Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-211/2020 03.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X3, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Abasabad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd kibrit qutusunda qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, xx xxx 2020-ci il tarixdə saat 21:20 radələrində Qaradağ RPİ-nin 11ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Saylan yolu küçəsi, 17 nömrəli evin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilməklə üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd və sol cibindən bir ədəd olmaqla həmin iki ədəd kibrit qutusunda ayrı-ayrlıqda təmiz çəkiləri 3,978 qram və 5,390 qram olan, ümumi çəkisi 9,368 qram tərkiblərinə görə eynilik təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər mütəmadi olaraq narkotik vasitə qurudulmuş marixuana qəbul etmişdir.Tikintidə usta işləyərək ailəsinin maddi ehtiyaclarını ödəyir. xx.xx.2020-ci il tarixdə Siyəzən şəhərində tikintidə işlədikdən sonra əmək haqqını alaraq saat 18:00 radələrində Bakı şəhərinə qayıdan zaman Siyəzən rayonu ərazisində Bakı-Xaçmaz yolunun kənarında təsadüfən əvvəllər tanıdığı “Ərzuman” adlı şəxslə qarşılaşmışdır. Həmin vaxt “Ərzuman” ona narkotik vasitə almağı təklif etmişdir. O, narkotik vasitə qəbul etdiyi üçün və üzərində pul olduğundan Ərzumanın bu təklifi ilə razılamış və sonuncudan 180 manat müqabilində iki ədəd kibrit qutusunda yığılmış halda narkotik vasitə olan qurudulmuş marixuananı almışdır. Həmin iki kibrit qutusunda olan quruldulmuş marixuananın bir qutusunu əynindəki şalvarın sağ yan, digər qutusunu isə sol ciblərində saxlayaraq üstündə daşımışdır. xx.xx.2020-ci il tarixdə saat 21:20 radələrində narkotik vasitəni qəbul etmək üçün Qobustan qəsəbəsi Dəmiryolu xətti istiqamətinə getmişdir. ünvan 2 ünvanının qarşısında iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan Cavid olub-olmadığını soruşmuşlar. O, həmin şəxslərə X4 olduğunu bildirmişdir. Bundan sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilib və onu 11-ci PB-nə gətirmişlər. 11-ci PB-də hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına vəkil təyin edilmiş, sonra hüquqları izah edilmiş, vəkilin iştirakı ilə polis əməkdaşları video çəkiliş ilə üzərinə baxış keçirmişlər. Baxış keçirilərkən üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuşdur. O, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd, sol cibindən isə 01 ədəd kibrit qutularını masanın üzərinə qoyaraq bildirmişdir ki, kibrit qutularındakı narkotik vasitə olan qurudulmuş marixuanadır. Özü istifadə etmək üçün xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Siyəzən rayonu magistral yolun kənarında «Ərzuman» adlı şəxsdən 180 manata alaraq üzərində saxlamışdır. Həmin kibrit qutularında yaşıl rəngli spesfik iyə malik narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Həmin zərflərin üzərinə və protokollara imzalar edilmişdir. O, narkotik vasitəni əldə etdiyi “Ərzuman” adlı şəxsi təxminən 9 aydır ki, tanıyır və həmin şəxs Giləzi qəsəbəsində yaşayır. “Ərzuman” ilə Bakı şəhəri “Şamaxinka” adlanan yerdə tanış olmuşdur. “Ərzuman” adlı şəxsdən əvvəllər narkotik vasitə almamış, ilk dəfə olaraq ondan narkotik vasitəni xx xxx 2020-ci il tarixdə almışdır və onunla narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olaraq qazanc əldə etmək barədə heç bir razılaşma olmamışdır. Əldə etdiyi narkotik vasitədən heç kimə satmamışdır, şəxsi istifadə üçün əldə etmişdir. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, gənc oduğunu, himayəsində üç azyaşlı uşağının olduğunu, habelə ailəsinin yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ RPİ-nin 11-i PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə məxfi mənbədən Yardımlı rayonu, Abasabad kəndində qeydiyyatda olmaqla Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, korpus 27, mənzil 10-da faktiki yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Qaradağ RPİ-nin 11 -ci PB-də əməliyyat qrupu yaradılmış, xx.xx.2020-ci il tarixdə saat 21:20 radələrində Qaradağ rayonu, ünvan 3 ünvanının qarşısında əməliyyat qrupunun digər üzvü, 11-ci PB-nin əməliyyat müvəkkili, polis leytenanatı Şahid2 ilə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək, sonuncuya onun narkotik vasitələrin qanunsuz olaraq istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirirək, Qaradağ RPİ-nin 11 -ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təkliflərini qəbul edərək, onlarla birlikdə Qaradağ RPİ-nin 11 ci PB-nin inzibati binasına gəlmişdir. X11 11-ci PB-nin baş təhqiqatçısı polis kapitanı Qüdrət Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş və onun hüquqlarının müdafiəsi üçün təqdim edilmiş siyahıdan seçdiyi 10 saylı vəkil bürsonun vəkili Müdafiəçi dövlət hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Axtarış və götürmə keçirilməmişdən əvvəl iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd, sol cibindən isə 01 ədəd kibrit qutularını masanın üzərinə qoyaraq bildirmişdir ki, kibrit qutularındakı narkotik vasitə olan yaşıl rəngli quru bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuanadır, özünündür və öz istifadəsi üçün xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Siyəzən rayonunda magistral yolun kənarında Ərzuman adlı şəxsdən 180 manata alaraq üzərində saxlamışdır. Daha sonra üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq möhürlənib və qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. Həmin zərflərin üzərinə və protokollara imzalar edilmiş, Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş maddə və əşya aşkar edilməmişdir. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə və düzəliş edən olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, xidməti vəzifəsi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə tərəfindən Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 hazırkı məhkəmə iclasında dindirilmiş Şahid1 oğlunun ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxx 2020-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v.1) xx xxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 21:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.19); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxx 2020-ci il tarixli 1/2709 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs marixuanadan istifadə faktı aşkar edilmişdir. (i.v 35) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 7/213 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs oğlundan...” yazıları və imzalar olan kağız paketdəki 02 (iki) ədəd kibrit qutusundan ayrı-ayrılıqda təmiz çəkiləri: 3,978 qram; 5,390 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Emumi çəkisi 9,368 qramdır. Təqdim olunmuş marixuanalar tərkibinə görə eynidir. Həmin rəyin qeyd hissəsindən görünür ki, marixuananın təmiz çəkisi – 9,368 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 9,268 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,82 manatdır.(i.v 36- 39) xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v 55) Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Zəhra, xx.xx.2012-ci il təvəllüdlü Aynişan və xx.xx.2013-cü il təvəllüdlü Yusif adlı üç azyaşlı övladı vardır. (i.v 69-71) xx xxx 2020-ci il tarixli başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (iv.72-73) xx xxx 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. (iv.76) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v 82) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert Komissiyasının xx xxxx 2020-ci il tarixli, 1657 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən başlanğıc mərhələli narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 91-92) Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.41-ci maddəsinə əsasən verilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 9,368 qram qurudulmuş marixuananın 0,1 qramı tədqiqata sərf edildikdən sonra 9,268 qram qalığı iş üçün sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxıanılma otağına təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd CD disk iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün sübut növü kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (i.v 95-100) Məhkəmə baxışı zamanı quraşdırılmış kompyuter-texniki vasitələrinin köməkliyi ilə cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən qeydə alınmış görüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Qaradağ RPİ-nin 11-ci PB-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Üzərinə baxış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd, əynindəki göy rəngli cins şalvarın sol cibindən isə bir ədəd, ümumilikdə iki ədəd kibrit qutularını çıxarıb təqdim edərək, həmin kibrit qutularının içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, bu narkotik vasitəni xx.xx.2020-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən rayonu ərazisində magistral yolun kənarında “Ərzuman” kimi tanıdığı şəxsdən 180 manata şəxsi istifadə məqsədilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirdi. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasının a yarımbəndinə əsasən təmiz halda 5 qram qurudulmuş marixuana-kannabis şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3- cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını, (CM 59.2), himayəsində 3 azyaşlı uşağının olmasını (59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs gənc olmaqla, cəzasını yüngülləşdirən halların mövcud olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 69,82 (altmış doqquz manat, səksən iki qəpik) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalı, iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı 9,268 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməli və sübut növü kimi tanınmış video çəkiliş ilə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 CD disk cinayət işinin materiallarında saxlanmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxx 2020-ci il tarixli № 762 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 50 (əlli) iş saatı və xx xxxx 2020-ci il tarixli № 281 saylı order əsasında isə məhkəmədə 10 (on) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş cəmi 60 (altmış) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixindən xx xxx 2020-ci il tarixinədək tutulduğu cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı - 9,268 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 69,82 (altmış doqquz manat, səksən iki qəpik) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş cəmi 60 (altmış) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-211/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-211/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver