Məhkəmə qərarları › İş №1(002)-198/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-198/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-198/2020 07.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində “xxxxx” MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin 2-ci zona, 18-ci sırada yerləşən 69 nömrəli anbarın qapısının asma qıfılını əvvəlcədən əldə etdiyi açarla açıb qanunsuz daxil olaraq anbardan 1 kvadrat metri 13 manat təşkil edən 39,96 kv.m ölçüdə 519,48 manat dəyərində “Peres Polis“ markalı metlaxları, xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində eyni üsulla həmin anbara qanunsuz daxil olaraq 1 kvadrat metri 12,5 manat təşkil edən 26,72 kv.m ölçüdə 334 manat dəyərində “Atlas“ markalı kafelləri gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “xxxxx” MMC-yə ümumilikdə 853,48 manat dəyərində ziyan vurmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilin iyun ayına kimi Zərərçəkmiş şəxs ilə heç bir münasibəti olmamışdır. 2019-cu ilin iyun ayında o, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən və fəaliyyət göstərən Sədərək TM 2-ci bölgə 18-ci sıra 69 nömrəli Cavada məxsus anbarda günə muzd fəhlə kimi işə başlamışdır. Həmin gündən xx.xx.2020-ci il tarixə kimi anbarda fəhlə işləmişdir. Anbarın sahibi Zərərçəkmiş şəxs ilə heç bir müqaviləsi olmamışdır. Bir günlük əmək haqqı 16 manat 50 qəpik olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 10-11 radələrində anbarda işdə olmuşdur. Həmin vaxt anbardar Tərlan ona bildirmişdir ki, Balakən rayonundan sifariş var. Tərlan ona 2 qutu eyni metlax və 3-4 qutu eyni kafeli kənara qoymağını demişdir. Tərlanın dediyi kimi kafel-metlaxı kənara qoyaraq, Balakən rayonuna gedən taksi ilə göndərmək istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onların yanına gəlmişdir. Cavad ondan tələb etmişdir ki, anbardan içərisində sınıq kafel və metlax olan qutuları Balakən rayonuna göndərsin. Zərərçəkmiş şəxslə razılaşmaşdır və aralarında sözlə mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs mübahisə zamanı ona işdən çıxatdığını demişdir. Həmin günü axşam yəni xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində iş vaxtı qutarana yaxın o anbara gəlmişdir. Həmin vaxt Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə TM-nin yaxınlığında əvvəllər tanıdığı Rəşadı görmüşdür. Rəşad idarə etdiyi ağ rəngli Ford markalı mikroavtobusun yanında dayanmışdır və Ələt qəsəbəsinə yollanmaq üçün müştəri yığırdı. Rəşada yaxınlaşıb, Sədərək TM-də olan yükünü yaşadığı evə aparmasını təklif etmişdir. Rəşada 15 manat pul təklif edərək razılaşmışdır. Həmin gün iş vaxtının bitdiyini gözləyib saat 18 radələrində Rəşadla birlikdə fəhlə işlədiyi anbara getmişdir. Özündə olan və işdən çıxarıldığı zaman gizli olaraq götürdüyü açarla anbarın qapısını açmış və Rəşada maşınla içəri girməsini bildirmişdir. Bundan sonra o anbarda əlinə keçən bir neçə qutu metlax götürüb və Rəşadın idarə etdiyi sərnişin daşıyan avtomobilə yükləyərək oradan uzaqlaşmış və yaşadığı Ələt qəsəbəsinə yollanmışdır. Oğurladığı metlaxları həmin gün Ələt qəsəbəsində aptekin qarşısında maşından boşaldan zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşmışdır. Həmin şəxs ondan metlaxların satıb-satmadığını soruşmuşdur. Tanımadığı şəxsə metlaxları satmaq istədiyini bildirmişdir. Xatırlamadığı sayda oğurladığı metlaxları xatırlamadığı qiymətə tanımadığı şəxsə satmışdır. Həmin şəxs ona bildirmişdir ki, ona satdığı kafel metlaxlardan olsa yenə almaq istəyir. Bundan sonra bir neçə gün gözləmişdir. Etdiyi oğurluq barədə səs-küy çıxmadığından qeyd etdiyi anbardan oğurluğu davam etmək qərarına gəlmişdir. Həmin səbəbdən xx.xx.2020-ci il tarixdə o yenidən Rəşadın Binə TM-nin qarşısında dayanıb müştəri gözlədiyi yerə getmişdir. Rəşada yenə eyni səbəbi bildirərək anbaradan tikinti materialı götürmək lazım olduğunu bildirmişdir. Bundan sonra eyni qaydada həmin gün saat 18 radələrində iş qutardıqdan sonra anbara yaxınlaşmış, özündə olan açarla darvazanı açıb və içəri daxil olmuşdur. Bu dəfə isə sayını bilmədiyi miqdarda kafel götürüb Ford tranzitə markalı avtomobilə yükləyib oradan uzaqlaşaraq, yaşadığı Ələt qəsəbəsinə getmişdir. Həmin kafelləri yaşadığı evə aparmışdır. Rəşad yenə onu həmin aptekin qarşısında düşürtmüş, oradan çıxıb getmişdir. Rəşad getməmişdən qabaq ona bildirmişdir ki, ola bilsin ki, səhəri gün yenə həmin anbara getsin. Rəşad da ona səhər də yenə Binə TM-nin qarşısında olacağını demişdir. xx.xx.2020-ci il tarixdə eyni qaydada Rəşadı götürüb anbara getmiş və əlinə keçən metlaxlardan bir qədərini götürüb çıxıb getmişdir. Sonra o həmin gün Ələt qəsəbəsində yerlşən aptekin qarşısında olan zaman birinci dəfə oğurladığı kafelləri satdığı şəxsi görmüşdür. Ona yaxınlaşaraq, ucuz qiymətə kafel metlax satdığını demişdir. Həmin şəxsdə kafel-metlaxları almaq istədiyini bildirmişdir. Oğurladığı kafel metlaxları həmin şəxsə satmışdır. Lakin satdığı qiymət yadında deyildir. Bir gün sonra yəni xx.xx.2020-ci il tarixdə onu 10-cu PB-nə dəvət etmişdirlər. Orada ona anbardan oğurluq etdiyini bildirmişlər. Polisin araşdırmasında ona məlum olmuşdur ki, sonuncu etdiyi oğurluq barədə biliblər bu səbəbdən digər iki dəfə anbara oğurluğa girməyi barədə heç bir söz deməyiblər. Beləki, əlavə oğurluqları barədə etiraf etdiyi halda cəzasının dahada ağırlaşacağını zənn edib və buna görədə qorxaraq heç bir söz deməmişdir. xx.xx.2020-ci il tarixdə törətdiyi oğurluq hadisəsinə görə xx.xx.2020-ci il tarixdə Qaradağ rayon Məkhəməsində işə baxılmış və o inzibati məsuliyyətə cəlb olunmuşdur. xx.xx.2020-ci il tarixdə o bir daha 10-cu PB-nə dəvət olunmuş və orada ona məlum olmuşdur ki, keçmiş müdiri, anbarın sahibi Cavad onun anbardan etdiyi digər 2 oğurluq hadisəsini də ifşa edərək PB-nə müraciət etmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə anbara ilk dəfə oğurluğa girdiyi zaman oradan yalnız metlax oğurlamış, xx.xx.2020-ci il tarixdə isə oradan əlinə keçən kafellərdən götürmüş, həmçinin xx.xx.2020-ci il tarixdə isə metlax ələ keçirmişdir. Zərərçəkmiş şəxs göstərdiklərinə əsasən o, ilk dəfə oğurluğa girdiyi zaman Peres-Polis markalı metlaxlardan oğurlamış, 2-ci oğurluqda Atlas markalı kafellər 3-cü və sonuncu dəfə anbara daxil olduqda isə Naz seram markalı metlaxlardan oğurlamışdır. Bu xronoloji ardıcıllıqla etdiyi oğurluqları təsdiq etmişdir. Taksi sürücüsü Şahid1 onun oğurluq etdiyini bilməmişdir. Şahid1 yük taksi kimi sifariş etmişdir. Həmin kafel və metlaxları Ələt qəsəbəsində əvvəllər tanımadığı, adını və digər anket məlumatlarını bilmədiyi şəxsə satmışdır. Həmin şəxs arıq bədən quruluşlu orta boylu, qarayanız təxminən 30-35 yaşlarında olan bir şəxsdir. Hansı qiymətə satdığını xatırlamır. Hər dəfə oğurluqdan əldə etdiyi materialları satmaqla təxminən 100-200 manat arası pul əldə etmişdir. O həmin şəxsə tikinti materiallarının özünə məxsus olduğunu demişdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, ona irəli sürülmüş ittihamda 853,48 manat dəyərində ziyan vurması göstərilsə də zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin təkidi ilə 1250 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən çox peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “xxxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzində 2-ci bölgə, 18-ci sırada yerləşən 69 nömrəli anbarı icarəyə götürərək həmin yerdə özümə məxsus topdan alışı və satışı ilə məşğul olduğu kafel-metlax tikinti materialları saxlayır. 2019-cu ilin iyun ayında aralarında heç bir münasibətləri olmayan Həsənov X6 TM-də icarəçisi olduğu anbarda günə muzd fəhlə kimi işləmək üçün ona müraciət etmişdir. Birgə razılıq əsasında həmin aydan Ağamir qeyri rəsmi gündəlik pul müqabilində anbarda fəhlə işləməyə başlamışdır. Lakin anbarın giriş qapısının açarı ona verilməmişdir. Anbarın iş saatı saat 09:00-dan saat 18:00 kimi olmuşdur. Son zamanlar Ağamirin iş fəaliyyətindən narazı qaldığı üçün anbarda çatışmamazlıqlar olduğundan xx.xx.2020-ci il tarixdə onu anbardan iş yerindən kənarlaşdırmış və onun anbara daxil olmasına qadağa etmişdir. xx.xx.2020-ci il tarixdə həmin yerdə anbardar işləyən X4 ona məlumat verərək bildirmişdir ki, həmin günü saat 18 radələrində işdən çıxıb getdikdən sonra anbarda olmadığı zaman Ağamir naməlum ağ rəngli Ford markalı avtomobilin sürücüsü ilə anbara gəlib naməlum mənbədən gizli olaraq əldə etdiyi özündə olan açar ilə anbarın qapısını açaraq oradan 40 m2 ölçüdə 420 manat dəyərində kafel-metlax oğurlamışdır. Həmin anı anbarın video kameralarına baxan zaman da öz təsdiqini tapmışdır. Oğurluğu Ağamirin özüdə etiraf etmişdir. Ölkə hüdudlarından kənarda olduğundan anbardar Tərlana oğurlanmış kafel-metlaxın özünə məxsus adı 10-cu polis bölməsinə şikayət etməsini bildirmişdir. Bu səbəbdən də xx.xx.2020-ci il tarixdə Tərlan şikayət ərizəsi ilə 10-cu PB-nə müraciət etmişdir. Hansı ki, həmin şikayətin nəticəsindən xəbərləri olmamışdır. Bundan sonra o ölkəyə qayıdaraq əmlak sahibi olaraq xx.xx.2020-ci il tarixdə anbara baxış keçirərək təftiş aparan zaman müəyyən etmişdir ki, anbardan 420 manat məbləğində kafel-metlax yox, 1257 manat dəyərində özünə məxsus kafel-metlax tikinti materialları oğurlanmışdır. Anbarın görüntüsünü əks etdirən video-kameralarına baxan zaman görmüşdür ki, Ağamir xx.xx.2020-ci il tarixdən əvvəl xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə də axşam saat 18 radələrində anbar bağlandıqdan sonra anbara eyni ilə naməlum ağ rəngli Ford markalı avtomobilin sürücüsü ilə gələrək naməlum mənbədən gizli olaraq əldə etdiyi özündə olan açar ilə anbarın qapısını açaraq qanunsuz anbara daxil olaraq oradan özümə məxsus kafel-metlax tikinti materialları oğurlanmışdır. Belə ki, o anbarda təftiş apararkən müəyyən etmişdir ki, Ağamir həmin tarixlər arası 1 kvadrat metrəsi 13,5 manat olan 29,88 m2 ölçüdə 403 manat qiymətində Naz Seram markalı metlax, 1 kvadrat metrəsi 13 manat olan 39,96 m2 ölçüdə 519 manat qiymətində Peres Polis markalı metlax və 1 kvadrat metrəsi 12,5 manat olan 26,72 m2 ölçüdə 335 manat qiymətində Atlas markalı kafellər olan tikinti materialları oğurlamışdır. Bu səbəbdəndə xx.xx.2020-ci il tarixdə şikayət ərizəsi ilə 10-cu PB-nə müraciət etmişdir. Belə ki, oğurluq zamanı ona cəmi 1257 manat ziyan dəymişdir. Oğurluq zamanı anbarda heç bir əmlakı zədələnməmişdir. Anbarda oğurluq baş verən zaman görüntünü əks etdirən video görüntünü təqdim edə biləcəyini demişdir. Anbarda olan tikinti materialların anbardan çıxarılması Ağamirə icazə verilmədiyini, Ağamirə yalnız iş saatında anbarın daxilində tikinti mallarının müştərilərin sifarişi ilə avtomobillərə yüklənməsinə icazə verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Sədərək TM-də icarəyə götürərək işlətdiyi anbardan xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə oğurluq etməsi barədə həmin tarixlərdə müşahidə olunan kamera görüntülərinə baxaraq bilmişdir. Lakin görüntülərdən yalnız xx.xx.2020-ci il tarixə olan görüntünü istintaqa təqdim etmişdir. Digər iki görüntünün texniki səbəbdən çıxarılması mümkün olmamışdır və həmin görüntülər silinmişdir. Ağamirin anbardan 3 dəfə oğurluq etməsi barədə onunla birlikdə anbara gələn Ford Tranzit markalı yük avtomobilinin sürücüsü tarixləri və vaxtları ilə ona dəqiq demişdir. O hər üç hadisənin qeyd etdiyi tarixlərdə saat 18:00 radələrində baş verdiyini bildirmişdir. Ona dəymiş ziyanın 403 manat məbləğində olan metlax xx.xx.2020-ci il tarixdə oğurlandığını və bununla bağlı anbarda X2 ərizəsi əsasında araşdırma aparıldığını və məhkəmə qərarı çıxarıldığını demişdir. Həmin vaxt Muradov Tərlan ziyanı 420 manat kimi göstərsə də həmin vaxt o, Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Lakin özü ölkəyə gəldikdən sonra müəyyən etmişdir ki, həmin tarixdə 1 kvadrat metrəsi 13,5 manat olan 29,88 m2 ölçüdə 403 manat qiymətində Naz Seram markalı metlax oğurlanmışdır. xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərin hansısa birində 519 manatlıq Peres Polis markalı metlax digərində isə 335 manat dəyərində Atlas markalı kafellər oğurlanmışdır.Qeyd etmək istəyir ki, anbarda saxlanılan tikinti materialları markalarına görə sıra ilə yerləşdirilmişdir. Məhkəmə gedişatı dövründə təqsirəndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı ona 1250 manat məbləğində ödəniş edilmişdir. Zərərçəkmiş hüquqi şəxs “xxxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən dəyən ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X5 məxsus Ford Transit markalı **- KH-*** dövlət qeydiyyat nömrəli sərnişin mikroavtobusunu günü 15 manata idarə edərək çörək pulu qazanır. Lakin Orxan ona avtomobili idarə etmək üçün etibarnamə verməmişdir. xx.xx.2020-ci il tarixdə günorta saatlarında Binə TM-nin qarşısında olduğu zaman əvvələr sürücü işlədiyi 195 saylı xətt maşurutundan tanıdığı Ağamir ona yaxınlaşaraq Sədərək TM-də işlədiyi anbarda olan tikinti materiallarını Qaradağ rayonu Ələt qəsəbəsinə aparmaq lazım olduğunu bildirmişdir. Taksi kimi onunla razılaşıb birlikdə Sədərək ticarət mərkəzi 2-ci zona, 18-ci sırada yerləşən 69 nömrəli anbarın qarşısına gəlmişdirlər. Orada Ağamir avtomobildən düşərək anbarın setka qapısı üzərində olan asma qıfılı açaraq içəri daxil olmuşdur. Anbarın içərisində Ağamir qutularda olan kafelmetlax tikinti materiallarını idarə etdiyi avtomobilə yükləyəndən sonra birlikdə Ələt qəsəbəsinə 195 saylı xətt maşurutunun sonuncu dayanacağına getmişlər. Orada Ağamir avtomobilə yüklədiyi kafel-metlaxları yerə boşaltmış və 15 manat taksi pulunu vermişdir. Bu hal 06 və xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində təkrarlanmışdır. Bundan başqa Ağamir kafel-metlaxın oğurlaması barədə ona heç bir söz deməmişdir. Ağamir özünü çox sərbəst aparmaqla kafel-metlax barədə ona bildirmişdir ki, maaşı ona verilmədiyi üçün həmin kafel-metlaxları iş yerindən götürür. Lakin icazəsinin olubolmaması barədə ona bir söz bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Şahid1 bir neçə müddətdir ki, tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. **-KH-*** dövlət nömrə nişanlı ağ rəngli Ford tranzit markalı mikroavtobus atası Şahid2 məxsusdur. Atası həmin mikroavtobusu baş etibarnamə ilə ona vermişdir. O da öz növbəsində ayrı-ayrı vaxtlarda həmin mikroavtobusu çörək pulu qazanmaqdan ötrü 1 günü 15 manat tanışı Rəşada sürmək üçün vermişdir. 2020-ci ilin fevral ayının əvvəllərində mikroavtobus Rəşadda olmuşdur. Şahid1 həmin mikroavtobusla hara getməsi barədə heç bir məlumatı olmamışdır. Baş vermiş oğurluq hadisəsindən xəbəri olmayıb. Şahid1 onun mikroavtobusunu qaçırtmayıb, o mikroavtobusu ona könüllü olaraq vermişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və vurulmuş ziyanı ödəməklə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə əlaqədar xx xxxxx 2020-ci ildən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənilməsi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Qaradağ rayon icra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsinİş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar