Məhkəmə qərarları › İş №1(002)-185/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-185/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-185/2025 05.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X7 qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi (vəkil) Müdafiəçi2, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixdə Qobustan rayonu, Təklə Mirzəbaba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, (himayəsində iki azyaşlı uşağı olan) avtobus sürücüsü işləyən, əvəllər məhkum olunmamış, Qobustan rayonu, Təklə Mirzəbaba kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 30 aprel 2024-cü il tarixdə saat 20:50-də “Şəhər daxili və şəhər ətrafı sərnişin avto nəqliyyatı üçün yol vərəqi” əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan, «Daewoo BS 090 avtobus» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə 114B saylı xətt marşrutu üzrə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olması barədə tələbə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyib nəqliyyat vasitəsini yolun əks hərəkət zolağında idarə edərək yolu onun hərəkət istiqaəmtində sağdan sola keçən piyada 03 may 2012-ci ildə doğulmuş X3 idarə etdiyi avtobusun ön hissəsi ilə vurmuş, nəticədə ehtiyyatsızlıqdan sonuncunun baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sağ gicgah sümüyünün qəlpəli, basılmış sınığı, alt çənə sümüyünün sınığı, başın alın, alt dodağın, alt çənə nahiyəsinin, sol körpücük üstü, sol bazu, sol dirsək çuxuru və sol said nahiyələrinin əzilmiş-cırılmış yaralarından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər alaraq baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan başın sağ gicgah nahiyəsinin qəlpəli, basılmış sınığı xəsarətlərindən hadisə yerində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə nəticəsində ölmüş uşağın atası, zərərçəkmiş şəxsin hüquqi varisi Mübariz onun qardaşı ilə birgə işləyir və hadisədən əvvəl də tanışlıqları olmuşdur. Zərərçəkmiş tərəflə də heç bir düşmənçilik və ədavəti olmamışdır. "xxxx" MMC-də 144B saylı xətt marşurutunda sürücü işləyir. Hadisə günü 30 aprel 2024cü il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində “DAEWOO” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edərkən müştərini dayanacaqda düşürərək yola çıxmış, 20-30 metr getdikdən sonra, yolda bir piyada uşaq nəqliyyat vasitəsinin qarşısına tərəf qaçmışdır. Bu anda onun nəqliyyat vasitəsini dayandırmaq imkanı olmamışdır. Hadisə baş verən kimi dərhal atasına zəng etmiş, özünü qorxudan ələ ala bilməmişdir. Atası polis orqanlarına hadisə barədə məlumat vermiş və o, heç bir halda hadisə yerini tərk etməmişdir. Yolun sağ tərəfində digər nəqliyyat vasitələri dayanmış halda olmuş, piyada isə sağdan sola doğru yolu qaçaraq keçərkən qarşısına anidən çıxmışdır. Həmçinin qeyd edir ki, hər gün iş vaxtı başlayarkən özü də daxil olmaqla şirkətdə çalışan bütün sürücülər müvafiq qaydada həkim yoxlanışından keçdikdən sonra hərəkətə buraxılırlar. Hadisə yerindən dayanacağa isə təxminən 40 metr məsafə vardır, həmin yol ikitərəfli yol olmaqla, onun sürəti təxminən 50 km/saat civarında olmuşdur. Hadisə günün qaranlıq vaxtı, işıqsız şəraitdə baş vermişdir. Qəza anının videogörüntüləri mövcuddur. Hadisə anidən baş verdiyindən o, qəzanın qarşısını ala bilməmiş, belə ki, uşaq qaçaraq avtobusa yaxınlaşmışdır. Hazırda isə insan ölümünə səbəb olduğu üçün səmimi peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxsə son söz söyləməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs təkidlə məhkəmə prosesini uzatmaq məqsədilə son sözə hazır olmadığını bildirib, son söz söyləməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. "xxxx" MMC-də 144B saylı xətt marşurutunda sürücü işləyirmiş. 2009-cu il tarixdən etibarən avtomobil idarə edir. “BCED” kateqoriyalı sürücülük vəsiqəsi əsasında 144B saylı xətt marşurutu üzrə "xxxx" MMC-də “DAEWOO” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edirmiş. Belə ki, 30 aprel 2024-cü il tarixdə axşam saat 20:50 radələrində marşrut xətti üzrə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsi ilə hərəkətdə olarkən Rahat marketin yaxınlığında sərnişin düşürmək üçün avtobusu saxlamışdır. Avtobusu yerindən təxminən 7-8 metr məsafə qətt etdikdən sonra 1 metr məsafən qarşısına az yaşlı uşağın çıxdığını görüb dərhal tomuz vermişdir. Lakin buna baxmayaraq məsafə az olduğundan həmin piyadanı vurmuşdur. Avtobusdan yerə düşdükdə avtobusun altında təxminən 10-12 yaşlarında bir uşağın qaldığını görmüşdür. Bundan sonra avtobusda olan sərnişinlərin köməkliyi ilə uşağı avtobusun altından çıxartmışlar. Həmin vaxt avtobusda təxminən 20 nəfərə yaxın sərnişin olmuşdur. O, maşının altında uşağın hərəkətsiz bədənini görüb özünü itirmişdir, orada olan şəxslərdən kimsə onu mağazanın qarşısında oturtmuşdur. Bundan sonra o, ailə üzvlərinə məlumat vermişdir. Orada olan şəxslər polisə və təcili yardıma zəng vurdular. Təcili yardım gəldikdə uşağın dünyasının dəyişdiyi barədə ona malumat vermişlər. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəldilər. O, özünü itirdiyi üçün təcili yardımda ona tibbi yardım göstərildi. İdarə etdiyi avtobusu isə iş yoldaşlarından kimsə şirkətin dayanacğına aparmışdı. Bundan sonra polis əməkdaşları hadisəni yerini sənədləşdirdilər və onu 10-cu Polis Şöbəsinə, oradan sərxoşluğu müayinə məntəqəsinə, daha sonra isə Qaradağ Rayon Polis İdarəsinə gətirdilər. verilən suallara cavab olaraq bildirmişdir ki, Yol-nəqliyyat hadisəsi baş verən zaman İzlivnoy küçəsində üzü Müşviqabad qəsəbəsində hərəkət edirdi. Həmin istiqamətdə yol bərbad vəziyyətdə olduğundan bütün maşınlar sol yəni əks zolaqla hərəkət edirlər. O, əvvəlcə öz yoluna hərəkətdə imiş, lakin hərəkətdə olduğu yolda avtomobillər dayandığı üçün qarşı hərəkət zolağı ilə hərəkət edirdi. Bundan başqa Piyada sağ tərəfdən gəlmişdi. O, 1 mter məsafən qarşısına az yaşlı uşağın çıxdığını görüb tomuz vermişdir. Yerə düşdükdən sonra piyadanın avtobusun altında qaldığını gördüm. Həmçinin Həmin vaxt sərnişin düşürdüb yeni hərəkətə başladığı üçün avtobusu təxminən saatda 30 km sürətlə idarə edirdi. Belə ki, hadisə zamanı nə mən, nə də sərnişinlər heç bir xəsarət almayıb, heç bir spirtli içki , narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisədən əvvəl iş yoldaşının qardaşı olaraq tanımış, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Qəzadan sonra təqsirləndirilən şəxsin atası və qardaşı onunla barışıq etmək üçün danışıqlar aparmış, o, isə mərhəmətlilik göstərərək istintaq zamanı təqsirləndirilən şəxslə barışığa dair ərizə təqdim etmişdir. Lakin özü dəfələrlə Orxanın atası və qardaşına təkidlə Orxanın niyə onun bu hadisə ilə əlaqədar şəxsən barışıq üçün addım atmadığını, heç olmasa bircə dəfə ona yaxınlaşmadığını, qəza baş verən tarixdən heç üz-üzə gəlmədiklərinin səbəbini soruşmuş, atası Elxan isə cavabında “Orxanın üzləşmək üçün hələ hazır olmadığını” bildirmişdir. Barışıq ərizəsini Orxanın ailə üzvləri əldə etdikdən sonra isə qarşı tərəf ona qarşı daha etinasız yanaşmış, daha onun vəziyyəti ilə maraqlanmamış, sadəcə SMS yollayaraq əlaqə saxlamaqla kifayətlənmişlər. Həmçinin Orxan bundan sonra da barışıq üçün şəxsən heç bir addım atmamışdır. O isə bundan qəzəblənərək istintaqı aparan orqana barışıq ərizəsinin ləğv edilməsinə dair yeni ərizə təqdim etmişdir. O hesab edir ki, təqsirləndirilən şəxs bu davranışına görə qeyd etdiyi peşmanlığında səmimi deyil, əksinə məsuliyyətsizdir. Bu səbəbdən təqsirləndirilən şəxslə barışmır, ondan şikayətçidir və onun beş ildən artıq müddətə cəzalandırılmalı olduğunu qeyd edir. Belə olduğu halda o, övladının itkisinə görə təsəlli tapacaqdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 03 may 2012-ci il təvəllüdlü X6 onun oğludur və onunla birlikdə yaşamışdır. Heç bir pis vərdişi olmamışdır. 30 aprel 2024-cü il tarixdə saat təxminən 20:30 radələrində az yaşlı oğlu evdən çıxıb dərs üçün kitab almağa getmişdir. 30 aprel 2024-cü il tarixdə işdə olan zaman saat təxminən 21:30 radələrində ona xəbər gəlmişdir ki, oğlu yaşadıqları evin yaxınlığında İzlivnoy küçəsində yolu keçən zaman 114B saylı marşurut xətti üzrə hərəkət edən DAEVOO markalı avtobus onu vurmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində oğlu X6 vəfat etmişdir. Həmin gün yəni 30 aprel 2024-cü il tarixdə o, işdən çıxıb Qaradağ rayon Məhkəmə Tibbi Ekspertiza Bürosuna getmiş, orada oğlunun meyiti ekspertizada müayinə olunduqdan sonra götürüb Quba rayonu Üçgün kəndinin qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, oğlu Orxanla birlikdə avtobus sürücü olaraq işləyirlər. Həmin gün o da Orxanın idarə etdiyi avtobusda olmuş və hadisə yerinə çatmamış dayanacaqda avtobusdan düşmüşdür. Biraz keçdikdən sonra oğlu ona zəng edərək qəza etdiyini məlumat vermişdir. O, dərhal hadisə yerinə gələrək, uşağı xəstəxanaya təmin etmişdir. Həmin vaxt oğlu Orxanın əhvalı özündə olmamış, baş verənlərə görə sarsıntı keçirmişdir. Sonra isə o, böyük oğluna hadisə barədə məlumat vermişdir. Həmçinin qeyd edir ki, böyük oğlu Zərərçəkmiş şəxslə birlikdə işləyirlər. Hadisə yerində uşağın bədəni isti idi, xəstəxanaya aparanda yolda onun qucağında olarkən artıq vəfat etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ruhi-əsəb xəstəliyindən əzab çəkmir, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. 30 aprel 2024-cü il tarixdə saat təxminən 20-21 radələrində oğlu Orxan ona zəng edərək idarə etdiyi 144B saylı xətt marşrutu üzrə "xxxx" MMC-yə məxsus “DAEWOO” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə hərəkətdə olan zaman yolu keçən 10-12 yaşlarında bir oğlan uşağını qəsəbədə yerləşən “Rahat” marketin yaxınlığında vurduğunu bildirmişdir. Hadisə yerinə yaxın olduğu üçün dərhal oraya gəldiyini və baş vermiş hadisə ilə bağlı istifadə etdiyi ***-***-**-** mobil nömrə ilə DİN-in 102 xidmətinə zəng edib məlumat verdiyini bildirmişdir. Bundan sonra hadisə yerinə təcili yardım və polis əməkdaşları gəldiklərini,təcili yardım uşağın artıq dünyasını dəyişdiyini bildirmişdir. Avtobusun uşağı necə vurmasını, yəni qəza anını görmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsə qarşı ədavət, qohumluq və düşmənçiliyi olmamışdır. Adətən işdən çıxanda Orxanın sürdüyü avtobusla qayıdır. Həmin gün də avtobusa minmiş, Orxan sərnişini dayanacaqda düşürtmüşdür. O, avtobusda qapı tərəfdə öndə əyləşmişmişdir. Avtobusun yan tərəfində qara avtomobil dayanmış, həmin qara avtomobil avtobusun hərəkətinə mane olmamışdır. O, uşağın küçədən qaçdığını görmüş, ancaq avtobusa tərəf qaçdığını görməmişdir. Elə həmin vaxt küçədə qışqırıq səsi eşitmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 30 aprel 2024-cü il tarixdə 19:30 radələrində işdən çıxaraq evə gəlmək üçün metronun 20 yanvar stansiyasında avtobus dayanacağında dayanıb 114B saylı marşrut avtobusunun gəlməsini gözləmiş, duracağa yaxınalaşan Daevoo markalı 10TH244 dövlət qeydiyyat nişanlı marşrut avtobusuna minərək salonun sərnişinlərin sol oturacaq sırasında oturmuşdur. Marşrut öz yolu ilə hərkət edərək gəlib Qaradağ rayonu Müştiqabad qəsəbəsi İzlivnoy küçəsi ilə hərəkətdə olarkən “Rahat’' marketə çatmamış duracaqda dayanmış, bu zaman bir nəfər sərnişin düşmüş, bundan sonra avtobus hərəkətə başlamış, həmin avtobusu təxminən 10-15 metr məsafə qət edərək hərəkət edərkən hərəkət istiqamətinin sağından evlər olan tərəfdən yola doğru iti qaçışla 10-12 yaşlarında bir uşağın qaçdığını görmüşdür. Bir anlıq həmin uşaq yola çıxmış və özünü avtobusun qarşısına atmışdır. Həmin an sürücü avtobusu saxlamış, sonda ona məlum olmşdur ki, həmin iti qaçışla yola doğru hərəkət edən həmin uşağ avtobusun altında qalaraq dünyasını dəyişmişdir. Məhkəmə iclasında Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Orxanı əvvəlcədən tanımamış, ədavət, qohumluq və düşmənçiliyi olmamışdır. Avotbusa Sulutəpə qəsəbəsindən minmişdir. Avtobus dayananda sərnişinlər dedilər ki, avtobus nəyəsə dəydi. Baş verənləri ətraflı görə bilməmiş, belə ki, onun əyləşdiyi mövqedən hadisənin baş vermə anı aydın görünməmişdir. O, avtobusda qapı tərəfdə Gülnarənin arxasında əyləşmişdir. Bu səbəbdən hesab edir ki, hadisənin detallarını Gülnarə görə daha aydın görə bilərdi. Həmçinin bildirir ki, ibtidai istintaqda vermiş olduğu ifadəsini oxumadan imzalamışdır. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 30 aprel 2024-cü il tarixdə 19:35 radələrində işdən çıxaraq evə gəlmək üçün Sulu Təpə dairəsi adlanan yerdə avtobus dayanacağında dayanıb 114B saylı marşrut avtobusunun gəlməsini gözləmiş, duracağa yaxınalaşan Daevoo markalı 10TH244 dövlət qeydiyyat nişanlı marşrut avtobusuna minərək salonun sərnişinlərin sol oturacaq sırasında oturmuşdur. Marşrut öz yolu ilə hərkət edərək gəlib Qaradağ rayonu Müşfıqabad qəsəbəsi İzlivnoy küçəsi ilə hərəkətdə olarkən “Rahat” marketə çatmamış duracaqda dayanmış, bu zaman bir nəfər sərnişin düşmüş, bundan sonra avtobus hərəkətə başlamış, həmin avtobusu təxminən 10-15 metr məsafə qət edərək hərəkət edərkən hərəkət istiqamətinin sağından evlər olan tərəfdən yola doğru iti qaçışla 10-12 yaşlarında bir uşağın qaçdığını görmüşdür. Bir anlıq həmin uşaq yola çıxmış və özünü avtobusun qarşısına atmışdır. Həmin an sürücü avtobusu saxlamış, sonra ona məlum olmuşdur ki, həmin iti qaçışla yola doğru hərəkət edən həmin uşağ avtobusun altında qalaraq dünyasını dəyişmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 əlavə məhkəmə ekspertizasının təyin edilməsi barədə yazılı vəsatətlər verərək iş üzrə əlavə kompleks məhkəmə yol-nəqliyyat hadisələri və video ekspertiza təyin edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, istintaq orqanı zərəçəkmişin hərəkət tempini “adi yeriyiş” kimi qiymətləndirmişdir. Lakin iş materiallarında mövcud olan video-görüntülər və şahid ifadələri əsasında müəyyən edilir ki, zərərçəkmiş uşaq hadisə anında adi yeriyiş deyil, iti qaçışla hərəkət etmişdir. Elmi mənbələrə əsasən, insanın iti qaçış sürəti təxminən 24—27 km/saat təşkil edir. İnsanın adi yeriyiş isə bir qayda olaraq 3.5—5 km/saat olur. Bu fərq ciddi və əhəmiyyətlidir. Bu məlumatlar istintaq orqanı tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinə düzgün təqdim edilmədiyindən, verilmiş ekspert rəyi hadisənin faktiki hərəkət dinamikasına uyğun gəlmir və bu səbəbdən mötəbər sübut kimi qiymətləndirilməsi mümkün deyildir. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəzində öz avtomobilinin hərəkət sürətinin 50 km/saat olduğunu bildirmişdir. İş materiallarında olan video-görüntülərin təhlilindən isə aydın olur ki, zərəçəkmiş yolun hərəkət hissəsinə daxil olan zaman sutkanın qaranlıq vaxtı olmasa ilə yanaşı, yol kənarında dayanmış qara rəngli nəqliyyat vasitəsi də onun görünməsini əlavə olaraq məhdudlaşdırmışdır. Bununla belə, istintaq orqanı bu mühüm halın hadisənin mexanizminə təsirinin müəyyən edilməsi üçün ekspert qarşısında müvafiq suallar qoymamışdır. Beləliklə, internet resursları hətta orta səviyyəli qaçışın 7-11 km/s devil, 12- 16 km/s olduğunu göstərir. Bu baxımdan mütəxəssis və ya ekspert cəlb edilmədən, internet məkanından mənbəyi məlum olmayan məlumatlara əsaslanan xx.xx.2025-ci il tarixli qərarla razılaşa bilmirik. Bundan başqa, həmin qərar qəbul edildikdən sonra iş materiallarına CD-diskə köçürülmüş yeni, fərqli rakursdan çəkilmiş video-görüntü əlavə olunmuş, lakin həmin video-görüntü ekspertizaya heç vaxt təqdim edilməmişdir. Ola bilsin, ittiham tərəfinin mənafeyinə uyğun olmadığına görə təqdim edilməmişdir. Cinayət işi materiallarından görünür ki, ekspert zərərçəkmişin hərəkət tempini "adi yeriş" kimi qiymətləndirmişdir. Lakin iş materiallarında mövcud olan video-görüntüdən, eləcə də müdafiə tərəfinin təqdim etdiyi və fərqli rakursdan çəkilmiş video-görüntüdən və şahid ifadələri əsasında müəyyən edilir ki, zərərçəkmiş uşaq hadisə anında adi yerişlə deyil, iti qaçışla hərəkət etmişdir. Bu məsələyə sadə yanaşmaq olmaz. Bu məsələ ciddi əhəmiyyət kəsb edir və müdafiə tərəfinin ən vacib arqumentidir. Verilmiş ekspert rəyi hadisənin faktiki hərəkət dinamikasına uyğun gəlmir və bu səbəbdən mötəbər sübut kimi qiymətləndirilməsi mümkün deyildir. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində öz avtomobilinin hərəkət sürətinin 50 km/saat olduğunu bildirmişdir. İş materiallarında olan video-görüntülərin (xüsusilə müdafiə tərəfinin təqdim etdiyi yeni, fərqli rakursdan çəkilmiş görüntünün) təhlilindən isə aydın olur ki, zərərçəkmiş yolun hərəkət hissəsinə daxil olan zaman sutkanın qaranlıq vaxtı olması ilə yanaşı, yol kənarında dayanmış qara rəngli nəqliyyat vasitəsi də onun görünməsini əlavə olaraq məhdudlaşdırmışdır. Bu xüsusatla əlaqədar ekspert qarşısında istintaq orqanının sual qoymaması və sözü gedən video-görüntünü əldə etməməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın keçirilməsini mümkünsüz etmişdir. Bu xüsusatların nəzərə alınmaması ekspert rəyinin hadisənin obyektiv qiymətləndirilməsi üçün kifayət qədər əsas vermədiyini və əlavə yol-nəqliyyat ekspertizasının təyin edilməsini zəruri edir. Qaradağ Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli, 08 yanvar 2026-cı il tarixli və 05 fevral 2026-cı il tarixli qərarları ilə məhkəmə verilmiş vəsatətləri, işdə iştirak edən şəxslərin ifadələrini, verimiş ekspert rəylərini və cinayət işinin materiallarını nəzərdən keçirərək vəsatətləri əsassız hesab etməklə təmin etməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 xx.xx.2024-cü il tarixli 33 saylı rəyində qeyd edilmişdir ki, 2012-ci il təvəllüdlü X2 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Mərhum R.M.Rzamlının məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər:

1. Baş beyin toxumasına, onun mədəciklərinə və qişalarıaltına qansızma, başın sağ gicgah sümüyünün qəlpəli, basılmış sınığı, alt çənə sümüyünün sınığı, başın alın, alt dodağın, alt çənə nahiyəsinin, sol körpücüküstü, sol bazu, sol dirsək çuxuru və sol said nahiyələrinin əzilmiş-cırılmış yaraları. Göstərilən xəsarətlər həyatı olub, bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən hərəkətdə olan sərnişin avtobusunun vurması nəticəsində törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər.

2. Mərhum R.M.Rzamlının ölümünə səbəb-baş beyin toxumasına, onun mədəciklərinə və qişalaraltına qansızma ilə müşayiət olunan başın sağ gicgah nahiyəsinin qəlpəli, basılmış sınığı olmuşdur.

3. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum R.M.Rzamlının ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2024-cü il tarixdə saat 22:50-da) 2-4 saat əvvəl baş vermişdir.

4. Mərhum R.M.Rzamlının meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (1537/K saylı, xx.xx.2024-cü il tarixli AKT) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 dekabr 2024-cü il tarixli 8/1896-4/1062 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş 01 ədəd optik diskdə qeydə alınmış "WhatsApp Video 2024-05-01 saat 09.47.08_a7acf532" adlı videoyazıda kadrdaxili və kadrlararası montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 01 ədəd optik diskdə qeydə alınmış "WhatsApp Video 2024-05-01 saat 09.47.08_a7acf532" adlı videoyazıdakı görüntülərə görə baş vermiş yol- nəqliyyat hadisəsinin iştirakçısı olan "DAEWOO" DO" markalı avtobusun hərəkət sürətini müəyyən etmək mümkün olmadı. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Daewoo BS090 markalı 10TH244 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 aprel 2025-ci il tarixli 8/559 nömrəli rəyində qeyd edilmişdir ki, “Daewoo” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2/23188 saylı “sərxoşluq hallarının bütün növlərinin təyin məqdəsi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə günü alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcədə zərərçəkmiş şəxsin hüquqi varisinin hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçi olmaqla onunla israrla barışmaq istəməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində qeyd olunan cinayət işi ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdən “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 285 (iki yüz səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 330 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri seçilməklə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 05 fevral 2026-cı il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 285 (iki yüz səksən beş) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Zərərçəkmiş şəxsin hüquqi varisinə izah edilsin ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar vurulmuş maddi və mənəvi ziyanla bağlı cinayət və mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar