonra DİN-in 102 Zəng Mərkəzinə zəng edərək hadisə barəsində məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, o ərizə və izahatımı yazmış. Mobil telefonu o təxminən 2019-cu ildə almış, telefon çox səliqəli işlədilmişdir. Hazırkı qiyməti təxminən 300 manat təşkil edir. Oğurluq nəticəsində ona ümumilikdə 365 manat maddi ziyan dəymişdir. O əlavə olaraq öz ifadəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu və vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. Evlidir. İstifadəsində “Vaz-2106” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi var. xx.xx.2023-cü il tarixdə o günorta saat 15 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək TM-nə ailə üzvləri ilə birlikdə gəlmişlər. O avtomobili Sədərək TM-də məscid tərəfdə saxlamışdır. Avtomobilin qapılarını bağlayıb bağlamadığını dəqiq xatırlamır. Təxminən iki-üç saata yaxın Sədərək bazarında olmuşlar. Sonra avtomobilə yaxınlaşmışlar. Avtomobilin qapısını açmaq istəyəndə qapıların açıq olduğunu görmüş. Həmin vaxt başa düşmüş ki, avtomobilə kimsə müdaxilə eləmişdir. Avtomobilin saxlanc yerində saxladığı bir neçə aydır ki, aldığı “Honor Tecno” markalı mobil telefonun, təxminən 20 manata yaxın qəpiklərlə olan pulların oğurlandığını aşkar etmişdir. Həmin telefonu təxminən oğurladığı vaxtdan 3-4 ay əvvəl 800 manata almışdır. Oğurluq nəticəsində ona ümumilikdə 820 manat dəyərində maddi ziyan dəymişdir. O ilkin ərizə və izahatında hadisənin təsirindən düzgün qeyd etməmişdir. Oğurlanmış mobil telefonu oğurlanmamışdan təxminən 3-4 ay əvvəl 800 manata almış. Bundan əlavə 20 manat qəpiklərlə pul oğurlanmışdır. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənilmədiyini bildirərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. “VAZ 2107” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir, avtomobil faktiki olaraq ona məxsusdur. 25 noyabr 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzinə ailə üzvləri ilə alış-veriş etmək üçün gəlmişlər. Avtomobili dayanacaqda saxlayıb qapılarını bağlamışdır. Həyat yoldaşı və uşaqları Sədərək TM-də geyim olan yerdə gəzib özlərinə paltar alırmışlar. O da ailə üzvlərindən ayrı biraz bazarın içərisində gəzmişdir. Saat 13 radələrində telefonunun enerjisinin bitdiyini görüb avtomobilə qayıtmışdır. Özünə məxsus Samsung Galaxy A51 markalı mobil telefonu avtomobildə enerjiyə qoyub avtomobilin qapılarını bağladıqdan sonra Şirniyyat bazarı deyilən yerə getmişdir. Təxminən 1 saat Şirniyyat bazarında gəzib avtmobilə tərəf qayıdanda avtomobilin işıqlarının yanılı olduğunu görüb şübhələnmiş, çünki o işıqları yandırmamışdır. Dərhal avtomobilə tərəf gəlmiş. O avtomobilin sürücü tərəfdən qapısını açarla açmış, telefonun enerji yığan naqilinin yerə sallandığını görüb oğurluq olmağından şübhələnmişdir. Ayaq altı hissəyə yaxşı yaxşı baxdıqdan sonra əmin olmuş ki, telefonu oğurlanmışdır. O dərhal DİN-in 102 Zəng Xidmətinə avtomobildən mobil telefonunun və 1700 manat pulunun oğurlanması barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gələnə qədər o avtomobildə olan əl çantasına baxanda pulların oğurlanmadığını, pulların yerində olduğunu görmüşdür. Ona məxsus oğurlanmış Samsung Galaxy A51 markalı mobil telefonu təxminən 2023-cü ilin may ayında 600 manata almışdır. Telefon yeni kimi olmuş, heç bir sınığı olmamışdır. O avtomobilə baxanda heç bir zədə, kənar müdaxilə, şüşələrin sındırılması halı aşkar etməmişdir. Oğurluq nəticəsində ona 600 manat dəyərində maddi ziyan dəymiş, mobil telefonumdan başqa heç nə oğurlanmamışdır. Zərərçəkmiş şəxs4 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənilmədiyini bildirərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 23 fevral 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs etdiyi oğurluq hadisələrinin yerini əyani olaraq göstərmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 09 sentyabr 2014-ci il təvəllüdlü X3 və 09 mart 2017-ci il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Səbail rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 03 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs “8 Noyabr- Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli 395-VİQR nömrəli qərarının 4-cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 06 ay azaldılmış, 18 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin CM-nin 8.1-ci maddəsinin tələblindən aydın olur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 15 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, təqsirləndirilən şəxs kimi dindirilməsi başa çatdıqdan sonra, barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimatla müraciət edilmiş və Qaradağ rayon Məhkəməsinin 17 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 15 dekbar 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Zərəçəkmiş şəxslərə izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdirlər. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-185/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-185/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver