Məhkəmə qərarları › İş №1(002)-199/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-199/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-199/2023 01.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.2002-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 01 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu götürülmüş, Qubadlı şəhəri, Qubadlı rayonunda qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Qayınana” şadlıq sarayının həyətyanı sahəsində Zərərçəkmiş şəxs qarşı etdiyi zarafat qarşılığında ona bildirilən iradı qəbul etməyərək, hüquq və qanuni mənafelərinə toxunmadığı halda özünü cəmiyyətin fövqündə qoyub, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək, heç bir əsaslı səbəb olmadan, başı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə zərbə vurub yerə yıxaraq sonuncuya, sol gözaltı nahiyənin qançır – zəif şişkinliyi, sağ kürək nahiyəsinin sıyrığı ilə müşayət olunan sağlamlığa zərər vurmayan, habelə burun nahiyəsinin qançır – şişkinliyi və zəif qanaxması ilə müşayiət olunan burun sümüyünün qapalı, yerinidəyişməyən sınığı (cərrahi müdaxiləyə ehtiyacı olan), burun belinin deformasiyası (sağa doğru bir qədər əyilməsi) ilə müşayiət olunan, həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qayınana” adlı şadlıq sarayında toy mərasimində olmuşdur. Həmin toy məclisində onun qəsəbə sakini kimi tanıdığı Teymur da olmuşdur. Həmin gün qədərindən artıq spirtli içki qəbul etmiş və Zərərçəkmiş şəxs də sərxoş vəziyyətdə olmuşdur. Həmin gün axşam radələrində şadlıq sarayının qapısından çıxıb getmək istəyən zaman zalın qapısının ağzında olan zaman Teymur ilə zarafat etmişdir. Təxminən 10-15 saniyə sonra şadlıq sarayının dəhlizindəki qapıdan çıxmaq istəyərkən Teymur onun çiyin tərəfdən paltarından tutub onu geriyə çəkmiş, sifət nahiyəsindən başı ilə zərbə vurmuşdur. Teymurun vurduğu zərbə onun burun nahiyəsinə dəymiş, daha sonra o da Teymurun sifət nahiyəsindən başla zərbə vurmuş, zərbə Teymurun burnuna dəymiş, hər ikisinin burnundan qan gəlmişdir. Ətrafda olan adamlar onları ayırmışdır.Törətdiyi əməldən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxslə barışıb. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Qayınana” şadlıq sarayında toy məclisində iştirak etmişdir. Məclisdə qəsəbə sakini Osman da iştirak etmişdir.Şadlıq sarayının dəhlizində dayanıb telefonla danışmaq istədiyi zaman Osman yanından keçəndə ona çiyin atıb keçmiş, Osmanın sərxoş olduğunu görüb fikir verməmişdir. Biraz keçəndən sonra şadlıq sarayının içərisində Osman yenidən ona çiyinlə möhkəm vurmuş, o Osmana iradını bildirmişdir. Osman da ona demişdir ki, “gəl çıx çölə səninlə söhbətim var”. Osmanla şadlıq sarayının həyətinə çıxmış, çölə çıxan kimi Osman onun yaxasından tutmuş, başla burun nahiyəsindən zərbə vurmuş zərbənin təsirindən huşunu itirib yerə yıxılmış, ayılıb özünə gələndə görmüşdür ki, şadlıq sarayının həyətində polis əməkdaşları vardır. Həmin polis əməkdaşları onları Qaradağ RPİ-nin 38-ci PB-yə aparmışdır. Baş verən hadisə zamanı Osman onu başla vurandan sonra burnu sınmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayəttələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbə ərazisində polis serjantları Şahid3 və Şahid4 ilə xidmətdə olan zaman, axşam radələrində həmin ərazidə yerləşən “Qayınana” şadlıq evinin qarşısında olan parkın yaxınlığı ilə hərəkət edən zaman 1(bir) nəfər şəxsin sifəti və paltarında qan ləkələri ilə səs küy salaraq hərəkət etdiyini görmüşlər. Onlar dərhal həmin şəxsə yaxınlaşmış və onun kim olduğu onlara məlum olmuşdur. Həmin şəxsin Qızıldaş qəsəbə sakini Teymur olduğunu bilib, həmin şəxsdən nə üçün üstü başının qan olduğunu və hansı səbəbdən səs küy yaratdığını soruşmuşlar. Bu zaman Teymur adlı şəxs əvvəlcə yıxıldığını bildirərək onları aldatmağa çalışmış, daha sonra isə Qızıldaş qəsəbə sakini Osman adlı şəxs tərəfindən vurulduğunu bildirmişdir. Bu zaman Osman adlı şəxsin Qayınana restoranının qarşısı ilə hərəkət etdiyini görmüş, Osman adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra isə hər iki şəxsi 38-ci PB-yə dəvət etmişlər. Məhkəmə iclasında şahidlər Qaradağ RPİ-nin PPXB-nin polis nəfəriləri Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 01 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Qaradağ rayon şöbəsinin 01 fevral 2023-cü il tarixli 03/778 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - burun nahiyəsinin qançır – şişkinliyi və zəif qanaxması ilə müşayiət olunan burun sümüyünün qapalı, yerinidəyişməyən sınığı (cərrahi müdaxiləyə ehtiyacı olan), burun belinin deformasiyası (sağa doğru bir qədər əyilməsi), sol gözaltı nahiyənin qançır – zəif şişkinliyi, sağ kürək nahiyəsinin sıyrığı xəsarətləri bərk küt əşya təsirindən, xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcələrinə görə burun nahiyəsinin qançır – şişkinliyi və zəif qanaxması ilə müşayiət olunan burun sümüyünün qapalı, yerinidəyişməyən sınığı (cərrahi müdaxiləyə ehtiyacı olan), burun belinin deformasiyası (sağa doğru bir qədər əyilməsi) xəsarətləri sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, sol gözaltı nahiyənin qançır – zəif şişkinliyi, sağ kürək nahiyəsinin sıyrığı sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X1 tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar