Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-2/2021 25.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 20 avqust 1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkməsinin əvvəli 01 iyun 2021-ci il tarixdən hesablanmış, hazırda 4 saylı cəzaçəkmə müsəssisəsində cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən özgənin əmlakını çıxarıb gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, o, 19.10.2019-cu il tarixdə saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən-Lökbatan yolunda yerləşən «Murad» şadlıq sarayının qarşısında yolun kənarında dayanaraq göstərilən yolla Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs Heydar oğlunun idarə etdiyi «VAZ-21041» markalı **-ME-*** dövlət qeydiyyat nömrəli avtomobili əl işarəsi ilə saxlatdırıb qarşı sağ oturacağa sərnişin qismində əyləşdikdən sonra sürücü Zərərçəkmiş şəxs yolunu Lökbatan qəsəbəsi istiqamətində davam etdirərkən əli ilə sürücünün cinsiyyət orqanına əl atıb başını qatmaqla həmin gün saat 11:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Xocasən-Lökbatan yolu 57 ünvanında yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin qarşısından keçən yolda sürücü Zərərçəkmiş şəxs Heydar oğlunun əynində olan qara rəngli şalvarının sağ yan cibindən hər biri 100 manatlıq pul əskinazlarından ibarət 1000 manat məbləğində pulunu çıxarıb gizli yolla talamaqla oğurluq etmiş və təxminən 200 metr irəlidə yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinin qarşısında avtomobildən düşərək oradan uzaqlaşmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. İş yeri tapmadığından yüngül həyat tərzi sürərək çörək pulu qazanırmış. Bakı şəhərinin müxtəlif rayonlarında müvafiq yerlər seçib yolun kənarında dayanmaqla özünə avtomobillərin sürücülərini cəlb edirmiş. Saxlayan avtomobillərə əyləşib pul müqabilində cinsi əlaqədə olurmuş. Belə ki, 19.10.2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xocasən qəsəbəsində «Murad» şadlıq sarayının qarşısında “Sədərək” ticarət mərkəzi istiqamətində yolun kənarında dayanıbmış. Həmin zaman hərəkətdə olan ağ rəngli, VAZ-21041 markalı ** ME *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə əl edərək saxlatdırıb avtomobilin qarşı sağ oturacağında əyləşib tanımadığı sürücüyə hərəkətini davam etməsini bildirmişdir. Həmin zaman əynində ağ dəri gödəkçə, cins yubka olmuşdur. Sürücüyə gedəcəyi ünvanı bildirmədən sadəcə yolunu davam etməyini bildirmişdir. Yola düşdükdən sonra özü üçün mahnı oxumağa başlamışdır. Bir müddətdən sonra sürücü avtomobilini idarə edərkən sürücünün şalvarının üstündən cinsiyətinə əl ataraq oral seks etmək istəmişdir. Yəni cinsiyyətini ağzına almaq istəmişdir. Lakin sürücü bundan imtina edərək onu əli ilə özündən geri çəkib idarə etdiyi avtomobilə qəza şəraiti yaratmamasını bildirmişdir. Lakin o sürücüdən əl çəkməyərək tez-tez əlini sürücünün əynində olan şalvarının sağ cibinin istiqamətindən sürüşdürüb şalvarının kəmərinə, cinsiyyətinə uzadıb başını qatmağa çalışırmış. Məqsədi sürücünün cibində pullarının olub-olmamasını yoxlamaq və eyni zamanda da həmin pulları gizli ələ keçirmək üçün sürücü ilə oral yolu ilə cinsi əlaqədə olub onu ehtiraslandırmaq imiş. Həmin zaman sürücünün əynində olan qara rəngli şalvarının sağ yan cibində şişkinlik hiss edib cibində çoxlu pulu olmasını başa düşmüşdür. Lakin sürücü onun əlini özündən geri çəkib cinsi əlaqədə olmaqdan imtina edirmiş. O isə sürücünün cibindəki pulları gizli olaraq oğurlamaq qərarına gəlmişdir. Lakin həmin zaman sürücü onun məqsədini başa düşmürmüş. Sürücü elə bilirmiş ki, onunla cinsi əlaqədə olmaq istəyir. Belə ki, sürücü onunla cinsi əlaqədə olmasa da bu minvalla hərəkətlərlə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksızlı Mallar üzrə Baş Gömrük İdarəsinə çatmamış təxminən saat 11:30 radələrində «Socar» yanacaq doldurma məntəqəsinin qarşısından keçərkən sürücünün başını qatıb ona hiss etdirmədən əynində olan qara rəngli şalvarının sağ yan cibində olan sayını bilmədiyi pullarını barmaqlarının vasitəsi ilə çıxardaraq oğurlamış və sakitcə öz cibinə yerləşdirmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksızlı Mallar üzrə Baş Gömrük İdarəsinin qarşısında sürücüyə avtomobili saxlatdırıb sağollaşıb avtomobildən düşüb həmin yerdən kənarlaşmışdır. Sonra oğurladığı pulları gizlicə saydıqda hər biri 100 manat pul əskinazlarından ibarət olmaqla 1000 (min) manat olmasını aşkar etmişdir. Sonra həmin pulları da yadında qalmayan marketlərdən müxtəlif yeyinti, içki qidaları, siqaretlər alıb qəbul edib özü üçün xərcləmişdir. Həmin pullardan onda heç bir miqdar qalmamışdır. Törətdiyi oğurluq hadisəsi barədə heç kimə bir söz deməmişdir. Törətdiyi əməlin cinayət olmasını dərk edir. Ehtiyacı olduğundan oğurluq etmişdir. Əməlindən peşmandır. Əvvəllər törətdiyi oğurluq cinayətlərinə görə məhkəmələrin hökmü ilə təqsirli bilinərək müxtəlif növdə cəzalara məhkum olmuşdur. O, sürücü ilə cinsi əlaqədə olmamışdır. O, öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, lakin heç bir maddi imkanı olmadığı üçün vurulmuş ziyanı ödəyə bilməyəcəyini göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Adına olan özünə məxsus ağ rəngli, VAZ-21041 markalı ** ME *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi kimi fəaliyyət göstərib çörək pulu qazanır. Adətən “Sədərək” ticarət mərkəzində dayandıb müştəri gözləyir. Olanda müştəriləri mənzil başına aparır. Bəzən isə sifariş olanda mağazalardan müxtəlif cül elektrik, geyim, santexnika aksesuarları alıb ətraf rayon və qəsəbələrə aparıb satıb çörək pulu qazanır. 19.10.2019-cu il tarixdə saat 10 radələrində Bakı şəhəri Qaradağ rayonu “Sədərək” ticarət mərkəzindən müştəri sifarişi əsasında öz puluna hamam aksesuarları alıb Masazır qəsəbəsində müştəriyə çatdırıb hər biri 100 manat olan əskinazlarından ibarət 2200 manat pulunu alıb həmin puldan 1200 manatı əynində olan qara rəngli şalvarının sol yan cibinə qalan 1000 manatı isə şalvarının sağ yan cibinə qoyub gəldiyi “Sədərək” ticarət mərkəzi istiqamətində yola duşmüşdur. Bakı şəhəri Xocasən qəsəbəsində «Murad» şadlıq sarayının qarşısında yolun kənarında əynində ağ dəri gödəkçə, cins yubkası olan 45-50 yaşları arası, yumru sifət, qaşları karandaşla çəkilmiş, bəstə boy görsə tanıya biləcəyi bir qadının ona əl etməsinə səbəb idarə etdiyi avtomobili onun yanında saxlamışdır. Həmin qadın avtomobilin qarşı sağ qapısını açıb heçnə soruşmadan qarşı oturacağa əyləşib yolunu davam etməsini bildirmişdir. O, da həmin müştərinin yol üstü hardasa düşməsini zənn edərək “Sədərək” ticarət mərkəzi istiqamətində yola düşmüşdür. Yola düşdükdən sonra həmin qadın özü üçün mahnı oxumağa başlamışdır. Bir müddətdən sonra o avtomobilini idarə edərkən həmin qadın şalvarının üstündən cinsiyətinə əl ataraq oral seks etmək istədiyini, yəni cinsiyyətini ağzına almaq istəmişdir. Lakin o bundan imtina edərək qadını əli ilə özündən geri çəkib idarə etdiyi avtomobilə qəza şəraiti yaratmamasını bildirmişdir. Lakin həmin qadın ondan əl çəkməyərək tez-tez əlini əynində olan şalvarının sağ cibi istiqamətindən şalvarının kəmərinə, cinsiyyətinə uzadır başını qatmağa çalışırmış. O isə onun əlini geri çəkirmiş. Həmin zaman onun məqsədini başa düşmürmüş. Elə bilirmiş ki, həmin qadın onunla cinsi əlaqədə olmaq istəyir. Belə ki, bu minvalla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksızlı Mallar üzrə Baş Gömrük İdarəsinin qarşısına kimi gəlmişlər və saat 11:30 radələrində həmin yerdə həmin qadın avtomobildən düşərək çıxıb getmişdir. O isə Sədərək ticarət mərkəzinə gəldikdə 1200 manat pulu əynində olan qara rəngli şalvarımın sol yan cibində olsada sağ yan cibində olan 1000 manat pulunun olmadığını aşkar etmişdir. Həmin zaman o, dərhal Dövlət Gömrük Komitəsi Aksızlı Mallar üzrə Baş Gömrük İdarəsinin qarşısına gəlib həmin qadını nə qədər axtarsada tapa bilməmişdir. Bu səbəbdən də DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat verib Qaradağ RPİ-nin 10-cu PBnə şikayət ərizəsi ilə müraciət etmişdir. Şalvarının sağ yan cibindən özünə məxsus 1000 manatı oğurlanmışdır. Başqa heç nəyi oğurlanmamışdır. O öz ifadəsində daha sonra ona vurulmuş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Kadırova X2 şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkməsinin əvvəli 01 iyun 2021-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 22 noyabr 2019-cu il tarixdən şübhəli şəxs kimi tutulmuş və 23 noyabr 2019-cu il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daha sonra təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və o, 04 aprel 2020-ci il tarixdə tutulmuş və 06 aprel 2020-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Ona təyin olunmuş hazırki cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hal-hazırda Mingəçevir Şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 01 iyun 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Zərərçəkmiş şəxsə izah edilsin ki, cinayət nəticəsində ona vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsi məqsədilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-2/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-2/2021
25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver