Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-210/2020 08.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X7, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Masallı rayonu Musakucə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Musakücə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 02:40 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai Sonata» markalı, **- BT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Lökbatan-Xocahəsən yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 1-ci km-də, «xxxx» MMC-nin qarşısında Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq «maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə edərək həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara əməl etməyərək onunla eyni istiqamətdə piyada hərəkət edən xx.xx.1993-cü ildə Lənkəran rayonu Separadi kəndində doğulmuş Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ tərəfi ilə vuraraq ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs hadisə yerində ölümünə səbəb olmuş sol ənsə-gicgah sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, alt dodağın, sağ budun əzilmiş yaraları, hər iki almacığın, burunun, hər iki əlin üst səthinin, belin, hər iki diz oynağının sıyrıqları ilə müşayiət olunan Zərərçəkmiş şəxs ölümü ilə birbaşa səbəbli əlaqə təşkil edən dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə səbəb olmuş xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Masallı rayonu Musakücə kəndində qeydiyyatda olsa da, anası Şahid1, həyat yoldaşı və övladları ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 2005-ci ildən sürücülük təcrübəsi vardır, BC kateqoriyalı sürücüdür, AC 523007 nömrəli sürücülük vəsiqəsinə malikdir. “Hyundai Sonata” markalı, **-BT-*** dövlət qeydiyyat nömrəli, 2008-ci il buraxılışlı, tünd qırmızı rəngli avtomobili etibarnamə əsasında idarə edir. Avtomobilin pulunu ödəmiş və 2016-cı ildə almışdır. Lakin şəxsiyyət vəsiqəsini tapa bilmədiyindən, ümumi razılıq əsasında formal olaraq avtomobili anası Şahid1 adına qeydiyyatdan keçirmişdir. Anası isə avtomobillə bağlı ona etibarnamə vermişdir. xx.xx.2020- ci il tarixdə 02:40 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan-Xocahəsən yolu ilə X8 tərəfdən üzü Lökbatan qəsəbəsi istiqamətində saatda 70 km/sürətlə hərəkət etmişdir. Lökbatan- Xocahəsən yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçən 1-ci kmdə fəaliyyət göstərən «xxxx» MMC-nin qarşısındakı asfalt yolda avtomobilin qabaq tərəfinə zərbə dəymiş və zərbədən avtomobilin qabaq alın şüşəsi qırılmışdır. Avtomobilin sürətini azaldıb dayandırmış, maşın dayandıqda yerə nəsə düşmüşdür. Maşından düşdükdən sonra avtomobilin sağ yan tərəfində kişi meyiti olduğunu müəyyən etmişdir. Meyit üzü üstə düşmüşdür. Avtomobillə toqquşan, yolun sağ tərəfində onunla eyni istiqamətdə hərəkət edən insan olduğunu başa düşmüşdür. Dərhal təcili tibbi yardıma özünün istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə zəng vurub məlumat vermiş, adamı arxası üstə çevirib nəbzini yoxlamışdır. Şəxsin nəbzi artıq vurmamışdır. Bununla da həmin şəxsin öldüyünü başa düşmüşdür. Sonra hadisə yerinə təcili tibbi yardım və polis gəlmişdir. Hadisə yerinə iştirakı ilə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, meyit məhkəmə tibbi müayinəyə göndərilmişdir. Hadisə yerinə baxış keçirildikdə vurduğu şəxsin ayaqqabısının bir tayı avtomobilin dayandığı yerdən 40 metr arxada, bir tayı isə yolun əks istiqamətində müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokol, hadisə yerinin sxemi, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol iştirakı ilə tərtib edilmiş və imzalanaraq təsdiq edilmişdir. Protokol iştirakçılar tərəfindən və hal şahidləri tərəfindən imzalanaraq təsdiqlənmişdir. Daha sonra alkoqol və ya narkotik vasitələr qəbulu ilə əlaqədar müayinə olunmuş, onun alkoqol və narkotik vasitələr qəbul etmədiyi müəyyən edilmişdir. Eyni zamanda aparılan araşdırma zamanı ehtiyatsızlıqdan avtombili ilə vurduğu şəxsin şəxsiyyəti müəyyən edilmişdir. Həmin şəxsin xx.xx.1993-cü ildə Lənkəran rayonu Separadi kəndində doğulmuş Zərərçəkmiş şəxs olduğu məlum olmuşdur. Mərhumun dəfn və sonrakı mərasimlərində iştirak etmiş, mərhumun ailəsinə hər cür maddi və mənəvi köməklik göstərmişdir. Mərhum Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onunla heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Yol qaranlıq olmuş, həmçinin yağışdan sonra yolun asfalt örtüyü yaş olmuş və onun özü yuxulu olduğundan piyadanı görməmişdir. Anidən maşının alın şüşəsinə nə isə çırpıldığından, avtomobilin sürətini aramla azaldıb dayandırmış, maşından yerə düşdükdən sonra maşına çırpılan maneənin insan olduğunu görmüşdür. Hadisə zamanı heç bir xəsarət almamış, heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Təqsirləndirilən şəxs sonda ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, əməlində səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinə maddi və mənəvi köməklik göstərərək, onunla barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, həmçinin himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzasının şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə ərizə ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 87.6.11, 106.5 və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, həyat yoldaşı Yaşar Əlizadə vəfat etmişdir və bu səbəbdən subaydır. xx.xx.1993-cü ildə Lənkəran rayonu Separadi kəndində doğulmuş Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs onun övladıdır. Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən «Meyvəli» Ticarət Mərkəzindəki çayxanada bufetçi vəzifəsində işləmişdir. Bu səbəbdən də müvəqqəti olaraq Lökbatan qəsəbəsində ünvanın bilmədiyi evdə kirayədə yaşamışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Lökbatan-Xocahəsən yolunda fəaliyyət göstərən “xxxx” MMC-nin qarşısında avtomobil vurmuşdur və Canəli hadisə yerində vəfat etmişdir. Həmin gün Canəlinin nəşi yaşadığı Lənkaran rayonu Separadi kəndinə gətirilmiş, kənd qəbristanlığında dəfn edilmişdir. Həmçinin oğlu Zərərçəkmiş şəxs vuran “Hyundai Sonata” markalı, **-BT-*** dövlət qeydiyyat nömrəli, 2008-ci il buraxılışlı, tünd qırmızı rəngli avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olmasını bilmişdir. Əşrəf Lərəcovun hadisəni ehtiyatsızlıqdan törətdiyindən, dəfn və sonrakı günlərdə ona maddi və mənəvi köməklik etdiyindən barəsində heç bir şikayəti və ondan tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında oğlu Təqsirləndirilən şəxs, gəlini və nəvələri ilə birlikdə kirayədə yaşayır. 2016-cı ildə oğlu Əhşrəf Fərəcov özünə “Hyundai Sonata” markalı, **-BT-*** dövlət qeydiyyat nömrəli, 2008-ci il buraxılışlı, tünd qırmızı rəngli avtomobili almışdır. xx.xx.2016-cı il tarixdə həmin avtomobili öz adına rəsmiləşdirmək istədikdə, öz şəxsiyyət vəsiqəsini tapa bilmədiyindən ondan xahiş etmişdir ki, avtomobili onun adına rəsmiləşdirsin. Avtomobil bu səbəbdən onun adına rəsmiləşdirilmiş və o, oğluna həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Avtomobil formal olaraq onun adına rəsmiləşdirilsə də, lakin həmin avtomobilin pulunu oğlunun özü ödəmişdir və avtomobilin faktiki sahibi oğludur. Buna görə də həmin avtomobillə bağlı onun heç bir iddiası və ya tələbi yoxdur. xx.xx.2020-ci il tarixdə 03 radələrində ona məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-BT-*** dövlət qeydiyyat nömrəli, 2008-ci il buraxılışlı, tünd qırmızı rəngli avtomobillə Lökbatan-Xocahəsən yolu ilə X8 tərəfdən üzü Lökbatan qəsəbəsi istiqamətində saatda 70 km/sürətlə hərəkətdə olarkən həmin yolda piyada hərəkət edən bir nəfər oğlanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “xxxx” MMC-nin qarşısında ehtiyatsızlıqdan vurmuşdur. Bundan sonra hadisə yerinə təcili yardım çağırmış və polisə məlumat vermişdir. Həkimlər hadisə yerinə çatdıqda artıq piyada vəfat etmişdir. Sonradan həmin şəxsin 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs olduğu məlum olmuşdur. Mərhumun dəfn və sonrakı mərasimlərində iştirak etmişlər, mərhumun ailəsinə hər cür maddi və mənəvi köməklik göstərmişlər. Buna görə də mərhumun ailəsi şikayətçi olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun dostu olmuşdur. Onunla birlikdə X6 çayxanada işləmişdir. Canəli çayxananın kassiri işəmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ünvanını bilmədiyi evdə kirayədə yaşamışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Lökbatan-Xocahəsən yolunda fəaliyyət göstərən “xxxx” MMC-nin qarşısında avtomobil vurmuşdur və o, hadisə yerində vəfat etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid3 hazırkı məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 18-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli, 1/2371 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ayıq olmuş, alkoqol sərxoşluğu yoxdur. Cinayət işinin 22-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2015-ci il il tarixində verilmiş AC seriyalı 523007 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ vardır və vəsiqə xx.xx.2025-ci ilədək etibarlıdır. Cinayət işinin 22-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AC seriyalı 673878 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BT-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik markalı avtomobil Şahid1 məxsusdur. Cinayət işinin 44-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Qaradağ rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 42 nömrəli, xx xxx 2020-ci il tarixli meyitin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında sol ənsə gicgah sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, alt dodağın, sağ budun əzilmiş yaraları, hər iki almacığın, burunun, hər iki əlin üst səthinin, belin, hər iki diz oynağının sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhum Zərərçəkmiş şəxs ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol ənsə - gicgah sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları, beyin toxumasının əzilməsi, beyin toxumasına və beyin qişalarına qansızma ilə müşayiət olunan başın küt travması olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olur ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (xx.xx.2020-ci il tarixli, 1338/K nömrəli Akt) Cinayət işinin 49-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən xx xxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 51-ci vərəqəsində olan zərərçəkmiş şəxsin hüququ varisi qismində tanımaq haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə nəticəsində vəfat etdiyindən anası X5 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 59-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 8/559 saylı məhkəmə yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, “Hyundai Sonata” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Cinayət işinin 70-72-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Zəhra, xx.xx.2018-ci il təvəllüdlü Zeynəb və xx.xx.2019-cu il təvəllüdlü Məhəmmədali adlı 3 azyaşlı övladı var. Cinayət işinin 80-ci vərəqəsində olan Bakı şəhəri Qaradağ RPİ DYPŞ tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin X1 məlumatına əsasən Təqsirləndirilən şəxs barəsində icrası təmin edilməmiş heç bir inzibati material yoxdur. Cinayət işinin 81-86-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264, 143, 263-1-ci maddələrinin əlamətləri olmadığından həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş, yol nəqliyyat hadisəsinin törədildiyi “Hyundai Sonata” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, tünd qırmızı rəngli avtomobil Şahid1 adına rəsmiləşdirilsə də, avtomobilin faktiki sahibi Təqsirləndirilən şəxs tanınmışdır. Təqsirləndirilən şəxs iş üzrə ittiham veriləcəyi nəzərə alınaraq, onun idarə etdiyi “Hyundai Sonata” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, tünd qırmızı rəngli avtomobillə bağlı zərərçəkmiş şəxs qismində tanınmasının mümkün olmaması nəzərə alınmışdır. Cinayət işinin 95-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 111-ci vərəqəsində olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulan ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta gətirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin1-ci hissəsinə əsasən Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin ehtiyatsızlıqdan törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, eləcə də Təqsirləndirilən şəxs şəxsiyyətini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanı ödəyərək, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı hər şikayət və tələbinin olmadığını, himayəsində 3 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. İstinad edilən maddənin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub, dövlət nəfinə keçirilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxx 2020-ci il tarixli № 1095 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 35 (otuz beş) iş saatı və xx xxxxxx 2020-ci il tarixli № 1541 saylı order əsasında isə məhkəmədə 10 (on) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş cəmi 45 (qırx beş) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş cəmi 70 (yetmiş) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-210/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-210/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver