Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-20/2024 29.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıyarkən 22 iyun 2023-cü il tarixdə saat 13 radələrində Qaradağ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “TRES” kafesində saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda onun üzərinə vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli kağız kəsiyinə bükülmüş 2 ədəd bükümdə təmiz çəkiləri 0,380 qram və 0,480 qram, ümumi təmiz çəkisi 0,860 qram olan ağ rəngli kristallardan ibarət kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən 2018-2019-cu illərdə istifadə etsə də sonralar ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmişdir. Narkotik vasitələrdən istifadənin tərgitmə mərhələsində həftədə 2-3 dəfə, yalnız heroindən istifadə etmişdir. Lakin polis idarəsinə aparılan gündən təxminən 10-15 gün əvvəl narkotik vasitədən istifadə etməyi tamamilə dayandırmışdır. Qaradağ rayonu ərazisində fəaliyyət göstərən kafelərdən birinə Emin kimi tanıdığı polis əməkdaşı tərəfindən dəvət edilmiş, həmin vaxt o, mülki formada olmuşdur. Həmin kafeyə gedərkən onun üzərində hər hansı narkotik vasitə olmamış, polis əməkdaşları kimi tanıdığı şəxslərlə bir qədər söhbətləşdikdən sonra ərazidə külli miqdarda narkotik vasitə dövriyyəsinin qarşısının alınmasında köməklik etməsi üçün ona əməkdaşlıq təklif etmişlər. O, bu təkliflə razılaşmadığı üçün həmin kafeyə polis əməkdaşları gəlmiş və onu Qaradağ RPİ-yə gətirmişlər. Onun üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamış, polis idarəsində təhqiqatçı ilə birlikdə iki əməliyyat müvəkkili xidməti otaqların birində ona təqdim edilmiş bükümlərin ona məxsus olmasını etiraf etməsi bildirilmiş, əks təqdirdə evindən daha çox miqdarda narkotik vasitə və ya psixotrop maddənin aşkar olunacağı ilə hədələnmişdir. Ona dövlət hesabına təyin olunmuş müdafiəçi gələnə kimi polis əməkdaşı Şahid2 tərəfindən döyüldüyü üçün, müdafiəçinin iştirakı ilə videoçəkliş aparmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim olunmuş iki büküm metamfetamin adlanan maddənin ona məxsus olduğunu etiraf etmişdir. Tutularkən polis əməkdaşları tərəfindən döyülsə də bu barədə şikayət etməmişdir. Bundan əlavə ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən mobil telefonu götürülsə də daha sonra ona geri qaytarılmamışdır. Həmin mobil telefon onun ailə üzvlərinə məxsus olduğundan, həmçinin öz mobil telefonu olmadığından hər hansı sosial şəbəkə üzərindən narkotik vasitə və ya psixotrop maddənin əldə olunması və ya satışı ilə bağlı əlaqələri olmamışdır. Polis əməkdaşları ilə tanışlığı narkotik vasitələrdən istifadə etdiyi dövrdə Altay adlı tanışı vasitəsilə yaranmışdır. Əlavə olaraq qeyd etmişdir ki, narkotik vasitələrin satışı ilə ümumiyyətlə məşğul olmur, həmçinin narkomaniya xəstəliyindən əziyyət çəkməsi barədə təqdim olunmuş ekspertiza rəyi ilə razılaşmır. Qeyd etdiyi halların məhkəmə tərəfindən nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, bir neçə il bundan əvvəl narkotik vasitə qəbul etməyə başladığını və narkotik vasitə heroindən ara-sıra istifadə etdiyini qeyd etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində işlədiyi yerdən zəhmət haqqını almış və buna görə də həmin pulun bir hissəsinə narkotik almaq qərarına gəlmişdir. Bu məqsədlə həmişə aldığı formada, yəni İnstaqram sosial şəbəkəsi vasitəsilə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan xatırlamadığı səhifəyə daxil olmuş və orada tanımadığı şəxsin xarici nömrəsinə “whatsapp” proqramı üzərindən ***-***-**-** mobil nömrəsi ilə zəng edərək həmin şəxslə danışmışdır. O, həmin tanımadığı kişi cinsindən olan şəxsə 2 büküm psixotrop maddə metamfetamin almaq istədiyini bildirmiş və Lökbatan qəsəbəsinə gələrək orada “Paypoint” vasitəsi ilə həmin şəxsin ona göndərdiyi bank kartına 20 manat pul göndərmişdir. Bir neçə dəqiqədən sonra “whatsapp” proqramı vasitəsilə psixotrop maddə metamfetaminin qoyulduğu yerin şəkli ona göndərilmişdir. O da göstərilən yerə getmiş və orada siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş 2 ədəd bükümləri götürmüşdür. O, Qızıldaş qəsəbəsinə gəlmiş və orada bükümləri açdıqda içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, həmin bükümləri əynində olan tünd göy rəngli şalvarının sağ yan cibində gizlədərək evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Qızldaş qəsəbəsində yerləşən “TRES” kafesinə gələrək orada çay sifariş vermiş və stolların birində əyləşmişdir. Həmin gün təxminən saat 13 radələrində kafeyə 2 nəfər mülki geyimli şəxslər daxil olmuş və həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək Qaradağ RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər və onu polis idarəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Polis İdarəsinin inzibati binasında xidməti otaqda onun hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparmaqla üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyinə dair xəbərdar edilmiş, üzərində saxladığı qanunsuz maddə və ya predmeti təqdim etməsi təklif olunmuşdur. O, da könüllü olaraq əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli kağız kəsiyinə bükülmüş içərisində psixotrop maddə metamfetamin olan 02 ədəd bükümü masanın üzərinə qoyaraq sosial şəbəkə üzərindən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra həmin büküm açılmış, bükümün içərisindən ağ rəngli kristalşəkilli maddə aşkarlanmışdır. Daha sonra onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilsə də üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Bir daha bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin onundur, öz istifadəsi üçün əldə etmiş, həmin maddəni kimə isə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. Onun psixotrop maddə metamfetamini aldığı şəxsin şəxsiyyəti və olduğu yer barədə heç bir məlumatı yoxdur, həmin şəxslə əlaqə saxladıqdan sonra mobil nömrəsini və sosial şəbəkə saytını mobil telefonunun yaddaşından silmişdir. Polis əməkdaşları onu Qaradağ RPİ-nin inzibati binasına aparanda və polis idarəsində olan zaman ona heç bir formada zor tətbiq etməmişlər. O, psixotrop maddə metamfetaminin qəbulu ilə məşğul olsa da, heç vaxt satışı ilə məşğul olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli olması, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi, DVD diskdəki görüntülər və iş materiallarında olan digər sübutlar ilə tam təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ-də xidmətdə olan zaman Tural adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı almışlar. Bununla əlaqədar olaraq tərəflərindən əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə getmiş, müşahidələr nəticəsində onlara Tural adlı şəxsin Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “TRES” kafesində olması barədə məlumat əldə etmişlər. Onlar qeyd olunan kafeyə gəlmiş, Tural adlı şəxsə yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur, onun hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparmaqla üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyinə dair xəbərdar edilmiş, istintaq hərəkətinə başlamamışdan öncə üzərində saxladığı qanunsuz maddə və predmeti təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş 2 ədəd bükümü çıxarmış və təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində ağ rəngli, psixotrop maddəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında öz istifadəsi üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində tanımadığı şəxsdən sosial şəbəkə vasitəsi ilə aldığını bildirmişdir. Bundan sonra həmin maddə qablaşdırılmış, bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitələr isə zərfə qoyulmuş və möhürlənmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satışı ilə bağlı şifahi məlumatları olmuş, lakin faktı təsdiq edə bilməmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilənə qədər onunla fiziki təmasları olmamış, onu döyməmişlər. Əməliyyat məlumatı məxfidir, onun narkotik vasitələri və psixotrop maddələri kimə satdığını müəyyən etməmişlər. Onun üzərində telefon olub-olmadığını keçirilən əməliyyatların sayının çoxluğu səbəbindən xatırlamır. Təqsirləndirilən şəxs üzərinə Qaradağ RPİ-də baxış keçirilmiş, onu əvvəllər tanımamışdır. Qızıldaş qəsəbəsində sakinlər arasında gedən söhbətlərdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması barədə məlumatlar yayılmaqdadır. Onlar qeyd olunan ərazidə xidmət etdiklərinə görə müəyyən vaxtlarda sakinlər tərəfindən onlara məlumatlar daxil olsa da həmin məlumatlar təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ-də xidmətdə olan zaman Tural adlı şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı almışlar. Bununla əlaqədar olaraq tərəflərindən əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə getmiş, müşahidələr nəticəsində onlara Tural adlı şəxsin Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “TRES” kafesində olması məlum olmuşdur. Onlar göstərilən kafeyə gəlmiş, Tural adlı şəxsə yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələrini izah edilmiş, sonra videoçəkiliş aparmaqla onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyinə dair xəbərdar edilmişdir. İstintaq hərəkətinə başlamamışdan əvvəl üzərində qanunsuz saxladığı əşya və ya predmeti təqdim etməsi təklif olunmuş, o da könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş 2 ədəd bükümü təqdim etmişdir. Həmin bükümlər açıldıqda içində ağ rəngli, psixotrop maddəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında öz istifadəsi üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində tanımadığı şəxsdən sosial şəbəkə vasitəsi ilə aldığını bildirmişdir. Bundan sonra həmin maddə qablaşdırılmış, bu barədə tərtib olunmuş protokol iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Narkotik vasitələr isə zərfə qoyulmuş və möhürlənmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, bir neçə dəfə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsini dayandırması barədə xəbərdarlıq etmişdir. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlı olsalar da həmin faktı təsdiq edəcək hər hansı sübut əldə edə bilməmişlər. Təqsirləndirilən şəxsin üzərində həmin gün telefon olduğunu lakin modelini xatırlamadığını qeyd etmişdir. Onlar Təqsirləndirilən şəxs hər hansı fiziki təzyiq etmədikləri üçün o, ibtidai istintaq dövründə bu barədə şikayət etməmişdir. Onun məhkəmə iclasında döyülməsi barədə verdiyi məlumatı isə hesab edir ki, törətdiyi cinayət əməlindən boyun qaçırmaq məqsədi daşıyır. Cinayət işinin 1-ci vərəqəsində olan 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 7-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Qaradağ Rayon Polis İdarəsinin NMB-in baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 vətəndaş Tural adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 22-ci vərəqəsində olan 22 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00da faktiki olaraq tutulmuşdur. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli, 6/3509 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN “Zərflər üçün 46” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,380 qr və 0,480 qr, ümumi təmiz çəkisi 0,860 qram olan ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 0,860 qr., tədqiqata sərf edildi: ümumi 0,1 qr., qalıq 0,760 qram. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Cinayət işinin 52-53-cü vərəqələrində olan 24 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 09:30) Cinayət işinin 71-75-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməkdən imtina edilmişdir. Cinayət işinin 76-77-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 93-95-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsinin 23 may 2023-cü il saat 08:00-dan 22 iyun 2023-cü il saat 13:00a kimi olan müddət ərzində hansı ərazilərdə istifadə olunması, SMS yazışmalarının mətnləri, həmçinin göstərilən müddət ərzində həmin nömrə ilə danışıq aparmış mobil telefon nömrələrinin sahiblərinin anket və rekvizitlərinin siyahısının götürülməsinə göstəriş verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Cinayət işinin 98-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanseri Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 avqust 2023-cü il tarixli, 4877 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 102-107-ci vərəqələrində olan 24 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 2 ədəd bükümdə təmiş çəkiləri 0,380 qram və 0,480 qram ümumi təmiz çəkisi 0,860 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və hazırkı 0,760qram (0,860-0,1) olan qalığı isə məhkəmənin hökmünə qədər saxlanması üçün Qaradağ RPİ-də saxlanca təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan polisin nəzarəti altına vermə qətimkan tədbiri məhkəmənin hazırlıq iclasında dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə elektron sistemindən çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixdə X11, xx.xx.2014-cü il tarixdə X7 və xx.xx.2019-cu il tarixdə doğulmuş X6 atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçi X2 və polis əməkdaşları Qaradağ RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1, Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş bükümləri çıxardaraq təqdim etmiş, həmin bükümlər açıldıqda içində ağ rəngli, toz şəklində kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında öz istifadəsi üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində tanımadığı şəxsdən sosial şəbəkə vasitəsi ilə aldığını üzərində gizlədərək saxladığını bildirmiş, həmin bükümlər götürülərək ekspertiza keçirilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyə vəsatətlə müraciət edərək ibtidai istintaq dövründə təqsirləndirilən şəxsdən götürülmüş ona məxsus Samsung A10 markalı mobil telefonun təhvil alınmasını xahiş etmişlər. Məhkəmə tərəfindən verilmiş rəsmi sorğuya Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi X8 tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs məxsus Samsung A10 markalı mobil telefonun polis əməkdaşları tərəfindən götürülməmiş və istintaq orqanına təhvil verilməmişdir. Məhkəmə istintaqı dövründə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrənin 23 may 2023-cü il saat 08:00-dan 22 iyun 2023-cü il saat 13:00-a kimi olan müddət ərzində hansı ərazilərdə istifadə olunması, SMS yazışmalarının mətnləri, həmçinin göstərilən müddət ərzində həmin nömrə ilə danışıq aparmış mobil telefon nömrələrinin sahiblərinin anket və rekvizitlərinin siyahısının götürülməsinə göstəriş verilməsi "xxxx" MMC-yə həvalə edilməsi müəyyən edilmiş, lakin cavab məktubu iş materiallarında olmadığından "xxxx" MMC-yə qərar yenidən ünvanlanaraq sorğuya cavab verilməsi xahiş olunmuşdur. Sorğuya cavab məktubu CD disk şəklində məhkəməyə ünvanlansa da yalnız telefon zənglərinin çıxarışı mövcud olmuş, heç bir sms məlumatına rast gəlinməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin 22 iyun 2023-cü tarixdən 25 dekabr 2023-cü il tarixədək müddət ərzində anten dairələri barədə məlumatların əldə edilməsi "xxxx" MMC-yə həvalə edilmiş və xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-dən məhkəməyə CD disk şəklində məlumatlar cavab məktubuna əlavə edilərək ünvanlanmışdır. Həmin məlumatlarda təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefonun ünvan 3 ünvanında olması öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs öz ifadəsində yuxarıda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar şübhəli şəxs kimi Qaradağ Rayon Polis İdarəsində olarkən polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmiş və məhkəmə tərəfindən bununla bağlı Qaradağ rayon prokurorluğuna sorğu ünvanlanmışdır. Bakı şəhəri Qaradağ rayon prokurororunun köməkçisi X3 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs döyülməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda 0,380 qram və 0,480 qram psixotrop maddə metamfetamini almaqla qanunsuz olaraq əldə edib özündə saxlamış, daşımış və həmin psixotrop maddəni heç kimə satmadan (vermədən) polis əməkdaşları tərəfindən saxlanılaraq baxış zamanı üstündən aşkar edilərək götürülmüşdür. İbtidai araşdırmanı aparmış orqan tərəfindən təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürülsə də iş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə təqsirləndirilən şəxsin ümumiyyətlə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əməl Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Belə ki, cinayət işinin 71-75-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(002)-133/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitəni satmaq niyyətinin olmadığını, işlədiyi daş karxanasında oyaq qalmaq üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs onun barəsində qətimkan tədbiri seçilməsinə dair təqdimata məhkəmə iclasında baxılarkən və ibtidai istintaq zamanı ardıcıl olaraq verdiyi eyni məzmunlu ifadələrində narkotik vasitələrdən istifadə etdiyini, satmaq niyyətinin olmadığını bildirmişdir. İbtidai istintaq dövründə videoçəkiliş aparılaraq şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı da təqsirləndirilən şəxs bükümlərin ona məxsus olduğunu, istifadə etmək üçün əldə etdiyini qeyd etmişdir. Bundan əlavə cinayət işi materiallarına əlavə olunmuş 22 iyun 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan da görsənir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmçinin, şübhəli şəxs kimi tutulma haqqında 22 iyun 2023-cü il tarixli qərarda da qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə bilavasitə şübhə yarandığından o, şübhəli şəxs kimi tutulmuşdur. Həmçinin təqsirləndirilən şəxsin məhkəmə iclaslarında verdiyi ifadə ilə Bakı şəhəri Qaradağ rayon prokurorluğunda verdiyi ifadələr arasında ziddiyyət mövcuddur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbi olaraq əvvəllər narkotik vasitələrdən istifadə etməsi barədə polis əməkdaşlarının məlumatlı olduqlarını və ona narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması ilə bağlı əməkdaşlıq etməsinin təklif olunduğunu qeyd etsə də Qaradağ rayon prokurorluğunda verdiyi izahatında daş karxanalarında baş vermiş oğurluq hadisələrinin aşkar edilməsi məqsədilə əməkdaşlıq etməsinin təklif olunduğunu qeyd etmişdir. Bundan əlavə təqsirləndirilən şəxs məhkəmə iclasında Qaradağ RPİ-də xidməti otaqda şahid qismində tanınmış polis əməkdaşlarından biri tərəfindən döyüldüyünü qeyd etsə Qaradağ rayon prokurorluğunda isə hər iki polis əməkdaşının onu döydüyünü bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadə və izahatı arasındakı ziddiyyətləri, döyülməsi barədə təqdim etdiyi xüsusatların onun cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıması ilə əlaqələndirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. İş materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. Bundan başqa məhkəmə prosesində ifadə vermiş şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi və ya saxlaması, hazırlaması, istehsal etməsi, emal etməsi, daşıması, göndərməsi, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması öz təsdiqini tapmamış və ya həmin halları təsdiq edən hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddələrin satış məqsədi ilə əldə edilib gəzdirməsini təsdiq edən başqa halların, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Bundan əlavə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs barəsində heç bir əsaslı sübut mövcud olmadan, satılacaq narkotik vasitənin müqabilində təqsirləndirilən şəxsin hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsinə dair sübutlar toplanıb araşdırılmadan onun əməli həmin Məcəllənin 234.2-ci maddəsi ilə tövsif edilmiş, lakin ona elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunmasına dair işdə olan rəyin nəticələri iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş psixotrop maddəni öz istifadəsi üçün əldə etməsi halını bir daha təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs üzərindən 22 iyun 2023-cü il tarixdə aşkar edilərək götürülmüş psixotrop maddələri satmaq niyyətində olmasına dəlalət edən hər hansı sübutun olmaması iş üzrə toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər sübut kimi qiymətləndirilməli və əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ailəli olmaqla himayəsində üç azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasında davranışını, özünü təqsirli bilməməsini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, həmçinin narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulub saxlandığı 22 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 29 fevral 2024-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023cü il tarixli, 4877 rəyinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,760 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və iş materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikasının CPM-nin 197- 198, 344-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,760 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və iş materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 240 (iki yüz qırx) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-20/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-20/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver