Məhkəmə qərarları › İş №1(002)-196/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-196/2025

04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-196/2025 04.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Çayoba kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 aprel 2025-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs işlətdiyi, ünvan 1 ünvanında yerləşən, saxlanc yeri hesab edilən “Nar Mobile” adlı mobil telefon aksessuarları mağazasına qapısını dəmir parçası ilə açma yolu ilə qanunsuz daxil olaraq mağazada olan siyirmədən Zərərçəkmiş şəxs 366 (üç yüz altmış altı) manat məbləğində pul vəsaitini gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, zərərçəkmiş şəxslə düşmənçilik və ədavəti olmamışdır. O 2025-ci ilin fevral ayına qədər Sahil qəsəbəsində yerləşən və oğurluq etdiyi həmin “Nar Mobile” mağazasında telefon ustası kimi işləmişdir. 23 aprel 2025-ci il tarixdə gecə saat on iki-bir radələrində Sahil qəsəbəsində yerləşən kafedə spirtli içki içmiş, sonra dükanın qabağından keçəndə yerdən götürdüyü dəmir parçası ilə dükana yaxınlaşmış və dükanın qapısını dəmir parçası ilə açmışdır. Dükana daxil olmuş, 250 manat pul götürüb çıxmışdır və hadisədən yarım saat sonra evə çatmışdır. Dükandan götürdüyü puldan 50 manatı dükanın içərisində cibindən yerə düşürmüşdür. O, hal-hazırda Zərərçəkmiş şəxs vurduğu ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. O son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməklə onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Astara rayonu, Çayoba kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində yerləşən nömrəsiz fərdi evdə ailəsi ilə yaşayır. Təxminən 1 il yarım - 2025-ci ilin fevral ayına qədər Sahil qəsəbəsində yerləşən “Nar Mobile” mağazasında telefon ustası kimi fəaliyyət göstərmişdir. O, həmin müddətdə mobil telefonda qumar oyunları oynadığına görə mağazanı işlədən Əvəz adlı şəxs tərəfindən bir neçə dəfə xəbərdar edilmiş, lakin bu əməlləri davam etdirdiyindən 2025-ci ilin fevral ayında işdən azad olunmuşdur. Daha sonra o, ayrıca telefon mağazası icarəyə götürərək işləməyə başlamış, lakin icarə haqqını ödəyə bilmədiyi üçün 2 gün əvvəl həmin mağazanı bağlamışdır. Maddi vəziyyəti pisləşdiyindən, əvvəl işlədiyi Sahil qəsəbəsi, N.Mustafayev küçəsi, 2 ünvanında yerləşən “Nar Mobile” mağazasından oğurluq etmək qərarına gəlmişdir. 2025-ci il aprelin 23-də gecə saat 02 radələrində özü ilə götürdüyü uzunluğu 20 sm, eni 3 sm olan dəmir parçası ilə mağazaya yaxınlaşmış, papağını üzünə çəkərək üzünü kameralardan gizlətmişdir. Daha sonra dəmir parçasını qapının arasına salaraq kilidi açmış və mağazaya daxil olmuşdur. Sağ tərəfdə yerləşən siyirtmələrdən müxtəlif nominallı pulları götürmüş, telefon ustalarının işlədiyi tərəfdəki siyirtmədən də 3 ədəd 10 manatlıq pulu cibinə qoymuşdur. Bundan sonra müşahidə kamerasının istiqamətini dəyişmiş, DVR qurğusunun kabelini dartaraq qoparmışdır. Mağazanı tələsik tərk edərkən pulların bir hissəsi cibindən düşmüşdür. Hadisə yerindən uzaqlaşmaq üçün müşahidə kameralarının olmadığı istiqamətə yönəlmiş, məktəbin ətrafından keçərək hasardan tullanıb evinə qayıtmışdır. Evdə pulları sayaraq ümumilikdə 250 manat olduğunu müəyyən etmişdir. Növbəti gün həmin puldan 150 manatını tanışı Ramilə olan borcuna vermiş, 100 manatını isə mobil telefondakı “Pinap” adlı qumar oyununa yatırmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir qohumluq və düşmənçilik əlaqəsi olmamışdır, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsı dükanda işləməyə onun özü dəvət etmişdir. Aprel ayının 23-də gecə saat 03 radələrində ona zəng etmişlər ki, dükanı dağıdıblar, telefon aksesuarları və pul əskinazları yerə dağılmışdır. O, dükana getmiş və polisə məlumat vermişdir. Sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və hadisə yerinə baxış keçirtmişlər. Təqsirləndirilən şəxs belə əməl törədəcəyini güman etməmişdir. Təqsirləndirilən şəxs mağazadan götürdüyü 366 manat məbləğdən əlavə qapının kilidini sındırmış və kameranı yararsız hala salmışdır. O, vurulmuş ziyanın ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs 04 noyabr 2025-ci il tarixli məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təxminən 2 ilə yaxındır ki, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Nar Mobile” adlı telefon aksesuarları mağazasını idarə edir. Həmin mağazada əsasən telefon üzlükləri, aksesuarları, ekran qoruyucuları satılır və mobil telefon təmiri həyata keçirilir. Mağaza onun dostu Şahid ilə birlikdə işlədilir. 2025-ci il aprelin 23-də, gecə saat 02 radələrində Bəxtiyar adlı tanışı ona zəng edərək işlətdiyi mağazanın qapısının açıq olduğunu, yerə pul və bir neçə əşyanın dağıldığını xəbər vermişdir. Bundan sonra o, dərhal evdən çıxaraq 1-2 dəqiqə ərzində mağazaya çatmışdır. Mağazaya gəldikdə qapının açıq olduğunu görmüş və oğurluq baş verdiyi qənaətinə gələrək dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları barmaq izləri götürmüş, fotoşəkillər çəkmiş və ərazidə baxış aparmışlar. Baxış zamanı mağazanın girişindən sağ tərəfdə yerləşən şüşəli şkafın alt siyirtməsindən 316 manat, mağazaya girişlə üzbəüz yerləşən telefon təmiri bölməsindəki şkafın üstdən ikinci siyirtməsindən isə 50 manat pulun oğurlandığı müəyyən edilmişdir. Bundan əlavə, mağazadakı müşahidə kameralarının görüntülərini ələ keçirmək məqsədilə DVR aparatı (kamera bloku) zədələnmiş, nəticədə 150 manat dəyərində ziyan vurulmuşdur. Qapıya dəymiş maddi ziyan isə 80 manat olmuşdur. Kamera görüntülərinə baxış zamanı arıq bədən quruluşlu bir nəfərin dəmir alətlə qapını aralayıb içəri daxil olduğu, üzündə maskaya bənzər örtük, əllərində isə əlcək olduğu müşahidə edilmişdir. Həmçinin hadisə yerində yerə səpələnmiş ümumilikdə 59 manat məbləğində 1 manatlıq əskinaslar aşkar edilmişdir. Bu pul, oğurlanmış 366 manata əlavə olaraq düşmüşdür. Ehtimal olunur ki, hadisəni törədən şəxs tələsdiyi zaman pulların bir qismini cibindən yerə salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir qohumluq və düşmənçilik əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxslə dostluq münasibəti olmuşdur. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Aprel ayının 23-də gecə saat 03 radələrində Zərərçəkmiş şəxs ona zəng etmişdir ki, dükandan pul oğurlanmışdır. Onlar dükana getmiş, sonra polislər hadisə yerinə gəlmişlər və kassaya baxanda görmüşlər ki, kassadan pul oğurlanıbdır, qapının kilidi sındırılmış və kamera yararsız vəziyyətə düşmüşdür. Təqsirləndirilən şəxsin qardaşını, əmisini əvvəlcədən tanımışdır, belə bir hadisənin baş verəcəyəni güman etməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şahid Sahil qəsəbəsində yerləşən “Nar Mobile” adlı telefon aksesuarları mağazasını Zərərçəkmiş şəxs ilə ortaq olaraq işlədiyini bildirib. Onun sözlərinə görə, 23 aprel 2025-ci il tarixdə saat təxminən 03 radələrində tanış şəxslərdən biri ona zəng edərək ünvan 4 ünvanında yerləşən mağazada oğurluq olması barədə məlumat verib. O, dərhal yaşadığı ünvandan çıxaraq təxminən 2 dəqiqə ərzində hadisə yerinə gəlib. Mağazaya daxil olduqda qapının açıq olduğunu, sol tərəfdə yerdə manatlıq əskinasların səpildiyini görüb. Həmçinin, videomüşahidə kamerasının DVR aparatının sındırılaraq üst qapağının açıldığını müşahidə edib. Daha sonra mağazaya baxış zamanı müxtəlif siyirmələrdən ümumilikdə 366 (üç yüz altmış altı) manat pulun oğurlandığını aşkar edib. Hadisə ilə bağlı o, Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib. Məlumat əsasında polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirib, fotoşəkillər çəkib və əl-barmaq izləri götürüblər. Qeyd olunub ki, mağazanı Zərərçəkmiş şəxs ilə ortaq işlədiklərinə baxmayaraq, həmin vaxt oğurlanan pul məbləği Zərərçəkmiş şəxs məxsus olub. Zərərçəkmiş şəxs gec gəldiyi üçün ərizə həmin şəxsin öz adı ilə yazılıb. İş materiallarında olan “ifadənin yerində yoxlanılması” barədə protokoldan görünür ki, hadisə 23 aprel 2025-ci il tarixdə saat 02 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsi 2 ünvanında yerləşən “Nar Mobile” adlı telefon aksesuarları mağazasında baş vermiş və Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə hadisənin görüntüsünü əks etdirən videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 23 aprel 2025-ci il tarixdə bir nəfər arıq bədən quruluşlu, əynində göy gödəkçə, qara rəngli şalvar olan şəxs görüntünün ilk saniyələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsi 2 ünvanında yerləşən “Nar Mobile” adlı telefon aksesuarları mağazasının qapısını dəmir parçası ilə açaraq içəri daxil olur, daha sonra piştaxtanın arxasındakı siyirtmələri açmağa başlayır. Avtomobil gəldiyini görüb dərhal siyirtmədə olan pulları götürüb cibinə qoyur. Bundan sonra telefon ustasının işlədiyi yerə keçərək orada siyirtmələri açıb yoxlamağa başlayır və orada olan pulu cibinə qoyur. Həmin yerdə olan kameranın üzünü aşağı çevirir. Bundan sonra müşahidə kameralarındakı görüntüləri zədələmək üçün DVR-ın kabelini qopardıb yerə atır. Daha sonra mağazanı tərk edərək gedir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs həqiqətən də həmin videogörüntünün 23 aprel 2025-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsi 2 ünvanında yerləşən “Nar Mobile” adlı telefon aksesuarları mağazasından etdiyi oğurluq hadisəsini özündə əks etdirən videogörüntüdəki şəxsin özü olmasını bildirmişdir. İş materiallarında olan 23 aprel 2025-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi barədə» protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən “Nar Mobile” adlı telefon aksesuarları mağazasıdır. İş üzrə maddi sübut kimi tanınmış 23 aprel 2025-ci il tarixdə baş vermis cinayət hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk iş iş materiallarında saxlanılmışdır. İş materiallarında olan DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimaitəhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 26 aprel 2025-ci il tarixdə saat 18:30-da şübhəli şəxs kimi tutulmuş və 28 aprel 2025-ci il tarixdə saat 11:35-də təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə Bakı şəhəri Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 02 (iki) gün kimi nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 29 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 8 saata görə (8 saat x 6 manat) 48 manat, 28 aprel 2025-ci il tarixdən sonrakı dövrə görə sərf edilmiş 21 saata görə (21 saat x 11 manat) 231 manat, cəmi 279 (iki yüz yetmiş doqquz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 275 (iki yüz yetmiş beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində yerləşən fərdi yaşayış evini hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 28 aprel 2025-ci tarixədək sərf edilmiş 8 saata görə (8 saat x 6 manat) 48 manat, 28 aprel 2025-ci il tarixdən sonrakı dövrə görə sərf edilmiş 21 saata görə (21 saat x 11 manat) 231 manat, cəmi 279 (iki yüz yetmiş doqquz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 275 (iki yüz yetmiş beş) manat pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar