Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-21/2024 24.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində 2 azyaşlı uşağı olan), məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 11:15 dəqiqədə Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massivdə saxlanılaraq həmin şöbənin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd ağ kağıza bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,589 qram və 0,079 qram, ümumi təmiz çəkisi 0,668 qram qəhvəyi rəngli, tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,421 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Lökbatan qəsəbəsində yerləşən doğum evinin yanında polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində öz istifadəsi üçün saxladığı narkotik vasitə olmuşdur. Polis əməkdaşları tərəfindən Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə aparılmış, ona müdafiəçi təqdim olunmuş, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və baxış istintaq hərəkəti keçiriləcəyinə dair xəbərdar edilmişdir. Şəxsi axtarış və baxış istintaq hərəkətinə başlamamışdan əvvəl o, üzərində saxladığı narkotik vasitəni təqdim etmiş, öz istifadəsi üçün 20 manata özünü Rüstəm kimi təqdim etmiş şəxsdən aldığını demişdir. Narkotik vasitələr qablaşdırılmış, tərtib olunmuş protokol isə həm onun həm də istintaq hərəkətinin iştirakçısı olmuş şəxslər tərəfindən imzalanmışdır. Suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə bir bükümdən ibarət olmuş, digər bükümlər isə polis əməkdaşları tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti başlamamışdan öncə ona məxsus olan kimi təqdim edilməsi üçün verilmişdir. Videoçəkiliş zamanı ondan bükümləri nə üçün aldığını soruşduqda onların istifadəçisi olduğunu, bütün bükümlərin ona aid olduğunu bildirmişdir. Özünü Rüstəm kimi təqdim etmiş şəxsin evinin yaxınlığında, sonuncudan bir büküm şəklində olan heroini götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, uzun müddətdir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. 17 iyul 2023-cü il tarixdə saat 10:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 nömrəli doğum evinin yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlumatı olmayan şəxsdən 20 manata 2 ədəd kağız bükümdə narkotik vasitə heroini və 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə metamfetamini öz istifadəsi üçün almış, həmin narkotik vasitələri əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün, yəni 17 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə olan zaman iki nəfər mülki geyimdə şəxslər ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini soruşduqda polis əməkdaşlarına özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, Qaradağ RPİ-nin 10-cu PŞ-nə getməyi təklif etmiş, o, da polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə şöbəyə getmişdir. Polis şöbəsində üzərində hər hansı bir qadağan olunmuş əşya və ya predmet olduğu ondan soruşulduqda o, da üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməzdən əvvəl ona hüquqlarını müdafiə etmək üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkiliş aparmaqla üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamamışdan əvvəl üzərində saxladığı hər hansı qanunsuz əşya və ya maddəni təqdim etməsi təklif olunmuşdur. O, da əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd kağız bükümdə narkotik vasitə heroini və 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə metamfetamini çıxarmış, masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən təqdim etdiyi həmin 03 ədəd bükümə baxış keçirilən zaman 2 ədəd kağız bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə və 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində isə ağ rəngli kristal şəkilli duza bənzər maddə aşkar edilmişdir. Həmin maddələri haradan aldığını soruşanda, o, üzərindən aşkar edilmiş 2 ədəd kağız bükümdə olan maddənin narkotik vasitə heroin və 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitələri və psixotrop maddəni 17 iyul 2023-cü il tarixdə, saat 10:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 nömrəli doğum evinin yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlumatı olmayan şəxsdən 20 manata aldığını demişdir. Onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçisinin və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, onun özü və iştirakçılar imzalar ilə zərfi və protokolun doğruluğunu təsdiq etmişlər. O, verilən suallara cavab olaraq heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, özü qəbul etdiyi üçün hər növ narkotik vasitə yaxud psixotrop maddə aldığını, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilmədiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli olması, Təqsirləndirilən şəxs etirafı ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 17 iyul 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu polis şöbəsində xidmətdə olan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə olunmuşdur. Bundan sonra həmin gün saat 11:15-də Təqsirləndirilən şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə küçədə görərək ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 10-cu PŞ-nə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra dəvət edilmiş vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah edilmiş, videoçəkiliş aparılaraq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməzdən əvvəl üzərində saxladığı hər hansı qanunsuz əşya və maddənin təqdim edilməsi təklif olunmuşdur. O, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən üç ədəd bükümü çıxarmış, masanın üzərinə qoymuşdur. 02 ədəd büküm ağ kağıza, 01 ədəd büküm isə siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə olmuşdur. Bükümlər açılarkən 02 ədəd bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə, 01 ədəd bükümdə isə ağ rəngli kristall şəkilli duza oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs 02 ədəd bükümdə olan maddənin heroin, 01 ədəd bükümdəki maddənin metomfetamin olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri Lökbatan qəsəbəsində yerləşən 4 nömrəli doğum evinin yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatları olmadığı bir kişi cinsindən olan şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını söyləmişdir. Bundan sonra üzərindən digər heç bir maddə, vasitə aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş həmin bükümlər zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştiraçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq onun və digər iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitədən özü istifadə etdiyini, üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmişdir. Əməliyyat məlumatı da ona Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması ilə bağlı daxil olmuşdur. Onun həmin narkotik vasitələri kimdən alması barədə məlumatı olmamış, Rüstəm adlı şəxs barəsində eşitsə də onu tanımır, harada yaşadığını bilmir. Şahid Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sabiq baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, barəsində məcburi gətirmə barədə qərar qəbul edilərək aidiyyəti orqanlara məlumat verilməsinə baxmayaraq, qərarın icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə işə şahid Qaradağ RPİ-nin 10-cu PŞ-nin sabiq baş əməliyyat müvəkkili Şahid1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid1 ibtidai istintaq döründə verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsi ilə eyniməzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 4-5-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumata əsasən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış və qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirləri həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 20-ci vərəqəsində olan 17 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3863 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN “Zərflər üçün №222” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən çıxmış büküm..Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,589 qram və 0,079 qram, ümumi təmiz çəkisi 0,668 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,421 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: heroinin ümumi təmiz çəkisi 0,668 qr., tədqiqata sərf edildi: ümumi 0,08 qr., qalıq 0, 588 qram. Metamfetaminin təmiz çəkisi 0, 421 qr, tədqiqata sərf edildi 0,05 qr., qalıq 0,371 qram. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” in ı siyahısına daxildirlər. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Cinayət işinin 67-ci vərəqəsində olan 19 iyul 2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 69-70-ci vərəqələrində olan 19 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 10:00) Cinayət işinin 91-93-cü vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il, saat 12:00-dan hesablanmışdır. Cinayət işinin 102-104-cü vərəqələrində olan arayış, xasiyyətnamə nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lökbatan qəsəbəsi, massiv 7, A.Şəbiyev küçəsi, ev 3C ünvanında qeydiyyatda olmaqla ərazi üzrə müsbət xarakterizə olunur. O, xx.xx.2011-ci il tarixdə X5 ilə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X6 doğulmuşdur. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və cinayət işinin 110-121-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3cü maddəsinə əsasən qəti olaraq 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 196/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 10 ay müddətə azadlığın mədudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə, ona təyin edilmiş 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay hissəsindən dərhal azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işinin 130-131-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanseri Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 5024 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 132-138-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə təmiz çəkiləri 0,589 qram və 0,079 qram, ümumi çəkisi 0,668 qram narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,421 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,588 qram narkotik vasitə heroin və 0,371 qram psixotrop maddə-metamfetamin saxlanması üçün maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasında dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 17 iyul 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2, Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid1, müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. X7 tərəfindən Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi sonuncuya təklif edilir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd ağ kağıza bükülmüş bükümü və 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim edir, həmin 1 ədəd gümüşü rəngli bükümdə psixotrop maddə metamfetamin, digər 2 bükümdə isə narkotik vasitə heroin olmasını, həmin maddələri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4 saylı doğum evinin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparması müşahidə olunur, lakin sonuncunun üzərindən heç bir əşya aşkar edilmir. Bundan sonra həmin 3 ədəd bükümlər iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri tərəfindən imzalarla təsdiq edilir. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,668 qram narkotik vasitə heroini və 0,421 qram psixotrop maddə metamfetamini almaqla qanunsuz olaraq əldə edib üstündə saxlamış və həmin narkotik vasitəni və psixotrop maddəni heç kimə satmadan (vermədən) polis əməkdaşları tərəfindən saxlanılaraq baxış zamanı üstündən aşkar edilərək götürülmüşdür. İbtidai araşdırmanı aparmış orqan tərəfindən təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürülsə də iş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə təqsirləndirilən şəxsin ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əməl Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə hələ şübhəli şəxs qismində verdiyi izahatında, həmçinin sonralar ibtidai istintaq zamanı ardıcıl olaraq verdiyi eyni məzmunlu ifadələrində narkotik vasitə və psixotrop maddədən istifadə etdiyini bildirərərək göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə qəbul edir, 17 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, xidməti vəsiqəsini göstərərək polis əməkdaşları olmalarına dair məlumat verdikdən sonra onu Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə dəvət etmişlər. Şöbənin xidməti otaqlarının birində videoçəkiliş aparmaqla şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamamışdan əvvəl üzərində saxladığı qanunsuz əşya və maddəni təqdim etməsi təklif olunduqda o, üzərində olan 02 ədəd bükümdə heroin, 01 ədəd bükümdə isə metamfetamin olan ümumilikdə 03 ədəd bükümü təqdim etmiş, öz istifadəsi üçün 17 iyul 2023-cü il tarixdə 09:10 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4 saylı Doğum evinin yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan əlavə cinayət işi materiallarına əlavə olunmuş 17 iyul 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarda da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroin istifadə etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə məlumat daxil olduğu qeyd olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. İş materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. Bundan başqa məhkəmə prosesində ifadə vermiş şahidin ifadəsi ilə də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi və ya saxlaması, hazırlaması, istehsal etməsi, emal etməsi, daşıması, göndərməsi, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması öz təsdiqini tapmamış və ya həmin halları təsdiq edən hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə edilib gəzdirməsini təsdiq edən başqa halların, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Bundan əlavə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs barəsində ilkin olaraq Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və heç bir əsaslı sübut mövcud olmadan, satılacaq narkotik vasitənin müqabilində təqsirləndirilən şəxsin hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsinə dair sübutlar toplanıb araşdırılmadan onun əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, lakin ona elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunmasına dair işdə olan rəyin nəticələri iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş narkotik vasitəni və psixotrop maddəni öz istifadəsi üçün əldə etməsi halı bir daha təsdiq olunur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinin ibtidai istintaq zamanı ona məxsus olması barədə bildirdiyi həmin bükümlərdən yalnız bir bükümünün ona aid olmasına dair hissəsini müdafiə xarakterli qiymətləndirir. Belə ki, o, həm ibtidai istintaq dövründə ifadəsi, həm də videoçəkiliş apararaq şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı bükümlərin hər üçünün ona məxsus olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, məhkəmənin çoxsaylı çağırışlarına, baxmayaraq, Şahid1 iclasda iştirakı təmin olunmadığından onun ibtidai isintaq dövründə verdiyi ifadəsi nəzərə alınmamalıdır. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs üzərindən 17 iyul 2023-cü il tarixdə aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri satmaq niyyətində olmasına dəlalət edən hər hansı sübutun olmaması onun narkotik vasitə istifadəçisi olmasına dair etirafedici ifadələri iş üzrə toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər sübut kimi qiymətləndirilməli və əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü narkotik vasitə və psixotrop maddə istifadə etməsində təqsirli bilməsini və ailəli olmaqla himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də analoji əməl səbəbindən cinayət məsuliyyətə cəlb olunaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum olunmasına baxmayaraq, islah olunmadığı üçün yenidən cinayət əməli törətdiyini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 17 iyul 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023cü il tarixli, 5024 rəyinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,588 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 0,371 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X10 işə qoşularaq ibtidai istintaq dövründə 45 (qırx beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 270 (iki yüz yetmiş) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikasının CPM-nin 197- 198, 344-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,588 qram çəkidə narkotik vasitə heroin və 0,371 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 270 (iki yüz yetmiş) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-21/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-21/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver