Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-189/2022 29.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 03 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalmış hissəsi 01 il azaldılmış, çəkilməmiş qalmış cəzası 03 ay 16 gün təşkil edən, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Qaradağ RPİ-nin 10-cu PB-in əməkdaşı xidmətdə olduğu zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 233 saylı tam orta məktəbin yanında olan zaman psixotrop maddələrin təsiri altında olması ilə bağlı şübhəli olduğu üçün saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,248 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Təxminən 3 ildir ki, psixotrop maddə qəbulu ilə məşğul olur. 2021-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 02 il 03 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ən çox şüşə deyilən metamfetamin qəbul etmişdir. Narkotik vasitə və psixotrop maddəni əsasən Bakı şəhərində Kubinka deyilən yerdən almışdır. Sonuncu dəfə 27 fevral 2022-ci il tarixdə günorta saatlarında Kubinka deyilən yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata 01 ədəd bükümdə şüşə alıb şalvarın cibinə qoymuşdur. Metamfetamini aldıqdan sonra Lökbatan qəsəbəsinə gəlmişdir. Həmin gün saat 15 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 233 saylı tam orta məktəbin yanı ilə hərəkət etdiyi zaman mülki geyimdə olan bir nəfər xidməti vəsiqəsini göstərib polis əməkdaşı olduğunu və polis əməkdaşı ilə polis bölməsinə getməli olduğunu demişdir. O da polis əməkdaşı ilə polis bölməsinə getmişdir. Polis bölməsində ona narkorik vasitə və psixotrop maddələrin daşınmasında, istifadəsində şübhəli olduğunu bildirmişlər. Polis bölməsində o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Vəkil gələndən sonra təhqiqatçı ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. O da polis əməkdaşlarına etiraz etməmişdir. Daha sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə soruşmuş və olarsa həmin əşyanı könüllü olaraq təqdim etməyini bildirmişdir. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı həmin bükümü açmış, içərisində ağ rəngli kristal formalı maddə aşkar olunmuşdur. Bükümün içərisində olan maddənin patı olduğunu, Kubinka deyilən yerdə tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, o, müdafiəçi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları onu saxlayarkən və üzərində şəxsi axtarış aparan zaman heç bir zor və təyziq göstərməmişlər. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-in əməliyyat müvəkkili Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hazırda Qaradağ RPİ-nin 10-cu PB-in CA üzrə əməliyyat müvəkkili vəzifədə xidmət aparır. 27 fevral 2022-ci il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 10-cu PB-də olarkən polis bölməsinə gətirilmiş bir nəfər şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı və onun də şəxsi axtarış aparılmasında iştirak etməyini təklif etmişlər. O da razılaşmışdır. Bundan sonra PB-in təhqiqatçısı, polis kapitanı Nəsir Nəsirovun xidməti otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olubolmaması barədə məlumat vermiş, varsa da masanın üzərinə qoymasını təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılmış, bükümün içərisində şəffaf rəngli, kristalşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin metamfetamin olduğunu, həmin metamfetamini şəhərdən, tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hazırda Qaradağ RPİ-nin 10-cu PB-in CA üzrə baş əməliyyat müvəkkili vəzifədə xidmət aparır. 27 fevral 2022-ci il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 10-cu PB-də olarkən Polis bölməsinə gətirilmiş bir nəfər şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı və onun da şəxsi axtarış aparılmasında videoçəkiliş aparmağını təklif etmişlər. O da razılaşmışdır. Bundan sonra PB-in təhqiqatçısı, polis kapitanı Nəsir Nəsirovun xidməti otağında müdafiəçinin iştirakı ilə onun tərəfindən videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə məlumat vermiş, varsa da masanın üzərinə qoymasını təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılmış, bükümün içərisində şəffaf rəngli, kristalşəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin metamfetamin olduğunu, həmin metamfetamini şəhərdən, tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Şahid Qaradağ RPİ-nin 10-cu PB-in sahə inspektoru Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin 10-cu PB-in sahə inspektoru Şahid1 göstərmişdir ki, o hazırda Qaradağ RPİ-nin 10-cu PB-in sahə inspektoru vəzifəsində xidmət aparır. 27 fevral 2022-ci il tarixdə xidməti ərazidə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 233 saylı tam orta məktəbin yaxınlığında bir nəfər şəxsin özünü narkotik vasitə və psixotrop maddələrin sərxoşluğunda şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşıb Polis bölməsinə dəvət etmişdir. Polis bölməsində həmin şəxsin xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, tərəfindən raport tərtib edilərək araşdırılması PB-nin təhqiqatçısına tapşırılmışdır. Xidməti zərurətlə əlaqədar o, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak edə bilməmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı heç bir müqavimət göstərməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2022-ci il tarixli 6/1217 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,248 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi- 0,248 qram, tədqiqata sərf edildi-0,050 qr., qalıq-0,198 qr. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 30 aprel 2022-ci il tarixli 2183 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0.248 qram 01 ədəd bükümdə olan psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin metamfetaminin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,198 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində, polis əməkdaşlarının və dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və ona hüquq və vəzifələri izah edildikdən sonra təklif olunur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuş, bükümün içərisindəki maddənin metamfetamin olduğunu, həmin metamfetamini şəhərdən, tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmdən və Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 03 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalmış hissəsi 01 il azaldılmış, hazırda çəkilməmiş qalmış cəzası 03 ay 16 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbindən aydın olur ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 27 fevral 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 01 mart 2022-ci il tarixdə barəsində Qaradağ Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,198 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımlarla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş hazırkı cəza, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 fevral 2021ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 02 il 03 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 03 ay 16 gün hissəsi ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən (azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 01 ay 23 gün müddət) qismən birləşdirilsin və ona qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 27 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,198 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-189/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-189/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver