Məhkəmə qərarları › İş №1(002)-205/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-205/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-205/2023 12.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.868 qram miqdarda olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 02 fevral 2023-cü il tarixdə, Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, saat 13:30 radələrində, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən, 195 saylı avtobus dayanacağının qarşısında saxlanılaraq 11-ci PB-nə gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı kağız kəsiyinə bükülmüş psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. O həmin ifadəsində göstərmişdir ki, heç bir dispanserdə qeydiyyatda deyil, psixoloji durumu normaldır, markotik vasitələrdən istifadə aludəçisidir. Hal-hazırda işləmir. 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsilə həbs edilib, məhkumluq həyatı yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 17:00da Ələt qəsəbəsi, Salyan rayonu istiqamətinə gedən köhnə yol tərəfdən keçib gedərəkən Ələt qəsəbə sakini İltifat kimi tanıdığı şəxs ona yaxınlaşaraq narkotik maddə almağı təklif etmişdir. Narkotik maddə qəbul etdiyi üçün təkliflə razılaşmışdır. İltifatdan 10 manat müqabilində bir ədəd siqaretin qızılı kağız kəsiyinə bükülümüş bükümdə psixotrop maddə olan “patı” almışdır. Patını falqa kağızda əritmək yolu ilə tüstü halında qəbul edir. Həmin psixotrop maddə ona iki gün müddətinə bəs edir. Bu məqsədlədə bükümü şalvarın sağ yan cibində qoydmuşdur. 02 fevral 2023-cü il tarixdə 13:30 radələrində Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 195 saylı avtobusunun dayanacağının qarşısında dayanıb avtobus gözləyirmiş. Bu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra, məndən Belixan olub-olmadığını soruşmuşlar. Həmin şəxslərə Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonra ona, narkotik vasitələrin, qanunsuz dövriyyəsində, şübhəli olduğunu bildirərək 11-ci PB-nə gətirmişlər. Təhqiqatçı üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olmasını soruşduqda könüllü olaraq üzərində psixotrop maddə olan metamfetamin olduğunu etiraf etmişdir. Bundan sonra dövlət hesabına təyin edilmiş vəkil gəlmiş və 11-ci PB-də üzərinə şəxsi axtarış keçirilərkən, könüllü olaraq, üzərindəki əşyaları, masanın üzərinə qoymağı təklif olunmuşdur. Əynindəki, tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı kağız kəsiyinə bükülmüş bükümü masanın üzərinə qoyaraq, bükümün içərisindəki psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmçinin özünün olmasını, və 01 fevral 2023-cü il tarixdə Ələt qəsəbəsi Salyan rayonu istiqamətinə gedən köhnə yol tərəfdə Ələt qəsəbə sakini kimi tanıdığı İltifat adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində saxladığını bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən vəkilin və digər iki polis əməkdaşının iştirakı ilə açılmış, bükümün içərisində İltifatdan aldığı metamfetamin aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş psixotrop maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunaraq zərfin üzərinə və protokola polis əməkdaşları və vəkilin iştirakı ilə imza etmişlər. Həmin psixotrop maddəni kiməsə satmaq və ya pay vermək niyyəti olmamış, xəstə olduğu üçün şəxsi istifadəsi üçün almışdır. Eləcə də üzərində olan psixotrop maddədən heç kəsin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan, həmçinin polis bölməsinə gətirilən zaman ona qarşı heç bir təzyiq edilməmişdir və üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə ona məxsusdur. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu və ailə vəziyyətinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkilli, Şahid1 öz ifadəsində ibitidai istintaq zamanı verdiyi ifadəsinə təsdiq edərək göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə əməliyyat müvəkkili polis kapitanı Şahid2 etimad doğuran qərəzsi mənbədən bir nəfər şəxsin Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində narkotik vasitələri daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın emal edilməsindən ötrü raportla PB rəhbərliyinə məlumat verilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat müvəkkili, polis kapitanı, Şahid2lə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 13:30 radələrində Təqsirləndirilən şəxs, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 195 saylı avtobus dayanacağının qarşısında tərəfimizdən saxlanılaraq PB-nə gətirilmişdir. Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı polis kapitanı, Əlizamin Ağayev tərəfindən müdafiəçi dəvət edilməklə, PB-nin əməliyyat müvəkkili polis baş leytenantı, Şahid3 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmetin olması barədə sual verildiyində o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində “şüşə” adlanan psixotrop maddə olan metamfetaminin olduğunu bildirərək cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində aşkar edilərək protokolla götürülmüş kütlə Əlizamin Ağayev tərəfindən zərfə qoyularaq möhürlənmiş və iştirkaçılar tərəfindən imzalanaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin, psixotrop maddəni Ələt qəsəbəsində yaşayan İltifat adlı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı, Şahid2 öz ifadəsində ibitadi istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 02 fevral 2023-cü il tarixdə xidmətdə olduğu zaman etimad doğuran qərəzsiz mənbədən bir nəfər şəxsin Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində narkotik vasitələri daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın emal edilməsindən ötrü raportla PB rəhbərliyinə məlumat verilmiş və əməliyyat qrupu yaradılmışdır. PB-nin rəisi tərəfindən əməliyyat qrupu yaradılması barədə qərar qəbul edilmiş, əməliyyat müvəkkili, polis kapitanı, Səfa Mirzəyev əməliyyat qrupuna daxil edildikdən sonra həmin şəxsin Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 13:30 radələrində Təqsirləndirilən şəxs, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 195 saylı avtobus dayanacağının qarşısında tərəfimizdən saxlanılaraq PB-nə gətirilmişdir. Qaradağ RPİ-nin 11-ci PB-də PBnin təhqiqatçısı polis kapitanı, Əlizamin Ağayev tərəfindən müdafiəçi dəvət edilməklə, PBnin əməliyyat müvəkkili polis baş leytenantı, Şahid3 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmetin olması barədə sual verildiyində o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində “şüşə” adlanan psixotrop maddə olan metamfetaminin olduğunu bildirərək cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində aşkar edilərək protokolla götürülmüş kütlə Əlizamin Ağayev tərəfindən zərfə qoyularaq möhürlənmiş və iştirkaçılar tərəfindən imzalanaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin, psixotrop maddəni Ələt qəsəbəsində yaşayan İltifat adlı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Məhəmə iclasının vaxtı və yeri barədə Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyat müvəkkili Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə təkrarən rəsmi məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid3 ifadəsi elan edilmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyat müvəkkili polis kapitanı Şahid2 ifadisi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli, 6/656 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Belxan Güləliyevdən götürlmüş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkilisi 0,868 qram ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi- 0,868 qram, tədqiqata sərf edildi-0,050 qr., qalıq-0,818 qr. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 12 aprel 2023-cü il tarixli, 2124 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində Qaradağ RPİ-nin 10-cu PB-dən 11-ci PB-nə ezam edilmiş polis kapitanı, baş təhqiqatçı X6 tərəfindən şəxsi axtarış və götürmə aparılması əks olunur. Həmçinin Qaradağ RPİ-nin 11-ci PB-nin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2, 11-ci PB-nin Cinayət-Axtarış üzrə əməliyyat, X7 və Bakı şəhəri, Qaradağ rayonu, 10 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı əks olunur. Video görüntüdə həmçinin şəxsi axtarış və götürülmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Əlizamin Ağayev tərəfindən üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olması barədə sual verməsi və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın yan cibindən bir ədəd siqaretin qızılı rengli kağızına bükülmüş bükümü masanın üzərinə qoyması və t\hqiqatçı Əlizamin Ağayev həmin narkotik vasitəyə baxış keçirdiyi zaman bükümün içərisində olan maddənin cüzi hissəsinin masanın üzərinə dağıtması, həmçinin maddənin tam şəkildə bükümə yığılması əks olunur. Təqsirləndirilən şəxs həmin maddəni Ələt qəsəbəsində İltifat adlı şəxsdən aldığını bildirdikdən sonra həmin kütlə zərfə qoyularaq 44 saylı möhürlə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və siqaretin qızılı rəngli kağız kəsiyinə bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,868 qram metanfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra psixotrop maddə metamfetaminin 0,818 qram qalıq çəkisi Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 02 (iki) ay 13 (on üç) gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhumluğu ödənilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, psixotop maddənin çəkisini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 02 fevral 2022-ci il tarixdə, saat 13:30-da şübhəli şəxs qismində tutulmuş və 04 fevral 2022-ci il tarixdə saat 11:40-da təqsirləndirilən şəxs qismində dindirildilməsi başa çatdıqdan sonra barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən dərhal azad edilmişdir. Odur ki, bu hal iki gün kimi Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,818 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,818 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 saata görə 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 saata görə 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar