Məhkəmə qərarları › İş №1(002)-190/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-190/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-190/2021 06.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Bayram oğlunun və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Sədərək” Ticarət Mərkəzində nəzarətçi işləyən, Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Bayram oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bayram oğlu ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Beləki, o, 12 yanvar 2021-ci il tarixdə, saat 18 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 5C nömrəli yaşayış evinin həyətində qonşusu Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətində sidik ifraz etməsi səbəbindən aralarında baş vermiş sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs özündən uzaqlaşdırmaq üçün sol əli ilə sinəsindən yüngül şəkildə itələmiş və Zərərçəkmiş şəxs yıxılaraq üz nahiyyəsinin orada olan oturacağın küncünə dəyməsi nəticəsində ehtiyatsızlıqdan sonuncuya "sol göz almasının evakuasiyası" (göz almasının göz yuvasından xaric olması) ilə müşayiət olunan sol üst göz qapağının əzilmiş yarası, sol diz oynağının sıyrığı ilə müşayiət olunan ümumi əmək qabiliyyətinin 1/3-dən (33%) çox hissəsinin daimi dayanıqlı itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Bayram oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Sədərək” Ticarət Mərkəzində nəzarətçi işləyir. 12 yanvar 2021-ci il tarixdə axşam vaxtı işdən çıxıb yaşadığı ünvana gəlmişdir. Həmin gün təxminən saat 18 radələrində evin içində gəzərkən pəncərədən başında papaq, ağzında tibbi maska olan bir nəfər kişi cinsindən olan şəxsin binanın qıraq hissəsində sidiy ifraz etdiyini görmüşdür. O, evin eyvanına çıxıb həmin şəxsə səslənərək, ona iradını bildirmişdir. Həmin şəxs ona əhəmiyyət verməyək əli ilə rədd cavabını göstərib öz hərəkətinə davam etmişdir. Həmin şəxs onun sözlərinə əhəmiyyət vermədiyi üçün o, dərhal evdən küçəyə çıxıb binanın yanında olan səkidə dayanıb həmin şəxsə arxadan səslənərək dayanmasını demişdir. Həmin şəxs onun səsini eşidib dayanmış və ona tərəf gəlmişdir. O, bu zaman həmin şəxsin qonşuluqda yaşayan Məcid adlı şəxs olduğunu görmüşdür. O, Məcidə irad bildirərək, onun da ailəsi uşağı olduğunu, nə üçün oraya sidik ifraz etdiyini söyləmişdir. Məcid isə cavabında ona “bəs nə etməliyəm” deyərkən, elə bu vaxt ondan spirtli içki qoxusu gəldiyini hiss etmiş və ləngər vurduğunu görmüşdür. Məcid iradını yaxşı qəbul etməyərək ona cavab qaytarmışdır. Lakin fikirləşmişdir ki, Məcid içkilidir və ona nə desə başa düşməyəcəkdir. Bu səbəbdən də ona çıxıb getməsini deyərək sol əli ilə onu yüngül şəkildə itələmişdir. Özü isə geri dönərək ondan aralanıb evə tərəf gedərkən Məcidin səsini eşitmiş yə geri qayıdarkən yanında qonşu Rəfaili görmüşdür. Həmin vaxt Məcid səkidən aşağıda dizi üstə əlini oturacaqdan tutmuş vəziyyətdə dayanmış, ondan nə baş verdiyini soruşduqda isə yerə yıxıldıqda gözünün oturacağın küncünə dəydiyini və gözünün görmədiyini demişdir. Məcid əlini sifət nahiyyəsindən çəkdikdə o, onun sol gözünün bəbəyinin yuvasından çıxdığını görmüşdür. Bundan sonra Rəfaillə birlikdə Məcidin qoluna girmişlər, onu öz avtomobilinə əyləşdirmiş və X7 adına Milli Oftalmologiya Mərkəzinə aparmışlar. Orada Məcidin gözünə baxmışlar və bədənində spirtin təsiri olduğu üçün əməliyyat oluna bilməyəcəyini, səhər onun bədənindən spirtin təsiri getdikdən sonra əməliyyat edəcəklərini bildirmişlər. Məcid gecəni xəstəxanada qalmış, onlar isə yaşadığı ünvana qayıtmışlar. Səhəri gün ona məlum olmuşdur ki, Məcidin sol gözünü əməliyyat etmişlər, lakin əməliyyat olunmasına baxmayaraq onun sol gözü görmür. Eləcə də onun sağ gözünün görməməsi barədə o, sonradan eşitmişdir. Həmçinin bildirir ki, Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş sözlə mübahisə təxminən bir dəqiqə davam etmiş, həmin vaxt onların mübahisəinin heç bir kəs şahidi olmamışdır. Məcidlə aralarında sözlə mübahisə olarkən əli ilə onun sol çiyini istiqamətində hərəkət etdirmişdir ki, çıxıb getsin. Mübahisə zamanı əlində daş parçası və ya hansısa bir küt əşya olmamış, eləcə də Zərərçəkmiş şəxs qəsdən itələməmişdir. Sadəcə olaraq ondan aralanması üçün, eləcə də ondan içki qoxusu gəldiyi üçün onu özündən kənarlaşdırmaq üçün əli ilə onu yüngül itələmiş, onu vurmamış, vurmaq fikiri də olmamışdır. Son olaraq etdiyi əməldən səmimi peşman olduğunu qeyd edib, Zərərçəkmiş şəxs vurulmuş ziyanı tam ödəyərək onunla barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. Uşaqlıq yaşlarından idmanın ağırlıq qaldırma növü ilə məşğul olduğu üçün müəyyən səbəblərdən sağ gözünün görmə qabiliyyəti itmişdir. 12 yanvar 2021-ci il tarixdə axşam saatlarında yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsi 5 saylı binanın həyətində gəzib hava alarakən səhhətində böyrəkləri ilə bağlı narahatçılığı olduğu üçün tez-tez sidiyə getməyə məcbur olmuşdur. Eləcə də yaşadığı mənzil 5-ci mərtəbədə yerləşdiyindən evə qalxa bilməmiş və binanın həyətində olan su çənlərinə tərəf getmişdir. Orada heç bir kəsin olmadığını müəyyən etdikdən sonra gizlin bir yerdə sidiy ifraz edərkən qonşu binadan bir nəfərin səsini eşitmiş və dərhal həyətdə olan binanın kənarındakı səkinin üstünə qayıdıb ətrafa baxmışdır. Bu zaman qonşuluqdan əvvəllər tanıdığı, lakin şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs ona yaxınlaşıb “ayıb olsun sənə, ağsaqqal kişisən, utanmırsan hərəkətindən” sözlərini demişdir. Həmin vaxt içkili olduğu üçün Nəcəfin sözləri ona pis təsir etmiş, bu mövzuda aralarında sözlə mübahisə yaranmış, nəticədə Nəcəf onunla sözlə mübahisəni bitirərək “əşi yekə kişisən” çıx get burdan deyib onun sinəsindən sol əli ilə itələmişdir. Bu zaman ayağı səkinin üstündən boşluğa gedərək burxulmuş və dizi üstə yerə yıxılmışdır. Yerə yıxılarkən özünü saxlaya bilməmiş və sol gözü orada olan oturacağın küncünə dəymişdir. Sol gözündə şiddətli ağrı başlamış və görmə qabiliyyəti tamamilə itmişdir. O, qışqırıb kömək çağırmaq istəyərkən qonşuluqdan yaxşı tanıdığı Rafael adlı şəxs ona yaxınlaşıb niyə yıxıldığını soruşmuşdur. O da qonşu Nəcəflə aralarında mübahisə baş verərkən ayağının büdrədiyini, yıxılılaraq sol gözü oturacağın küncünə dəydikdən sonra heçnə görmədiyini bildirmişdir. Bu vaxt Nəcəf də yanlarına gəlmiş, Rəfaellə ikisi dərhal onu müayinə üçün həkimə aparmışlar. Həkim onun aldığı xəsarətin ciddi olduğunu nəzərə alıb onlara onu təcili olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7 adına Milli Oftalmologiya Mərkəzinə aparmalarını bildirmişdir. Bundan sonra Nəcəf Rəfaellə birlikdə onu avtomobilə əyləşdirib Zərifə Əliyeva adına göz xəstəxanasına aparmışlar. O, ayağı büdrəyib yıxıldığına görə Nəcəfdən şikayət etməmiş və xəstəxanada həkimlərə yıxılaraq xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs sadəcə olaraq ona yaxınlaşıb öz iradını bildirmiş və ümumiyyətlə onu vurmaq fikiri olmamışdır. Təqsirləndirilən şəxsla aralarında baş vermiş sözlə mübahisə ani bir vaxtda təxminən bir dəqiqə davam etmiş, həmin mübahisənin heç bir kəs şahidi olmamışdır. Bundan başqa yıxıldıqdan sonra sol topuğu şişmiş və sol dizində sıyrıq əmələ gəlmişdir. Zərərçəkmiş şəxs sonda ona vurulmuş ziyan Təqsirləndirilən şəxs Bayram oğlu tərəfindən tam olaraq ödəndiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Məcid oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. 12 yanvar 2021-ci il tarixdə axşam saatlarında evdə olduğu vaxt mobil telefonuna tanımadığı qonşularından biri zəng edərək bildirmişdir ki, atası Məcid yıxılıb, onu xəstəxanaya aparırlar. O da hansı xəstəxanaya apardıqlarını xəbər aldıqda onlar bildirmişlər ki, Zərifə Əliyeva adına Oftomologiya Mərkəzinə aparırlar. O, dərhal həmin xəstəxanaya yollanmış, orada atasının gözünü sarımışlar və həkimlər atasını müayinə etmişlər. Müayinələr bitdikdən sonra həkim ona göz yerindən götürülməli olduğunu demişdir. Həkimlər ona atasının qan təzyiqi yuxarı olduğu üçün səhər gün əməliyyat olunacağını bildirmişlər. Səhər gün saat 10:00-da atası əməliyyat olunmuş və gözü həkimlər tərəfindən götürülmüşdür. O, bu barədə maraqlandıqda ona məlum olmuşdur ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxsla atası arasında sözlə mübahis baş vermiş, bu zaman atası yıxılmış və üz nahiyyəsi oradakı oturacağa dəymişdir. Nəticədə atası görmə qabiliyyətini tamamilə itirmişdir. Həmçinin atasının böyrəklərində soyuqdəymə olduğu üçün o, sidiyini saxlamaqda çətinlik çəkir. Atası Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş yermiş mübahisənin heç kəs şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z. Şərifov küçəsi A/Yat, ev 24 mənzil 152-də qeydiyyatdadır, lakin ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. O, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs tanıyır, həmin şəxslərlə eyni məhəllədə yerləşən ayrı-ayrı binalarda yaşayır və bir qonuşu kimi münasibəti normaldır. 12 yanvar 2021-ci il tarixdə axşam saatlarında yaşadığı binanın həyətində Məcidlə qarşılaşmış və onunla söhbət edərək həyətdə bir qədər piyada gəzib hava almışlar. Həmin vaxt istifadəsində olan mobil telefonuna zəng gəldiyindən Məciddən bir qədər kənara çəkilib mobil telefonla danışmağa başlamışdır. Elə bu vaxt Məcid ondan bir qədər qabaqda getməyə başlamışdır. O, isə gəzə-gəzə həyətdəki 3-cü binanın arxasına tərəf gəlmişdir. Mobil telefonla danışıb qurtardıqdan sonra həyətdəki 4-cü binaya tərəf gedərkən görmüşdür ki, Məcid orada yerləşən oturacağın yanında dayanmış və əli ilə sol gözünü tutmuşdur. Məciddən nə baş verdiyini soruşduqda eyni məhəllədə yaşayan Nəcəflə aralarında sözlə baş vermiş mübahisə zamanı yıxılaraq sol gözündən xəsarət aldığını bildirmişdir. Eyni zamanda Məcid sol gözünün görmədiyini demişdir. O, Məcidlə söhbət edərkən Nəcəf arxadan onlara tərəf gəlmiş, söhbət zamanı Məcid gözünün görmədiyini ona da demişdir. Elə bu vaxt Nəcəflə ikisi Məcidi dərhal müayinə üçün həkimə aparmışlar. Həkim Məcidin aldığı xəsarətin ciddi olduğunu nəzərə alıb onlara onu təcili olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7 adına Milli Oftalmologiya Mərkəzinə aparmaq lazım olduğunu söyləmişdir. Bundan sonra Nəcəflə birlikdə Məcidi avtomobilə əyləşdirib Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7 adına Milli Oftalmologiya Mərkəzinə aparmışlar. Məcid gecəni göz xəstəxanasında qalmış, onlar isə çıxıb yaşadıqları ünvana gəlmişlər. O, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında baş vermiş sözlə mübahisə zamanı orda olmamışdır. Eləcə də onların arasında hər hansı bir mübahisə baş versəydi onların səsini eşidərdi. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 04 fevral 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bayram oğlu əvvəllər məhkum olunmamışdır. (i.v. 65) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9nin 01 fevral 2021-ci il tarixli 37 saylı rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol göz almasının evakuasiyası (göz almasının göz yuvasından xaric olması) ilə müşayiət olunan sol üst göz qapağının əzilmiş yarası, sol diz oynağının sıyrığı bərk küt əşya (əşyalar) təsirindən müayinədən 12-15 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi yəni, 12.01.2021-ci il tarixə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən (33%) çox hissəsinin daimi dayanıqlı itirilməsinə səbəb olan xəsarətlərə aid olduğundan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin üzərində xəsarət yetirən əşyanın (alətin) fərdi xüsusiyyətləri saxlanılmadığından həmin xəsarətlərin konkret olaraq hansı bərk küt əşya (əl, ayaq zərbəsi, hər hansı bir küt alətlə və ya daş parçası ilə vurma) təsirindən yaranması barədə dəqiq fikir söyləmək mümkün olmasa da, qeyd olunan xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması inkar olunmur. (i.v. 68-70) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9nin 08 fevral 2021-ci il tarixli 50 saylı rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən onun bədən səthində, eləcə də əllərində və əl barmaqlarında hər hansı bir xəsarət aşkar edilməmişdir. (i.v. 71-73) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 10 fevral 2021-ci il tarixli, 302 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Bayram oğlu hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs Bayram oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Bayram oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Bayram oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 75-77) Sübutların qiymətləndirilməsi haqqında 16 mart 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 131.2-ci maddəsinə tövsif edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs Bayram oğlu Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs Bayram oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 126.1, 126.2.4, 29,120 və 221-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 83-89) Qətimkan tədbiri seçilməsi barədə 17 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bayram oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 116-117) Zərərçəkmiş şəxs tərəfindən arvadı X1 ilə yazılmış və hər ikis tərəfindən imzalanaraq məhkəməyə ünvanlanmış 06 may 2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Bayram oğlunun məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Bayram oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsinə əsasən ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma - min iki yüz manatdan iki min dörd yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bayram oğlunun əməli Cinayət Məcəlləsinin tələbləri baxımından ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilməklə yanaşı, ibtidai araşdırma dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci hissəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Bayram oğlunun təqsirli olduğu müəyyən edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin mənası baxımından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin imperativ şərti nəzərə alınaraq Təqsirləndirilən şəxs Bayram oğlunun Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam olaraq ödəyərək onunla barışması, Təqsirləndirilən şəxs Bayram oğlunun iş üzrə icraata xitam verilməsinə dair xahişi və işin digər halları nəzərə alınmalı və Təqsirləndirilən şəxs Bayram oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Bayram oğlunun Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Bayram oğlu ilə barışdığını təsdiq edən məhkəməyə təqdim etdiyi ərizəsini və prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Bayram oğlu cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs Bayram oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə 55 (əlli beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs Bayram oğluna dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs Bayram oğluna dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs Bayram oğluna ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 55 (əlli beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 330 (üç yüz otuz) manat məbləğində pul və məhkəmə istintaq zamanı dövlət hesabına göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Bayram oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Bayram oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Bayram oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Bayram oğluna ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 55 (əlli beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 330 (üç yüz otuz) manat məbləğində pul və məhkəmə istintaq zamanı dövlət hesabına göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar