Məhkəmə qərarları › İş №1(002)-201/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-201/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-201/2021 22.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 İsmayıl oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ünvansız fərdi yaşayış evində kirayədə yaşamış, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, digər cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 (001) -158 saylı, 12 aprel 2021-ci il tarixli Qərarına əsasən axtarış elan olunmaqla barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, 15.08.2020-ci il tarixdə oğurluq cinayəti törətdiyinə görə Bakı şəhəri, Binəqədi RPİ-nin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin istintaq işi üzrə ibtidai istintaq tamamlanmaqla Bakı şəhəri Binəqədi Rayon məhkəməsi tərəfindən barəsində məhkəmə istintaqı aparılan halda təkrarən 17 yanvar 2021-ci il tarixdə saat 00:30 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsində yerləşən “Dəri Ayaqqabılar” mağazasının plastik qapısının kilidini açarla açma yolu ilə açıb mağazaya qanunsuz daxil olaraq oradan 5 manat dəyərində 01 ədəd elektrik çaydanı, ümumi dəyəri 45 manat təşkil edən 12 cüt tərlik, ümumi dəyəri 900 manat olan 30 cüt ayaqqabı, 1700 manat dəyərində qış və yay köynəkləri, 650 manat dəyərində 34 ədəd yay və qış şalvarları, 50 manat dəyərində 04 ədəd pijama, 30 manat dəyərində 08 ədəd şalvar kəməri, 48 manat dəyərində 24 ədəd mayka, 50 manat dəyərində 45 cüt corab və 90 manat dəyərində 02 ədəd kostyumun oğurlayıb Zərərçəkmiş şəxs2 3570 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 17 yanvar 2021-ci il tarixdə saat 01:30 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində yerləşən saxlanc yeri olan “Sona” gözəllik salonunun qapısını açma yolu ilə salona qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs1 məxsus salonun giriş hissəsində sol tərəfdə yerləşən ağ rəngli şkafdan ümumi dəyəri 120 manat olan 4 ədəd saç feni, dəyəri 30 manat olan elektrik sobası, həmin şkafın yanında olan stoldan hər biri 1 manat dəyərində 50 ədəd süni dırnaq, salonun giriş hissəsi ilə üzbəüz yerləşən güzgülü masanın 1-ci siyirtməsindən 200 manat dəyərində saç feni, 2-ci siyirtməsindən isə ümumi dəyəri 280 manat olan 2 ədəd saç feni, masanın sol tərəfində yerləşən siyirtmədən 200 manat dəyərində tatuirovka aparatı, 15 manat dəyərində saç lakı, güzgünün yanında yerləşən qutudan ümumi dəyəri 1000 manat olan müxtəlif növ krem vasitələri, qutunun üstündə olan 50 manat dəyərində və içərisində 500 manat pul olan əl çantası, qutunun yanından 20 manat dəyərində elektron tərəzi, sol tərəfdə yerləşən vitrindən 40 manat dəyərində ətir, güzgülü masadan hər biri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində içərisində kosmetik vasitələr olan 2 ədəd bağlama, hər biri 10 və 6 manat olmaqla ümumi dəyəri 16 manat olan əl və üz kremləri, 20 manat dəyərində olan ətir, güzgülü masanın sağ tərəfində 4-cü siyirməsindən dəyəri 600 manat olan “Samsung A7” markalı mobil telefon, salonun ortasında yerləşən dırnaq stolundan isə 20 manat dəyərində 1 ədəd dırnaq aparatı, 100 manat dəyərində 20 ədəd lak və gellər, dırnaq stolunun arxasından dəyəri 10 manat olan qırmızı rəngli dəsmalı, 5 manat dəyərində önlüyü gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 3411 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ünvansız fərdi yaşayış evində tək kirayədə yaşamışdır. Digər cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 (001) -158 saylı, 12 aprel 2021-ci il tarixli Qərarına əsasən axtarış elan olunmaqla barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır . O, azadlıqda olarkən maddi vəziyyəti çox ağır olduğundan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də 17 yanvar 2021-ci il tarixdə saat 00:05 radələrində yaşadığı evdən özü üçün yığıb saxladığı topa açarları götürüb oğurluq etmək üçün piyada evdən çıxıb Binəqədi rayonu 28 may qəsəbəsi İzlivnoy küçəsində yolun kənarında yerləşən “Dəri ayaqqabılar” mağazasının qarşısına gəlmiş, həmin mağazanın şüşəsindən içəri baxdıqda rəflərdə yeni vəziyyətdə olan ayaqqabılar və başqa paltarlar olduğunu görmüş, plastik giriş qapısının kilidinin üzərində olan açarların biri ilə açılacağını güman etmişdir. Buna görə də üzərində olan topa açarların ona lazım olanını götürüb kilidə daxil etmiş və heç bir çətinlik çəkmədən kilidi açıb içəri daxil olmuşdur. Mağazanın içərisinə daxil olduqdan sonra sol tərəfdə yerləşən rəflərin üzərindən 7-8 cüt kişi ayaqqabısı, 04 ədəd yay köynəyi, 06 ədəd qış köynəyi, 02 ədəd cins şalvar, 01 ədəd kostyum, 01 ədəd penjema, 08 ədəd kəmər, 06 ədəd mayka, 01 ədəd elektrik çaydanı, 01 ədəd tərliyi və hər bağlamada 10 ədəd olmaqla 02 bağlama corabı götürüb üzərində olan çantaya yığıb daxil olduğu üsulla mağazadan çıxıb açarla qapısını bağlayıb, yolun digər tərəfinə Qaradağ rayonu ərazisinə keçmişdir. Təxminən saat 01:30-02:00 radələrində kişi geyimləri mağazasından çıxdıqdan sonra yolun digər tərəfində Qaradağ rayonu ərazisində yerləşən işlədiyi “Dönər evi”nin plastik qapısını açarla açıb içəri daxil olmuş, lakin oradan bir ədəd “Bizon” energetik içkisini götürüb çıxaraq qapısını bağlamışdır. O, həmin mağazadan göstərdiyi əşyalardan başqa əşya və ya pul oğurlamamışdır. Bundan sonra yolun kənarı ilə gəzərkən gözəllik salonunun qapısından pərdənin sallandığını görmüş, qapını yoxladıqda açıq olduğunu görmüş və içəri daxil olmuşdur. Salonun içərisi dağınıq vəziyyətdə olmuş, divanın üstündə pal-paltar yığılmış vəziyyətdə olmuşdur. O, böyük güzgünün qarşısında bir qədər oturmuş, saçı buruq olduğu üçün saç düzləşdirən fenə ehtiyacı olduğundan güzgünün bərkidildiyi şkafın üstündən 2 ədəd fen götürmüş, bundan başqa güzgünün qarşısından kipriklər və kipriyi yapışdırmaq üçün istifadə olunan kley götürmüş, güzgünün sol tərəfində hündürdə yerləşən şkafa baxmaq üçün stolun üstünə çıxmış, orada olan kosmetik vasitələri güzgünün qabağına tökmüş və onların içərisindən 01 ədəd krem, 02 ədəd tuş, 01 saç lakı və 01 ədəd ətir götürmüşdür. Bundan sonra güzgü ilə üzbəüz yerləşən masanın siyirmələrindən özü üçün müxtəlif dırnaq qaynaqları və dırnaq aparatı götürmüşdür. Bir qədər oturub siqaret çəkmiş və salondan çıxmaq qərarına gəlmişdir. Salondan çıxan zaman üzərində olan açarlardan birinin qapıya düşə biləcəyini düşünüb qapını bağlamaq istəmiş, lakin nə qədər cəhd etsə də bağlaya bilməmişdir. Oradan çıxıb yaşadığı evə qayıtmışdır. O, həmin salonda təxminən 20-25 dəqiqə vaxt keçirmişdir. Oğurladığı əşyaları öz istifadəsi üçün götürmüşdür və onlardan heç birini satmamışdır. 27 yanvar 2021-ci il tarixdə polis əməkdaşlarının onu polis bölməsinə apardıqda o, bölmədə 17 yanvar 2021-ci il tarixdə kişi geyimləri mağazasından və Sona gözəllik salonundan oğurladığı əşyaları, həmçinin açaları könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi açarlar kirayə qaldığı və işlədiyi yerlərin açarları olmuş, bəzilərini isə yoldan tapmışdır. Həmin açarları oğurluq etmək üçün istifadə etmək niyyətilə toplamışdır, həmçinin geyim mağazasından oğurluq edərkən istifadə etmişdir. O, kişi geyimləri mağazasından və Sona gözəllik salonundan başqa pul və ya digər əşyalar oğurlamamışdır. O, həmin cinayətləri tək törətmiş və oğurlanmış bütün əşyalar tərəfindən zərərçəkmiş şəxslərə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs sonda törətdiyi əməllərindən səmimi peşman olmasını, qadın olmasını, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əvvəlki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində yerləşən “Sona” gözəllik salonunu təxminən 1 ildən çoxdur ki, icarə əsasında işlədir. Koronovirus pandemiyası ilə əlaqədar son vaxtlar demək olar ki, işləmədiyindən sonuncu dəfə 15 yanvar 2021-ci il tarixdə günorta saatlarında 14 yaşlı oğlu Ümid Qarayev salonda olan paketi götürmək üçün salona getmiş, paketi götürdükdən sonra çıxıb qapını bağlayıb evə qayıtmışdır. 21 yanvar 2021-ci il tarixdə təxminən saat 14- 15 radələrində müştərilərindən biri salonun qapısının açıq olduğunu görüb ona zəng vuraraq işləyib-işləmədiyini soruşmuşdur. O, həmin şəxsə karantin rejimi olduğu üçün işləmədiyini dedikdə, həmin şəxs salonun qapısının açıq olduğunu, içəri daxil olduğunu və içərinin dağınıq halda olduğu üçün ona zəng vurduğunu bildirmişdir. O, dərhal evdən çıxıb salona getmiş, həqiqətən də salonun dağıdıldığını, əşyalarının oğurlandığını müəyyən etmiş, bu barədə 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra ona məlum olmuşdur ki, salonda giriş hissəsində sol tərəfdə yerləşən ağ rəngli şkafdan ümumi dəyəri 120 manat olan 4 ədəd saç feni, dəyəri 30 manat olan elektrik sobası, həmin şkafın yanında olan stoldan satış üçün nəzərdə tutulmuş hər biri 1 manat dəyərində təxminən 50 ədəd süni dırnaq, salonun giriş hissəsi ilə üzbəüz yerləşən güzgülü masanın 1-ci siyirməsindən 200 manat dəyərində saç feni, 2-ci siyirməsindən isə ümumi dəyəri 280 manat olan 2 ədəd saç feni, masanın sol tərəfində yerləşən siyirmədən 200 manat dəyərində tatuirovka aparatı, 15 manat dəyərində saç lakı, güzgünün yanında yerləşən qutudan ümumi dəyəri təxminən 1000 manat olan müxtəlif növ krem vasitələri, qutunun üstündə olan 50 manat dəyərində içərisində 500 manat pul olan əl çantası, qutunun yanından 20 manat dəyərində elektron tərəzi, sol tərəfdə yerləşən vitrindən 40 manat dəyərində ətir, güzgülü masadan hər biri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində içərisində kosmetik vasitələr olan 2 ədəd bağlama, hər biri 10 və 6 manat olmaqla, ümumi dəyəri 16 manat olan əl və üz kremləri, 20 manat dəyərində olan ətir, güzgülü masanın sağ tərəfində ən altdakı siyirməsindən dəyəri 600 manat dəyərində “Samsung A7” markalı mobil telefon, salonun ortasında yerləşən dırnaq stolundan isə 20 manat dəyərində 1 ədəd dırnaq aparatı, 100 manat dəyərində 20 ədəd lak və gellər, dırnaq stolunun arxasından dəyəri 10 manat olan qırmızı rəngli dəsmalın oğurlanmışdır. Oğurluq nəticəsində ona 3411 manat ziyan dəymişdir. Həmin oğurlanmış əşyalardan 34 qutu süni dırnaq maketləri, 12 qutu zər paketləri, 01 ədəd “3D Nail Sticker” markalı dırnaq yapışqanı, 01 qutu “G.Nail” markalı süni dırnaq maketi, 02 qutu süni kiprik makteləri, 01 ədəd muncuqlu boyunbağı, 01 ədəd ağ-qara rəngli önlük, 01 ədəd “X13 lamp” markalı elektron dırnaq aparatı, 01 ədəd “Euromerss” markalı saç düzəldən fen, 01 ədəd “X12” markalı saç buran feni ona təhvil verilmişdir. Vurulmuş maddi ziyanın yerdə qalan hissəsi bu günədək təqsirləndirilən şəxs tərəfindən ona ödənilməmişdir. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 25 yanvar 2021-ci il tarixdə saat 13 radələrində icarə əsasında işlətdiyi Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsində yerləşən “Dəri Ayaqqabılar” mağazasını açan zaman oradan özünə məxsus 01 ədəd elektrik çaydanı, ümumi dəyəri 45 manat təşkil edən 12 cüt tərlik, ümumi dəyəri 900 manat olan 30 cüt ayaqqabı, 1700 manat dəyərində qış və yay köynəkləri, 650 manat dəyərində 34 ədəd yay və qış şalvarları, 50 manat dəyərində 04 ədəd pijama, 30 manat dəyərində 08 ədəd şalvar kəməri, 48 manat dəyərində 24 ədəd mayka, 50 manat dəyərində 45 cüt corab və 90 manat dəyərində 02 ədəd kostyumun naməlum şəxslər tərəfindən oğurlandığını müəyyən etmiş, lakin mağazanın giriş qapısının kilidində heç bir zədə və ya müdaxilə izi olmadığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, oğurluq cinayətini törədən şəxs Təqsirləndirilən şəxsdır. Oğurluq cinayəti nəticəsində ona 3570 manat ziyan dəymişdir. Oğurlanmış əşyalardan 01 ədəd elektrik çaydanı, 01 ədəd tərlik və 02 ədəd corab ibtidai istintaq dövründə ona geri qaytarılmışdır. Yerdə qalan maddi ziyan bu günədək təqsirləndirilən şəxs tərəfindən ona ödənilməmişdir. Zərərçəkmiş şəxs sonda cinayət nətcəsində ona dəymiş maddi ziyan tam ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək, ona ədalətli cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əşyanın könüllü təqdim edilməsi haqqında 27 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru X9 RPİnin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı İlqar Səbzəliyev və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə, saat 01 radələrində Qaradağ rayonu İzlivnoy küçəsində yerləşən qadın salonundan oğurladığı və könüllü təqdim etdiyi 34 qutu süni dırnaq maketləri, 12 qutu zər paketləri, 01 ədəd “3D Nail Sticker” markalı dırnaq yapışqanı, 01 qutu “G.Nail” markalı süni dırnaq maketi, 02 qutu süni kiprik maketləri, 01 ədəd muncuqlu boyunbağı, 01 ədəd ağ-qara rəngli önlük, 01 ədəd “X13 lamp” markalı elektron dırnaq aparatı, 01 ədəd “Euromerss” markalı saç düzəldən fen, 01 ədəd “X12” markalı saç buran fen və 43 ədəd qapı açarını götürülmüşdür. Protokolun düzgünlüyü iştirakçılar və hal şahidləri tərəfindən imzalanaraq təsdiq edilmişdir. (i.v. 26-27) Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 28, 38-39) Təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında 29 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair 29.01.2021ci il tarixli vəsatətin rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və onun müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. (i.v. 62-63) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 29 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 64-65) Cinayət işlərinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında 26 fevral 2021-ci il qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin Məcəlləinin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək icraata qəbul edilməklə cinayət işinin istintaqı ********* statistik nömrəsi altında aparılması qərara alınmışdır. İfadənin yerində yoxlanılması barədə 27 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin baş müstəntiqi, polis kapitanı X8 RPİnin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Vüqar Əzizovun iştirakı ilə, Bakı şəhəri, Binəqədi rayonu, İzlivnoy küçəsində yerləşən “Dəri Ayaqqabıları” mağazasında başı vermiş oğurluq hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə həmin ünvanən qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs cinayət etdiyi yeri dəqiq göstərməsi və hadisənin necə baş verməsi şəraitini izah etməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs əli ilə hadisə yerini göstərərək bildirmişdir ki, 17 yanvar 2021-ci il tarixdə saat 01 radələrində yaşadığı evdən özü üçün yığıb saxladığı topa açarları götürüb, oğurluq etmək üçün piyada evdən çıxıb, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsində yolun kənarında yerləşən “Dəri ayaqqabıları” mağazasının qarşısına gəlmişdir. Həmin mağazanın şüşəsindən içəri baxdıqda rəflərdə yeni vəziyyətdə olan ayaqqabılar və başqa paltarlar görmüşdür. Plastik giriş qapısının kilidinin üzərində olan açarların biri ilə açılacağını bilmişdir. Buna görə də üzərində olan topa açarların ona lazım olanını götürüb, kilidə daxil etmiş və heç bir çətinlik çəkmədən kilidi açıb içəri daxil olmuşdur. Daxil olduqdan sonra sol tərəfdə yerləşən rəflərin üzərindən 5 ədəd qara rəngli kişi ayaqqabısını, girişdən sağ tərəfdə yerləşən 02 ədəd ağ rəngli kişi üçün nəzərdə tutulmuş alt maykasını, həmin yerdən qadın üçün nəzərdə tutulmuş 01 cüt qırmızı rəngli şəpit, sol tərəfdə yerləşən manikenin əynindən 01 ədəd poliver, səliqəli şəkildə qatlanaraq yığılmış poliverlərin içərisindən daha 5 ədəd poliverlər, 02 cüt kişi üçün nəzərdə tutulmuş corablar və girişdən sağda yerləşən 01 ədəd metal rəngində olan elektrik çaydanı götürüb üzərində olan çantaya yığıb daxil olduğu üsulla mağazadan çıxaraq, açarla qapısını bağlayıb, yolun digər tərəfinə Qaradağ rayonu ərazisinə keçmişdir. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. (i.v. 100-102) Baxış keçirmə və götürmə haqqında 27 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X1 Ruhəngiz Nadir qızının, Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı X6 və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Qaradağ rayonu, Müşviq qəsəbəsi, nömrəsiz evinə baxış keçirmiş və baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin ev 1 otaq və mətbəx otağından ibarətdir. Təqsirləndirilən şəxs evin qonaq otağından 1 ədəd açar, 1 ədəd elektrik çaydanı, 2 cüt qara rəngli corabları və 1 cüt qırmızı rəngli tərliyi təqdim edərək, həmin əşyaları 17.01.2021-ci il tarixdə Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsində yerləşən kişi geyimləri mağazasından oğurladığını bildirmişdir. Həmin əşyalar götürülmüş, sonra evə baxış keçirilmiş və iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. Protokolun düzgünlüyü iştirakçılar və hal şahidləri tərəfindən imzalanaraq təsdiq edilmişdir. (i.v. 104-107) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X7 tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 131-132) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 11 fevral 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur. (i.v 148) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2021-ci il tarixli 9/918 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 9 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin yanvar ayına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən 118 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 1 ədəd boyunbağı haqqında kifayət qədər məlumat (forması, ölçüsü və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin rəyin tədqiqi hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 34 qutu müxtəlif markalı süni dırnaq maketləri hər biri 01 manat olmaqla ümumi 34 manat, 12 qutu zər paketləri hər biri 0,50 manat olmaqla ümumi 06 manat, 01 ədəd “3D Nail Sticker” markalı dırnaq yapışqanı 02 manat, 01 qutu “G.Nail” markalı süni dırnaq maketi 01 manat, 02 qutu süni kiprik maketləri hər biri 05 manat olmaqla ümumi 10 manat, 01 ədəd muncuqlu boyunbağı qiyməti müəyy edilməmiş, 01 ədəd ağ-qara rəngli önlük 05 manat, 01 ədəd “X13 lamp” markalı elektron dırnaq aparatı 20 manat, 01 ədəd “Euromerss” markalı saç düzəldən fen 15 manat, 01 ədəd “X12” markalı saç buran fen 25 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. (i.v. 159-163) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2021-ci il tarixli 9/494 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif adda malların 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 10 manat müəyyən edilir. O cümlədən: 01 ədəd “Saachi” markalı 02 litr tutumlu uzun müddət istifadə olunmuş üzərində qüsurlar olan elektrikli çaydan 05 manat, 01 ədəd çəhrayı rəngli yun materialdan olan istifadə olunmuş tərlik (şəpit) 01 manat və 02 cüt təzə vəziyyətdə olan qara rəngli corab hər biri 02 manat olmaqla 04 manat təşkil edit. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. (i.v. 166-169) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2021-ci il tarixli 9/494 saylı məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qıfılın silindrik mexanizmi texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş qıfılın silindrik mexanizmin səthində, açar yuvalarının kənarlarında və daxili detallar üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Həmin silindrik mexanizmin konstruksiyasını nəzərə almaqla onun ştat açarına uyğunlaşdırılmış açarla və ya alət ilə, o cümlədən, kənar predmetlə izqoymadan açılması mümkündür. Təqdim edilən “1” rəqəmi ilə işarələnmiş açarın silindirik mexanizmi sərbəst açıb-bağlaması həmin açarın təqdim edilən silindrik mexanizmi açıb bağlamaq üçün nəzərdə tutulmasını göstərir. Təqdim edilən “2” rəqəmi ilə işarələnmiş açar vasitəsilə silindrik mexanizmin açar oyuqlarını açıb-bağlamaq mümkün deyil. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat müəyyən edilmişdir. (i.v. 171-174) Əməlin tövsif olunması və sübutların qiymətləndirilməsi haqqında 06 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, ona yenidən həmin maddələrlə ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvədə saxlanılması nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 180-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətlərinin olmamasını nəzərər alaraq barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs özünün tam etirafedici ifadəsi, götürmə və ifadənin yerinə yoxlanılması protokolları, məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri, zərərçəkmiş şəxslərin ifadəsi, hadisə yerinə baxış protokolları və iş üzrə Təqsirləndirilən şəxs götürülmüş əşyalar iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş oğurluq zamanı əldə etdiyi əşyalar iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxslərə təhvil verilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 43 ədəd müxtəlif növ açar maddi sübut kimi tanınmış və saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilmişdir. (i.v. 205-214) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında 06 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 yanvar 2021-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiq, polis kapitanı X7 tərəfindən seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. (i.v. 228-229) Zərərçəkmiş şəxs1 tərəfindən 07 aprel 2021-ci il tarixdə verilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 işlətdiyi gözəllik salonundan oğrulanmış müxtəlif markalı 34 qutu süni dırnaq maketləri, 12 qutu zər paketləri, 01 ədəd “3D Nail Sticker” markalı dırnaq yapışqanı, 01 qutu “G.Nail” markalı süni dırnaq maketi, 02 qutu süni kiprik makteləri, 01 ədəd muncuqlu boyunbağı, 01 ədəd ağ-qara rəngli önlük, 01 ədəd “X13 lamp” markalı elektron dırnaq aparatı, 01 ədəd “Euromerss” markalı saç düzəldən fen, 01 ədəd “X12” markalı saç buran feni təhvil almışdır. (i.v. 237) Zərərçəkmiş şəxs2 tərəfindən 07 aprel 2021-ci il tarixdə verilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi mağazadan oğurlanmış 01 ədəd elektrik çaydanı, 01 ədəd tərliyi və 02 ədəd corabı təhvil almışdır. (i.v. 238) Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 08 may 2021-ci il tarixli, 069-8501-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ-də axtarış işi olmuş və 12.04.2021-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-158/2021 saylı, 07 iyun 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin tutulduğu 12 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-158/2021 saylı, 22 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 07 iyun 2021ci il tarixdə hökm elan edilmiş və hökmdən hər hansı apelyasiya şikayəti və apelyasi protesti verilməmişdir. Hökm 29 iyun 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq təkrar oğurluq etməklə müvafiq olaraq yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin məhkəmədə verdiyi ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanılması, axtarış və götürmə aparılması protokolları, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxsin məhkəmədə özünü qismən təqsirli bilməsinə, yəni 17 yanvar 2021-ci il tarixdə saat 00:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus kişi geyimləri mağazasından və 17 yanvar 2021-ci il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus “Sona” gözəllik salonundan başqa pul və ya digər əşyalar oğurlamamsı ilə bağlı ifadəsində göstərdiyi xüsusatlara məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakterli olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmaq, öz məsuliyyətlərini yügülləşdirmək məqsədi ilə verilmişdir və məhkəmə istintaqı zamanı araşdırılmış digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Onun cinayət əməlini törətməkdə tam təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin müvafiq cinayət əməllərində təqsirliliyini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməlləri 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın fərdiləşməsi prinsipi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Cinayət işi materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 158/2021 saylı, 07 iyun 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini 17 yanvar 2021-ci il tarixlərdə, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-158/2021 saylı, 07 iyun 2021-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Qanunun bu tələbləri baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında birinci hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-158/2021 saylı, 07 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla qəti cəza təyin edilməli (CM- 66.5), onun ibtidai istintaq dövründə 27 yanvar 2021-ci il tarixdən 29 yanvar 2021-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM- 69.3), cəzasının əvvəli 12 aprel 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-158/2021 saylı, 07 iyun 2021-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 34 qutu süni dırnaq maketləri, 12 qutu zər paketləri, 01 ədəd “3D Nail Sticker” markalı dırnaq yapışqanı, 01 qutu “G.Nail” markalı süni dırnaq maketi, 02 qutu süni kiprik makteləri, 01 ədəd muncuqlu boyunbağı, 01 ədəd ağ-qara rəngli önlük, 01 ədəd “X13 lamp” markalı elektron dırnaq aparatı, 01 ədəd “Euromerss” markalı saç düzəldən fen, 01 ədəd “X12” markalı saç buran fenin zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 və 01 ədəd elektrik çaydanı, 01 ədəd tərliyi və 02 ədəd corabın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı (CPM-132), iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş 43 ədəd müxtəlif növ açar dövlət nəfinə müsadirə edilməli, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə 60 (altmış) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə baxışı zamanı dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə baxışı zamanı 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 60 (altmış) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 360 (üç yüz altmış) manat məbləğində pul və məhkəmə istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-158/2021 saylı, 07 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci il tarixdən 29 yanvar 2021-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-158/2021 saylı, 07 iyun 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 34 qutu süni dırnaq maketləri, 12 qutu zər paketləri, 01 ədəd “3D Nail Sticker” markalı dırnaq yapışqanı, 01 qutu “G.Nail” markalı süni dırnaq maketi, 02 qutu süni kiprik makteləri, 01 ədəd muncuqlu boyunbağı, 01 ədəd ağ-qara rəngli önlük, 01 ədəd “X13 lamp” markalı elektron dırnaq aparatı, 01 ədəd “Euromerss” markalı saç düzəldən fen, 01 ədəd “X12” markalı saç buran fenin zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 və 01 ədəd elektrik çaydanı, 01 ədəd tərliyin və 02 ədəd corabın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş 43 ədəd müxtəlif növ açar dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri – 164 (yüz altmış dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 60 (altmış) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 360 (üç yüz altmış) manat məbləğində pul və məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, (təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi vaxtdan) 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar