Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-207/2021 05.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçif Zülfi oğlunun iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, subay, orta təhsilli, işləməyən, Ağdam rayonu, Poladlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan “Səfər” adlı şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, Qaradağ RPİ-nin CAŞ-in və 10-cu PB-in əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 fevral 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Qobu-Park-3” yaşayış kompleksi, 34 saylı binanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, polis bölməsində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızında təmiz çəkisi 0,508 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etsə də, lakin uzun müddətdir ki, narkotik vasitə istifadə etmir. O, narkotik vasitə və psixotrop maddəni əsasən Səfər adlı tanışı ilə olan zaman istifadə etmişdir. Səfəri adlı tanışını təxminən 1 ildən artıq müddətdir ki, Mingəçevir şəhərindən tanımış və onun anket məlumatları barədə heç bir məlumatı yoxdur. Polislər tərəfindən saxlanılmamışdan 1 həftə əvvəl Lökbatan qəsəbəsində yerləşən “Qobu-park” yaşayış kompleksində qohumugilə qonaq gəlmişdir. O, Mingəçevir şəhərindən gələn zaman Səfər ona 01 ədəd bükümdə şəxsi istifadəsi üçün psixotrop maddə olan metanfetamin vermişdir. O da həmin bükümü istifadə etməsi üçün cibinə qoymuşdur. 09 fevral 2021-ci il tarixdə saat 18 radələrində “Qobu-Park-3” yaşayış kompleksi 34 saylı binanın qarşısında dayandığı zaman iki nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, onun narkotik vasitənin və psixotrop maddələrin qəbul etməsində şübhəli bilindiyini bildirdikdən sonra onu polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində ona müdafiəçi təyin etmişlər, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. O da könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə içərisində şüşə deyilən metamfetamin psixotrop maddəsi olan bükümü təqdim etmişdir. Həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş 01 qutu siqaret və pul əskinasları özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən daxili işlər orqanlarında, 2020-ci ilin oktyabr ayından isə Qaradağ RPİ-nin 10-cu PB-də xidmət aparır. 09 fevral 2021-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu-Park 3” yaşayış kompleksi ərazisində Təqsirləndirilən şəxs narkotik vasitə qəbulu, daşınması ilə məşğul olması, ara-sıra üzərində narkotik vasitə olan “heroin” və psixotrop maddə metamfetamin saxladığı barədə əməliyyat məlumatı daxil olmuş, məlumatı yoxlamaq məqsədilə o, Qaradağ RPİ-nin rəisinə raportla müraciət etmişdir. Əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında Qaradağ RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid2 Gülhüseyn oğlundan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı iştirakçılara davranış xətti izah olunmuşdur. Bundan sonra əməliyyat qrupuna daxil olan Şahid2 ilə birlikdə 09 fevral 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Qobu- Park 3” yaşayış massivi, 34 saylı binanın qarşısında zahiri əlamətləri ilə Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini ona təqdim etmişlər və həmin şəxsin kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu demişdir. Onlar da həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün PB-nə dəvət etmişlər. Polis Bölməsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Həmin vaxt onun tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq polis bölməsinin rəisinə məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Əlisəfa Əliyevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə video çəkiliş vasitəsi ilə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyriqanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükülünü təqdim edərək bildirmişdir ki, bükümün içərisində psixotrop maddə olan metanfetamin vardır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd 5 manatlıq pul əskinası, 1 ABŞ dolları, 2 Ukrayna qrivini, 01 ədəd Təqsirləndirilən şəxs məxsus ümumvətəndaşlıq pasportu, 01 ədəd siqaret qutusu aşkar olunmuşdur. Sonra içərisində psixotrop maddəyə bənzər maddə zərfə qoyularaq möhürlənmiş və təhqiqatçı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol və qablaşdırılmış zərf imzalarla təsdiq olunmuşdur. Videoçəkiliş onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs üzrəindən aşkar edilmiş siqaret və pul əskinasları özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-in kiçik inspektoru, polis serjantı Şahid2 Gülhüseyn oğlu digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 09 fevral 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 15, 24) Şəxsi axtarış və götürmə aparılması haqqında 09 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli siqaretin kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açırakən içərisində ağ rəngli, iysiz, kristal şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “şüşə” olduğunu, dünən Səfər adlı şəxsdən pulsuz olaraq özünün istifadəsi üçün aldığını bildirmişdir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən özünə məxsus milli pasport, 2 ədəd 5 manatlıq Azərbaycan Respublikasının əskinazı, 1 ABŞ dolları, 2 Ukrayna Respublikasının qrivini aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, 222 saylı mğhürlə möhürlənmiş, bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. (i.v. 33-34) Təqsirləndirilən şəxs üzərində axtarış və baxış keçirilməsi video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmiş və məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2021-ci il tarixli, 6/602 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 223” dairəvi möhrü əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,508 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi – 0,508 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,458 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. (i.v. 41-44) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 4(002)-28/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 09 fevral 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 72-73) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X3-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 15 mart 2021-ci il tarixli, 792 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotorp maddə olan metamfetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 84-85) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 10 aprel 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2016-cı i il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzası 03 il 06 aya endirilmiş, Suraxanı rayon Məhkəməsinin 09 fevral 2019-cu il tarixli qərarı Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi hökmdən xaric olunmuş və cəzası 03 il 03 aya endirilmişdir. Suraxanı rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 04 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (i.v. 89) Sübutların qiymətləndirilməsi haqqında 10 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş 11 fevral 2021-ci il tarixli ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,508 qram 01 ədəd bükümdə olan psixotorp maddə - metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin metamfetaminin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,458 qram 01 ədəd bükümündə olan hissəsi saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir.Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Səfər” adlı şəxsdən psixotrop maddəni əldə etməsi xüsusatı üzrə cinayət işinin materiallarından psixotrop maddənin əldə olunduğu mənbənin müəyyən edilməsindən ötrü əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün material ayrılmışdır. (i.v. 93-98) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotorp vasitələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi etiraf edərək, əməlindən peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun 09 fevral 2021-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CPM-158.2.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 09 fevral 2021-ci il tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddənin qalığı məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 70 (yetmiş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 70 (yetmiş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 420 (dörd yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan psixotrop maddənin qalığı 0,458 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri – 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 70 (yetmiş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 420 (dörd yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-207/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-207/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver