Məhkəmə qərarları › İş №1(002)-189/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-189/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-189/2021 06.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı övladı olan, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 21.02.2021-ci il tarixdə saat 15:40 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi 22 saylı evin yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin gün saat 16:50 radələrində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynindəki tünd göy rəngli cins şalvarının qabaq sağ cibindən şəxsi istifadə üçün saxladığı 01 ədəd gümüşü kağız kəsiyi bükülüdə təmiz çəkisi 0,182 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etdiyi üçün tanımadığı şəxslərdən narkotik vasitə əldə edib qəbul etmişdir. 20.02.2021-ci il tarixdə təxminən saat 17 radələrində şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində dəniz kənarına getmişdir. Həmin ərazidə olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq narkotik vasitə olan heroini 20 manata satdığını bildirmişdir. O da həmin vaxt narkotik vasitə heroin istifadə etdiyi üçün həmin şəxslə razılaşaraq, 20 manat pul verib siqaretin gümüşü kağızı kəsiyində narkotik vasitə olan heroini almış, sonradan istifadə etməsi üçün əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün gecə bükümdə olan narkotik vasitədən az miqdarda istifadə etsə də, qalanını olduğu kimi əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Həmin narkotik vasitəni qəbul edərkən qatqısına limon duzuda lazım olduğundan həmin cibinə digər gümüşü kağızı kəsiyində az miqdarda limon duzu da qoymuşdur. 21.02.2021-ci il tarixdə saat 15:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi 22 saylı evin yaxınlığında olarkən mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirərək narkotik sərxoşluğundan şübhələndikləri üçün onu Qaradağ RPİ-nin 38-ci polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 38-ci polis bölməsinə gəlmiş və xidməti otaqların birinə daxil olmuşlar. Orada polis əməkdaşları ona xəbərdarlıq edib videoçəkliş aparmaqla ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən ona təklif etmişlər ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O da şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki büküm, yəni 02 ədəd siqaretin gümüşü rəngli kağızı kəsiyində bir bükümdə narkotik vasitə olan heroin, digər ikinci bükümdə isə limon duzu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərin birində olan maddənin heroin, digərində isə limon duzu olmasını və hər ikisini öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Üzərindən aşkar olunmuş bükümlər açıldıqda birinin içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə olan heroin, digərində isə ağ rəngli kristal şəklində limon duzu aşkar olunmuşdur. Ondan aşkar edilmiş həmin bükümlər iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçisinin və iştirakçıların iştirakı ilə imzalanmışdır. Heroinin hissəciklərinə kakos dediyi üçün eyni zamanda video görüntü zamanı da heroini kakos adlandırmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, istifadə etdiyi narkotik vasitələri müxtəlif yerlərdən «Kubinka» «Papanin» adlandırılan və arada bir tutulduğu Sahil qəsəbəsində küçələrdə tanımadığı şəxslərdən əldə edib özü üçün istifadə etmişdir. Lakin həmin şəxslərin onda heç bir məlumatları yoxdur, heç bir əlamətləri yadında qalmamışdır. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində saxlamaqla ondan istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. O da həmin əməliyyat qrupuna daxil edilmişdir. Təqsirləndirilən şəxs ifşa olunması məqsədi ilə əməliyyat qrupu 21.02.2021-ci il tarixdə saat 15:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində əməliyyat məlumatında göstərilən zahiri görünüşcə uyğun olan Sabir adlı şəxs izlənilmiş, Z.Qasımov küçəsi 22 saylı evin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət edilmişdir. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının qabaq sağ cibindən iki büküm, yəni 02 ədəd siqaretin gümüşü rəngli kağızı kəsiyində büküm çıxararaq masanın üzərinə qoyaraq, həmin bükümlərin birində olan maddənin heroin (kakos), digərində isə limon duzu olmasını və hər ikisini öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Üzərindən aşkar olunmuş bükümlər açıldıqda birinin içərisində qəhvəyi rəngli tozşəkilli maddə, digərində isə ağ rəngli kristal şəklində maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələr ona məxsusdur, heroini tutulmamışdan əvvəl özü qəbul etmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində dəniz kənarında tanımadığı bir nəfər şəxsdən 20 manata almışdır. Bundan sonra aşkar edilmiş həmin bükümlər, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və onlar həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti yoxdur. Ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 10, 18); Şəxsi axtarış və götürmə aparılması haqqında 21 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmədən əvvəl Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, o, könüllü olaraq əynindəki tünd göy rəngli cins şalvarının qabaq sağ cibindən gümüşü rəngli kağıza bükülmüş iki ədəd bükümü çıxarıb təqdim etmiş və birinin içərisində dediyinə görə narkotik vasitə olan “kokos”, digər bükümün içərisində isə “limon duzu” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisinə baxış zamanı qəhvəyi rəngli, kristal şəklində, iysiz maddə, digər bükümdə isə kristal formasında maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kokos” olduğunu, bunu 20.02.2021-ci il tarixində Sahil qəsəbəsində B.Əliyev küçəsində dəniz kənarında tanımadığı şəxsdən 20 (iyirmi) manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, 47 saylı möhürlə möhürlənmiş, bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. . (i.v. 27-28) Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2021-ci il tarixli 6/774 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 47” dairəvi möhür əksi olan, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən iki ədəd büküm 1imza Mehdiyev, 2imza Təqsirləndirilən şəxs üzərindən aşkar edilən iki ədəd büküm 1imza Mehdiyev, 2imza Nəcəfov, 3Xəlilov, 4imza İskəndərov, qablaşdırıldı imza A.Vəliyev 21.02.2021” yazı və imzalar olan zərfdə təmiz çəkisi 0,182 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 47” dairəvi möhür əksi olan, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən iki ədəd büküm 1imza Mehdiyev, 2imza Nəcəfov, 3 Xəlilov, 4imza İskəndərov, qablaşdırıldı imza A.Vəliyev 21.02.2021” yazı və imzalar olan zərfdə təmiz çəkisi 0,015 qram ağ rəngli kristalşəkilli maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyil. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 0,182 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq – 0,132 qram. Ağ rəngli maddə - 0,015 qram, tədqiqata sərf edilən miqdar – 0,005 qram, qalıq – 0,01 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat, yetmiş qəpik) manatdır. (i.v 35-39) 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elnur Abdullayevin 23.02.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Bakı şəhəri Qaradağ RPİ-nin MSYdən dərhal azad edilmişdir. (i.v. 61-62) Qətimkan tədbiri seçmə barədə 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 64-65) Maddi sübut kimi tanınma haqqında 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə olan təmiz çəkisi 0,182 qram heroin iş üzrə maddi sübut kimi tanınmışdır. Tədqiqatdan sonra qalıq qalmış 0,132 qram heroin saxlanılması üçün Qaradağ RPİ-nə təhvil verilmişdir. (i.v. 69) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 06 mart 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 70) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert Komissiyasının 10 mart 2021-ci il tarixli, 714 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.74-75) Sübutların qiymətləndirilməsi barədə 18 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23.02.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətinin tərkibi olmadığından barəsində həmin hissədə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş təmiz çəkisi 0,015 qram ağ rəngli kristal şəkilli maddə “Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi limon duzu” narkotik vasitələrə və psixotrop maddələrə aid edilmədiyindən, cinayətin tərkibini yaratmadığından həmin hissədə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,182 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,132 qram heroinin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 78-83) Şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış məlumatlarından görünür ki, təqsirləndirilən şəxsin himayəsində 28.06.2011-ci il təvəllüdlü Sənan və 12.09.2012-ci il təvəllüdlü Ayan adlı iki azyaşlı övladı vardır. (i.v. 85) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidləri məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3- cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM 59.2), himayəsində iki azyaşlı uşağının olmasını (CM 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların mövcud olmasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə 21 fevral 2021-ci il tarixdən 23 fevral 2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməli və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. (CM-93.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə 54 (əlli dörd) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 10 (on) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 54 (əlli dörd) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul və məhkəmədə dövlət hesabına göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdən 23 fevral 2021-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı – 0,132 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 88,70 (səksən səkkiz manat, yetmiş qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 54 (əlli dörd) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul və məhkəmədə dövlət hesabına göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar