Məhkəmə qərarları › İş №1(002)-195/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-195/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-195/2022 29.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxxx 1993-cü ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Avur kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 01 avqust 1958-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında işlədiyi şirkətin elektrik naqillərini gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin avqust ayı ərzində vahid niyyətlə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus zavoddan 25 metr uzunluğunda hər metrinin qiymətin 34 manat olan 4x50-lik mis naqilləri və 70 metr uzunluğunda hər metrinin qiymətin 15 manat olan 4x25-lik mis naqilləri ayrı-ayrı günlərdə gecə növbəsində olarkən hissə-hissə kəsib gizli yolla talamaqla zərərçəkmişə 1900 manat ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında işlədiyi şirkətin elektrik naqillərini gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin avqust ayı ərzində vahid niyyətlə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus zavoddan 25 metr uzunluğunda hər metrinin qiymətin 34 manat olan 4x50-lik mis naqilləri və 70 metr uzunluğunda hər metrinin qiymətin 15 manat olan 4x25-lik mis naqilləri ayrı-ayrı günlərdə gecə növbəsində olarkən hissə-hissə kəsib gizli yolla talamaqla zərərçəkmişə 1900 manat ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər məhkum olunmamışdır. 2020-ci ilin aprel ayından 2021-ci ilin avqust ayına qədər Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC şirkətində növbətçi elektrik işləmişdir. İşlədiyi müddətdə aylıq 240 manat maaş almışdır. O, orada işlədiyi müddətdə Nəcəfqulu adlı şəxslə tanış olmuşdur. Nəcəfqulu onun işlədiyi şirkətdə mühafizəçi işləmişdir. Belə ki, o, elektrik kimi, Nəcəfqulu isə mühafizəçi kimi növbədə qalmışdır. O, həmin vaxt Nəcəfquluya təklif etmişdir ki, ona kömək etsin, kabelləri kəssin, satanda pulu bölək. Nəcəfqulu onunla razılaşmışdır. 2021-ci ilin avqust ayı ərzində 3-4 dəfə Nəcəfqulu eyni vaxtda növbədə olanda o, kabelləri kəsmiş, Nəcəfqulu isə otaqda olmuş və ya ətrafa nəzarət etmişdir. O, kəsdiyi kabelləri yandırıb içində olan misi təmizliyib Nəcəfqulunun maşınına yükləmişdir. Səhəri günü növbədən çıxanda Nəcəfqulu ilə Lökbatan qəsəbəsində evinin yaxınlığında yerləşən əlvan metal qəbulu məntəqəsinə təhvil vermişlər. Yalnız bir dəfə Nəcəfqulu maşınsız gəldiyi üçün kabelləri Puta qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə vermişdir. Təhvil verərkən həmin mis naqillərin oğurluq olmadığını, yığıb satmaqla dolandığını bildirmişdir. Oğurluq nəticəsində ümumilikdə 400-450 manat pul əldə etmişlər. Həmin pulu Nəcəfqulu ilə yarı-yarıya bölmüşdür. 2021-ci ilin sentyabr ayının axırlarında şirkətin sahibi Allahverdi onu axtarmış, atasına oğurluq etdiyini demişdir. 2021ci ilin oktyabr ayı ərzində onlar Nəcəfqulu ilə birlikdə ümumilikdə 1900 manatlıq kabel alıb Allahverdiyə vermişlər. Allahverdi şikayət etməyəcəyini demişdir. Həmin vaxtdan onun Allahverdi ilə heç bir əlaqəsi olmayıb, Allahverdi ondan heçnə istəməmişdir. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, onun 2022-ci ilin yanvar ayında olan oğurluq haqda heç bir məlumatı yoxdur. O, Nəcəfqulu ilə birlikdə orada işləyərkən 2021-ci ilin avqust ayında kabel oğurlamışdır. Daha sonra oğurladıqları kabellərin əvəzinə kabel alıb qaytarmışlar. O, 30 avqust 2021-ci il tarixdə həmin şirkətdə ərizə yazıb işdən çıxmışdır. İşdən çıxdıqdan sonra həmin şirkətə getməmişdir. O, həmin vaxt şirkətdə montyor işləmiş, oğurladığı kabelləri isə 2-ci, yəni orta daşdoğrayıcıdan kəsmişdir, onlar cəmi 3-4 dəfə oğurluq etmişlər. 1 dəfə oğurladıqları kabelləri o, tək aparıb Puta qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə vermişdir. Qalan vaxtlarda isə Nəcəfqulu ilə aparıb Nəcəfqulunun yaşadığı küçədə yerləşən metal qəbulu məntəqəsinə təhvil vermişlər. Ümumilikdə 400-450 manat pul əldə etmişlər, ölçüləri lap dəqiq bilməsə də, qeyd etmişdir ki, bir qalın, bir də nazik kabellər olmuşdur. Onlar həmin kabelləri yandırıb misini çıxarıb satmışlar. Ona görə də dəqiq ölçüsünü bilmir. O, şirkətdə işləyəndə həmin kabellərin işlədilmədiyini görüb oğurlamaq qərarına gəlmişdir. Bu barədə Nəcəfquluya da o, demişdir. Lakin bir dəfəyə hamısını kəsib çıxartmaq çətin idi, həm də oğurluğun üstü açılmasın deyə hissə-hissə 3-4 dəfəyə kəsib oğurlamışlar. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ruhi-əsəb xəstəliyindən əzab çəkmir. 2020-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayına qədər Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC şirkətində mühafizəçi işləmişdir. İşlədiyi müddətdə aylıq 285 manat maaş almışdır. Həmin şirkətdə montyor işləyən Tural adlı şəxs dəfələrlə ona yaxınlaşıb şirkətin naqillərini oğurlamağı təklif etmişdir. O, bir neçə dəfə Turala etiraz etsə də, axırda razılaşmışdır. 2021-ci ilin avqust ayında o, Turalla birlikdə 3 dəfə növbədə olduğu vaxt Tural 2-ci drabilkada kabelləri kəsib çıxarmış və təmizləyib misləri ayırmışdır, o, həmin vaxt itlərin başını qatmaqla məşğul olmuşdur. 2 dəfə isə Turalın kəsdiyi kabelləri öz maşınına yükləmişdir. O, səhəri günü növbədən çıxanda Turalı yoldan götürmüş və Lökbatan qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə təhvil vermişlər. Təxminən 1 ay sonra ona məlum oldu ki, Allahverdi Turalı və atasını çağırıb, Tural onunla birlikdə oğurluq etdiyini bildirib. Bundan sonra Allahverdi onu da çağırmış və izahat yazdırmışdır. Bundan sonra Allahverdi ondan 600 manat istəmiş, lakin daha sonra demişdir ki, kabelləri alıb gətirin. 2021-ci ilin təxminən sentyabr-oktyabr aylarında o, 600 manat, Tural isə 800 manat qoymaqla, 1400 manata oğurladıqları kəmərin kabellərini alıb Allahverdiyə qaytarmışlar. Daha sonra Turalın atası 500 manata da kabel alıb Allahverdiyə qaytarmışdır. Allahverdi bundan sonra onlardan şikayət etməyəciyini, məsələnin bağlandığını bildirmiş və onu işdən çıxarmışdır. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, onun 2022-ci ilin yanvar ayında olan oğurluq haqda heç bir məlumatı yoxdur. O, Tural ilə birlikdə orada işləyərkən 2021-ci ilin avqust ayında kabel oğurlamışdır. Daha sonra oğurladıqları kabellərin əvəzinə kabel alıb qaytarmışlar. Daha sonra o, işdən çıxmışdır. İşdən çıxdıqdan sonra həmin şirkətə getməmişdir. Onlar cəmi 3 dəfə oğurluq etmişdirlər. 1 dəfə kabelləri Tural özü aparıb təhvil vermiş, ona 20 manat pul çatmışdı. 2 dəfə isə bir yerdə aparıb, Lökbatan qəsəbəsində yaşadığı evin yaxınlığında metal qəbulu məntəqəsinə vermişlər. Ümumlikdə ona 80 manat pul vermişdi. Kabelləri Tural kəsirmiş, o, yalnız itlərin başını qatmışdır. Daha sonra maşına yükləyib aparmışdır. Ölçülərini dəqiq bilmir, oğurluq etməyi Tural ona demişdi. Həmin kabellərin işləmədiyini bilirdilər. Tural həmin kabelləri kəsib yandırıb soyurdu. Kəsib yandırıb soymaq vaxt aparırdı, həm də hamısını birdən kəsib aparmaq şübhə yaradardı. Ona görə də hamısını birdən oğurlamamışlar. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsidirektoru Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisi şirkətdə işləmişlər. Nəcəfqulu mühafizəçi, Tural isə elektrik kimi işləmişdir, 2021-ci ilin avqust ayından sonra hər ikisi işdən çıxmışdır. Buna səbəb 2021-ci ilin avqust ayı ərzində sexdən kabel və lent oğurlamaqları olmuşdur. Daha sonra onlar oğurladıqları kabelləri və lenti alıb qaytarmışdırlar, onların etdikləri həmin oğurluq aşkar olandan sonra kabel və lent alıb qaytarıblar. Avqust ayında Nəcəfqulu və Tural 70 metr 4*25 ölçüsündə, 25 metr isə 4*50 ölçüsündə kabelləri oğurlamışdılar. 4*25-lik kabelin bir metri 15 manat, 4*50-lik kabelin bir metri isə 34 manat təşkil etmişdir. Ümumlikdə 1900 manat ziyan vurulmuşdu, lakin daha sonra hər ikisi dəymiş ziyanı ödəmişdilər, hər ikisi səmimi etiraf edib oğurladıqları kabel və lenti alıb qaytardıqları üçün şikayət etməmişdir. Hal-hazırda da şikayəti yoxdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi-direktoru Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında yuxarıda göstərilən ünvanda yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Fərdi olaraq yük daşıma ilə məşğul olur. 2021-ci ilin yay aylarında dəqiq xatırlamadığı vaxtda təxminən 20 gün yaşadığı Puta qəsəbəsində qara və əlvan metal qəbulu ilə olmuşdur. Lakin sonradan iş olmadığı üçün metal qəbulunu dayandırıb işləməmişdir. O, daha sonra bildirmişdir ki, o, yay aylarında metal qəbulu ilə məşğul olmuşdur. Həmin vaxt Puta qəsəbəsində yaşayan Tural adlı şəxs bir dəfə gəlib mis vermişdir. Dəqiq xatırlamasa da, təxminən 3-4 kiloqram mis gətirmişdi. Həmin şəxs misi küçədən yığdığını bildirmişdir. O, kiloqramına 8 manat verməklə misi almışdır, o, hətta Turaldan misi hardan əldə etdiyini soruşmuş, Tural hissə-hissə ordan-burdan yığdığını bildirmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, anket məlumatlarında yuxarıda göstərilən ünvanda yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Təxminən 4-5 ildir ki, Lökbatan qəsəbəsində əvvəllər məskunlaşdığı Bünyadzadə küçəsində yerləşən 5 saylı yataqxananın yaxınlığında əlvan metal qəbulu ilə məşğul olur. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, artıq uzun müddətdir ki əlvan metal qəbulu ilə məşğul olmuşdur. 2021-ci ilin yay aylarında özünü Tural kimi təqdim edən cavan oğlan təxminən 2-3 dəfə gəlib mis vermişdi. Dəqiq xatırlamasa da, hər dəfəsində təxminən 4-5 kiloqram mis gətirmişdi. Həmin şəxsdən misi hardan əldə etdiyini soruşduqda misi küçədən yığdığını bildirmişdi. O, kiloqramına 11 manat verməklə misləri almışdır. O, həmin şəxsdən misi hardan əldə etdiyini soruşmuş, həmin Tural adlı şəxs gətirdiyi misləri hissə-hissə ordan-burdan yığdığını bildirmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 30 aprel 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 02 may 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət işi ilə əlaqədar 29 aprel 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 30 aprel 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 38 iş saatı, X5 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 228 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 240 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə: yaşadığı ünvan 3 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 4 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar