Məhkəmə qərarları › İş №1(002)-203/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-203/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-203/2024 05.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Zərərçəkmiş şəxsin nümayəndəsi X3 Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1958-cildə Qubadlı rayonu Zilanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Qaradağ İHB Aparatının Mənzil- Kommunal Təsərrüfatı X2 və X4 sürücü işləyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu Zilanlı kəndində qeydiyyatda olmaqla, Qaradağ rayonu Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən uşaq bağçasının inzibati binasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında,acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11.00 radələrində sürücü vəzifəsində işlədiyi Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal təsərrüfatı X2 və Avtomobil Nəqliyyatı dəstəsinə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan «MTZ 82.1» markalı, 10 D-343 dövlət qeydiyyat nişanlı traktoru 52 Q 119 dövlət qeydiyyat nişanlı qoşqusu ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməklə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi, B.Əliyev küçəsində qoşqusunda məişət tullantıları yükü ilə Bakı şəhəri istiqamətində 30-40 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən hərəkət iştirakçıları hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, habelə həmin Qanununun 56-cı maddəsinin İX hissəsinin 1-ci bəndinin tələblərinə əsasən avtomobilin (bort platforması olan yük traktorunun banında və ya ban-furqonunda daşınmasından başqa) traktorun, digər özügedən maşınların kabinasından kənarda, yük qoşqusunda, qoşqu yaylaqda, yük motosikleti banında və motosikletin konstraksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə adamları daşımamalı olduğu halda cinayətkarcasına etinasızlıq edib Qanunun qeyd olunan tələblərinə riayət etməyərək məişət tullantılarını yükləmə-boşaltma işini icra edən Qaradağ rayonu Sahil qəsəbəsi Mədəniyyət və İstirahət parkında dalandar işləyən Zərərçəkmiş şəxs traktorun qoşqusunda olmasına baxmayaraq traktoru hərəkət etdirərək yolun hərəkət hissəsində olan tramplinin üzərindən keçərkən məişət tullantılarının üzərində oturmuş M.S.Rahmanovun qoşqudan yerə yıxılaraq aşağı və yuxarı ətrafların hissiyyatın pozulması ilə müşayiət olunan onurğanın boyun şöbəsinin 5-6-cı (C5-C6) fəqərəlirinin qövsünün qəlpəli onurğa kanalına doğru yerinidəyişən, kompression fəsadlaşan sınığı və onurğa beyinin boyun şöbəsinin ödemi, döş qəfəsinin sağdan İ qabırğanın qapalı, yerinidəyişməyən sınığı, başın təpə nahiyəsinin əzilmiş yarası və başın alın nahiyəsinin sıyrığından ibarət xəsarətlər almasına səbəb olub nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263- 1.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Qubadlı rayonunda Texniki Peşə məktəbində traktorçu ixtisasını bitirmiş və Peşə məktəbindən ona traktorçu vəsiqəsi verilmişdir, həmin vəsiqə əsasında Qaradağ rayon İH başçısı aparatının MKT İB-nin Mexanizasiya və X4 traktorçu işləyir və qarajdan ona «MTZ 82» markalı traktoru həvalə etmişlər. İdarə etdiyi həmin traktorun yarımqoşqusu vardır. O rayondan aldığı həmin traktorçu vəsiqəsi əsasında işə qəbul olunmuşdur və həmin vəsiqə əsasında traktor idarə etmişdir. xx.xx.2024-cü il tarixdə qarajdan yenə də onu Sahil qəsəbəsinə göndərmişlər və ərazidən məişət tullantılarını yığdıqdan sonra saat təxminən 10:30 radələrində fəhlə Zərərçəkmiş şəxs daxil olmaqla yığılmış məişət tullantılarını idarə etdiyi traktorun yarımqoşqusuna yüklədikdən sonra zibili boşaltmaq və qoşquya yığılmış məişət tullantılarının dağılmaması üçün həmin məişət tullantılarını basmaq məqsədi ilə Zərərçəkmiş şəxs qoşqudakı tullantıların üstündə oturmaqla o traktoru Bakı şəhəri istiqamətində olan zibil paliqonuna tərəf idarə etməyə başlamışdır. Sahil qəsəbəsində yolda olan tramplinin üstündən keçən vaxt Valeh qoşquda müvazinətini itirib yerə yıxılıb xəsarət almışdır, lakin o Valehin traktorun qoşqusundan yıxılmasını görməmişdir, zibil boşaldılan paliqona çatanda Valehi traktorun qoşqusunda görməmiş və həmin yerdə qonşuluqda yaşayan Nicat adlı şəxs ona zəng edib bildirmişdir ki, qoşquda olan şəxs traktorun qoşqusundan yerə yıxılmışdır, o hadisə yerinə çatanda Valehi təcili yardım maşınına mindirib tibbi yardım üçün aparırmışlar, o oradan xəstəxanaya getmişdir. O Valehin müalicəsi üçün 1800 manat xəstəxanada xərc çəkmiş, 100 manat da ailəsinə vermişdir, Törətdiyi əməldən səmimi peşmandır.Zərərçəkmiş şəxslə barışığa cəhd etmişdir, lakin zərəçəkmiş şəxsin tələb etdiyi xərcləri qarşılmağa imkanı yoxdur.Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X5 bildirmişdir ki, hadisə nəticəsində onun həyat yoldaşı Zərərçəkmiş şəxs ağır xəsarətlər almış və iş qabiliyyətini itirmişdir.Hal-hazırda o yataq xəstəsidir. Təqsirləndirilən şəxs tərəfindən ona qismən yardım edilmişdir.Həmin yardım Zərərçəkmiş şəxs müalicə xərclərini qarşılamır. Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, 2011-ci ildən Qaradağ rayonu MKTB-nin mexanizasiya və avtonəqliyyat dəstəsinin rəisi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs qarajda əsas sürücü vəzifəsindəçalışır. Qaradağ MKTB-nin qarajının nəzdində olan «MTZ- 82» markalı, 10 D 343 dövlət qeydiyyat nişanlı traktor Təqsirləndirilən şəxs təhkim edilmişdir, lakin traktora qoşulmuş yarımqoşqu qarajın nəzdində deyil, bu barədə məlumatı yoxdur. Sürücü Təqsirləndirilən şəxs Salam oğlu 1982-ci ildə alınmış sürücülük vəsiqəsini təqdim edib. Vəsiqəsi həmin vaxtdan yenilənməyibdir. Hadisə baş verdikdən sonra gedib sürücülük vəsiqəsi üçün nəzərdə tutulan dövlət rüsumunu ödəyərək yeni vəsiqə almışdır.Hadisə zamanı xəsarət almış Zərərçəkmiş şəxs müalicə xərcləri üçün ona yardım edilmişdir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, 1989-cu il tarixdən Qaradağ rayon MKTBnin parkin rəisi vəzifəsində işləyir Vəzifəsi tabeliyindəolan fəhlələrin işinin təşkilinə keyfiyyətinə nəzarəti həyata keçirməkdir. Qaradağ rayon MKTB-nin rəisinə tabedir, göstərişləri həmin MKTB-nin rəisindən alır. Zərərçəkmiş şəxs təxminən 7 ildir ki, onun tabeliyində işləyir, fəhlədir, vəzifəsi Sahil qəsəbəsində olan tullantıları toplamaqdan və zibil daşımaq üçün nəzərdə tutulmuş avtomobilə yükləməkdə, daha sonra isə həmin tullantıları boşaltmaqdan ibarətdir. Təqsirləndirilən şəxs Qaradağ rayon MKTB-nin sürücüsüdür, qaraja tabedir. 27 dekabr 2023-cü il tarixdə saat 12.00 radələrində Sahil qəsəbəsinə geri qayıdan zaman polis əməkdaşlarının qəsəbəyə yığışdıqlarını görmüş, nə baş verdiyini soruşduqda, ona, fəhlənin traktorun qoşqusundan yıxıldığını, qoşqudan yıxılan fəhlənin xəstəxanaya aparıldığını bildirmişlər. Hadisə barəsində ərazidə olan digər fəhlələrdən soruşduqda, ona, Valehin traktorun qoşqusunda əyləşməsini, traktor hərəkət edən zaman qoşqudan başı üstə yerə yıxıldığını bildirmişlər. Dərhal rəhbərliyiə məlumat vermiş və Valehin ardınca xəstəxanaya digər fəhlələri göndərmişdir. Hadisə onun işlədiyi parkda baş verdiyindən Zərərçəkmiş şəxs müalicəsi üçün və ailəsinə 6000 manat maddi yardım etmişdir. Məhkəmə iclasında Şahid3 bildirmişdir ki, Qaradağ rayon MKTB-nin Təmizlik idarəsinin briqadiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun briqadir kimi işlədiyi sahədə dalandar işləyir, onun vəzifəsi Sahil qəsəbəsi ərazisində təmizlik işləri aparmaq, məişət tullantılarını yığıb toplamaq və sonra yığılmış məişət tullantılarını təhkim olunmuş maşina, traktorun qoşqusuna yükləyib zibil paliqonuna aparıb boşaltmaqdan ibarətdir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, Qaradağ rayon İHB aparatının MKT İB-nin Mexanizasiya və X4 sürücü işləyir. 27 dekabr 2023-cü il tarixdə dalandar işləyən Zərərçəkmiş şəxs gündəlik iş qrafikinə uyğun olaraq gündəlik iş normasını yerinə yetirmək üçün Sahil qəsəbəsi ərazisinə çıxmışdır. Təqsirləndirilən şəxs da öz idarəsindən Sahil qəsəbəsinə göndərilməklə dalandarların yığdıqları məişət tullantılarının traktorun qoşqusuna yüklətdirib daşıma işlərini yerinə yetirirmiş. Onlar qəsəbə ərazisində məişət tullantılarının yığılması işi ilə məşğul olarkən o işlə əlaqədar Lökbatan qəsəbəsində olmuşdur. Sahil qəsəbəsi ərazisinə qayıdarkən polis əməkdaşlarının qəsəbədə yığışdıqlarını görmüş, nə baş verməsi ilə maraqlandıqda ona bildirmişlər ki, zibil yığıb daşınılan traktorun qoşqusundan dalandar Zərərçəkmiş şəxs yıxılıb xəsarət almış və onu TTY maşını ilə xəstəxanaya aparmışlar, ərazidə işləyən digər fəhlələrin danışığından öyrənmiş ki, məişət tullantılarını traktorun qoşqusuna yüklədəndən sonra Valeh qoşqudakı zibillərin üstündə oturmuş və traktor hərəkət edən zaman Valeh müvazinətini itirib başı üstə yerə yıxılaraq xəsarət almışdır. O hadisə barədə rəhbərliyə məlumat vermiş və Təmizlik Parkının direktoru onu xəstəxanaya göndərmiş ki, gedib Valehə lazımı köməkliyi etsin. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 08 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – aşağı və yuxarı ətraflarınn hissiyyatın pozulması ilə müşayiət olunan onurğanın boyun şöbəsinin 5-6-cı (C5-C6) fəqərələrinin qövsünün qəlpəli, onurğa kanalına doğru yerinidəyişən, kompression fəsadlaşan sınığı və onurğa beyinin boyun şöbəsinin ödemi, döş qəfəsinin sağdan İ qabırğanın qapalı, yerinidəyişməyən sınığı, başın təpə nahiyəsinin əzilmiş yarası və başın alın nahiyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X9 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilr və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir.Vət.İ.S.Rahmanovun almış olduğu xəsarətlərin xrakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər əl çatan nahiyədə olduğundan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 09 aprel 2024-cü il tarixli, 8/823 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən MTZ-82 markalı, 10 D 343 dövlət qeydiyyat nişanlı, qoşqulu traktorun çürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BDY-dən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-43441/2024 nömrəli məktubdan görünür ki, kompüteruçot bazasının məlumatlarına əsasən xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materillarında olan 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışığa cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının orta həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X8, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində cəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki qaydada dəymiş zərərin əvəzini tələb etmək hüququ izah edilsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X8, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə maddi subut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar