Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-186/2025 20.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1979-cu ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sabunçu rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti təyin edilməklə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, habelə ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə təkrar xuliqanlıq etmişdir. Belə ki, o, 06 iyun 2025-ci il tarixdə, saat 22 radələrində ünvan 2 ünvanında yerləşən ictimai yer hesab edilən “Kainat” adlı kafeyə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində gələrək spirtli içki pivə sifariş etdikdən sonra həmin kafenin sahibi Zərərçəkmiş şəxs1 ona pivə verməyəcəyini deməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarını tapdalayaraq, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik və digər şəxslərə hörmətsizlik ifadə edən, zor tətbiq olunması və belə zorun tətbiq ediləcəyi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək kafenin daxilində digər müştərilərin gözləri qarşısında ucadan nalayiq ifadələr işlədib Zərərçəkmiş şəxs1 qollarından tutub silkələyib sinə nahiyəsindən itələyərək sonuncuya fiziki ağrı yetirib zor tətbiq edəcəyi və kafeni dağıtmaqla əmlakı məhv edəcəyi ilə qorxudub onun şüuruna və iradəsinə psixi təsir göstərməklə Zərərçəkmiş şəxs1 vahimə yaratmış, onun qanunazidd hərəkətlərinin qarşısını almaq üçün kafeyə yaxınlaşan 10-cu PŞ-nin polis sahə inspektoru, polis mayoru Zərərçəkmiş şəxs2 da təhqir edib ayaqla sol əlinə bir dəfə zərbə endirərək sonuncuya sol mil-bilək oynağı nahiyəsinin ön səthinin qançırından ibarət sağlamlığına zərər vurmayan xəsarət yetirib ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq etmişdir. Bundan başqa o, 06 iyun 2025-ci il tarixdə saat 23 radələrində xuliqanlıq hərəkətlərinə görə müvafiq sənədləşdirmələr aparılmaqla sərxoşluq müayinəsindən keçirilib yenidən Qaradağ RPİ-nin 10-cu PŞ-nə qaytarılan zaman orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ünvan 3 ünvanında yerləşən 10-cu PŞ-nin qarşısında Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının ehtiyatında olan 2020-ci il buraxılışlı, 10837 inventar nömrəli, ZFA26300006T24965 ban nömrəli, ******* mühərrik nömrəli, X9 markalı **-PE-*** dövlət qeydiyyat nişanlı, “növbətçi hissə avtomobilləri” NHA ştat yarımqrupuna aid edilən və 10cu PŞ-nin Növbətçi Hissəsinə təhkim edilən avtomobilin saxlanma yerində heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edib həmin avtomobilin sol arxa yan şüşəsi, dəmir barmaqlığı və arxa qapısına təpik zərbələri endirib sındırmaqla 200 manat dəyərində maddi ziyan vuraraq özgə əmlakını zədələmiş, onun qanunazidd hərəkətlərinin qarşısını almağa çalışan 10-cu PŞ-nin polis sahə inspektoru, polis mayoru Zərərçəkmiş şəxs2 da təhqir edib sağ əlinə zərbə endirərək sonuncunun sağ əlin ovuc səthinin sıyrığı olmaqla sağlamlığına zərəvurmayan xəsarətlər yetirib ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş, habelə polis əməkdaşları tərəfindən 10-cu PŞ-nin MSY-nə yerləşdirildikdən sonra da qanunsuz davranışlarını davam etdirib ucadan nalayiq ifadələr işlətməklə MSY-nin dəmir barmaqlığına təpik zərbələri endirib sındıraraq 50 manat dəyərində maddi ziyan vuraraq özgə əmlakını zədələyib təkrar xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 06 iyun 2025-ci il tarixdə axşam saatlarında Qaradağ rayonu Lökbatan qəsəbəsində Kainat adlı kafeyə getmişdir. Həmin kafeyə getməzdən əvvəl başqa kafedə yemək yeyib bir qədər spirtli içki qəbul etmişdir. Kainat adlı kafeyə daxil olmuş, həmin vaxt kafedə 4-5 nəfər digər şəxslər olmuşdur. O, pivə içmək istəmiş, ona kafenin sahibi Zərərçəkmiş şəxs1 yaxınlaşmış və ona pivə verilməyəcəyini bildirdiyində “pivə istəyirəm, ver içim, çıxım gedim” demişdir. Sözlü mübahisə davam edərkən zərərçəkmiş şəxs ona polis çağıracağını bildirdikdə o, etiraz etməmişdir. Bundan sonra biraz kafenin çölünə çıxmış və zərərçəkmiş şəxsə “ayıbdır, 1 bakal ver içim, çıxım gedim” deyib, kafeyə daxil olaraq stolda əyləşmişdir. Qısa müddət sonra kafeyə daxil olan polis əməkdaşlarını tanımış, belə ki, onların arasında olan Zərərçəkmiş şəxs2 onun barəsində əvvəllər inzibati xəta haqqında protokol tərtib etmişdir. O, hadisədən bir gün əvvəl həmin inzibati həbsdən azad olmuş və axşama qədər yeyib-içmişdir. Zərərçəkmiş şəxs2 onlarla getməli olduğunu bildirən kimi o da razılaşmışdır. Onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirmişlər, sonra sərxoşluqla bağlı müayinəyə aparmışlar. Həmin müayinədən qayıdanda əlinə taxılan qandal əlini sıxmış və dəfələrlə polis əməkdaşlarına həmin qandalı açmaları ilə bağlı müraciət etmişdir. O, X9 markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən əsəbləşmiş və zərbə vurduğundan maşının şüşəsi düşmüşdür. O, polis şöbəsinin müvəqqəti saxlanc yerində olarkən qandalın çox sıxılması ilə bağlı qışqıraraq polis əməkdaşlarını çağırmış, daha sonra saxlanc yerinin dəmir barmaqlığına təpik vurmuş və dəmir biraz əyilmişdir. Bu hərəkətlərə yol verməsinə səbəb olaraq əlində olan dəmir qandalın çox sıxılmasını, əlini zədələməsini göstərmiş, kafedə polis əməkdaşlarına müqavimət göstərmədiyini, təpik atmadığını bildirmişdir. Təqsirləndirilən şəxs son olaraq baş vermiş hadisədə heç bir qəsdinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında Kainat adlı kafeni işlədir. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə işlətdiyi kafeyə gəlib sərxoş vəziyyətdə nalayiq ifadələr işlətdikdən sonra kafedə mübahisələr yaratmışdır. Sonuncu dəfə 06 iyun 2025-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs onun işlətdiyi kafeyə sərxoş vəziyyətdə gəlmiş nalayiq ifadələr işlətməyə başlamışdır. Ona yaxınlaşmış nə istədiyini soruşduqda sonuncu ona pivə içmək istədiyini demiş və o da sonuncuya onun artıq sərxoş vəziyyətdə olduğunu bildirərək içki verməyəcəyini demişdir. Təqsirləndirilən şəxs narahatçılıq yaratdığını görmüş, ona və digər müştərilərə kafeni bağladığını deyib onları kafedən çıxartmışdır. Təqsirləndirilən şəxs kafedən çıxmadığını, pivə verilməsində israr etdiyini, oturduğu stulu qaldırıb yerə çırpdığını, nalayiq ifadələrə davam etdiyini görmüş, onun hərəkətləri barədə polis əməkdaşlarına məlumat vermişdir. Təqsirləndirilən şəxs onu itələmiş, həmin vaxt onun sinə nahiyəsində ağrı yaranmışdır. Polis əməkdaşları kafeyə gəldikdən sonra da Təqsirləndirilən şəxs öz hərəkətlərini dayandırmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində göstərmişdir ki, 06 iyun 2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-də əməliyyat-istintaq qrupunda xidmətdə olmuşdur. Həmin günü axşam saat 22 radələrində şöbəyə ünvan 5 ünvanında yerləşən Kainat adlı kafedə bir nəfər şəxsin sərxoş halda nalayiq ifadələr işlədib səs-küy yaratması barədə məlumat daxil olmuşdur. 10-cu PŞ-nin növbətçi hissəsinə təhkim edilmiş xidməti avtomobil başqa hadisə yerində olduğundan o, ərazidə xidmətdə olan mühafizə polisinin əməkdaşlarına təhkim edilmiş Kia Stonic markalı avtomobil və həmin avtomobildə xidmət aparan Qaradağ RMİ-nin əməkdaşları polis serjantları Şahid2 və Şahid1la birlikdə həmin kafeyə getmişdir. Həmin kafeyə çatdıqda vətəndaşların çöldə yığıldığını görmüş və kafeyə daxil olmuşdur. Kafenin içərisində Təqsirləndirilən şəxs və kafe sahibi Zərərçəkmiş şəxs1 olmuşlar. Təqsirləndirilən şəxs özünü təqdim edib onlarla birlikdə polis şöbəsinə yaxınlaşmasını təklif etmişdir. Bu anda Təqsirləndirilən şəxs yenidən kafe sahibindən pivə istəmiş və vermədiyindən onunla tutaşmağa başlamışdır. Bu zaman həmin şəxsləri aralaşdrımaq istəyəndə Təqsirləndirilən şəxs təpik atmış və həmin təpik onun qoluna dəymişdir. Bundan sonra onlar həmin şəxsə qarşı fiziki qüvvə tətbiq edərək xidməti avtomobilə əyləşdirmişlər. Daha sonra həmin şəxs PŞ-nin NH-nə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin şəxsiyyəti müəyyən edilmiş, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün onu 10-cu PŞ-nin NH-nə təhkim olunmuş Fiat Doblo markalı, **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində Respublika Narkoloji mərkəzinə aparmışlar. Müayinədən sonra Təqsirləndirilən şəxs 10-cu PŞ-nə gətirərkən, yolda o, nalayiq ifadələr işlətmiş və avtomobilin arxa qapısına təpiklə zərbələr vurmuşdur. 10-cu PŞ-nin qarşısına çatdıqlarında digər əməkdaşların köməyə çağırılması üçün sürücü şöbəyə daxil olmuş bu zaman Təqsirləndirilən şəxs avtomobilin sol arxa yan şüşəsini ayağı ilə vurub sındırmışdır. Barmaqlığın da sınmasının qarşısını almaq üçün avtomobilin sol arxa tərəfinə yaxınlaşmış, əli ilə həmin barmaqlıq olan hissəni saxladığı zaman sağ biləyindən xəsarət almışdır. Təqsirləndirilən şəxs digər əməkdaşların köməkliyi ilə polis şöbəsinin müvəqqəti saxlanma yerinə yerləşdirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra öz qanunsuz hərəkətlərini davam etdirib nalayiq ifadələr işlədərək saxlanıldığı MSY-nin dəmir barmaqlıqlarını da ardıcıl bir neçə təpik zərbəsi ilə vurub sındıraraq yararsız hala salmışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs kafedən bölməyə gələrkən, həmçinin müayinədən sonra geri qaytarılarkən əlində qandal olmayıb. Məhkəmə iclasında son olaraq təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmış Nümayəndə1 ifadəsində göstərmişdir ki, 06 iyun 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbə sakini Təqsirləndirilən şəxs Lökbatan qəsəbəsi ərazisində Kainat adlı kafedə xuliqanlıq etməsi barədə X5 hissəsinə şikayət daxil olmuşdur. Polis sahə inspektoru Zərərçəkmiş şəxs2 əməliyyat-istintaq qrupunda olduğundan hadisə yerinə getmiş, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müayinəsi ilə bağlı Respublika Narkoloji mərkəzindən geri gətirərkən xidməti avtomobilin sol arxa yan şüşəsini sındırmış, həmin vaxt polis əməkdaşı Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Təqsirləndirilən şəxs polis şöbəsinin müvəqqəti saxlanma yerinin dəmir barmaqlığını da vurub zədələmişdir. Məhkəmə iclasında son olaraq Qaradağ RPİ-yə dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduqlarını bildirmişdir. Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmış Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvalayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduqlarını və işə iştirakı olmadan baxılmaqla qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Nümayəndə2 göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə tabe olan avtomobil təsərrüfatının hərəkətin təhlükəsizliyi üzrə mühəndisi vəzifəsində çalışır. 06 iyun 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbə sakini Təqsirləndirilən şəxs Lökbatan qəsəbəsi ərazisində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin qarşısında həmin PŞ-nə təhkim olunmuş xidməti avtomobilin sol arxa yan şüşəsini, həmin şüşənin arxasındakı dəmir barmaqlığı, avtomobilin arxa qapısını vurub zədələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RMİ-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 06 iyun 2025-ci il tarixdə Şahid2 ilə birlikdə Kia Stonic markalı **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə xidmətdə olarkən axşam saatlarında Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru Zərərçəkmiş şəxs2 onları köməyə çağırmış və Lökbatan qəsəbəsi ərazisində kafedə mübahisə yarandığını bildirmişdir. Onlar birlikdə Kainat adlı kafeyə getmişlər. Kafeyə çatdıqda ətrafda şəxslərin toplaşdığını görmüşlər. O, Zərərçəkmiş şəxs2 ilə içəri daxil olduqda bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədib mübahisə yaratdığını, həmin şəxsin kafenin müdiri ilə də mübahisə etdiyini görmüşdür. Təqsirləndirilən şəxs kafe sahibi ilə dalaşarkən təpik atmış və təpik Zərərçəkmiş şəxs2 dəymişdir. Bundan sonra onlar həmin şəxsə qarşı fiziki qüvvə tətbiq edib xidməti avtomobilə əyləşdirmiş və 10-cu PŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RMİ-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 06 iyun 2025-ci il tarixdə Şahid1 ilə birlikdə Kia Stonic markalı **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə xidmətdə olarkən axşam saatlarında Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru Zərərçəkmiş şəxs2 onları köməyə çağırmış və Lökbatan qəsəbəsi ərazisində kafedə mübahisə yarandığını bildirmişdir. Onlar birlikdə Kainat adlı kafeyə getmişlər. Kafeyə çatdıqda ətrafda şəxslərin toplaşdığını görmüşlər. Kafeyə çatdıqda o, maşını yerləşdirib içəri daxil olanda söyüş söyüldüyünü və müdaxilə edildiyini görmüşdür. Mübahisə yaradan şəxsin Zərərçəkmiş şəxs2 da xəsarət yetirdiyini öyrənmişdir. Bundan sonra onlar həmin şəxsə qarşı fiziki qüvvə tətbiq edib avtomobilə əyləşdirmiş və 10-cu PŞ-nə gətirmişdir. 10-cu PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin məsul növbətçisi vəzifəsində işləyən Şahid8 ifadəsində göstərmişdir ki, 06 iyun 2025-ci il tarixdə 10-cu PŞ-də xidmətdə olarkən axşam saatlarında 10-cu PŞ-nin digər məsul növbətçisi Saleh Zahidov ona zəng edərək ünvan 6 ünvanında yerləşən Kainat adlı kafedə bir nəfər şəxsin sərxoş halda nalayiq ifadələr işlədib səs-küy yaratması və kafenin sahibinə xəsarət yetirməsini bildirmişdir. O da dərhal aidiyyəti üzrə həmin günü xidmətdə olan polis sahə inspektoru Zərərçəkmiş şəxs2 bu barədə məlumat vermişdir. Həmin günü 10-cu PŞ-nə təhkim edilmiş Növbətçi Hissə avtomobili başqa hadisə yerinə getdiyindən Zərərçəkmiş şəxs2 ərazidə xidmətdə olan mühafizə polisinin əməkdaşları ilə birlikdə hadisə yerinə getmişdir. Kafedə mübahisə yaradan şəxs X5 Hissəsinə gətirilmiş, üzərini yoxlayıb şəxsiyyətini müəyyən etdikdən sonra sonuncunun sərxoş olmasının müəyyən edilməsi üçün R.Ə.X10 markalı, **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində Respublika Narkoloji mərkəzinə aparılmışdır. 1-1.5 saat keçdikdən sonra 10-cu PŞ-nin çöl tərəfindən səs gəldiyini eşitmiş, çölə çıxdıqda maşının sol arxa yan şüşəsini sındığını görmüşdür. Bundan sonra xidmətdə olan digər əməkdaşların da köməkliyi ilə Təqsirləndirilən şəxs saxlanması üçün PŞ-nin MSY-nə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs PŞ-nə gətirildikdən sonra öz qanunsuz hərəkətlərini davam etdirib nalayiq ifadələr işlədərək saxlanıldığı MSY-nin dəmir barmaqlıqlarını da ardıcıl bir neçə təpik zərbəsi ilə vurub sındıraraq yararsız hala salmış, həmçinin dayanmadan nalayiq ifadələr işlədib əməkdaşların xidməti fəaliyyətinə mane olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Zərərçəkmiş şəxs3 10-cu X5 köməkçisi vəzifəsində işləyən Şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin 10-cu PŞ-nin məsul növbətçisi vəzifəsində işləyən Şahid8 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 06 iyun 2025-ci il tarixdə o, Qaradağ RPİ-nin 10-cu PŞ-nin müvvəqqəti saxlanma yerində saxlanmışdır. Həmin tarixdə axşam saatlarında sərxoş vəziyyətdə saxlanma yerinə gətirilmiş şəxs, Təqsirləndirilən şəxs onların yanında təpiklə saxlanma yerinin dəmir barmaqlıqlarını vurub sındırmışdır. Təpikdən başqa da dayanmadan saxlanma yerinin qapısı və divarlarına zərbə endirib dayanmadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 öz ifadələrində ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin növbətçi sürücüsü vəzifəsində işləyən Şahid7 öz ifadəsində göstərmişdir ki, 06 iyun 2025ci il tarixdə 10-cu PŞ-də məsul növbətçi kimi xidmətdə olarkən axşam saatlarında 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs PŞ-nin NH-nə gətirilmişdir. Bundan sonra o, sahə inspektoru Zərərçəkmiş şəxs2la birlikdə Təqsirləndirilən şəxs sərxoş olmasının müəyyən edilməsi üçün sonuncunu 10-cu PŞ-nin NH-nə təhkim olunmuş Fiat Doblo markalı, **-PE- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin saxlanma yerində Respublika Narkoloji mərkəzinə aparmışlar. Müayinədən sonra Təqsirləndirilən şəxs 10-cu PŞ-nə gətirərkən o, yolda nalayiq ifadələr işlətmiş və maşına təpik zərbələri vurmuşdur. Şöbənin qarşısına çatdıqda o, digər əməkdaşları köməyə çağırmaq üçün şöbəyə getmiş, qayıdanda avtomobilin sol arxa yan şüşəsinin qırıldığını, xidmət yoldaşı Zərərçəkmiş şəxs2 əli ilə barmaqlığın qopub yerə düşməsinin qarşısını almaq istəyərkən əlindən xəsarət aldığını görmüşdür. Təqsirləndirilən şəxs digər əməkdaşların köməkliyi ilə saxlanması üçün PŞ-nin MSY-nə yerləşdirmişlər. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs Sərxoşluq vəziyyətinin müəyyən olunması üçün Respublika Narkoloji Mərkəzə aparılarkən və oradan qayıdarkən onun əlində qandal olmamışdır. Şahid9 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə rəsmi məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid9 göstərmişdir ki, Qaradağ RPİ-nin 10-PŞnin polis sahə inspektoru vəzifəsində çalışır. 06 iyun 2025-ci il tarixdə əməliyyat-istintaq qrupunda xidmətə cəlb olunmuşdur. Həmin günü axşam saatlarında Növbətçi Hissə avtomobili ilə hadisə yerinə getmişdir. Ona görə də Zərərçəkmiş şəxs2 ərazidə xidmətdə olan mühafizə polisinin əməkdaşları ilə birlikdə başqa hadisə yerinə getmişdir. Zərərçəkmiş şəxs2, digər hadisə yerində mübahisə yaradan şəxsi PŞ-nin NH-nə gətirmişdir. PŞ-də həmin şəxsin 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra NH-nin sürücüsü, polis serjantı, Mətləb Hüseynovla birlikdə Təqsirləndirilən şəxs sərxoş olmasının müəyyən edilməsi üçün Təqsirləndirilən şəxs 10-cu PŞ-nin NH-nə təhkim olunmuş Fiat Doblo markalı, **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin saxlanma yerində Respublika Narkoloji mərkəzinə aparılmışdır. Müayinədən sonra Təqsirləndirilən şəxs yenidən 10-cu PŞ-nə gətirilmişdir. 10-cu PŞ-nin qarşısında Təqsirləndirilən şəxs avtomobilin sol arxa yan şüşəsini ayağı ilə vurub sındırdığını eşitmişdir. Dərhal çölə çıxmış, Qasım Nadrov və digər əməkdaşların da köməkliyi ilə Təqsirləndirilən şəxs saxlanması üçün PŞ-nin MSY-nə yerləşdirilmişlər. Təqsirləndirilən şəxs PŞ-nə gətirildikdən sonra öz qanunsuz hərəkətlərini davam etdirib nalayiq ifadələr işlədərək saxlanıldığı MSY-nin dəmir barmaqlıqlarını da ardıcıl bir neçə təpik zərbəsi ilə vurub sındıraraq yararsız hala salmışdır. Həmçinin saxlanıldığı vaxtda da orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğundan dayanmadan nalayiq ifadələr işlədib əməkdaşların xidməti fəaliyyətinə mane olmuşdur. Cinayət işinin 1-2-ci vərəqələrində olan 07 iyun 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 8-ci vərəqəsində olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2025-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. Cinayət işinin 11-17-ci vərəqələrində olan 07 iyun 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Musəvi küçəsi 7-də yerləşən Qaradağ RPİ-nin 10-cu PŞ-nin MSY-nin dəmir barmaqlığı zədələnmiş, həmçinin həmin PŞ-nə təhkim edilmiş Fiat Doblo markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa tərəfinə quraşdırılmış üzərində DİN Azərbaycan Respublikası Dövlət bayrağı”nın şəkli və NH yazısı əks olunmuş sol arxa şüşəsi, həmin şüşənin arxasındakı dəmir barmaqlıq, eləcə də avtomobilin arxa qapısının içəri tərəfdən dəmiri və üzərindəki plastmas üzlük zədələnmişdir. Cinayət işinin 18-20-ci vərəqələrində olan 07 iyun 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, hadisə, Bakı şəhəri Qaradağ rayonu İntiqam Nəbiyev küçəsi 41 C-də yerləşən “Kainat” adlı kafenin daxilində ortadakı masa ətrafında baş vermişdir. Cinayət işinin 32, 36 və 44-cü vərəqələrində olan 07 iyun 2025-ci il tarixli qərarlardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş hüquqi şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxslər qismində tanınmışlar. Cinayət işinin 53-cü vərəqəsində olan 07 iyun 2025-ci il tarixli qərardan görünür ki, Nümayəndə1 iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 69-cu vərəqəsində olan 07 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması faktiki olaraq tutulduğu xx.xx.2025-ci il tarixdə, saat 23:29-dan hesablanmışdır. Cinayət işinin 93-96-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs1, ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs onun işlətdiyi kafedə xuliqanlıq hərəkətləri etməsini, sərxoş vəziyyətdə mübahisə yaratmasını, ona hədə-qorxu gələrək zor tətbiq etdiyini bildirmişdir. Cinayət işinin 100-102-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1, ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs Kainat adı kafedə mübahisə yaradıb xuliqanlıq etməsini, həmin mübahisə zamanı Zərərçəkmiş şəxs2 sol əlinə xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin 103-107-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs2, ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs Kainat adı kafedə mübahisə yaradıb xuliqanlıq etməsini, onun sol əlinə xəsarət yetirməsini, sonra isə 10-cu PŞ-nə gətirildikdən sonra isə xidməti avtomobili təpiklə vurub zədələməsini, həmin vaxtı onu qanunsuz hərəkətlərinin qarşısını alan zaman sağ əlinin zədələndiyini, həmçinin Təqsirləndirilən şəxs PŞ-nin MSY-nin dəmir barmaqlığını da vurub zədələdiyini bildirmişdir. Cinayət işinin 110-111-ci vərəqələrində olan 08 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (saat 16:12). Cinayət işinin 125-130-cu vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 141-142-ci vərəqələrində olan tələbnamədən və 243-252-ci vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 02 il müddətinə sınaq müddəti şərti hesab edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanı çəkib qurtarmışdır. Cinayət işinin 154-cü vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, 06 iyun 2025-ci il saat 23:28:00-da Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PŞ-nin qarşısında Fiat Doblo markalı avtomobilin arxa tərəfində Zərərçəkmiş şəxs2 dayanan zaman saat 23:28:10 saniyəsində avtomobildə olan Təqsirləndirilən şəxs avtomobilin arxa saxlama yerində avtomobilə zərər yetirdiyindən xidməti avtomobil tərpənməyə başlayır. Görüntünün 23:28:18 saniyəsində xidməti avtomobilin sol arxa şüşəsi sınaraq yerə düşür. Bu zaman Zərərçəkmiş şəxs2 avtomobilə yaxınlaşaraq sağ əli ilə sınmış şüşənin arxasında olan dəmir barmaqlığın da qırılıb yerə düşməsinin qarşısını almaq üçün əli ilə həmin hissəni saxlamağa çalışır. Bundan sonra digər polis əməkdaşları da avtomobilin arxa tərəfinə yaxınlaşıb fiziki qüvvə tətbiq edərək Təqsirləndirilən şəxs avtomobildən endirib PŞ-nin içərisinə doğru aparırlar. Həmin görüntülərdə, yəni Təqsirləndirilən şəxs avtomobilin saxlanma yerindən enən zaman qollarında hansısa onun hərəkətini məhdudlaşdıran xüsusi vasitənin olmaması görünür. Digər görüntüdə isə 06 iyun 2025-ci il saat isə 23:43:46-da Təqsirləndirilən şəxs qollarına tətbiq edilən xüsusi vasitə olan qandalda 10-cu PŞ-nin müvəqqəti saxlanma yerində görüntünün 23:43:57 saniyəsində geriyə doğru hərəkət edib sağ ayağı ilə saxlanma yerinin barmaqlığına zərbələr endirdiyi müəyyən olunur. Cinayət işinin 182-ci vərəqəsində olan Xəzər Avto mağazalarının arayışından görünür ki, Fiat Doblo markalı avtomobilin arxa tərəfinə quraşdırılmış üzərində DİN Azərbaycan Respublikası Dövlət bayrağının şəkili və NH yazısı əks olunmuş sol arxa şüşəsinin qiyməti 100 manat, həmin güzgünün arxasına quraşdırılmış dəmir barmaqlığın qiyməti 30 manat, qeyd edilən şüşə və dəmir barmaqlığın təmir xərci 20 manat, avtomobilin arxa qapısının əzilmiş dəmir və üzərindəki plastmas üzlüyün təmiri isə 50 manat təşkil etmişdir. Cinayət işinin 190-cı vərəqəsində olan Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin rəisinin məktubundan görünür ki, həmin PŞ-nin inzibati binsında yerləşən MSY-nin qapısı üzərinə quraşdırılmış dəmir barmaqlıqların zədələnməsi nəticəsində polis şöbəsinə 50 manat dəyərində maddi ziyan dəymişdir. Cinayət işinin 193-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. Cinayət işinin 198-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxsin nümayəndəsinin cinayət prosesinin iştirakçısı qismində tanıması haqqında qərardan görünür ki, Nümayəndə2 iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 204-207-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 xx.xx.2023-cü il tarixli № 372 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol mil-bilək oynağı nahiyəsinin ön səthinin qançırı, sağ əlin ovuc səthinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərəvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlərin xarakteri, lokalizasiyalarını və ağırlığını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işinin 217-ci vərəqəsində olan şəxsiyyət vəsiqəsinin surətindən və məhkəmə elektron sistemində olan qohumluq məlumatından görünür ki, Təqsirləndirilən şəxs oğlu X2 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. Cinayət işinin 218-231-ci vərəqələrində olan 18 avqust 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, üzləşdirmədə dindirmə haqqında protokollara əlavə edilmiş 04 ədəd disk, hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk və Təqsirləndirilən şəxs üzləşdirmədə dindirmə istintaq hərəkətindən sonra müdafiə hüququnun izah edilməsi edilməsi protokoluna əlavə edilən disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 236-238-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişiklik edilməklə o, Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb eidlməklə yenidən ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin həbsə saxlama müddəti 26 sentyabr 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, X9 markalı **-PE-*** dövlət qeydiyyat nişanlı maşında dəyən zərər müqabilində 201 manat DİN-in Avtomobil Təsərrüfatı İdarəsinin hesabına ödənilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, habelə ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə təkrar xuliqanlıq törətməsi zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, ekspert rəyi, iş materialına əlavə edilmiş DVD diskdəki videogörüntülər və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbirihökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli isə faktiki tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 36 iş saatı hüquqi yardım göstərilmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 396 (üç yüz doxsan altı) manat məbləğində pul və məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və maddi sübut kimi tanınmış 3 ədəd DVD və 3 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş materiallarında olan və maddi sübut kimi tanınmış 3 ədəd DVD və 3 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 396 (üç yüz doxsan altı) manat məbləğində pul və məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-186/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-186/2025
20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver