Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-199/2024 03.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 10 oktyabr 2023-cü il tarixdə səhər saat 07 radələrində yaşadıqları ünvan 3 ünvanında yerləşən 68 nömrəli mənzilin qonaq otağında həyat yoldaşı Zərərçəkmiş şəxs ona xəyanət etməkdə günahlandırıb mübahisə edib dalaşaraq ailə münasibətləri zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs saçından tutub döşəməyə çırparaq, yumruq və sillə ilə sifət nahiyəsindən zərbə vuraraq sonuncuya sağ qaşın bayır səthinin əzilmiş yarası, sağ qulaq pərdəsinin travmatik perforasiyası və orta otiti (birincili dərəcə ağıreşitmə), başın alın, sol qaşüstü, sol gözaltı, boyun, sol said və sağ bazu nahiyələrinin qançırları ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ayın 9-u axşam 10-na keçən gecə idi. Tam uzanıqlı vəziyyətdə divanda uzanıb yuxuya getmişdir. Yuxudan ağrıya görə oyanmış Zərrini onun üstünə çıxıb onu bıçaqla vurduğunu görmüşdür. Oda Zərrini saçından tutaraq çölə çıxarmışdır. Daha sonra təcili yardım və polisə zəng vurmuşdur. Ona verilən suallara əlavə olaraq bildirmişdir ki, o zərərçəkmiş şəxsi vurmamışdır. Zərərçəkmiş onu vurub deyə ağrıya görə yuxudan oyanmış və bıçağı onun əlindən alıb onu evdən qovmuşdur. Təcili yardımın işçiləri gələndə onlara da yuxulu olduğunu bildirmişdir. Ekspert rəyi ilə razı deyildir. Zərrinin ona xəyanət etdiyi üçün uşaqları onun əlindən alacağını demiş, Zərri də ona görə onu bıçaqla vurmuşdur. O, öz ifadəsində son olaraq iki yazyaşlı uşağına görə ayda 500 manat aliment ödəməsini, o yatılı olan zaman Zərrinin onu bıçaqladığnı, hadisədə heç bir təsqsirinin olmamasını nəzərə alaraq məhkəmədən ona bəraət verilməsi xahiş etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müqavilə bağladığı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi əsəb xəstəliyindən bu günə qədər əziyyət çəkməmiş, bu gün də əziyyət çəkmir. 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur. Onların xx.xx.2021-ci il tarixdə qızı X4 və xx.xx.2022-ci il tarixdə isə oğlu X5 doğulmuşlar. 2023-cü ilin oktyabr ayında aralarında münaqişə baş verən günə qədər münasibətləri yaxşı olmuşdur. O əvvəllər istintaqa hadisə barəsində tam şəkildə ifadə vermişdir. Hazırda da bildirir ki, 09 oktyabr 2023-cü il tarixdə mobil telefonu xarab olduğundan Zərrinin istifadəsində olan telefonu götürüb işlədirmiş. O Zərrinin istifadə etdiyi instaqram sosial şəbəkəsindəki profilinə baxanda başqa biri ilə yazışmalarını görmüşdür. Daha sonra Zərrinin istifadə etdiyi “whatsapp” proqram təminatına baxmış. Zərrinin Rəhman adlı şəxs ilə yazışmalarını görmüşdür. O yazışmalarında bir-birilərinə sevgiyə aid videolar, yazılar yazdıqlarını aşkar etmişdir. Bu barədə aralarında münaqişə yaranmışdır. O Rəhman adlı şəxs ilə görüşmək istəmiş, lakin Rəhman onunla görüşdən yayınmışdır. O Zərriyə demişdir ki, “sabah səni atanın evinə yola salacam, uşaqlar məndə qalacaq, sənə uşaq verməyəcəm”. O, 10 oktyabr 2023-cü il tarixdə saat 04 radələrində yaşadıqları evin qonaq otağındakı divanda yatmışdır. Yatmamışdan əvvəl o istifadəsində olan mobil telefonda saat 06:00-a zəngli saat qurmuş ki, birdən Zərri uşaqları da götürüb qaçıb gedər. 10 oktyabr 2023-cü il tarixdə saat 06 radələrində divanda yatdığı halda bıçaq zərbələrinə ayılmışdır. O gözünü açan zaman görmüş ki, Zərri başının üstündə dayanıb ona bir də bıçaqla zərbə atmaq istəyir. O sol əli ilə bıçağın kəsici hissəsindən tutmuş, həmin vaxt sol əlinin barmağı da kəsilmişdir. Bundan sonra divandan qalxıb bıçağı Zərrinin əlindən aldıqdan sonra kənara atmış, Zərrini də evdən qovmuşdur. O nə həmin günü, nə də ondan əvvəl Zərrini vurmamış, döyməmişdir. Daha sonra o TTYS-na zəng edərək məlumat vermiş, həkim çağırmışdır. Daha sonra dostu Rasim, daha sonra Coşquna zəng vurub hadisə barəsində məlumat vermişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərrinin məhkəmə-tibbi ekspertizasında göstərilmiş xəsarətləri o yetirməmişdir. Həmin xəsarətləri Zərri özü-özünə yetirmişdir. O Zərrinin saçından tutub evdən qovan zaman Zərri onun əlini dişləyirmiş, o da əlini Zərrinin ağzından çıxarmış və evdən çölə atmışdır. O bir daha bildirir ki, hadisə zamanı Zərrini döyməmiş, xəsarət yetirməmişdir. O daha ağır cinayət hadisəsinin baş verməməsindən ötrü Zərri ilə qarşılaşmaq, üz-üzə gəlmək istəmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o Fəridlə 2019-cu ildən ailə qurmuş, 2021-ci il də birinci uşaqları 2022-ci il də isə ikinci uşaqları doğulmuşdur. Hadisə olan günə kimi hər bir ailədə olan problemləri çıxmaqla ümumilikdə münasibətləri yaxşı olmuşdur. Fəridin öz telefonu xarab olmuşdur deyə sosial şəbəkəyə girmək üçün onun telefonunu götürmüşdür. Fərid telefona baxandan sonra onu yüksək səslə yanına çağırmışdır. Fərid telefonda olan bir mesajı ona göstərərk bu mesajın kim tərəfindən yazıldığını və o şəxsin kim olduğunu ondan soruşmuşdur. Oda bu mesajda nəsə bir ciddi bir şey olmadığını köhnə iş yoldaşının sadəcə ona internetdən gülməli bir video atdığını, oda qarşılığında ona gülmək “smayliki” atdığın izah etmişdir. Sonra Fərid onu vurmuş və daha sonra həmin şəxsə telefonla zəng vurmuşdur. Sonra evin qapısını bağlayıb telefonuda götürüb getmişdir. Fərid evə axşam qayıtmış və ona uşaqları yatızdırmasını, sabah gedib boşanacaqlarını bildirdikdən sonra divanda uzanıb yuxulamışdır. Sonra ayın 10-u səhər saat 7 radələrində o uşaqları baxçaya aparmaq üçün yuxudan oyanıb hazırlaşan zaman onun ayaq səslərinə Fərid yuxudan ayılmış və onun uşaqlarıda götürüb evdən qaçacağını düşünərək onu döyməyə başlamışdır. Daha sonra divanın yanında saxladığı qatlanan bıçağını açaraq ona tərəf tutub onu öldürəcəyi ilə hədələmişdir. O da qəfildən tez bıçağı Fəridin əlindən almışdır. Fərid bıçağı onun əlindən alacağını düşünmədiyi üçün bıçağı əlində boş saxlamışdır. O bıçağı Fəriddən aldıqdan sonra Fərid onun üstünə gəlmişdir. Oda yerə yıxılmışdır. O yerdə olan zaman bıçağı əlində bərk tutduğu üçün bıçaq Fəridə dəymişdir. Fərid onu yumuruqla vuraraq burnunu sındırmışdır. Sonra onun saçından tutaraq evdən çölə çıxartmışdır. O dərhal qonşuya gedib ondan kömək istəmiş, onun telefonu ilə təcili yardım və polisə zəng vurub məlumat vermişdir. Ona verilən suallara əlavə olaraq bildirmişdir ki, o qəsdən Fəridi bıçaqla vurmamışdır. Fərid birinci bıçağı onun üstünə tutub onu hədələmiş, sonra ondan bıçağı qəfil alıb və özünü qoruyaraq Fəridin onun üzərinə gəlməməsini bildirmişdir. Sonra Fərid onun üstünə yıxılmış bıçaq ona batmış, sonra Fəriddə onun burnunu sındırmışdır. O hadisə ilə bağlı təcili yardım və polisə xəbər etmişdir. Daha sonra təcili yardımın işçiləri gələn kimi düşüb blokun qapısını açıb onları mənizlə kimi qaldıraraq Fəridə kömək etməklərinə şərait yaratmışdır. Onun özünündə üzü-başı qan olsada təcili yardımın işçilərinə onun köməyə ehtiyacı olmadığını, əsas Fəridə yardım etmələrini xahiş etdiyini bildirmişdir. O öz ifadəsində daha sonra təqsirləndirilən şəxslə barışmadığını və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Ruhi əsəb xəstəliyindən bu günə qədər əziyyət çəkməmiş, bu gün də əziyyət çəkmir. O istintaqa ilkin verdiyi ifadəsini bir daha təsdiq edərək bildirir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakultəsini bitirmişdir. 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur. Onların nikahdan xx.xx.2021-ci il tarixdə qızı X4, xx.xx.2022-ci il tarixdə isə oğlu X5 doğulmuşdur. Bu günə qədər Fəridlə bir-birilərini möhkəm sevmişlər, onlar sevib ailə həyatı qurmuşlar. Düzdür, hər bir ailədə olduğu kimi Fəridlə aralarında ailə daxili kiçik münaqişələri olmuş, lakin onların aralarında bu günə qədər heç bir ciddi münaqişə baş verməmişdir. Fəridlə ailə həyatı qurduqdan sonra bu günə qədər müxtəlif yerlərdə, müxtəlif işlərdə çalışmışdır. Lakin maddi vəziyyətləri aşağı olmuş, daim onun valideynləri onların ailəsinə maddi dəstəkdə olmuşdur. Evləndikdən sonra evdar qadın olmuş, heç bir yerdə işləməmişdir. Fəridlə ailə həyatı qurandan bu günə qədər Fəridin pis vərdişləri olmuş, o və Fəridin öz iradəsi ilə pis vərdişlərdən uzaqlaşmağı bacarmışdır. 2022-ci ilin oktyabr ayında Fərid oğurluq cinayəti ilə bağlı istintaqa cəlb edilmiş. Məhkəmə barəsində azadlığın məhdudlaşdırılması cəzası çıxarmış, ayağına qolbaq vurulmuşdur. Lakin bir müddət cəzanın şərtlərinə riayət etməmiş, evə gecələr gec gəldiyindən barəsində 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin müddətdə o uşaqlarla birlikdə həm atasıgilin yaşadığı evdə, həm də öz evində yaşamışdır. Fərid 01 aprel 2023-cü il tarixdə azadlığa buraxılmış. Azadlığa çıxandan heç bir işlə məşğul olmamışdır. Valideynlərinin köməkliyi ilə dolanmışlar. Fərid 2023-cü ilin avqust ayında “Atelyer 61” restoranında aşbaz köməkçisi vəzifəsində çalışmış, 350 manat maaş alırmış. O isə 2023-cü ilin sentyabr ayının əvvəlində "xxxx" MMC-də ofis meneceri vəzifəsində çalışmış, bir ay müddətində işləmiş, sonra öz ərizəsi ilə çıxmışdır. O ofis meneceri vəzifəsində çalışdığından şirkətin bir çox işçiləri ilə əlaqəli işləmiş, onun nömrəsini çox işçilər bilmiş, ona mütəmadi olaraq işlə bağlı yazıb zəng etmişlər. Ona işdən çoxlu zənglər gəldiyindən Fəridlə aralarında bu barədə mübahisələr yaranmış, Fərid qısqandığı üçün o öz arzusu ilə işdən çıxmışdır. İş yoldaşlarının çoxunda onun instaqram hesabı adı olmuş, onda da iş yoldaşlarının instaqram hesabı olmuş, bir-birilərinın aralarında yazışmaları olmuşdur. Lakin onun iş yoldaşı və ya başqa bir oğlanlarla əxlaqsız, xəyanət edəcək heç bir hərəkəti olmamışdır. 09 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Fərid onun telefonuna baxan zaman instqramda Rəhman adlı iş yoldaşı ona video atdığını, onun da Rəhmana gülərək reaksiya verdiyini görüb əsəbləşmişdir. O da Rəhmana “whatsapp” vasitəsi ilə yazaraq bildirmiş ki, “Fərid sənin mənə instqramda video atdığına görə əsəbləşib, sənə nəsə yazsa cavab vermə ki, Fərid əsəbi oğlandı, ağır hadisə baş verməsin”. Həmin vaxt Fərid hamamda olmuş, o yazışmanı silməmişdir. Çünki onun qeyri-əxlaqi bir hərəkti olmamışdır. Fərid hamamdan çıxıb onu qonaq otağına çağırmış, əsəbi halda qışqırıb ondan nə baş verdiyini soruşurmuş, Fərid elə başa düşmüş ki, o Fəridə xəyanət etmiş. Lakin o da Fəridin sakitləşməsini, sakit tərzdə söhbət edib məsələyə aydınlıq gətirilməsini istəmişdir. Fərid qışqırıb onu xəyanət etməkdə günahlandırırmış. O mobil telefonunu götürüb ortada heç bir pis hərəkət olmadığını göstərmək istəyəndə Fərid onun əlindən telefonu almış, onun “whatsapp” proqram təminatına daxil olmuş, orada onun Rəhmana yazdığını görüb daha da çoşmuşdur. Fərid onun üz nahiyəsindən bir dəfə sillə ilə zərbə vurmuş, əli böyük olduğundan sifət və qulaq nahiyəsindən dəymiş, qulağı hələ də ağrıyır. Fərid onun istifadəsində olan nömrənin “whatsapp”dan zəng etmiş, Rəhman zəngi açanda qarşı tərəfdə Fəridin olduğunu başa düşdüyündən zəngi bağlamışdır. Fərid bu hərəkətdən çox hiddətlənmiş, bir neçə dəfə Rəhmana zəng etmiş, lakin Rəhman zənglərə cavab verməmişdir. Fərid əsəbləşib geyimini dəyişib Rəhmanı axtarmaq üçün evdən çıxıb getmişdir. Fərid əlində açılıb bağlanan bıçağını, beşbarmağı, onun da mobil telefonunu götürüb aparmışdır. O evdə oturmuşdur. Fərid saat 21 radələrində evə qayıtmış. Qızları Zeynəb oyaq olmuş, Fəridin yanına gəlmişdir. Fərid sakit halda uşaqla oynamışdır. Zeynəb Fəridin yanında olan zaman ona demiş ki, “uşaqları baxçaya qoyacam, biz də Asan xidmətə gedəcəyik, boşanma ərizəsi yazırıq, uşaqlardan imtina edirsən, mən aliment verməyəcəm”. O da Fəridə demiş ki, “Fərid uşaqla oynayırsan, bu söhbətlərin yeri deyil, səhər açılsın söhbət edərik”. O qızı götürüb yatızdırmağa aparmış, Zeynəbin yanında uzanmış, Zeynəb yatmışdır. Həmin vaxt Fərid otağa daxil olub onu çağırmış, o Fəridin yanına getmişdir. Fərid ona demiş ki, “bildin ki, Rəhman zəngimə cavab verdi”. O da Fəriddən nə danışdıqlarını soruşmuş, Fərid demiş ki, “Rəhman mənə dedi ki, Zərri mənim iş yoldaşımdır, nə olub ki?, mən Rəhmanı elə eliyərəm, belə edərəm”. Fərid Rəhmanı hədələmişdir. Fərid çox danışdığından, o artıq hövsələdən çıxıb Fəridə demiş ki, “Fərid özün bilərsən, get nə bilirsən elə, öldürürsən, doğruyursan nə edirsən özün bilərsən, mən gedib yatıram”. O yatandan sonra Fərid gecə saatlarında çıxıb getmiş, səhərə yaxın evə qayıtmışdır. Evə gələndə sonra çimib, yemək yeyib, sonra qonaq otağındakı divanda yatmışdır. Ümumiyyətlə oğlu Fəxri saat 05 radələrində oyandığı üçün o da tez oyanır. Saat 06 radələrində o yuxudan oyanıb hamam otağına əl-üzünü yumaq üçün gedirmiş. Otağın döşəməsində gəzəndə səs etdiyindən Fərid ani yuxudan ayılıb ondan hara getdiyini soruşmuş. Fərid elə zənn etmiş ki, o uşaqları götürüb evdən qaçır. O Fəridə demiş ki, “hamama gedirəm əl-üzümü yuyacam”. Uşaqlar da oyandığından səhər 07.30 radələrində uşaqları da hazırlaşdırıb bağçaya aparacağını demişdir. Fərid əsəbləşib demiş ki, “sənə demədim ki, uşaqları mən bağçaya aparacam?”. Fərid söhbət edə-edə onu yanına çağırmışdır. Fərid divanda yatmış, bıçaq, beşbarmağı da yanında qoymuşdur. O divanın bir küncündə oturmuşdur. Fərid ondan uşaqları alacağını deyəndə o özündən çıxmış, əsəbləşib demiş ki, “sən nə danışırsan, mən nə etmişəm ki, uşaqları məndən alırsan?”. Fərid onu əxlaqsızlıqda günahlandırıb onu təhqir etmiş. O da Fəridə demiş ki, “sən məni əxlaqsızlıq edəndə görmüsənmi?, kiminləsə yataqda tutmusanmı?”. Fərid onun cavab qaytardığını görəndə daha da əsəbləşmiş. O divanda oturduğu yerdən Fərid onun saçından tutub möhkəm zərblə yerə yıxmış, başı döşəməyə dəymiş, onun üstünə hücum çəkib yumruqla sifətindən bir neçə zərbə vurmuş, sağ qulağından bir dəfə sillə ilə vurmuşdur. Başı yerə möhkəm dəydiyindən biraz halı dəyişmiş, özündən gedirmiş, lakin qızı Zeynəbin onu çağırdığını eşidəndə biraz ayılmış, lakin ayağa qalxmamışdır. Fərid divanda oturub yanında da bıçaqla ona deyirmiş ki, “Zərri səni doğruyaram, səni öldürərəm”. O biraz ayılıb bıçağı Fəridin yanında görüb onu öldürəcəyindən qorxub özünü yerdən dikəldib divanın üstündən bıçağı götürmüş, geriyə gedə-gedə ayağa qalxmağa çalışmış, lakin tam ayağa qalxa bilməmişdir. Fərid onun bu hərəkətindən daha da əsəbləşdi. Onun üstümə hücum çəkdi, o də Fəriddən qorxub qışqırıb ki, üstünə gəlməsin. Həmin an gözünü yumub əlində bıçaqla Fəridə tərəf uzadmış, lakin Fəridi vurub xəsarət yetirmək niyəti olmamışdır. Həmin an özü də bilmədən bıçağın Fəridin sol çiyin nahiyəsində dəydiyini hiss etmişdir. Fərid daha da əsəbləşdi, Fərid qışqıraraq ona deyirdi ki, "bu vaxta qədər mənə soxan olmamışdır, bu nə yaşayışdır". Fərid onu nalayiq ifadələrlə təhqir etmiş, o Fəridlə boğuşa-boğuşa divanın üstündə bir-biriləri ilə dalaşmışlar. Bundan sonra Fərid bıçağı onun əlindən almış, o da qorxmuş ki, bıçaqla vurub onu öldürər, ona görə Fəridin cinsiyyət orqanından bir dəfə təpiklə zərbə vurmuş, bıçaq Fəridin əlindən yerə düşmüşdür. Daha sonra Fərid onu boğurdu, burnundan tutub dartdı, yumruqlarla sifət nahiyəsindən, təpiklə bədəninin müxtəlif nahiyələrindən zərbələr vururdu. Fərid onu döyən zaman çiynindən qan onun üzünə axırdı. Həmçinin Fərid onun sifətindən o qədər zərbələr vurmuşdu ki, sifəti, qulağı qan içində idi. Fərid onu evdən çıxarıb çölə atdı. O Fəridin xəsarət aldığını görüb ölməyindən qorxdu, yan qonşunun qapısını döydü, xanımdan telefonunu alıb TTYS-na, polisə məlumat verdi. TTY briqadası gələndən sonra Fərid qapını açmırdı, yuxarı mərtəbədən bir nəfər qonşu onların mərtəbəsinə düşüb əsəbi halda səhər tezdən səs-küy olmasından əsəbləşmiş, bizim qapını döydü, qapının açılmasını tələb etdi. Fərid qapını açdı, həmin vaxt polis əməkdaşları da gəlib çatdı. O həmin vaxt kənarda dayanmışı ki, Fəridi həkimlər aparsın, o da tez evə daxil olub körpə uşaqları hazırlaşdırıb bağçaya yola salıb daha sonra polisə getmişdir. Həkimlər Fəridi apardığını gördüyündən arxayın olduğu üçün evə daxil olmuş, uşaqların üstünə qaçmış, uşaqları hazırlaşdıran zaman qaynı Faiq, qayınanası Nazilə və baldızı Fidan evə daxil olmuşlar. Onun üzünü qan içində görüb qorxdular, o uşaqları hazırlaşdırıb Fidana verdi ki, bağçaya aparsın. Hamı evdən çıxdı. O binanın 14-cü mərtəbəsinə qalxdı, orada olan qonşuların birinin mobil telefonunu alıb anasına zəng etdi, anasıgil yolda olduqlarını, gəldiklərini dedilər. O qonşunun evində olan zaman polis avtomobilinin səsini eşitdiyi üçün öz yaşadığı evə düşdü. Polis əməkdaşları onu evdə görüb onu polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş 15 saylı X15 bölməsində həkim vəzifəsində işləyən Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisədən əvvəl bu şəxsləri tanımamışdır. Bakı şəhəri, Qaradağ rayonu, Cənub yaşayış kompleksindən onlar çağırış verildiyi üçün ora getmişlər. Ora gedəndə qarşılarına üzü qanlı vəziyyətdə olan bir qadın çıxmış və ərinə xəsarət yetirdiyini bildirmişidir. Birinci ona kömək etmək istədikdə ancaq o dedi ki, ərimə kömək edin əsas odu. Sonra o bizi bir mənzilə apardı ancaq qapını döysəkdə mənzildə olan adam qapını açmadı. Sonra başqa bir adam gəldi və evdə olan şəxs qapını açdı. Biz evdə olan şəxsə tibbi yardım etdik. Sonra polisə məlumat verdik. Ona verilən suallara əlavə olaraq bildirmişdir ki, çağırışın kim tərəfindən edilməsini onlar bilmirlər ancaq çağırışa gedirlər. Bloka girəndə xanımın əlində heç bir kəsici alət görməmişlər, xanım onları blokda qarşılayaraq yuxarı mənzilə aparmışdır. Xəsarət alan şəxs onlara yuxulu olduğunu bildirmişdir. Xəsarət alan şəxs panikada olmuşdur. Xanım onlarla mənzilə girməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. ünvan 4YS-də 2022-ci ilin sentyabr ayından həkim vəzifəsində çalışır.Gündəlik növbə 12 saatdan ibarətdir, növbəlik saat 08.00-dan 20.00dək, 20.00-dan 08.00-dək təşkil edir. xx.xx.2023-cü il tarixdə saat 20.00-da növbəyə gəlmişdir. Növbədə onunla birlikdə feldşer (köməkçi) vəzifəsində çalışan Şahid2 olmuşdur.xx.xx.2023-cü il tarixdə saat 07.01 radələrində 103 zəng xidmətindən gələn çağrışı qəbul etmişdir. Çağırışda Lökbatan qəsəbəsində yerləşən Cənub-Qapısı yaşayış kompleksində hadisə baş verməsi barədə məlumat qeyd olunmuşdur. O feldşeri Şahid2 ilə birlikdə məlumatda göstərilən, hadisə baş verən yerə getmişlər. Binanın giriş qapısı şifrəli olduğundan qapını bir nəfər gənc qız açmış, həmin qızın üzü qan içində olmuş və onlara demiş ki, “mən ərimi bıçaqlamışam”. Onlar dərhal binanın lift ilə yuxarı mərtəbəyə, hadisə baş verən mənzilə qalxmışlar, həmin gənc qız da onlarla birlikdə olmuşdur. O mənzilin qapısını döymüş, içəridən bir nəfərin qorxunc vəziyyətdə, yüksək səslə qışqırıq səsləri gəlmişdir. O özünü təqdim edərək TTY-dən həkim olduğunu və yardım etmək üçün gəldiyini bildirmişdir. Lakin mənzildəki xəsarət alan şəxs qışqıraraq demişdir ki, “sizi bura kim çağırıb, sizə kim məlumat verib?”. O mənzilin içərisindəki xəsarət alan şəxsdən qorxduğu üçün dərhal 10-cu PB-nə məlumat vermişdir. Qısa zaman kəsiyində polis əməkdaşları hadisə baş verən yerə yaxınlaşmışlar. Lakin polis əməkdaşları mənzilə çatan ərəfədə bir nəfər cavan oğlan qapını döyüb dostu olduğunu bildirmiş və mənzildəki şəxs adını sonradan bildiyi Təqsirləndirilən şəxs qapını açmışdır. Onlar mənzilə daxil olmuşlar, Fəridin əynində qara rəngli mayka olmuşdur. Mayka qan içərisində olmuşdur. Onlar dərhal Fəridin əynindəki kəsib kənara atmışlar, Fəridin sinə nahiyəsinin sol və sağ tərəfində çox kiçik ölçülü kəsilmiş-deşilmiş 2 ədəd yara olduğunu gördüm, həmin yaralardan qan gəlməmiş, dayanmışdır. Xəstəyə təcili ilkin müdaxilə olunmuş, hər iki yaralar təmizlənmiş və yaralara aseptik sarğılar qoyulmuşdur. Həmin vaxt polis əməkdaşları hadisə yerini müayinə etmişlər və o da xəstəni X15 avtomobili ilə Respublika Kliniki Xəstəxanasına aparıb təhvil vermişlər. Əlavə olaraq bildirmişdir ki, onlar üçün qapını açan, həyat yoldaşını bıçaqladığını deyən xanımın üzü qan içində olduğundan və döyüldüyünü deyən qadına yardım göstərilməsi üçün əlavə briqada çağırılmasını təklif etmiş, lakin həmin xanım imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri 15 saylı X15 bölməsində anistezis vəzifəsində işləyən X6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisənin nə zaman olmasını xatırlamır. Onlara bıçaqlama hadisəsi ilə bağlı çağırış gəlmişdir. Onlar çağırışla bağlı həmin mənzilə getmişlər, içədirdən Fəridin səsi gəlirmiş. Ancaq Fərid qapını açmamış dosdu gəldikdən sonra qapını açmışdır. Onlar içəri girmişlər və Fəridin bıçaqlandığını görmüşlər. Fərid sinəsindən bıçaqlanmışdır. Onlar Fəridə yardım göstərdikdən sonra oradan da xəstəxanaya aparmışdırlar. Şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 1995-ci ildən ünvan 5a anistezis yəni, tibb bacısı vəzifəsində çalışır. Növbələr səhər saat 08.00-dan axşam saat 20:00-dək, axşam saat 20:00-dan səhər saat 08:00-dək olur. 09 oktyabr 2023-cü il tarixdə saat 20:00-də növbəyə gəlmiş, növbədə həkim Şahid1 ilə olmuşdur. 10 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən Cənub-qapısı yaşayış kompleksində bıçaqlanma hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında həkim Şahid1 ilə o TTY avtomobili ilə hadisə baş verən yaşayış kompleksinə getmişlər. Binanın giriş qapısı kilidli olduğundan bir nəfər cavan qız qapını açmış, həmin qızın üzü qan içərisində olmuşdur. Qapını açan qız onlara demişdir ki, "sizi mən çağırmışam, bıçaq divanın üstündə idi, o məni vurmaq istəyirdi, mən onu vurdum". Onlar həmin qızla birlikdə yuxarı mərtəbələrin birinə qalxmışlar. Onlar xəstənin olduğu mənzilin qapısına yaxınlaşdıqda, həkim qapını döymüş, mənzildə olan xəstə yüksək səslə qışqırmışdır. Onlar qorxub geri çəkilmişlər. Dərhal həkim orada polis bölməsinə məlumat vermişdir. Polis əməkdaşları gələnə qədər xəstənin dostu gəlib qapını açmışdır. Onlar mənzilə daxil olmuşlar. Xəsarət alan bir nəfər cavan oğlan idi. Xəstənin dərhal əynindəki qara rəngli maykanı kəsib kənara atmışlar. Xəstənin sinəsinin yuxarı sağ və sol tərəflərində 02 ədəd kiçik ölçülü dəliklər olmuş, lakin qan tam dayanmışdı, yaralardan qan axmırdı. Onlar yaranı dərhal təmizləyib dezinfeksiya etmişlər. Yaraları sarğı ilə bağlayıb aşağı düşmüşlər. TTY avtomobili ilə xəstəni Respublika Kliniki Xəstəxanasına aparıb təhvil vermişlər. Onlar xəstəni aparan zaman xəstənin vəziyyəti normal olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Fərid onun dosdudur həmdə onunla qonşudurlar, Zərri xanımı isə şifahi tanımışdır. Səhər namaza durmuş bu zaman Fərid ona zəng vurub arvadının onu bıçaqladığını və onun ora gəlməsini xahiş etmişdir. Ona verilən suallara əlavə olaraq bildirmişdir ki, Zərri xanımı orada görməmişdir, Fərid yatılı olanda arvadının onu vurduğunu demişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində fərdi sahibkarlıqla məşğul olur. Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, yaşadığı binadan tanıyır, münasibətləri yaxşıdır. 2023-cü ilin oktyabr ayında saat 07 radələrində yaşadığı evdə olan zaman, namaza qalxmışdır. Həmin vaxt Fəridin ona zəng etdiyini görüb cavab vermiş, Fərid ona demiş ki, “qardaşımsan tez gəl bizə, həyat yoldaşım məni bıçaqla vurub”. O tez Fəridin yaşadığı bloka getmiş, Fəridin yaşadığı mənzilə qalxmışdır. O ora çatanda, Fəridin yaşadığı mənzil qarşısında həkimlərin dayandığını görmüşdür. Həkimlər Fəridin yaşadığı mənzilin qapısını döymüşlər, lakin açmamışdır. O qapıya yaxınlaşıb qapını döymüş, Fərid qapını döyənin kim olduğunu soruşanda demiş ki, “mənəm, Rasimdir”. Daha sonra Fərid qapını açmış, iki nəfər qadın həkimlə o içəri daxil olmuşdur. Həkimlər Fəridə tibbi yardım göstərmişlər, o da digər otaqda olan Fəridin körpə uşaqlarının yanına getmiş ki, atasını belə vəziyyətdə görməsinlər. İttiham tərəfinin vəsatəti ilə məhkəməyə dəvət edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X13 Qaradağ rayon şöbəsinin məhkəmə-tibbi eksperti X9 öz ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərri xanımı və təqsirləndirilən şəxs Fəridi müayinə etmişdir. Zərri xanımı polis əmkdaşları müayinə üçün onun yanına gətirmiş, zərərçəkən gətirilən zaman üzündə xəsarətləri çox olmuş və qorxmuşdur. Zərri müayinə vaxtı ərinin onu vurduğunu bildirmişdir. Rentgen zamanıda zərərçəkmiş şəxsin burnunun qırıq olduğu müəyyən edilmişdir. Döyülmədən sonra Zərri xanımın qulağında eşitməsindədə problem yaranmışdı. Qulağında yaramış problem səbəbi ilə onu öz yaşadığı Pirallahı rayonunda yerləşən poliklinikaya və digər özəl xəsatəxanalara göndəriş vermişdir. Həmin xəsarətlər hadisənin törədildiyi günə uyğun gəlmişdir. Zərri xanım Fəridin yox, başqası tərəfindən döyülməsi ilə bağlı heç bir söz deməmişdir. Xəsarətlər zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyyələrində olduğu üçün xəsarətlərin şəxin özü özünə yetirməsi az inandırıcıdır. Fəridin ilkin müayinəsini etsədə hadisənin hansı şəraitdə və xəsarətin dərəcəsi ilə ziddiyyət yarandığı üçün mürəkkəb ekspertiza olduğundan rəy verilməsi üçün material baş idarəyə göndərilmiş və rəyin həmin hissəsini baş idarə vermişdir. İlkin müayinə zamanı Fəridin bədənində cərrahi əməliyyat çapıqları və kiçik kəsiklər aşkar etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X13 Qaradağ Rayon şöbəsi tərəfindən verilmiş 11 noyabr 2023-cü il tarixli 757 nömrəli rəyindən görünür ki, 1.Vǝtəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ qaşın bayır səthinin əzilmiş yarası, burun və burunətrafı yumşaq toxumalarının qançır şişkinlik halında əziyi ilə müşayiət olunan burun sümüyünün yerinidəyişməyən sınığı, sağ qulaq pərdəsinin travmatik perforasiyası və orta otiti (birincili dərəcə ağıreşitmə), başın alın, sol qaşüstü, sol gözaltı, boyun, sol said va sağ bazu nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən müayinədən 2-3 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. 2.Vət.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin öz boyu hündürlüyündən yıxılmaq nəticəsində əmələ gəlməsi az inandırıcıdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X16 tərəfindən verilmiş 28 dekabr 2023-cü il tarixli 609-2023/MTKŞ nömrəli rəyindən görünür ki, -təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatı qatlanan səhayət bıçağıdır və soyuq silah hesab edilmir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X16 tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli 820/2023-MTBŞ nömrəli rəyindən görünür ki, 1.Təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu O (1) - dir 2.Ekspertizaya təqdim olunmuş bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni O(1) qrupun əsasını təşkil edir. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə O(1) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X16 tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli 519/MEŞ nömrəli rəyindən görünür ki, 1-4.8. Təqsirləndirilən şəxs döş qəfəsinin sağ və sol yarısında lokallaşan deşilmişkəsilmiş yaraların nəfəs almadığı, zədə ətrafında enfizemanın olmadığı, həmçinin plevra boşluqlarında sərbəst hava, yad maye, qarın boşluğunda yad maye və oraqvari hava zolağı kölgəliyinin olmadığı müşahidə edildiyindən, döş qəfəsinin ön səthinin sol yarısının Vİ qabırğaarası sahəsində olan deşilmiş-kəsilmiş yaranın trayektorial olaraq yara kanalının xarakterinə, istiqamətinə, dərinliyinə uyğun olaraq sol diafraqma səhvələriarası boşluqda sonlandığından həmin deşilmiş-kəsilmiş yaralar döş qəfəsinin sağ və sol yarısının boşluqlara nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları kimi qiymətləndirilir. Digər xəsarətlər aşkar edilməmişdir. Qeyd olunan deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alǝtin) təsirindən əmələ gəlmişdir, bıçaqla yetirilə bilərdilər və dərəcəsinə görə, həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zǝrǝrvur- maya aiddirlər. 5.6.7 Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin lokalizasiyasına, xarakterini və əmələgəlmə mexanizimini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər ön qarşılıqlı duruş vəziyyətində olmaqla şaquli, oturaq və ya yarımoturaq pozada yetirilə bilərdi. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 03 iyun 2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs tərəfindən bıçaqlandıqdan sonra Zərərçəkmiş şəxs döyən zaman burnunu sındırmışdır. Zərərçəkmiş şəxs burnunun sınması Təqsirləndirilən şəxs bıçaqla vurub xəsarət yetirdikdən sonra baş verdiyindən həmin xüsusat üzrə Təqsirləndirilən şəxs ittiham verilməməsi nəticəsinə gəlinmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 1(002)-24/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə əsasən təqsirli bilinib CMnın 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 02 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasında məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli 7(103)-410/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 1(002)-24/2022 saylı hökmü ilə təyin edilmiş 01 il 02 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 ay 04 gün hissəsi 04 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və 01 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı əməli törədərkən məhkumluğu ödənilməmiş və ya götürüməmişdir. Lakin onun hazırkı əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan cinayətin residivini yaratmır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin və ekspertin ifadələrini müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs öz ifadəsində zərərçəkmiş şəxsi qəsdən vurmadığını, zərərçəkmiş şəxsin özü-özünə xəsarət yetirdiyini və bıçaqla xəsarət aldıqdan sonra yalnız onu saçından tutub evdən çıxartdığını bildirsədə zərərçəkmiş şəxsin almış olduğu xəsarətlərin xarakteri, xəsarətlərin sayı və lokalizasiyası təqsirləndirilən şəxsin verdiyi ifadəsinin bir daha inandırıcı olmaması qənaitinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və hadisə nəticəsində özünündə xəsarət almasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 7 ünvanını hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-199/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-199/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver