Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-198/2023 17.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1993-cü ildə Zaqatala rayonu, Bazar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, “Səbail bağ cəmiyyəti”ndə gözətçi işləyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Bazar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 128 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ki, ondan ötrü ki, o qərəzli hərəkətlərlə xuliqanlıq etməklə yanaşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş, bundan başqa qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 19 dekabr 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsində fəaliyyət göstərən “Dəniz” kafesinin 2-ci mərtəbəsində olan zalda spirtli içki qəbul etdikdən sonra ondan hesabı istəməklərini bəhanə edərək hüquqi və qanuni mənafelərinə toxunulmadığı halda səs-küy salaraq irad bildirməklə özünü cəmiyyətin fövqündə qoyaraq, ətrafda olan insanlara məhəl qoymadan ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək kafenin normal iş fəaliyyətini pozub şəxslər üzərində zor tətbiq edərək kafedə olan X2 nahiyyəsindən qəsdən bir dəfə yumruqla vurub qərəzli hərəkətlərlə xuliqanlıq edərək sonuncuya sağ almacıq qövsündən sağ göz orbitasına keçən qapalı yerinidəyişmiş sınığından ibarət xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurmuşdur. Bundan başqa o, 19 dekabr 2022-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan qəsəbəsi, Lökbatan dairəsində fəaliyyət göstərən “Dəniz” kafesində içdiyi spirtli içkinin hesabına ödəməkdən ötrü Lökbatan qəsəbəsindəki Kapital Bank ATM-dən pul çıxarmaq üçün tanışı Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes-Benz” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə getdiyi zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs2 kafedə baş vermiş hadisə zamanı ona kömək göstərməməsi barədə irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyyəsinə yumruqla bir dəfə zərbə vuraraq qəsdən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan burun qanaxması və şişkinlik fonunda tənəffüsün qismən pozulması ilə müşayiət olunan burun və burunətrafı yumşaq toxumalarının qançır-şiklik halında əziyi və hər iki gözaltı nahiyələrinin qançırlarından ibarət yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 128 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 128 və 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hazırda “Səbail bağ cəmiyyəti”ndə növbəli şəkildə gözətçi işləyir. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir, bu günə qədər də çəkməmişdir. Arabir spirtli içki qəbul edir. Əvvəllər avtomobili olmuş, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş, əsasən Lökbatan dairəsində dayanmışdır. Lökbatan dairəsində olan kafeləri də tanıyır. 18 dekabr 2022-ci il tarixdə axşam saatlarında Qobustan qəsəbəsində tanışları ilə birlikdə bir qədər spirtli içki qəbul etmişdir. Daha sonra Qobustan qəsəbəsindən çıxıb Lökbatan dairəsinə gəlmişdir. Lökbatan dairəsində yerləşən “Dəniz” adlı kafeyə getmək istəmiş, Lökbatan dairəsində yerləşən tağın (arkanın) yanında Vüsalə adı ilə tanıdığı qadınla rastlaşmışdır. Vüsalə orada yerləşən kafelərdə işləyir. Vüsalə ilə birlikdə kafeyə qalxmışlar. Kafedə Zaur ilə rastlaşmışdır. Zauru təxminən 2-3 ildir ki, tanıyırmış. Zaur da Lökbatan dairəsində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin hazırda o bildiyi qədərincə həmin kafeni Zaur işlədir. O Vüsalə adı ilə bildiyi qadınla kafedə masaların birində əyləşib pivə sifariş etmişdir. Vüsalə kafedə işləyən bir qadını da onların masasına dəvət etmiş, həmin qadın da onlarla masada əyləşmişdir. O hər iki qadına da pivə sifariş etmişdir. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində o, masadan qalxıb evə getmək istəmiş, həmin vaxt əlini əynindən çıxarıb kənara qoyduğu qış gödəkçəsinin cibinə atıb pul qabını götürmək istəmişdir. Lakin pul qabı cibində olmamış, həmin vaxt bilmişdir ki, pul qabını itirmişdir. Həmçinin istifadəsində olan telefon da sönmüşdür. O, Zaura yaxınlaşıb demişdir ki, “mənim hesabım nə qədər edirsə mən indi gedim, telefonu yandırıb pulu bank kartına göndərim”. Zaur əvvəlcə ona yaxşı deyib razılaşmış, lakin sonra kənardan bir nəfər ona yaxınlaşıb demişdir ki, “hesabı ver”. O da həmin şəxsə demişdir ki, “Zaura dedim, evə çatıb telefonu açıb bank kartına telefon vasitəsilə hesabı göndərirəm”. Əvvəllər tanımadığı, adını bilmədiyi şəxs onunla hesaba görə mübahisə etmiş, aralarında mübahisə yaranmışdır. Həmin şəxs qəfildən başı ilə onun burun nahiyəsindən zərbə vurmuş, o da həmin şəxsi əli ilə arxaya itələmişdir. Daha sonra kənardan üç nəfər şəxs üstünə hücum çəkib onu döymüşlər. Onun sifət nahiyəsindən xəsarət yetirmişlər. Onu vuran şəxs telefonunu cibindən çıxartdırıb götürmüş, həmin vaxt telefonun ekranı sınmışdır. Dava-dalaş zamanı Zaur onu aralaşdırmağa çalışmış, onun telefonunu da Zaur alıb geri ona qaytarmışdır. O kafedən çıxıb yoldan keçən taksilərin birinə əyləşib evə getmişdir. Ö, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, o dava-dalaş zamanı heç kimi döyməmiş, əksinə onu döymüşlər. Zaurun xəsarət alması ilə bağlı heç bir məlumatı yoxdur. Dava-dalaş zamanı üzərində Samsung Galaxy A7 markalı mobil telefon olmuş, həmin telefonu təxminən 2022-ci ilin mart-aprel aylarında almışdır. Telefonun ekran şüşəsi sınıb, şüşənin sınması nəticəsində ona 150 manat maddi ziyan dəymişdir. Zaur yalan deyir, o Zaurun idarə etdiyi avtomobilə əyləşməmişdir. O ümumiyyətlə Zaur ilə dalaşmamış, onu kafedə döyəndə Zaur kənarda dayanmış, heç nə etməmişdir. O kafedən çıxıb Lökbatan dairəsində üzü Ələt qəsəbəsi istiqamətində taksilərin birinə əyləşib Qobustan qəsəbəsinə, yaşadığı evə getmişdir. Onun Zaur ilə çox yaxınlığı yoxdur, lakin Zaur Kamilgili ilə birgə işlədikləri üçün birgə əlbir olub ona qarşı ifadə verirlər. O, öz ifadəsində son olaraq törətdiyi əməldən səmimi peşman olduğunu, zərərəçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla atasının ağır xəstə olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, adətən fərdi qaydada ev təmiri ustası kimi fəaliyyət göstərir, təmir işi olmayanda axşam saatlarında icarə əsasında idarə etdiyi avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Adətən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi yaxınlığında dayanır. Əsasən Lökbatan dairəsində fəaliyyət göstərən “Dəniz” adlı kafedə olan müştərilərə xidmət göstərir, belə ki, kafedə olan müştərilərdən kiməsə taksi lazım olanda aparır. “Dəniz” kafesi iki mərtəbəlidir. 18 dekabr 2022-ci il tarixdə axşam saatlarında kafenin ikinci mərtəbəsinə qalxmış, görmüşdür ki, yuxarıda iki masada müştəri var. Masanın birində iki nəfər oğlan, digər masada isə bir qız, bir oğlan oturmuşdur. O aşağı düşmüş, bir nəfər müştərini Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığına aparıb geri qayıtmışdır. Kafeyə qalxmamış, biraz aşağıda gözləmişdir. Daha sonra kafenin ikinci mərtəbəsinə qalxmış, yuxarıda Zaur adlı taksi sürücüsünü görüb düşünmüşdür ki, Zaur ordadısa ona ehtiyac yoxdur, o çıxıb getsin. O aşağı düşən zaman 2-ci mərtəbədən səs-küy gəlmiş, o geri qayıtmışdır. Geri qayıdanda müştərinin ofisiant qadınla mübahisə etdiyini, ofisiant qıza “qızı sən qaçırtdın” dediyini görmüşdür. O müştəriyə yaxınlaşıb onu sakitləşdirməyə çalışmışdır. O müştəriyə yaxınlaşana qədər müştəri ofisiant qızdan kart nömrəsi də istəmişdir. O müştərini sakitləşdirmək istəyən zaman müştəri onun sağ gözaltı nahiyəsindən zərbə vurmuş, o geriyə yıxılmışdır. Müştəri həmin vaxt qışqırırmış, Zaur ora yaxınlaşıb müştərini sakitləşdirməyə çalışmışdır. Çünki Zaur həmin müştərini tanıdığını, həmin müştərini aparıb həm sakitləşdirəcəyini, həm də hesabı müştəridən alacağını bildirmişdir. Onlar sonradan bilmişlər ki, Zaur müştərini öz avtomobilinə əyləşdirib aparan zaman müştəri Zaurun sifət nahiyəsindən yumruqla vuraraq Zaura xəsarət yetirmişdir. Daha sonra onlar DİN-in 102 xidmətinə məlumat vermişlər, 10-cu Polis bölməsində ərizə yazmışlar. O, Respublika X9 müraciət etmiş, sağ gözaltı sümüyü sınmışdır. O, kafedə olan müştərini tanımamış, lakin sonradan həmin şəxsin adının Mail olduğunu bilmişdir. O müştəri qismində kafedə olan Mail adlı şəxsə yaxınlaşıb ofisiant qızla aralarına girib aralaşdırmağa çalışmışdır. Mail adlı müştəriyə demişdir ki, “qardaş gəl kənara, sənə problem lazımdı?”. O sözünü deyən zaman Mail onun sağ gözaltı nahiyəsindən yumruqla zərbə vurmuş, o geriyə yıxılmışdır. Dava-dalaş zamanı o heç kimə xəsarət yetirməmişdir. Münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, özünə məxsus “Mercedes Benz E200” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Lökbatan dairəsində dayanır. O, Lökbatan dairəsində dayanır, lakin ən çox Lökbatan dairəsində fəaliyyət göstərən “Dəniz” kafesinin müştərilərinə xidmət göstərir. “Dəniz” kafesini Gültəkin adlı qadın işlədir, həmçinin kafeyə Kamil adlı şəxs də nəzarət edir. 18 dekabr 2022-ci il tarixdə saat 23 radələrində o, “Dəniz” kafesinin ikinci mərtəbəsində oturmuşdur. Əvvəllər tanıdığı Mail adlı şəxs kafeyə bir nəfər yanında qadınla gəlmişdir. Mail ilə bir-birilərini tanıdıqları üçün Mail onunla salamlaşmış, öpüşüb görüşmüşdür. Həmin vaxt Kamil ondan soruşmuşdur ki, “bu adamı tanıyırsan?, düzgün adama oxşamır”. O da Kamilə demişdir ki, “narahat olma, pis adam deyil”. Mail yanındakı qadınla masaların birində əyləşib pivə sifariş vermişdir. Mail təxminən bir saatdan çox oturmuş, yanındakı qadın durub getmişdir. Daha sonra hesabı gətirmişlər. Mail demişdir ki, “hesabı vermirəm”. Maildan hesabı ödəməməsinin səbəbini soruşanda demişdir ki, “yanımdakı qadın getdi, ona görə mən də hesabı vermirəm”. Mail kafedə olan Sevdanın üstünə gedib demişdir ki, “mənim yanımdakı qızı tanıyırsan, sən bilərsən o hara getdi”. Sevda adlı müştəri də Mailə demişdir ki, “mən hardan bilim sənin yanındakı qadın hara getdi”. Bu zaman Kamil Mailə yaxınlaşıb demişdir ki, “sənin qızla nə işin var?, sən hesabını ödə”. Mail Kamilə demişdir ki, “sən kimsən?”. Kamil də Mailə demiş ki, “mən bura nəzarət edən şəxsəm, hesabı ödə”. Kamil ona demişdir ki, “sənə dedim axı bu problemli adamdır, mən bu şəxsi sənə görə kafeyə buraxdım”. Mail Kamili itələmiş, Kamil Mailin üstünə gəlib demişdir ki, “sən hesabı vermirsən, üstəlik məni də itələyirsən”. O, Mailə demişdir ki, “səni mənə görə kafeyə buraxıblar, niyə problem yaradırsan, hesabı ödə çıx get”. Mail qışqıra-qışqıra danışırmış, Kamilə yaxınlaşıb yumruqla Kamilin sağ göz nahiyəsindən zərbə vurmuşdur. Daha sonra Kamil də Mailin sifət nahiyəsindən yumruqla zərbə vurmuşdur. O tez araya girib onları aralaşdırmış, Maili kafedən bayıra çıxartmağa çalışmışdır. Maili bayıra çıxarıb yola salmış, Mail yenidən kafeyə qayıdıb səs-küy salıb Kamilə demişdir ki, “sən məni niyə vurdun?”. Kamil də Mailə demişdir ki, “əvvəlcə sən məni vurdun deyə mən də səni vurdum”. O, yenidən araya girib Maili öz idarə etdiyi avtomobilə əyləşdirmişdir. Mail ona demişdir ki, “məni Lökbatanın içərisinə apar, orda düşürt”. O Maili aparan zaman Mail onun avtomobilinin salonundakı güzgünü yumruqla vurub sındırmışdır. O, Maildən güzgünü niyə sındırdığının səbəbini soruşanda, Mail demişdir ki, “sən məni niyə kafedə müdafiə etmədin, məni döydü, sən məni qorumadın”. O da Mailə demişdir ki, “sən Kamili vurmusan, ona görə də Kamil səni vurdu”. Mail onun burun nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuş, o sükanı birtəhər saxlamış, Mail qapını açıb qaçmışdır. O kafeyə qayıtmış, burnunun qanını yumuşdur. Daha sonra o da Kamil də DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermişlər, məlumat əsasında 10-cu Polis bölməsinə yaxınlaşıb hadisə barəsində ərizə ilə müraciət etmişlər. Münaqişə zamanı o heç kimə xəsarət yetirməmiş, Kamil ilə Mail bir-birilərini yumruqla vurub, biri-birlərinə xəsarət yetirmişlər. Münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Mail hesabı ödəmək istəmədiyinə görə Kamil ilə aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı kafedə bir-iki nəfər kafedə ofisiant işləmiş qızlardan olmuş, həmin qızlar da hazırda kafedə işləmirlər. Mail onun idarə etdiyi avtomobilin güzgüsünü sındırması nəticəsində ona 50 manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını, odur ki, CMnin 128-ci maddəsi ilə işə xitam verilməsini, digər maddə ilə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, fərdi qaydada özünə məxsus “Kamaz” markalı avtomobil ilə yük daşıyır. O, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Lökbatan dairəsinin yaxınlığında fəaliyyət göstərən “Dəniz” kafesinə tez-tez gedib gəlir. Belə ki, Bakı şəhərinə yük avtomobillərinin daxil olması saat 22.00-dan icazə verilir. O da hər dəfə avtomobildə yük ilə gələndə saat 21 radələrində Lökbatan dairəsində avtomobili saxlayıb bir saat müddətində Dəniz kafesində oturub çay içib işinə gedir. Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, Qobustan qəsəbəsindən tanıyır. Kamil ilə Zauru isə təxminən 6-7 aydır ki, tanıyır. Hamısı ilə münasibəti normaldır. Adlarını çəkdiyi şəxslərin heç biri ilə ədavət və düşmənçiliyi olmamışdır. 19 dekabr 2022-ci il tarixdə saat 20 radələrində o Lökbatan dairəsində yerləşən “Dəniz” kafesinə gəlmişdir. Həmişəki kimi oturub çayını içmişdir. Kafeni işlədən Kamil ona yaxınlaşıb demişdir ki, “sənin tanışın Mail bizdən şikayət edib”. O, Mailə zəng edib demişdir ki, “Mail sən Kamil ilə Zaurdan şikayət etmisən, Zauru Polis bölməsinə çağırıblar”. Mail da ona demişdir ki, “gecə məni orada Kamil, Zaurgili döyüblər, ona görə mən də 102 xidmətinə zəng vurub şikayət etmişəm”. Həmin vaxt Kamil də ona demişdir ki, “gecə Mail ilə aramızda dava-dalaş olub, Maili döymüşük, Mail də bizi döyüb”. O, Mailə telefonda demişdir ki, “ayıbdır, şikayət eləmə, birbirimizlə çörək kəsirik, sən şikayətini geri götür”. Mail də ona demişdir ki, “mənim telefonumu sındırıblar, heç olmasa telefonumu düzəltdirsinlər, sənə qurbandı, mən şikayətimi geri götürürəm”. O, Mailə demişdir ki, “telefonu qoy kənara, sən şikayətini geri götür məsələ bağlansın”. Mail də ona baş üstə deyib razılaşmışdır. Təxminən 1-2 gün sonra Maili o, Qobustan qəsəbəsində görmüş, Mailin gözlərinin altı göyərmişdir. Mail ilə söhbət zamanı bildirmişdir ki, gözünün altındakı göy kafedə Kamil, Zaurgili tərəfindən döyülmələri nəticəsində yaranmışdır. O, həmçinin bildirmək istəmişdir ki, o Kamilin işlətdiyi kafeyə demək olar ki, hər gün gedirmiş, Mail ilə Kamilgilin aralarında dava-dalaş olmamışdan təxminən 3-4 gün əvvəl Kamilin kiminləsə davası olmuş, Kamilin qolu sarıqlı olmuş, sifət nahiyəsi də əzilmişdir. Mail ilə Kamilgilin məsləsindən sonra o, Kamilin işlətdiyi kafeyə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən iki ildir ki, Qaradağ rayonu, Lökbatan dairəsində yerləşən “Dəniz” adlı kafeni icarə əsasında işlədir. Kafe demək olar ki, hər gün saat 15 radələrində açılır, gecə saat 01 radələrinə qədər fəaliyyət göstərir. 19 dekabr 2022-ci il tarixdə saat 02 radələrində kafenin birinci mərtəbəsində olan zaman kafedə oxuyan adını xatırlamadığı qızlardan biri aşağı düşüb qışqırmışdır ki, “Kamili vurdular”. O tez yuxarı qalxmışdır. O yuxarı qalxanda görmüşdür ki, Kamil üzünü tutmuş, bir nəfər müştəri də kafenin içərisində ofisiant qızlardan biri ilə mübahisə edir. O, mübahisənin səbəbini soruşanda məlum olmuşdur ki, müştəri hesabı vermək istəmir, yanında gələn qız çıxıb getdiyi üçün ofisiant qızla mübahisə edir. O demişdir ki, “heç nə etmək lazım deyil, polisə zəng vurub çağırın”. Bu zaman müştəri qismində gəlmiş Mail adlı şəxs kafenin içərisində olan dəmir podnosu götürüb başına vurmağa başlamışdır. Zaur ona demişdir ki, “polisə müraciət etmək lazım deyil, mən Maili tanıyıram, imkan verin söhbət edib başa salım”. Zaur Mail ilə söhbət edirmiş, Mail isə qışqırmışdır. Maili birtəhər aşağı düşürtmüşlər, Zaur Maili götürüb aparmışdır. O, kafeni bağlayıb getmişdir. Onlar yolda olan zaman Zaur zəng edib demişdir ki, “məni vurdu, qayıdın geri”. Onlar geri qayıtmışlar, kafeyə çatanda görmüşlər ki, Zaur kafenin qarşısında oturub, burnu qan içindədir. O, kafeni açmış, Zaurun əl-üzünü yumuşlar. Onlar polis əməkdaşlarına zəng edib çağırmışlar. Kamil ilə Zaur 10-cu Polis bölməsində ərizə yazmışlar, daha sonra Zaur ilə Kamil xəstəxanaya müraciət etmişlər. Mail yalan deyir, Mailin telefonunun sındırılmasından xəbəri yoxdur, Maili heç kim döyməmiş, çünki kafedə heç kim olmadığından kafeni artıq bağlayırmış, Mail demişdir ki, “pulum kartdadır, gedək çıxarıb verim”. O da razılaşmış, Zaur Mail ilə getmiş, bir qədər keçmişdir ki, Zaur zəng edib demişdir ki, “Mail məni vurdu, geri qayıdın”. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Qaradağ rayon şöbəsinin 10 yanvar 2023-cü il tarixli, 945 №-li rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – burun qanaxması və şişkinlik fonunda tənəffüsün qismən pozulması ilə müşayiət olunan burun və burunətrafı yumşaq toxumalarının qançır – şişkinlik halında əziyi və hər iki gözaltı nahiyələrinin qançırları bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X9 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Qaradağ rayon şöbəsinin 17 avqust 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə aldığı xəsarətə dair 945 №-li rəyin nəticə hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixi texniki səhv olduğundan Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətin vaxtı xx.xx.2022-ci il tarix kimi qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Qaradağ rayon şöbəsinin 13 yanvar 2023-cü il tarixli, 943 №-li rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – sağ almacıq qövsündən sağ göz orbitasına keçən qapalı, yerinidəyişmiş sınığı bərk küt əşya təsirindən, müayinədən 2-4 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Qaradağ rayon şöbəsinin 13 mart 2023-cü il tarixli, 165 №-li rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində hər hansı xəsarət aşkar olunmadı. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən aydın olur ki, 12 noyabr 2016-cı il tarixdə doğulmuş X5 və 22 yanvar 2018-ci il tarixdə doğulmuş X7 atası Təqsirləndirilən şəxsdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3, 128 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-198/2023 saylı, 17 avqust 2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrinə olan münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 04 mart 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 41 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət təqibinə xitam verilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-198/2023 saylı, 17 avqust 2023-cü il tarixli qərarı nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CMnin 221.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanını hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş yaşayış yerini hər gün gecə saat 00:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək vəzifəsi, onun iş növbəsində işdə olduğu vaxtlara aid edilməsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-198/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-198/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver