Məhkəmə qərarları › İş №1(002)-187/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-187/2025

15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-187/2025 15.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X4 qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonu, Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, evli (himayəsində 1 azyaşlı uşağı olan) Naxçıvan Muxtar Respublikası Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan təbdiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qəsdən ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti və imkanı olmadığı halda, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən təkər təmiri sexinin qarşısında 10 kv.metr ölçüsündə əlavə tikinti-quraşdırma işlərinin aparılması üçün aidiyyəti dövlət qurumlarından icazə alacağına dair yalan vədlər verərək aldadaraq 2025-ci ilin may ayının ortalarından həmin ayın sonunadək olan müddətdə həmin sexin qarşısında Zərərçəkmiş şəxslə görüşüb, guya həmin işin müqabilində sonuncudan hissəhissə olmaqla əvvəlcə 600 manat, daha sonra isə 200 manat və 300 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 1100 manat məbləğində pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib çəxsi ehtiyaclarına sərf edərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək məhkəmədə ifadə verməkdən imtina etmişdir. Proses iştirakşılarının suallarına cavab olaraq isə hazırki tarixədək zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəmədiyini, hadisə günündən əvvəl bir həftə ərzində həmin obyektdə işlədiyini, lakin zərərçəkmiş şəxs tərəfindən əmək haqqının verilmədiyini, bununla da zərərçəkmiş şəxsə həmin pulu qaytarmaq adı ilə alaraq, geri ödəmədiyini qeyd etmişdir. Həmçinin bildirdi ki, onlar zərərçəkmiş şəxs ilə birgə həmin işin görülməsini ümumilikdə 2000 manata razılaşmışlar. Təqsirləndirilən şəxs son olaraq, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində qüvvədə olan Amnistiya Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilir. Zərərçəkmiş şəxs təxminən 6 ilə yaxındır tanıyır. Təxminən 45 gün əvvəl İlqar ona yaxınlaşmış və işlədiyi yerin qabağını artırmaq lazım olduğunu bildirərək ondan kömək istəmişdir. O da usta işlədiyi üçün və Qaradağ rayon polis idarəsində tanışlarının işlədiyi üçün həmin yerin icazəsini alaraq oranı təmir edəcəyinə söz verərək ümumilikdə oranın icazəsi və təmirinə 2000 manat pul müqabilində İlqarla razılaşmışdır. Razılığa əsasən təxminən 2025-ci ilin may ayının ortalarında İlqar ona ilkin olaraq 600 manat, iki gün sonra 200 manat və bir neçə gün sonra 300 manat olmaqla hissə-hissə ümumilikdə 1100 manat pulu Sahil qəsəbəsində işlədiyi təkər təmiri sexinin qarşısında vermiş, o da həmin pulun müqabilində icazəni almağa cəhd etsədə ala bilməmiş, orada tikinti işlərini aparmağı əgər aşkar olunarsa gedib dövlət qurumlarından icazə üçün xahiş etməyi düşünmüş, lakin hər hansısa qurumdan oranın tikintiyə icazəsini ala bilməmiş və işlər görə bilməmiş, bu barədə İlqara verdiyi vədi həyata keçirə bilməmişdir. Əməlindən peşman olduğunu və qısa zamanda İlqarla arasındakı məsələni həll edəcəyinə söz verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs aldığı 1100 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. O, İlqarı aldatmaq istəməmiş, onun işini görməyə çalışmış, lakin işi alındıra bilməmişdir. Yuxarıda qeyd etdiyi hadisəsindən başqa heç kəsi aldatmamışdır. Törətmiş olduğu cinayət əməli üzrə özünü təqsirli bilmişdir. Qaradağ rayon polis idarəsində ona psixi və fiziki təsir göstərilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qəsəbədə usta kimi tanıyır. Sahil qəsəbəsində yerləşən çayxanada əyləşən zaman, Təqsirləndirilən şəxs onun yanına gəlmiş və ona aid olan sexin təmir edilərək, artırılmasını təklif etmişdir. Bundan əlavə, polis əməkdaşı olan qohumları vasitəsilə pul müqabilində müvafiq icazənin alınacağını da bildirmiş və həll edəcəyinə söz vermişdir. Sonradan isə Hüseyn onu həmin icazənin alınması ilə bağlı arxayın etmiş və öhdəsinə götürdüyü sexin artırılması ilə bağlı işlərdə isə bir neçə gün tikinti materiallarını kəsib-doğramaq işlərində kömək etsə də, sonradan onu aldadaraq dələduzluq etmiş və ona 110 manat məbləğində maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində işlətdiyi təkər təmiri sexinin qarşısına təkər yığmamaq üçün qabağını 10 kv.m artırmaq istəmiş, həmin vaxt qəsəbədə yaşayan Hüseyn adlı ustayla bu barədə danışdıqda sonuncu ona 2000 manat müqabilində sexin qabağını 10 kv.m artırmağı öhdəliyinə götürdüyünü bldirmişdir. Hüseyn həmin pulun daxilində tikinti işləri ilə əlaqədar aidiyyatı dövlət qurumları ilə icazə məsələni danışaraq həll edəcəyinə söz vermişdir. O da Hüseynlə razılaşmış və onun dediyi pulu toplamağa başlamışdır. Təxminən 2025-ci ilin may ayının ortalarında o, Təqsirləndirilən şəxs Sahil qəsəbəsində ilkin olaraq 600 manat pulu polis idarəsinə icazə üçün verməyə almışdır. Bundan sonra 200 manat pulu 38-ci polis bölməsinə vermək üçün almışdır. Daha sonra işə başlamış və həmin ay ondan 300 manat pul yenidən işlərin görülməsi üçün işlədiyi Sahil qəsəbəsində təkər təmiri sexin qarşısında almış, lakin vəd verdiyi işləri görməmiş, bu barədə polislər tərəfindən tikinti olan yerə yaxınlaşılaraq bilmiş və o, icazə üçün Təqsirləndirilən şəxs pul verdiyini desə də, məlum olmuşdur ki, Hüseyn heç bir dövlət qurumundan icazə almamışdır. O da polis idarəsinə yaxınlaşaraq aldadıldığı barədə ərizə ilə müraciət etmişdir. Onun həmin yerdə tikinti işləri aparmağına səbəb Təqsirləndirilən şəxs ona icazənin alınmasını dediyi üçün olmuşdur. O, Hüseyni Sahil qəsəbəsində yerləşən çayxanada qəsəbə sakini kimi tanımışdır. Dələduzluq hadisəsi nəticəsində ona 1100 (bir min bir yüz) manat maddi ziyan dəymişdir. Hətta Hüseynin sözü ilə orada tikinti işləri başlanılmış və o, tikinti materiallarına əlavə olaraq 900 manat xərcləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli verilmiş ittiham daxilində tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə iclasında müdafiəçi, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi CPM-in 39.1.12-ci maddəsinə əsasən «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməmin manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 275 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı 330 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.12, 344- 347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 275 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 330 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar