Məhkəmə qərarları › İş №1(002)-197/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-197/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-197/2023 04.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxxxxx 1990-cı il tarixdə Yardımlı rayonu, Uraqaran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, işləməyən, Yardımlı rayonu, Urakəran kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 07 avqust 1985-ci ildə Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, fərdi tikili evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını talamağa, yəni oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında əldə edilmiş razılığa görə 18 yanvar 2023-cü il tarixdə saat 13 radələrində supervisor-qrup rəhbəri işlədiyi Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzi anbarında qaimə əsasında "xxxx" MMC-dən alınmış, anbarın “K” zonasında saxlanılan ümumilikdə 8000 manat dəyərində 1 palet-108 qutu, hər qutuda 24 ədəd olmaqla, 2592 ədəd “Red Bull” adlı enerji içkisini Təqsirləndirilən şəxs1 avtomobilinin anbardan kənarda olmasını bəhanə edərək yük daşımaq anbarın “K” zonasının qarşısına çağırdığı Şahid1 yük avtomobilinə yükləyərkən, MMC-nin əməkdaşları tərəfindən saxlanıldığına görə iradəsindən asılı olmayaraq bilavasitə cinayəti törətməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs MMC-nin xeyli miqdarda əmlakını oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını talamağa, yəni oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında əldə edilmiş razılığa görə 18 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzi anbarında qaimə əsasında sürücü işlədiyi "xxxx" MMC-dən alınmış, anbarın “K” zonasında saxlanılan ümumilikdə 8000 manat dəyərində 1 palet-108 qutu, hər qutuda 24 ədəd olmaqla, 2592 ədəd “Red Bull” adlı enerji içkisini öz avtomobilinin anbardan kənarda olmasını bəhanə edərək yük daşımaq anbarın “K” zonasının qarşısına çağırdığı Şahid1 yük avtomobilinə yükləyərkən, MMC-nin əməkdaşları tərəfindən saxlanıldığına görə iradəsindən asılı olmayaraq bilavasitə cinayəti törətməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs MMC-nin xeyli miqdarda əmlakını oğurlamağa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Yardımlı rayonu, Uraqaran kəndində qeydiyyatda olsa da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi fərdi tikilmiş evdə tək yaşamışdır. Ailə üzvləri Yardımlı rayonunda yaşayır. O, Zərərçəkmiş şəxs MMC-nin Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında yerləşən mərkəzi anbarında supervisor-qrup rəhbəri vəzifəsində işləmişdir. Həmin MMCdə 7 il olmuşdur ki, müxtəlif vəzifələrdə işləmişdir. Həminki vəzifəsində 3 aydır ki, işləyirmiş. İşlədiyi müddət ərzində hər hansı bir hüquq pozuntusuna yol verməmişdir. Onun işi anbara daxil olan malları qəbul etməkdən və boşaldılmasına nəzarət etməkdən ibarət olmuşdur. İşlədiyi anbarda 80-dən çox şirkətin istehsal etdiyi məhsulları qəbul etmişdir. Malların qəbulu kiçik terminallarla həyata keçirilmiş və hər bir malın üzərinə məlumatları əks etdirən etiketlər vurulub şirkətlərdən anbara qəbul edilmişdir. Mal qəbul etdiyi şirkətlərdən biri də "xxxx" MMC-dir. “Veysəloğlu MMC-nin işçiləri həftədə 2 dəfə 2-ci və 5ci günlər anbara mal gətirmişlər. Şirkətlər malı gətirən zaman boşaldıb səhəri günü gəlib təhvil vermişlər. 17 yanvar 2023-cü ilə tarixdə "xxxx" MMC-nin işçiləri gətirib müxtəlif növ malları anbara boşaltmışlar. xx.xx.2023-cü il tarixdə təhvil-təslim üçün "xxxx" MMC-dən həmişə gələn Famil adlı şəxsin gələcəyini bilmişdir. Həmin gün səhər işə gəldikdə son günlər yaranmış maddi problemləri düşünməyə başlamışdır. Qardaşı xəstə olduğundan dərmanlar üçün təcili pula ehtiyacı olmuşdur. Düşünmüşdür ki, bunu həll etməyin bir yolunu tapmalıdır. Sonda düşünmüşdür ki, anbara digər şirkətlərdən gələn mallardan çıxardıb gizlicə sataraq pula çevirsin. Bunun üçün ona kömək lazım olmuşdur. Saat 09:00da təhvil-təslim üçün "xxxx" MMC-dən Famil gəldikdə düşünmüşdür ki, malları çıxarmaq üçün sonuncuya təklif etsin. Anbarın içində olarkən Familə yaxınlaşmışdır. O, Familə xx.xx.2023-cü il tarixdə gələn mallardan 1 palet “redbulu” enerji içkisini (1 paletdə 108 qutu olmuş, hər qutuda isə 24 ədəd red bull olmuşdur) anbardan gizlincə çıxarıb götürməyi, həmin enerji içkilərini müxtəlif mağazalara satmağı və əldə olunmuş gəliri aralarında bölməyi təklif etmişdir. 1 palet “redbull” enerji içkisini qiyməti təxmin 8000 manat təşkil etmişdir. Famil bir az dayanıb “fikirləşib sənə bir şey deyərəm” demişdir. Təqribən saat 13 radələrində sonra o, təkrar Familin yanına getmişdir. Famildən cavab istəmişdir. Famil onunla razılaşdığını bildirmiş, lakin içəridə yük avtomobilinin olmadığını demişdir. O, götürmək istədiyi malları anbarın “F” zonasından “K” zonasına aparmışdır. İçəridə "xxxx" MMC-yə aid yük avtomobili olmadığı üçün Famil "xxxx" şirkətinin sürücüsü Elməddinə içəridə artıq malı olduğunu, həmin malı çıxarıb öz yük avtomobillərinə yükləmək lazım olduğunu demişdir. Şirkətlərin malları sifarişdən artıq gəldikdə qaimə əsasında malları oradan geri götürə bilir. Famil Elməddinə onların malları götürmək istəmələri barədə heç nə deməmişdir. “K” zonasında olan 1 palet “redbull” enerji içkisini "xxxx" şirkətinə məxsus yük avtomobilinə yüklənməyə başlamışlar. Mallar yüklənərkən anbar meneceri işləyən şəxs görüb müdaxilə etmişdir. Bundan sonra rəhbərliyə məlumat verilmişdir. Kamera görüntülərinə baxdıqda redbull məhsulunu anbar daxilində yük daşınması üçün istifadə olunan kiçik yük daşıyıcı avtomobil vasitəsi ilə onun gətirib “K” zonasına qoyub getdiyi aşkar olunmuşdur. Bundan sonra o, törətdiyi əməli etiraf etmiş, Familin də bu işdə iştirakını təsdiqləmişdir. O, qeyd olunan anbardan Famillə birlikdə 8000 manat dəyərində 1 palet “redbull” enerji içkisi oğurlamaq istəmiş, lakin saxlanmışdır. Onlar "xxxx" şirkətinin sürücüsü Elməddin adlı şəxsə niyyətləri barədə heç nə deməmişlər. O öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olsa da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa” şəhərciyi fərdi tikilmiş evdə ailəsi ilə birlikdə yaşayır. O, "xxxx" MMC-də sürücü və mal təhvil təslimi ilə əlaqədar işlər görmüşdür. Hər həftə 2-ci 5-ci günlər "xxxx" MMC-dən Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Zərərçəkmiş şəxs MMC-nin mərkəzi anbarına müxtəlif məhsullar aparılmışdır. O, demək olar ki, həftə ərzində həmin anbarda olmuş və gələn malların təhvil-təslimi prosesində iştirak etmişdir. xx.xx.2023-cü tarixdə anbara gətirilmiş malların təhvil-təslimi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə saat 09:00-da anbara getmişdir. Anbarda olan zaman malların qəbulunu həyata keçirən Xəyal adlı şəxs ona yaxınlaşaraq, gətirilən mallardan 1 palet “redbulu” enerji içkisini (1 paletdə 108 qutu olmuş, hər qutuda isə 24 ədəd red bull olmuşdur) anbardan gizlicə çıxarıb götürməyi, həmin enerji içkilərini müxtəlif mağazalara satmağı və əldə olunmuş gəliri aralarında bölməyi təklif etmişdir. O, Xəyala fikirləşib deyəcəyini bildirmişdir. Təqribən 2-3 saat sonra günorta radələrində Xəyal təkrar ona yaxınlaşıb fikrini soruşmuşdur. O, Xəyalla razılaşmışdır. Onların şirkətə məxsus içəridə yük avtomobili olmadığından malları başqa avtomobil ilə çıxarmalı olmuşlar. O, “Aurora” şirkətinə məxsus yük avtomobilinin sürücüsü Elməddin ilə danışmış və içəridə artıq mallarının qaldığını bildirib malı çıxarmaq üçün kömək istəmişdir. Həmin sürücü buna razılıq vermiş, Elməddin məsələnin mahiyyətini bilməmişdir. Xəyal anbardan çıxarmaq istədikləri redbull məhsulunu anbarda “K” zonasına gətirib qoymuşdur. Avrora şirkətinə məxsus yük avtomobilinə mallar yüklənən zaman anbarın işçiləri məsələni başa düşüb müdaxilə etmişlər. Bundan sonra kameraya baxılan zaman Xəyalın malları anbardan çıxarmaq üçün içəridə yerini dəyişərək “K” zonasına gətirib qoyduğu aşkar olunmuşdur. Bundan sonra Xəyal hər şeyi rəhbərliyinə etiraf edərək birlikdə planlaşdırdıqlarını ətraflı danışmışdır. Anbardan çıxarmaq istədikləri mal bir palet redbull olmuş və ümumi dəyəri təqribən 8000 manat təşkil etmişdir. O, qeyd olunan anbardan Xəyalla birlikdə 8000 manat dəyərində 1 palet “redbull” enerji içkisi oğurlamaq istəmiş, lakin saxlanmışdır. "xxxx" şirkətinin sürücüsü Elməddin adlı şəxsə həmin məhsulları oğurlamaq istəmələri barədə heç nə deməmişlər. O öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi bina 168A, mənzil 34-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. 05 sentyabr 2022-ci il tarixdən Zərərçəkmiş şəxs MMC-də hüquq məsləhəti üzrə köməkçi vəzifəsində işləyir. MMC-nin fəaliyyəti qida və qeyri qida məhsullarının pərakəndə alış satışı ilə məşğul olmaqdan ibarətdir. MMC-nin marketləri "xxxx" adı altında fəaliyyət göstərmişdir. MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində mərkəzi anbarı yerləşmişdir. Təqsirləndirilən şəxs2 tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Xəyal MMC-yə məxsus anbarda supervisor-qrup rəhbəri vəzifəsində işləmişdir. Xəyalın işi anbara gələn məhsulları qəbul edilməsi və yerləşdirilməsindən ibarət olmuşdur. 18 yanvar 2023-cü il tarixdə mərkəzi anbardan baş idarəyə orada oğurluq olması barədə məlumat daxil olmuşdur. Həmin vaxt məlum olmuşdur ki, Xəyal "xxxx" şirkətindən anbara gətirilmiş təxminən 8000 manat dəyərində 1 palet (108 qutu, hər qutuda 24 ədəd) “redbull” enerji içkisini oğurlamaq istəyən zaman anbarın işçiləri tərəfindən saxlanılmışdır. 18 yanvar 2023-cü il tarixdə anbarın işçisi olan Şahid2 işdə olan zaman "xxxx" şirkətinə məxsus avtomobilin sürücüsünün "xxxx" şirkətindən anbara gətirilmiş təxminən 8000 manat dəyərində 1 palet (108 qutu, hər qutuda 24 ədəd) “redbull” enerji içkisini çıxarmaq üçün avtomobilə yüklədiyini görmüşdür. Emin "xxxx" şirkətinin işçisi Famildən nə məsələ olduğunu soruşmuş, Famil də Eminə məhsulun artıq gətirildiyini, yük avtomobilinin həyətdə olduğu üçün digər şirkətin sürücüsündən xahiş etdiyini demişdir. Emin bu barədə anbarda menecer işləyən Şahid3 demiş, Rövşən həmin məhsulu avtomobildən düşürmələrini və yoxlamalarını tapşırmışdır. Bundan sonra Rövşən "xxxx" şirkətinin işçisi Famildən nə məsələ olmasını soruşmuş, Famil isə əvvəlcə məhsulun artıq olduğunu, içəridə avtomobili olmadıqları üçün "xxxx" şirkətinin işçisindən xahiş etdiyini demişdir. Yoxlayan zaman həmin məhsulun anbara məxsus olması müəyyən olunmuşdur. Daha sonra Şahid3 tərəfindən Famillə söhbət edən zaman anbarın işçisi Xəyalla birlikdə həmin 1 palet “redbull” enerji içkisini oğurlamaq istədiklərini bildirmişlər. Baş ofisə məlumat daxil olduqdan sonra bu barədə hüquq mühafizə orqanlarına məlumat verilmişdir. 02-05 yanvar 2023-cü il tarixdə anbarda sayım aparılan zaman anbardan 96660 manat dəyərində əskiklik olması müəyyən olunmuşdur. İşlədiyi Zərərçəkmiş şəxs MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbardan 8000 manat dəyərində 1 palet “red bull” enerji içkisi oğurlanmaq istəmiş, lakin saxlamışlar. Daha sonra yoxlama zamanı anbarda təxminən 96660 manat arası kəsr olması aşkar olunmuşdur. Hal-hazırda həmin kəsrlərində Xəyal və ya başqa şəxslər tərəfindən törədilməsini müəyyən etmək üçün şirkət tərəfindən yoxlamalar aparılmışdır. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxslərlə barışmadıqlarını bildirmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə ərizə ünvanlanaraq Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən təqsirləndirilən şəxslərlə barışıq əldə olunmasına müsbət yanaşılmadığını bildirərək ədalətli qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Lerik rayonu, Andurma kəndində qeydiyyatda olsa da ünvan 1 ünvanında fərdi tikilmiş evdə ailəsi ilə birlikdə yaşayır. "xxxx" MMC-də sürücü və mal təhvil təslimi ilə əlaqədar işlər görmüşdür. Həftədə 5 gün "xxxx" MMC-dən Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Zərərçəkmiş şəxs MMC-nin mərkəzi anbarına müxtəlif məhsullar aparılmışdır. O, demək olar ki, həftə ərzində həmin anbarda olmuş və gələn malların təhvil-təslimi prosesində iştirak etmişdir. Təqsirləndirilən şəxs2 təxminən 6 ay olar ki tanımış, Xəyal həmin anbarda mal qəbuluna nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə təxminən 10-15 gün olar ki tanımış, Famildə "xxxx" MMC-də sürücü işləmişdir. Onların arasında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2023-cü tarixdə anbara gətirilmiş malların təhvil-təslimi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə saat 09:00-da anbara getmişdir. Həmin gün saat 13 radələrində Famil ona yaxınlaşaraq, ondan avtomobilimin boş olub olmadığını soruşmuşdur. O da Familə hazırda boş olduğunu demişdir. Famil ona 1 palet “red bull” enerji içkisi malı olduğunu, avtomobilinin orada olmadığını, anbarın bir azdan bağlanacağını məhsulu həyətə çıxarıb mühafizənin yanına qoymağını xahiş etmişdir. O, Xəyalın bundan xəbəri olub-olmadığını soruşmuşdur, Famildə ona Xəyalın məlumatı olduğunu demişdir. O, avtomobili anbarın içərisinə sürmüş və Familin göstərdiyi 1 palet “red bull” içkisini avtomobilə yükləməyə başlamışdır. Həmin vaxt anbarda işləyən Emin ona yaxınlaşıb nə üçün həmin malları avtomobilə yüklədiyini soruşmuşdur. O da Eminə Familin xahiş etdiyini və Xəyalın xəbəri olmasını demişdir. Emin Famildən nə məsələ olduğunu soruşmuş, Famildə malı artıq gətirdiyini və geri götürdüyünü demişdir. Həmin vaxt anbarın müdiri Rövşən də oraya gəlib malı yoxlatmışdır. Həmin malların anbara aid olduğu müəyyən edilmişdir. Rövşən Famili və onu otağına dəvət etmiş, o da Rövşənə olduğu kimi danışmışdır. Daha sonra Famil və Xəyalın həmin 1 palet “red bull” enerji içkisini oğurlamaq istədiklərini eşitmişdir. Onun həmin hadisədən məlumatı olmamışdır. Famil ona avtomobilin gəlmədiyini, anbarın bağlanmaq vaxtı olduğunu və həmin malları həyətə çıxarmağını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Sumqayıt şəhəri, 6-cı MKR, ev 10, mənzil 45-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR, S.S.Axundov ev 11B, mənzil 52-də ailəsi ilə birlikdə yaşayır. O, Zərərçəkmiş şəxs MMC-də 2022-ci ilin avqust ayından anbar əməliyyatları üzrə menecer vəzifəsində işləyir. O, MMCyə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus anbarda işləmişdir. MMC-nin fəaliyyəti qida və qeyri qida məhsullarının pərakəndə alış satışla məşğul olmaqdan ibarət olmuşdur. MMC-nin marketləri "xxxx" adı altında fəaliyyət göstərmişdir. Onun işi anbar proseslərinə nəzarət etməkdən, yəni məhsulların alışı-satışı, qəbulu və sair ibarət olmuşdur. Sonuncu dəfə 02 yanvar 2022-ci il tarixdə 05 yanvar 2022-ci il tarixləri arasında anbarda daxili sayım həyata keçirmişlər. Həmin vaxt anbarda təxminən 40.000 manata yaxın kəsr olmasını görmüşlər. Buna görə də o, anbarda nəzarəti gücləndirməyə başlamışlar. Təqsirləndirilən şəxs2 tanımış, o, həmin anbarda təxminən 5 ildir ki, işləmişdir. Xəyal MMC-də supervisor-qrup rəhbəri vəzifəsində işləmişdir. Xəyalın işi anbara gələn məhsulları qəbul edilməsi və yerləşdirilməsindən ibarət olmuşdur. 18 yanvar 2023-cü il tarixdə o, işdə olan zaman anbarda gəzmiş, həmin vaxt köməkçi işləyən Şahid2 ona yaxınlaşaraq, "xxxx" şirkətinə məxsus avtomobilin "xxxx" şirkətindən anbara gətirilmiş təxminən 8000 manat dəyərində 1 palet (108 qutu, hər qutuda 24 ədəd) “redbull” enerji içkisini çıxarmaq istədiyini demişdir. Emin "xxxx" şirkətinin işçisi Familin də orada olduğunu və məhsulun artıq gətirildiyini dediyini, yük avtomobilinin həyətdə olduğu üçün digər şirkətin sürücüsündən xahiş etdiyini deməsini bildirmişdir. O, həmin məhsulu avtomobildən düşürmələrini və yoxlamalarını tapşırmışdır. Bundan sonra o, "xxxx" şirkətinin işçisi Famildən nə məsələ olmasını soruşmuş, Famil isə əvvəlcə məhsulun artıq olduğunu, içəridə avtomobili olmadıqları üçün "xxxx" şirkətinin işçisindən xahiş etdiyini demişdir. Yoxlayan zaman həmin məhsulun anbara məxsus olması müəyyən olunmuşdur. O, Famili otağa dəvət etmiş və sonuncu ilə söhbət etməyə başlamışdır. Famil əvvəlcə etiraf etməsə də sonradan etiraf edərək, Xəyalla həmin məhsulu oğurlamaq istədiklərini etiraf etmişdir. Bundan sonra o, Xəyalı çağırmış və sonuncu ilə də söhbət etməyə başlamışdır. Xəyalda əvvəlcə etiraf etməmiş, lakin Familin etiraf etdiyini bildikdən sonra hadisəni danışıb, həmin məhsulları oğurlamaq istədiklərini bildirmişdir. Onlar kameraya baxan zaman Xəyalın kiçik yük avtomobili ilə həmin məhsulları rahat götürmələri üçün “K” zonasına gətirməsi müəyyən etmişlər. Bundan sonra onlar bu barədə polis əməkdaşlarına məlumat vermişlər. Daha sonra yoxlama zamanı anbarda təxminən 40000-50000 manat arası kəsr olması aşkar olunmuşdur. İşlədiyi Zərərçəkmiş şəxs MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbardan 8000 manat dəyərində 1 palet “red bull” enerji içkisi oğurlanmaq istəmişlər, lakin saxlamışlar. Daha sonra yoxlama zamanı anbarda təxminən 40000-50000 manat arası kəsr olması aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olsa da Abşeron rayonu, Masazır qəsəbəsi, “Green park” yaşayış kompleksi bina 1, mənzil 18-də ailəsi ilə birlikdə yaşayır. O, Zərərçəkmiş şəxs MMC-də 2022-ci ilin may ayından anbar əməliyyatları üzrə menecer köməkçisi vəzifəsində işləmişdir. O, MMCyə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus anbarda işləmişdir. MMC-nin fəaliyyəti qida və qeyri qida məhsullarının pərakəndə alış-satışla məşğul olmaqdan ibarət olmuşdur. MMC-nin marketləri "xxxx" adı altında fəaliyyət göstərmişdir. Onun işi anbarın işlərinə nəzarət etməkdən ibarət olmuşdur. Sonuncu dəfə 02 yanvar 2022-ci il tarixdə 05 yanvar 2022-ci il tarixləri arasında anbarda daxili sayım həyata keçirmişlər. Həmin vaxt anbarda kəsr olması aşkar olunmuş, lakin hansı məbləğdə kəsr olmasını o, bilməmişdir. Buna görə də anbarda nəzarəti gücləndirməyə başlamışlar. Təqsirləndirilən şəxs2 tanımış sonuncu həmin anbarda təxminən 5 ildir ki, işləmişdir. Xəyal MMC-də supervisor-qrup rəhbəri vəzifəsində işləmişdir. Xəyalın işi anbara gələn məhsulları qəbul edilməsi və yerləşdirilməsindən ibarət olmuşdur. 18 yanvar 2023-cü il tarixdə o, işdə olan zaman anbarda gəzmişdir. Həmin vaxt o, "xxxx" şirkətinə məxsus avtomobilin sürücüsünün "xxxx" şirkətindən anbara gətirilmiş təxminən 8000 manat dəyərində 1 palet (108 qutu, hər qutuda 24 ədəd) “redbull” enerji içkisini çıxarmaq üçün avtomobilə yüklədiyini görmüşdür. O, "xxxx" şirkətinin işçisi Famildən nə məsələ olduğunu soruşmuş, Famil də ona məhsulun artıq gətirildiyini, yük avtomobilinin həyətdə olduğu üçün digər şirkətin sürücüsündən xahiş etdiyini demişdir. O, bu barədə anbarda menecer işləyən Şahid3 demişdir. Rövşən həmin məhsulu avtomobildən düşürmələrini və yoxlamalarını tapşırmışdır. Bundan sonra Rövşən "xxxx" şirkətinin işçisi Famildən nə məsələ olmasını soruşmuş, Famil isə əvvəlcə məhsulun artıq olduğunu, içəridə avtomobili olmadıqları üçün "xxxx" şirkətinin işçisindən xahiş etdiyini demişdir. Yoxlayan zaman həmin məhsulun anbara məxsus olması müəyyən olunmuşdur. Rövşən Famili otağa dəvət etmişdir. Bundan sonra Familin Xəyalla həmin məhsulu oğurlamaq istədiyini bilmişdir. İşlədiyi Zərərçəkmiş şəxs MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbardan 8000 manat dəyərində 1 palet “red bull” enerji içkisi oğurlanmaq istənmiş, lakin saxlamışlar. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli 9/1896 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda 01 ədəd 250 ml-lik “Redbull” markalı enerji içkisinin 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 3,30 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurlamağa cəhd etdikləri Zərərçəkmiş şəxs MMC-yə məxsus 2592 ədəd 250 ml-lik “Redbull” markalı enerji içkisi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-dən təqdim edilmiş 01 ədəd “DVD” diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, 18 yanvar 2023-cü il tarixdə saat 13 radələrində bir nəfər uca boylu, əynində narıncı rəngli gödəkcə olan şəxsin Zərərçəkmiş şəxs MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzi anbarının içərisində yük daşıma üçün nəzərdə tutulmuş texnika ilə üzərində “Redbull” enerjisi içkisi yığılmış paletə yaxınlaşaraq paleti götürüb anbarın içərisindən digər hissəyə tərəf aparıb qoyması, eyni zamanda üzərində “Ramaşqa təbiətin möcüzəsi” adlı reklam vurulmuş yük avtomobilinin yük yerinin qapısı açılmış vəziyyətə axra-arxaya anbarın qapısına yaxınlaşması, anbarın içəri hissəsində olan 1 palet “Redbull” enerji içkisinin əynində narıncı rəngli paltar olan şəxsin göstərişi ilə anbarın işçiləri tərəfindən avtomobilə yükləndikdən sonra qapının bağlanması, daha sonra anbarın işçiləri tərəfindən “Redbull” enerji içkisinin yükləndiyi avtomobildən endirilərək anbara geri qaytarılması müşahidə olunmuşdur. İş üzrə Zərərçəkmiş şəxs MMC-dən təqdim edilmiş və xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətdə məşğulluq təsnifatı üzrə; qəbuledici, xammal, yarımfabrikat və hazır məhsul; Əmək müqaviləsi üzrə Malların qəbulu üzrə supervayzer vəzifəsində işləmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş “vöen: **********, sənəd: ********** saylı “MALLARİN TƏHVİL QƏBUL AKTİ”ndan görünür ki, “RedBull” enerji içkisi "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzi anbarına təhvil verilməsi və qəbul olunması öz əksini tapmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzi anbarında baş vermişdir. İş materiallarına əlavə edilmiş Yardımlı RİHB-nin Urakəran İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi: xx.xx.1958-ci il tarixdə doğulmuş və işləməyən atası X12, xx.xx.1968-ci il tarixdə doğulmuş və işləməyən anası X3, xx.xx.1999-cu il tarixdə doğulmuş və əlil pensiyası alan arvadı X8, xx.xx.2020-ci il tarixdə doğulmuş qızı X9 və xx.xx.2022-ci il tarixdə doğulmuş qızı X5 ibarətdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə X19 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X11 və xx.xx.2022-ci il tarixdə doğulmuş X10 atası Təqsirləndirilən şəxs2dur. İş materiallarına əlavə edilmiş Abşeron RİHB-nin Hökməli qəsəbəsə İƏDÜ nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Rzayev X15 qəsəbəsi, Yeni yaşayış massivində yaşayır. İş materiallarına əlavə edilmiş diplomların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 "xxxx" tərəfindən 3 dəfə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri Sahib Şahverdiyev tərəfindən verilmiş fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsində” iştirak etmiş hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində göstərdiyi təşəbbüsə görə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Şərur Rayon İcra Hakimiyyəti Siyaqut kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi: 1986-cı il tarixdə doğulmuş arvadı X4, 2008-ci il tarixdə doğulmuş X6 və 2012-ci il tarixdə doğulmuş X7 ibarətdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2007-ci il tarixdə X13 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X16 xx.xx.2008-ci il tarixdə və X17 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Milli Onkoloji Mərkəzi tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs1 atası X2 “sidik kisəsi xərçəngi” diaqnozu qoyulmuşdur. Cinayət işi üzrə 10 aprel 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbardan 96660 manat dəyərində malların oğurlanması ilə bağlı cinayət işindən material ayrılmaqla icraata qəbul edilməsi və qərarın surətinin əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Qaradağ RPİ-nin 10-cu PB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 19 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 21 yanvar 2023-cü il tarixdə barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə qoyulmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 25 (iyirmi beş) manat olaraq tutulmaqla dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə məxsus 2592 ədəd 250 ml-lik Redbull markalı enerji içkilərinin sahibinə qaytarılması nəzərə alınmalıdır. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X20 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1, 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X14, 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə: yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yerləşən ünvanını hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, fərdi tikili evdə yerləşən ünvanını hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 25 manat olmaqla tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə məxsus 2592 ədəd 250 ml-lik Redbull markalı enerji içkilərinin sahibinə qaytarılması nəzərə alınsın. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1, 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X14, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar