Məhkəmə qərarları › İş №1(002)-187/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-187/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-187/2022 21.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Fikret Altıntaşın, X1, Mülki iddiaçı X6, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 2001-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 yanvar 2022-ci ildə saat 07:30 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 19-cu kilometrində yağmurlu hava şəraitində idarə etdiyi “Renault Megane” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sol zolağı ilə Qazax rayonu istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, nəqliyyat vasitəsinin idarəolunma prossesinə daim nəzarət etməli, qarşıda onunla eyni istiqamətdə “Nissan Sunny” minik markalı avtomobilin hərəkətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin avtomobillə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli və lazım gələrsə sağa doğru təhlükəsiz manevr aparmaqla həmin sola dönmə işığını yandıraraq sola dönən avtomobili ötüb keçməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib, «X11» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, qarşıda 5:1 zolaqda sürücü X6 idarə etdiyi “Nissan Sunny” minik markah **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə 40-50 km/saat sürətlə hərəkətdə olub sola və geriyə dönmək üçün nəzərdə tutulan hissədə sola dönmə işığını yandırıb tam döndükdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” minik markalı avtomobilin qabaq hissəsi “Nissan Sunny” minik markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbədən “Renault Megane” minik markalı avtomobil sağa istiqamətlənib yolun sağ hissəsində çəpinə dayandıqdan sonra sağ zolaqla düzünə 60-70 km/saat sürətlə hərəkətdə olan Şahid2 idarə etdiyi “Otokar Navigo” 145S avtobus markalı 90JS412 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi “Renault Megane” minik markalı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuş, nəticədə sürücü Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan “Renault Megane” minik markalı avtomobildə olan sərnişin Türkiyə Respublikasının vətəndaşı Fikret Altıntaşa sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sol körpücük sümüyünün akromial bağının tam qopması (cərrahi əməliyyatla bərpası) və hər iki baldırın ön səthinin səthi əzilmiş yaraları xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2021-ci ildə xx.xx.2031-ci il tarixədək etibarlı olan «B1,B,C1,C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 05 yanvar 2022-ci ildə saat 07:20 radələrində Bakı şəhərində iki nəfər, yəni sonradan adları məlum olan Türkiyə Respublikasının vətəndaşları Fikret Altıntaş və Şahid1ı idarə etdiyi “Renault Megane” minik markalı 77CB679 dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində götürüb onları Qaradağ rayonu ərazisində yerləşən işlədikləri "xxxx" MMC-yə aparmaq üçün Qaradağ rayonuna yola düşmüşdür. Fikret və İhsan avtomobilin arxa oturacağında oturmuşlar, avtomobildə onlardan başqa sərnişin olmamışdır. Həmin gecə 2 saat yatmış, gecənin qalan saatlarında yatmamış və səhərə qədər taksi kimi istifadə etdiyi avtomobili sürərək sərnişin daşımaqla məşğul olmuşdur. Saat 07:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 19-cu kilometrində yağmurlu hava şəraitində idarə etdiyi “Renault Megane” minik markalı 77CB679 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sol zolağı ilə Qazax rayonu istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən, hava yağmurlu və qaranlıq olduğu üçün qarşını pis görmüşdür. Bu zaman təxminən 20 metr qarşıda hərəkətə olan “Nissan Sunny” minik markalı avtomobilin orta zolaqdan yolun sol zolağına keçdiyini görmüşdür. Təxminən 60-70 metr məsafə qət etdikdən sonra qarşıda hərəkətdə olan həmin “Nissan Sunny” minik markalı avtomobil sola dönmə işığını yandırmış, bu zaman başa düşmüşdür ki, nəqliyyat vasitələrinin geriyə dönməsi üçün nəzərdə tutulan sol zolaqla hərəkət etməməlidir. Ona görə tormoz etmiş, yer yaş olduğu üçün qarşıdakı “Nissan Sunny” minik markalı avtomobil sola dönən anda idarə etdiyi avtomobilin qabaq hissəsi həmin avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobil fırlana- fırlana yolun sağ zolağında dayanmış və bu zaman Qaradağ rayonu istiqamətində hərəkətdə olan avtobus onun avtomobilinin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı özü və avtomobildə olan iki nəfər sərniş xəsarət almışdır. Hadisə zamanı sərxoş olmamış və idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, mülki iddianı qəbul etmədiyini və hal-hazırda heç bir maddi imkanı olmadığı üçün vurulmuş ziyanlardan ödəniş edə bilməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Fikret Altıntaş öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 05 yanvar 2022-ci ildə iş yoldaşı Şahid1la yaşadıqları ünvandan Qaradağ rayonu ərazisində yerləşən işlədikləri "xxxx" MMC-yə getmək üçün səhər-səhər taksi sifariş etmişlər. Sifarişə əsasən cavan oğlanının idarə etdiyi “Renault Megane” minik markalı 77CB679 dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş, Şahid1la birlikdə həmin avtomobilin arxa oturacağında sərnişin qismində oturaraq yola düşmüşlər. Saat 07:30 radələrində sərnişin olduğu həmin avtomobil Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan “Nıssan Sunny” minik markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən sərnişini olduğu avtomobil sol tərəfə istiqamətlənərək eyni istiqamətdə hərəkətdə olan avtobusla yolun sağ tərəfində toqquşmuşdur. Hadisə nəticəsində xəsarət almışdır. O, öz ifadəsində daha sonra sığortadan 1500 manat pul aldığını, lakin bundan başqa onun müalicə xərcləri ilə əlaqədar olaraq 2280 manat da pulu çıxdığını bildirərək ona vurulmuş maddi ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında mülki iddiaçı X8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və xx.xx.2017-ci ildə ona xx.xx.2027-ci il tarixədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 05 yanvar 2022-ci ildə saat 07:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 19-cu kilometrində idarə etdiyi “Nıssan Sunny” minik markalı 90UG769 dövlət qeydiyyat nişanlı avtomobillə 40-50 km/saat sürətlə Sahil qəsəbəsi istiqamətində hərəkət edərək Puta hərbi şəhərciyində yerləşən xidmət yerinə gedirmiş. Qarşıda geriyə dönmə yeri olduğu üçün avtomobilin sola dönmə işığını yandırıb yolun soldan birinci zolağı ilə təxminən 40-50 km/saat sürətlə hərəkəti davam etmişdir. Geriyə dönmə yerinə çatıb dönərkən arxadan gələn “Renault Megane” minik markalı 77CB679 dövlət qeydiyyat nişanlı avtomobil onun darə etdiyi avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən avtomobilin qabaq hissəsi səkiyə qalxıb, fırlanaraq ön tərəfi Bakı şəhəri istiqamətində olmaqla dayanmışdır. Xəsarət aldığı üçün hərbi hissəyə məxsus hərbi tibbi yardım avtomobili ilə onu hərbi hissənin tibb məntəqəsinə aparmışlar və orada ona tibbi yardım göstərilmişdir. Daha sonra məlum olmuşdur ki, onun avtomobili ilə toqquşan avtomobil hadisə yerində avtobusla da toqquşmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə yük və sərnişin olmamışdır. Hadisə zamanı sərxoş olmamışdır. O, öz ifadəsində daha sonra göstərmişdir ki, hadisə zamanı maşını tam yararsız hala düşdüyündən onu istifadə etmək mümkün olmamış, buna görə də onu 2000 manata metal kimi satmışdır. Həmçinin sığorta tərəfindən də ona 4880 manat pul ödənilmişdir. Odur ki, mülki iddianın qalan hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 05 yanvar 2022-ci ildə iş yoldaşı Fikret Altmtaşla yaşadıqları ünvandan Qaradağ rayonu ərazisində yerləşən işlədikləri "xxxx" MMC-yə getmək üçün səhər-səhər taksi sifariş etmişdir. Sifarişə əsasən cavan oğlanın idarə etdiyi “Renault Megane” minik markalı 77CB679 dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Fikret Altmtaşla birlikdə həmin avtomobilin arxa oturacağında sərnişin qismində oturaraq yola düşmüşlər. Saat 07:30 radələrində sərnişini olduğu həmin avtomobil Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan “Nıssan Sunny” minik markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən sərnişini olduğu avtomobil sol tərəfə istiqamətlənərək eyni istiqamətdə hərəkətdə olan avtobusla yolun sağ tərəfində toqquşmuşdur. Hadisə nəticəsində Fikret Altıntaş, sürücü və özü xəsarət almışdır, lakin xəsarəti çox cüzi olduğundan şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və xx.xx.2020-ci ildə ona xx.xx.2030-cu il tarixədək etibarlı olan «BCD» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 05 yanvar 2022-ci ildə saat 07:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 19-cu kilometrində yol vərəqəsi əsasında idarə etdiyi “Otokar Navigo 145S” avtobus markalı 90JS412 dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ zolağı ilə Sahil qəsəbəsi istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən yolun sol tərəfində “Renault Megane” minik markalı 77CB679 dövlət qeydiyyat nişanlı avtomobil “Nıssan Sunny” minik markalı 90UG769 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Tqquşma nəticəsində “Renault Megane” minik markalı avtomobil geriyə dönmə yerinin yanından çəpinə vəziyyətdə yavaş sürətlə, yəni təxminən 10-15 km/saatsürətlə aralarında 10-15 metr məsafə olarkən qarşısına çıxmışdır. Tormoz etmiş, lakin buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq hissəsi həmin avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində özü və idarə etdiyi avtobusda olan sərnişinlər xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 Qaradağ rayon şöbəsinin 09 aprel 2022-ci il tarixli 226 №-li rəyindən görünür ki: X4 bədən səthində aşkar olunmuş xəsarətlər - sol körpücük sümüyünün akromial bağının tam qopması (cərrahi əməliyyatla bərpası), hər iki baldırın ön səthinin səthi əzilmiş yaraları bərk küt əşya (əşyalar) təsirindən qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X10 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Vət. X4 almış olduğu xəsarətin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2022-ci il tarixli 8/298 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Renault Megane minik markalı 77CB679 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X11» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Nissan Sunny markalı 90UG769 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Otokar Naviqo 145S markalı 90JS412 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akta əsasən sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi Renault Megane minik markalı 77CB679 dövlət qeydiyyat nişanlı avtomobil, X6 idarə etdiyi Nıssan Sunny minik markalı 90UG769 dövlət qeydiyyat nişanlı avtomobil və Şahid2 idarə etdiyi Otokar Navigo 145S avtobus markalı 90JS412 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2022-ci il tarixli 016-7497-1222 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə xx.xx.2031-ci il tarixədək etibarlı olan BD 405267 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs baş vermiş hadisə nəticəsində zərərçəkmiş şəxsə və mülki iddiaçıya vurulmuş ziyanla bağlı heç bir ödəniş etməməsini və buna hər hansı formada cəhd belə göstərməməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Verilmiş mülki iddiaya münasibətdə məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iddiaçı ərizəsində hadisə nəticəsində avtomobilinin tam yararsız vəziyyətə düşməsini, buna görə də avtomobili 2000 manata metal kimi satmasını və hadisə nəticəsində sığorta şirkətindən 4880 manat məbləğində vəsait aldığını bildirsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa cinayət işinin materiallarından aydın olur ki, avtomobilə dəymiş maddi ziyanla bağlı istintaq zamanı mülki iddia verilərkən dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbindən aydın olur ki, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsində göstərilir k, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Renault Megane minik markalı 77CB679 dövlət qeydiyyat nişanlı, “Nıssan Sunny” minik markalı 90UG769 dövlət qeydiyyat nişanlı və “Otokar Navigo 145S” avtobus markalı 90JS412 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Renault Megane” minik markalı 77CB679 dövlət qeydiyyat nişanlı, “Nıssan Sunny” minik markalı 90UG769 dövlət qeydiyyat nişanlı və “Otokar Navigo 145S” avtobus markalı 90JS412 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. X6 mülki iddiası baxılmamış saxlanılsın və ona izah edilsin ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı gələcəkdə mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar