Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-189/2023 27.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vuraraq dələduzluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü yalandan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmiş, tanışı, Zərərçəkmiş şəxs Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəltmək vədi ilə aldatmış, xx.xx.2022-ci il tarixdə səhər saat 11:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Optimal” marketin qarşısında 3000 manat, həmin günü saat 13:37-də Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində Optimal marketin içərisində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus 4169 7387 1336 2410 nömrəli "xxxx" ASC-yə aid karta köçürtdürərək əldə etdiyi 1000 manatı, həmin günü saat 18:00 radələrində Bakı şəhəri Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin qarşısında olan çayxanada Azərbaycan manatının həmin dövr üçün dollar məzənnəsi 2720 manat təşkil edən 1600 ABŞ dollarını və xx.xx.2022-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Ələsgərov küçəsində yerləşən «RİFAH» marketin qarşısında 280 manat pulunu, yəni özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs 7000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ildə əmisi qızı Lalə ilə ailə qurandan sonra tanımışdır. 2022-ci iln mart ayında Elnur ilə Sahil qəsəbəsində çayxanada ikilikdə söhbət edərkən ona geniş imkanlarının olmasını, onu 7000 manat müqabilində Bakı şəhərində hər hansı bir rayona Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəldə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış, xx.xx.2022-ci il tarixdə səhər saat 11:00 radələrində yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Optimal” marketin qarşısında görüşmüşlər və ilkin olaraq Zərərçəkmiş şəxs 3000 manat pul, hərbi biletini və şəxsiyyət vəsiqəsini almışdır. Həmin gün saat 13:00 radələrində Zərərçəkmiş şəxs mobil telefonuna zəng etmiş, artıq işin düzəlməsini, təcili olaraq 1000 manat da ona məxsus 4169 7387 1336 2410 nömrəli "xxxx" ASC-yə aid karta göndərməyini bildirmişdir. Zərərçəkmiş şəxs həmin vaxt “Milliön” ödəmə terminalı ilə 1000 manat pulu onun qeyd etdiyi karta köçürmüşdür. Həmin günü yəni xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində yenidən Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək ona kostyum, ağ köynək geyinib yerdə qalan 3000 manat pulu da götürüb Bakı şəhəri Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin qarşısına gəlməyini və onu adını çəkmədiyi, rəis kimi təqdim etdiyi şəxsin gözlədiyini bildirmişdir. Bir müddətdən sonra Zərərçəkmiş şəxs ilə həmin yerdə ikilikdə görüşmüşlər. Lakin, Zərərçəkmiş şəxs gec gəldiyi üçün onunla grüşdürəcəyi şəxsin getdiyini bildirmiş, “Laçın” TM-nin qarşısında parkda yerləşən çayxanada çay içmişlər. Zərərçəkmiş şəxs yalan vədlər verməsinə davam edərək artıq işə düzəlməsinə qısa müddət qaldığını, onu DTX-da mühafizəçi vəzifəsinə işə düzəldəcəyini bildirmiş, yerdə qalan pulu da istəmişdir. Zərərçəkmiş şəxs üzərində olan həmin vaxtın valyuta məzənnəsinə uyğun 2720 manat təşkil edən 1600 ABŞ dollarını ona vermişdir. Pulu təhvil aldıqdan sonra Zərərçəkmiş şəxs ona verdiyi hərbi biletini və şəxsiyyət vəsiqəsini özünə qaytarmışdır. Təxminən 2-3 gün sonra yenidən Zərərçəkmiş şəxsla Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Ələsgərov küçəsində «RİFAH» marketin qarşısında görüşərək ümumi razılaşmış məbləğdən verilməmiş 280 manat pulu da təhvil almış və beləliklə, ümumilikdə 7000 manat pulu işə düzətmək adı ilə sonuncudan almışdır. Lakin, Zərərçəkmiş şəxs işlə təmin olunmasına dair verdiyi vədə əməl etməmiş, ondan aldığı 7000 manatın 2000 manatını qaytarmışdır. Təqsirləndirilən şəxs təqsiri özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qohum olması səbəbindən normal münasibətlərdə olmuşlar. Təqsirləndirilən şəxs onu Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəldə biləcəyini bildirmişdir. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxsla Sahil qəsəbəsində çayxanada ikilikdə söhbət edərkən sonuncu onu Dövlət Təhlükəsizlik Xidmətinə 7000 manat müqabilində çavuş rütbəsi ilə işə düzəldə biləcəyini bildirmiş, o da işsiz olduğu üçün onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 11:00 radələrində yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Optimal” marketin qarşısında Təqsirləndirilən şəxsla görüşmüş, ilkin olaraq 3000 manat pulu, hərbi biletini və şəxsiyyət vəsiqəsini vermişdir. Həmin günü saat 13:00 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək artıq işin düzəldiyini və təcili olaraq 1000 manat pulu təqdim etdiyi 4169 7387 1336 2410 nömrəli "xxxx" ASC-yə aid karta göndərilməsini bildirmişdir. O, da həmin günü saat 13:37-də Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Optimal” marketin içərisində yerləşən “MilliÖn” ödəmə terminalı ilə 1000 manat pulu Təqsirləndirilən şəxs təqdim etdiyi karta köçürmüşdür. Həmin günü saat 17:00 radələrində Təqsirləndirilən şəxs yenidən onun mobil telefonuna zəng edərək ona kostyum və ağ köynək geyinərək, 3000 manat pulu da götürməyi və Bakı şəhəri Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin qarşısına gəlməsini, həmçinin onu rəis kimi bəhs etdiyi şəxslə görüşdürəcəyini bildirmişdir. O, da onun dediyi kimi geyinmiş, 1600 ABŞ dollarını (həmin vaxt valyuta məzənnəsinə uyğun 2720 manat) götürmüş və Təqsirləndirilən şəxs dediyi yerə getmişdir. Təqsirləndirilən şəxs onu həmin yerdə tək qarşılayaraq artıq rəisin getdiyini bildirmiş və onlar “Laçın” TM-nin qarşısında parkda yerləşən çayxanada çay içmişlər. Təqsirləndirilən şəxs ona yalan vədlər verərək artıq işinin düzəlməsinə az müddət qaldığını, onu DTX-də kiçik inspektor vəzifəsinə çavuş rütbəsi ilə düzəldəcəyini bildirmiş, yerdə qalan puluda ondan istəmişdir. Təxminən 2-3 gün sonra xx.xx.2022-ci il tarixdə əvvəldən razılaşdıqları məbləğin 280 manatını da Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Ələsgərov küçəsində yerləşən «RİFAH» marketin qarşısında ona təhvil verməklə, ümumilikdə özünə məxsus 7000 manat pulu vermişdir. Bir müddətdən sonra Təqsirləndirilən şəxs vatsap proqramı vasitəsi ilə DTX-yə işə düzəlmək üçün ona təqdim edilməli sənədlərin siyahısını göndərmişdir. Təxminən bir ay sonra məhkumluq haqqında arayış, narkoloji dispanserdən arayış, sağlamlıq haqqında arayış və sair sənədləri də toplayaraq “Əhmədli” metronunstansiyasının yaxınlığında ona təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onu inandırmaq üçün İsmayıl adlı ona DTX-nin kadrlar şöbəsinin müdir müavini kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs ondan pul almasından xeyli vaxt keçməsinə baxmayaraq, işlə təmin olunmadığını və təqdim etdiyi pulun yalnız 2000 manatının ona qaytarıldığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tələbə yoldaşı Şahid2 borc şəkildə verdiyi 1000 manat pulun ona məxsus 4169 7413 5291 9367 nömrəli "xxxx" ASC-yə aid bank kartına geri qaytardığını, Təqsirləndirilən şəxs daha əvvəllər tanımadığını, hadisə barədə isə Qaradağ Rayon Polis İdarəsinə dəvət olunduqdan sonra məlumat əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla əvvəllər bərabər işləmişlər. 2022-ci ilin may-iyun aylarında Təqsirləndirilən şəxs ona zəng edərək Əhmədli metrostansiyasının yaxınlığında onunla görüşmək istədiyini bildirmişdir. Qeyd etdiyi ünvanda görüşdükdə zərərçəkmiş şəxs qismində tanınmış şəxs də onunla bərabər olmuşdur. Həmin vaxt onlarla bərabər nəqliyyat vasitəsinə əyləşdikdən sonra baxması üçün Zərərçəkmiş şəxs aid sənədləri ona təqdim etmişlər. Həmin sənədlər sonuncunun anket məlumatlarından ibarət olmaqla, iş yerinə təqdim etmək üçün uyğun olduğunu onlara bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işə düzətmək məqsədilə ondan pul alması barədə Qaradağ Rayon Polis İdarəsinə dəvət olunduqdan sonra məlumat əldə etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və aidiyyəti üzrə Qaradağ RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 20-ci vərəqəsində olan 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 29-cu vərəqəsində olan 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Ramilin “whatsapp” proqramı vasitəsi ilə mobil telefonuna göndərmiş olduğu "xxxx" ASC-yə aid kartdan, “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 1000 manat pulun qayiməsinin, yalan vədlərinə dair “whatsapp” proqramı üzərindən yazışmalarının və əvvəllər Təqsirləndirilən şəxs tərəfindən “whatsapp” proqramının status bölməsində və ekran görüntüsü olaraq yerləşdirdiyi mayor formasında olan və Zakir adlı şəxs kimi təqdim etdiyi birlikdə olan foto şəkillərinin sürətlərini, sorğusu əsasında Təqsirləndirilən şəxs DTX-yə heç bir aidiyyəti olmamasına dair DTX tərəfindən tərəfindən ona təqdim olunan məktubun əsli iş üçün sübut növü kimi əhəmiyyət kəsb etdiyindən qəbul olunaraq iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin 63-cü vərəqəsində olan 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 64-cü vərəqəsində olan 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin 81-82-ci vərəqələrində olan 29 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. Cinayət işinin 91-92-ci vərəqələrində olan 29 yanvar 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 49-50-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 21 dekabr 2022-ci il tarixdə verilmiş tələbnamədən, cinayət işinin 96-103-cü vərəqələrində olan Bakı Hərbi Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmündən və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-ni 32.4,312.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020ci il tarixdə cəzasinin sonu ilə azad olunub. Cinayət işinin 72-ci vərəqəsində olan Azərbaycan Respublikası Mərkəzi Bankı- AZN Məzənnələri məlumatına əsasən 1 ABŞ dollarının xx.xx.2022-ci il tarixə manata münasibətdə məzənnə ilə 1.700 manat təşkil etmişdir. Hesaba görə Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs verdiyi 1600 ABŞ dolları Azərbaycan Respublikasının məzənnəsinə münasibətdə 2720 manat təşkil etmişdir. Cinayət işinin 94-95-ci vərəqlərində olan "xxxx" ASC-nin təqdim etdiyi ödəniş kartı üzrə çıxarış siyahısından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC elektron məlumat daşıyıcısı hesab olunan 4169 7387 1336 2410 nömrəli bir karta xx.xx.2022-ci il tarixdə saat 13:37-də terminal vasitəsi ilə 1000 manat mədaxil olmuş və həmin tarixdə də saat 13:40-da Birbank vasitəsi ilə kartdan karta köçürmə yolu ilə 1000 manat məxaric olmuşdur. Cinayət işinin 109-cu vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs C.Cabbarlı küçəsi 1, ev 3v ünvanında qeydiyyatdadır. Cinayət işinin 110-cu vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 111 və 112-ci vərəqələrində olan ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs vurulmuş ziyandan 2000 manat ödənilməklə 5000 manat ziyan ödənilməmiş qalmışdır. Cinayət işinin 122-123-cü vərəqələrində olan qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 27 aprel 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 147-154-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4.-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi, CM-nin 178.2.2-cü maddəsində nəzərdə tutulmuş təkrar dələduzluq cinayətinin tərkibi olmadığından həmin hissələrdə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs tərəfindən qeyd olunan, Təqsirləndirilən şəxs ona, gəlişinə qədər DTX-nin kadrlar şöbəsinin rəisi kimi «Zakir» adı ilə təqdim etdiyi Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilən 1000 manat pulun kart hesabına göndərilmiş Şahid1 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmiş, zərərəçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin, şahid ifadələri, üzləşdirmədə dindirmə protokolu, Təqsirləndirilən şəxs vatsap proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs mobil telefonuna, "xxxx" ASC bir kartın “Million” ödəmə terminalı vasitəsi ilə göndərmiş olduğu 1000 manat pulun qayiməsi, yalan vədlərinə dair vatsap SMS yazışmaları, "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarış siyahısı və işdə olan digər protokollar sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 4(005)-848/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və qərarın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edlmişdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui istifadə etmə va aldatma yolu ilə zərərçəkmiş şəxsəə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-ni 32.4,312.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə cəzasinin sonu ilə azad olunmasına baxmayaraq, iki il keçmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli onun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə olması və Ədliyyə Nazirliyi 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı hökmün çıxarıldığı 27 sentyabr 2023-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 ibtidai istintaq dövründə 40 (qırx) iş saatı Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) iş saatı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili X1 tərəfindən göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi yardıma görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 4(005)-848/2023 nömrəli qərarı və 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınaraq hökmün icrası 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi yardıma görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-189/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-189/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver