Məhkəmə qərarları › İş №1(002)-209/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-209/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-209/2024 27.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs hərbi xidmətdə olarkən şəxsi işinə yazılmış qüsurları 6000 manat pul müqabilində aradan qaldıracağına dair yalandan vəd verib 2023-cü ilin may ayının əvvəllərində Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən avtovağzalın yaxınlığında Zərərçəkmiş şəxsla görüşüb ondan 3000 manat, 2023-cü ilin may ayının axırlarında isə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən X4 Məntəqəsində Zərərçəkmiş şəxs və atası ilə görüşüb 3000 manat pul olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 6000 manat məbləğində pul vəsaitini vahid niyyətlə aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanışı Şahid3 vasitəsi ilə tanımışdır. 2023-cü ilin may ayının əvvəllərində Şahid3lə görüşmüş o da Zərərçəkmiş şəxs Hərbi Xidmətdə olan zaman şəxsi işinə qeyd olunmuş qüsurların aradan qaldırılmasında köməkliyə ehtiyacının olduğunu ona bildirmiş, o da həmin işi görə biləcəyini demişdir. Qeyd olunan məsələ ilə bağlı Zərərçəkmiş şəxsla görüşmüş, həmin işi həll edəcəyini ona bildirmiş, görəcəyi işin müqabilində 6000 manat pulun bir hissəsini Salyan rayonunda, digər hissəsini Bakı şəhərində almışdır. Lakin, o, vəd verdiyi kim, şəxsi işə yazılmış qüsurları aradan qaldıra bilməmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu, əvvəllər Daxili İşlər Nazirliyi taeliyində uzun illər xidmət etdiyini və fərmanlarla mükafatlandırıldığını, himayəsində iki azyaşlı uşağının olmasını, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildə Azərbaycan Respublikası Daxili Qoşunlarda heyət rəisi olmaqla, gizir rütbəsində çalışmış, 2020-ci ildə işdən çıxarılmış və onun şəxsi işinə xidməti qüsur yazılmışdır. O, iş yoldaşı Şahid3lə söhbət edən zaman şəxsi işinə yazılmış qüsurları müzakirə etmiş və onları aradan qaldırmasında köməkliyə ehtiyacı olduğunu bildirmişdir. 2023-cü ilin may ayının əvvəllərində Şahid3 onu Təqsirləndirilən şəxslə tanış etmiş və onlar ilə birlikdə Salyan rayonunda görüşmüşlər. Təqsirləndirilən şəxs bu işi 6000 manata görə biləcəyini bildirmiş, o, üzərində olan 3000 manat pulu ona vermişdir. 2023-cü ilin may ayının axrında Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən X4 Məntəqəsində atası Şahid1 və dayısı Şahid2lə birlikdə Təqsirləndirilən şəxslə görüşmüş, qalan 3000 manat pulu da sonuncuya vermişdir. Təqsirləndirilən şəxs vəd verdiyi işi görməsi üçün ümumilikdə 6000 manat verdikdən sonra dəfələrlə əlaqə saxlamalarına baxmayaraq, müxtəlif bəhanələr gətirərək pulun qaytarılmasından və ya işin görülməsindən yayınmışdır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayının axırlarında oğlu Zərərçəkmiş şəxs və qohumu Şahid2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən X4 Məntəqəsinə gəlmişlər, orada Təqsirləndirilən şəxs 3000 manat pul vermişlər. Oğlu Zərərçəkmiş şəxs digər 3000 manat pulu isə Təqsirləndirilən şəxs Salyan rayonunda onların bərabər görüşündən əvvəl vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra bildirmişdir ki, bir həftə ərzində oğlu Zərərçəkmiş şəxs şəxsi işinə yazılmış qüsuru aradan qaldıracaq, lakin nə vəd verdiyi işi görməmiş nə də ki pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ilə yaxın müddətdir ki, öz qardaşının sənədini düzəltməsi məqsədilə tanımış və ona pul vermişdir. Təxminən 2023-cü ilin may ayında o, Zərərçəkmiş şəxsla söhbət edən zaman sonuncu ona dövlət işinə qəbul olmaq üçün hərbi biletində olan qüsurun aradan qaldırılması lazım olduğunu demişdir. O da bu məqsədlə onları Təqsirləndirilən şəxslə tanış etmiş onun problemini həll edə biləcəyini demişdir. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxslə çayxanada görüşmüş, söhbət əsnasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sənədindəki problemi 1000 manat müqabilində həll edəcəyini demiş, bundan sonra o, işə tələsdiyi üçün oradan getmişdir. Sonradan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 6000 manat pul verdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 33-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən, cinayət işinin 133-143-cü vərəqələrində olan Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsi və Ədliyyə Nazirliyi Probasiya Xidmətindən daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş və 3400 manat cərimə cəzası ödənilməmiş qalmışdır. Cinayət işinin 45-46-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 70-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması qərara alınmışdır. Cinayət işinin 71-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 76-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 77-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 109-110-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(saat 09:30) Cinayət işinin 130-132-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 144-148-ci vərəqələrində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Daxili İşlər Nazirliyi tabeliyində çalışmaqla əmr və fərmanla təltif edilmiş, xx.xx.2021-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Cinayət işinin 162-ci vərəqəsində olan elektron daşıyıcıya baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan, iş materiallarına əlavə edilmiş DVD disk və diskdəki məlumatların 163-182-ci vərəqələrdə olan çıxarışlarından görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin anten məlumatlarına əsasən o, 2023cü ilin may ayının sonlarında Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində olmuşdur. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024cü il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş, o təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, X3 xx.xx.2011-ci il tarixdə və X2 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs tərəfindən dələduzluq cinayət əməlinin törədilməsi faktı tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin. 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun xx.xx.2024-cü il tarixdən hal-hazırki tarixədək həbsdə olduğu cəmi 06 ay 26 gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası Neftçala Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə təyin edilmiş 4000 manat cərimə cəzasının ödənilməmiş hissəsi 3400 manat cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası və 3400 manat cərimə cəzası təyin edilməli, cərimə cəzası müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv olunmalı, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, onun barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilməli və seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Neftçala rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Neftçala rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 ibtidai istintaq dövründə 40 (qırx) iş saatı Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) iş saatı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi yardıma görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə qaldığı 06 ay 26 gün müddət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 1 il 1 ay 22 gün müddət ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona 01 il 10 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 il 10 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 4000 manat cərimə cəzasının ödənilməmiş hissəsi 3400 manat cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq 01 il 10 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 3400 manat cərimə cəzası təyin edilsin. Cərimə cəzası müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Neftaçala rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Neftçala rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi yardıma görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar