Məhkəmə qərarları › İş №1(002)-211/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-211/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-211/2021 01.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ev 155/46-da qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsində kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq və təkrarən özgənin əmlakını etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, 05.10.2020-ci il tarixdə saat 11:25 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində olan 281-283 saylı mağaza fəaliyyət göstərən zaman həmin mağazaya daxil olaraq mağazanın işçilərinin diqqətsizliyindən istifadə edib orada olan piştaxtanın siyirtməsindən Zərərçəkmiş şəxs1 məxsus 9000 (doqquz min)manat pulu gizli olaraq götürməklə talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan əlavə o, təkrarən, 21.01.2021-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin “beton yol” adlanan hissəsində dayanmış X2 idarə etdiyi “Mersedes 403” markalı GEO CN-001-GZ dövlət qeydiyyat nişanlı avtobusa ticarət mərkəzindən almış olduğu malları yükləyərkən, sonuncunun etibarından sui istifadə etməklə aldadıb, almış olduğu malların pulunu ona verməsini bildirib X1 6000 manat pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, 01.02.2021-ci il tarixdə saat 12:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin ”betol yol” adlanan hissəsində dayanmış Zərərçəkmiş şəxs2 məxsus və idarə etdiyi “MAN” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının yük yerinə yük doldurmasından istifadə edib həmin avtomaşının kabinasına daxil olaraq orada olan Zərərçəkmiş şəxs2 məxsus 7238 (yeddi min iki yüz otuz səkkiz) manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şxslərin ifadələri, istintaq hərəkəti protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi imkanı aşağı olduğundan 05.10.2020-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinə oğurluq etmək məqsədi ilə getmişdir. Orada o, mağazaları gəzərək oğurluq etmək üçün şərait axtarırmışdır. O, bu məqsədlə həmin ticarət mərkəzində olan qadın corabları satılan 281 saylı mağazaya gəlmiş və orada olan işçilərin çöldə olduğunu görərək mağazanın içərisinə daxil olmuş, içəridə özünü müştəri kimi apararaq bir neçə mallara baxmışdır. O, həmin zaman mağazada heç kimin olmadığına əmin olduqdan sonra stolun siyirmələrini yoxlamışdır. Birinci siyirmə bağlı olduğundan o, ikinci siyirməni açmış və orada pul olduğunu gördüyündən tez bükümlərdə olan pulları götürüb cibinə qoymuşdur. Bundan sonra o, kənara çəkilərək əlində olan mağazadan götürdüyü bağlamada olan mala baxmağı görüntüsü yaratmışdır. O, mala baxa-baxa mağazanın qapısına göz gəzdirmiş, heç kimin gəlmədiyinə əmin olduqdan sonra siyirmədə olan səpələnmiş pulları da götürərək cibinə yığmış və mağazadan çıxaraq yaxınlıqda olan tanımadığı taksi vasitəsi ilə ticarət mərkəzini tərk edib Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsinə getmişdir. O, taksidə yolda olarkən mağazadan oğurladığı pulları saymış və ona məlum olmuşdur ki, həmin götürdüyü məbləğ 2365 manat təşkil edir. Həmin pulları əvvəldən yaranmış borclarını qaytarmışdır. Bundan əlavə onun pulu qurtardığından 21.01.2021-ci il tarixdə yenə də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinə gələrək kiminsə pulunu ələ keçirmək istəmişdir. O, ticarət mərkəzində olan zaman bir Mersedes markalı avtobusun yanına gəlmiş və orada görmüşdür ki, tanımadığı şəxs yük avtomaşınında oturaraq yükü avtobusa yükləmək üçün növbə gözləyir. O, həmin şəxsə yaxınlaşaraq bir az söhbət eləməyə başlamış və həmin şəxsə avtomaşınını yer eləməsi üçün yardım göstərmişdir. Bundan sonra avtobusda olan tanımadığı şəxs onlara yaxınlaşmış və yanında olduğu şəxsdən Kamilin mallarını gətirib gətirmədiyini soruşmuşdur. Həmin sürücü isə 6000 manat pulu Ramin adlı şəxsə çatdırılması üçün Kamil tərəfindən verildiyini bildirmişdir. Bundan sonra o, malları avtobusun arxa tərəfinə yığılması malları gətirmişdir. Bu zaman pulu verən şəxs pulu həmin şəxsə vermək üçün avtobusun qabaq tərəfindən minmişdir. O, da orta qapıdan içəri daxil olaraq Kamilin pulunu verməsini demişdir. Həmin şəxs də ona 6000 manat pulu vermişdir. O, dərhal həmin ərazidən uzaqlaşaraq taksi vasitəsi ilə ticarət mərkəzinin ərazisindən uzaqlaşmışdır. O, bundan sonra 6000 manat pulu şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa onun səhəttində yaranmış problemlərlə əlaqədar ona pul lazım olduğundan 2021-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Salyanski kazarma” adlanan ərzidə “Fortuna” firmasından “KİA-Optima” markalı **-ST-*** dövlət nömrə nişanlı avtomaşını gününü 30 manata icarə əsasında götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin taksi fəaliyyəti ilə həm müalicə pulunu həmdə evi dolandıra bilməmişdir. O, 01.02.2021-ci il tarixdə təxminən saat 08:40 radələrində Bakı şəhəri, Səbail rayonu “Azneft” dairəsindən müştəri götürərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinə gətirmişdir. Müştəri avtomaşından düşdükdən sonra o, müştərini gözləyən zaman həmin yerdə “MAN” markalı dövlət nömrə nişanını yadında saxlamadığı yük avtomaşınında bir nəfər şəxsin avtomaşının kabina hissəsində kisənin içərisindən pul çıxarıb kabinada olan yeşiyin üzərinə tökdüyünü və bir nəfər tanımadığı şəxsə pul verdikdən sonra pulu kisəyə yığaraq yenidən avtomaşının kabinasında yeşiyin içinə qoyduğunu görmüşdür. Həmin zaman o, pula ehtiyacı olduğundan həmin pulu oğurlamaq qərarına gəlmişdir. O, müştərini gözləyə-gözləyə ətrafda müşahidələr etməyə başlamış və həmin MAN markalı avtomaşının yanında olan şəxsin avtomaşının kabinasının qapısını örtmədən yük yerinə çıxmasından istifadə edərək avtomaşının ətrafinda bir dəfə fırlanmışdır. Lakin heç kimin onu görmədiyinə əmin olduqdan sonra “MAN” markalı avtomaşının kabinasına yaxınlaşmış və açıq qapıdan əlini uzadaraq yeşiyin içərisində olan pul olan kisəni götürmüşdür. O, ətrafa göz gəzdirmiş və heç kimin olmadığına əmin olduqdan sonra əlində kisəni tutaraq idarə etdiyi avtomaşına tərəf getmişdir. Bu zaman ticarət mərkəzinə gətirdiyi müştəri ona zəng edərək bildirmişdir ki, bazarda işi çıxdığından başqa avtomaşınla gedəcəkdir. O, da idarə etdiyi avtomaşını işə salaraq ticarət mərkəzindən çıxmışdır. O, Lökbatan dairəsi deyilən yerə gəlmişdir və taksilər dayanan ərazidə avtomaşını saxlayaraq kisədə olan pulu saymışdır. Ona məlum olmuşdur ki, kisənin içərisində ayrı – ayrı bağlamalarda üzərində adlar yazılmış balaca kağızlara bükülmüş pullar vardır. O, həmin pulları bağlamalardan ayıraraq ümumiləşdirərək saymış və görmüşdür ki, həmin kisədə 7238 manat pul var. O, adlar yazılmış kiçik kağızları və kisəni həmin yerdə tullayaraq Bakı şəhərində 28 may metrostansiyasının yaxınlığına getmişdir. Orada bir az gözlədikdən sonra avtomaşını icarəyə götürüyü Yasamal rayonuna qayıtmışdır. Orada avtomaşının icarəsinə 1800 manat pul verərək avtomaşını təhvil vermişdir. O, avtomaşını təhvil verdikdən sonra həmin gün təxminən saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonuna qayıdaraq Lökbatanın dairəsi deyilən ərazidən Lənkəran şəhərinə gedən avtomaşınların biri ilə Lənkəran şəhərinə getmişdir. 02.02.2021-ci il tarixdə təxminən saat 11 radələrində Lənkəran şəhər mərkəzi xəstəxanasına getmiş və orada müayinə olunaraq İftixar adlı həkimin yanında olan Rzabala adlı şəxsə 635 manat pul vermişdir. Bundan sonra müalicəsi üçün aptekdən 300 manat dəyərində dərman almışdır. O, xəstəxanadan çıxdıqdan sonra yaxınlıqda olan telefon mağazasından 800 manata “Redmi Coco” markalı mobil telefon almışdır. Bundan sonra o, Lənkəran şəhərində yerləşən “Saliton” mağazasına olan 930 manat olan kredit borcunu ödəmişdir. O, 05.02.2021-ci il tarixdə yenidən Bakı şəhərinə qayıtdaraq Əhmədli qəsəbəsində “Bakı” kinoteatrının yaxınlığında yerləşən “Elşən” avtomobil icarəsi məntəqəsindən Rand Rover markalı 90—757 dövlət qeydiyyat nişanlı avtomaşını 1 günü 120 manata icarəyə götürərək Lənkəran şəhərinə qayıtmışdır. O, 09.02.2021-ci il tarixədək həmin avtomaşını Lənkəran şəhərində sürdükdən sonra Bakı şəhərinə qayıtmış və avtomaşını təhvil verəndə avtomaşının icarəsinə 500 manat pul vermişdir. Qalan pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir.O, həmin cinayətləri tək törətmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, o, 05.10.2020-ci il tarixdə Sədərək ticarət mərkəzində yerləşən mağazadan 9000 manat pul oğurlamamış onun oradan götürdüyü məbləğ cəmi 2365 manat olmuşdur. Son olaraq törətdiyi əməlindən peşman olmasını, törətmiş olduğu cinayətləri maddi imkansızlıq səbəbindən törətdiyini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, təxminən 2009-cu ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzində 281-283 nömrəli mağazanı işlətmişdir. Həmin mağazada olan satış üçün gətirilmiş geyim əşyalarının satışı ilə məşğul olmuşdur. Həmin mağazada olan mallar ona məxsusdur. 05.10.2020-ci il tarixdə təxminən saat 09:00 radələrində mağazada olduğu zaman satış üçün gətirdiyi malların sifarişi üçün ümumilikdə 7000 manat pul vermişlər. O, da həmin pulu mağazada olan piştaxtanın pul yığılan siyirməsinə qoymuş və bundan əlavə həmin gün satılan malların pulunu da həmin siyirməyə yığmışdır. Həmin gün təxminən saat 11:25 radələrində pulu qoyduğu yerindən götürmək istəyən zaman pulun yerində olmadığını müəyyən etmişdir. O, dərhal mağazada satıcı işləyən Hüseynə bu barədə bildirmişdir. Lakin Hüseyn pulu götürmədiyini demişdir. Bundan sonra onlar mağazada olan müşahidə kamerasına baxmış və məlum olmuşdur ki, müştəri kimi mağazaya daxil olmuş tanımadıqları şəxs onların müştərilərə mağazanın qarşısında başları qarışıq olmasından istifadə edərək həmin gün saat 11:15 radələrində pulu qoyduğu piştaxtanın siyirməsindən götürərək şübhə yaratmadan mağazadan uzaqlaşmışdır. Ona həmin oğurluq nəticəsində 9000 manat maddi ziyan dəymişdir. O, 7000 manat pulu, yəni 20 manatlıq əskinazla bir bağlama və digər əskinazlarla isə 5000 manat pulu bağlayaraq piştaxtaya qoymuşdur. Bundan əlavə 1400 manat hamısı 100 manatlıq əskinaz olan pul da piştaxtada və 600 manat pul isə açıq vəziyyətdə olmuşdur. O, həmin şəxsi tanımamış və həmin şəxslə heç bir münasibəti olmamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs sonda vurulmuş maddi ziyanın bu günədək ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olmaqla, sonuncuya ağır cəza verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, təxminən 10 ildir ki, Bakı-Qazax şəhərlər arası avtobus ilə mal daşıyır. “Mercedes 403” markalı, Ge. CN-001-GZ dövlət qeydiyyat nişanlı avtobus onun qaynı Pərvizə məxsusdur, o, həmin avtobusda fəhləlik edir. Belə ki, onunla birlikdə bir nəfər də fəhlə və bir nəfər də sürücü olmuşdur. Bizim fəaliyyətimiz Qazax rayonunda olan müəyyən şəxslərdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən alacaqları malların pulunu götürüb həmin ticarət mərkəzlərində malları qəbul edib pulunu verdikdən sonra qəbul etdiyi malları Qazax rayonuna aparmaqdan ibarət olmuşdur. 20 yanvar 2021-ci il tarixdə Qazax şəhərində yerləşən mərkəzi bazarda fərdi sahibkarlıqla məşğul olan Kamil adlı şəxs ona 6000 manat pul vermişdir ki, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” TM-də bir nəfər şirkət nümayəndəsi yuyucu vasitələr verəcək. Kamil kimi bir neçə nəfərin pulu onda olmuşdur. Ümumiyyətlə pul məsələsinə o, baxmışdır. 21 yanvar 2021-ci il tarixdə saat 06 radələrində o, qaynı Pərviz və bir nəfər İlham adlı fəhlə ilə birlikdə Sədərək TM-də olmuşlar. Onlar həmişə Sədərək TM-də yerləşən avtovağzalın qarşısında dayanmışlar. Təxminən saat 08 radələrindən onlar aparılacaq malları qəbul etməyə başlamışlar. Onlar Qazax şəhər sakini Azər adlı şəxsin malını qəbul edərək Kamilin malını gətirən yaşıl rəngli “Ford Tranzit” markalı yük avtomobili onları gözləmişdir. Kamilin malını gətirən şəxsi Fuadı uzun müddətdir ki, tanımışdır. Fuad “Kral İnşaat” adlı şirkətin nümayəndəsidir. Onlar Azər adlı şəxsin mallarını avtobusa yükləmişlər. Bundan sonra Fuad “Ford Tranzit” markalı yük avtomobilini onların avtobusun yanında saxlamışdır. Fuad yük avtomobilini saxlayıb arxasında bir nəfər qara rəngli paltoda orta boylu şəxs ilə birlikdə avtobusun yanına gəlmişdir. Daha sonra Fuad ona demişdir ki, “Kamilə çatacaq mallar məndədir, pulu var malları almağa?”. O, da Fuada Kamilin pulunun olduğunu demişdir. Fuad həmin məbləğin 6000 (altı min) manat olduğunu soruşanda, o, da Fuada həmin məbləğin 6000 (altı min) manat olduğunu demişdir. Bundan sonra Fuad malları yük avtomobilindən boşaldıb onlara verməyə başlamış, onlar da avtobusun orta qapısından malları qəbul edib avtobusun içərisinə yükləməyə başlamışlar. Onlar malları avtobusa yükləyən zaman Fuad arxasınca gələn əvvəllər tanımadığı şəxslə bir qədər söhbət etmişlər. O, da elə başa düşmüşdür ki, həmin şəxs Fuad ilə birlikdədir. Mallar yuyucu vasitələri olmuşdur. Onlar malları avtobusa yüklədikləri zaman o, Fuaddan soruşmuşdur ki, “çox qalıb hələ?”. Fuad da demiş ki, “yox 3-4 qutu qalıb, qurtarır”. O, da avtobusda pulları qoyduğu iri ölçülü pul qabını açıb oradan 6000 manatı götürüb Fuada uzadıb demişdir ki, “götür pulu”. O, Fuadı çağıran zaman Fuad yük avtomobilinin arxa hissəsində yerdə olmuş, lakin ona tərəf baxmamışdır. Fuad ilə söhbət edən tanımadığı şəxs avtobusun içərisinə daxil olub avtobus orta qapısına gəlib dedi ki, “Kamilin 6000 manatını mənə ver”. O, da həmin şəxsin malları boşaltdığı müddətdə Fuadla çox söhbət etdiyi üçün elə düşünmüşdür ki, həmin şəxs Fuadla birlikdədir, ona görə də pulu həmin şəxsə vermişdir. Həmin şəxs pulu ondan götürüb çıxıb getmişdir. Təxminən 3-4 dəqiqə sonra Fuad ona demişdir ki, “pulu ver”. O, da demişdir ki, “pulu səninlə gələn şəxsə verdim”. Fuad ona tək olduğunu həmin şəxsi tanımadığını demişdir. O, da dərhal DİN-in 102 zəng xidmətinə hadisə barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin dələduzluq edən şəxs Təqsirləndirilən şəxsdur. Ona həmin dələduzluq nəticəsində 6000 manat maddi ziyan dəymişdir. Belə ki, həmin pulları müştəri olan Qazax rayonunda şərik işləyən İlqarla Kamil ona verdiyindən pullar ona məxsusdur və ona maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs sonda vurulmuş maddi ziyanın bu günədək ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olmaqla, sonuncuya ağır cəza verilməsini xahiş edib və bu barədə müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan “MAN” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Cəlilabad şəhərindən olan müştərilərin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” və ”Binə” Ticarət mərkəzlərində olan şəxslərə göndərdikləri pulu verərək mal sifarişlərini aparıb çatdırmışdır. 31 yanvar 2021-ci il tarixdə təxminən saat 20 radələrində o, Cəlilabad şəhərində bütün sifarişləri, yəni X3 3338 manat, Elçin adlı şəxsdən 800 manat, Hacı İlqar adlı şəxsdən 300 manat, Namiq adlı şəxsdən 1750 manat, Adəm adlı şəxsdən 1050 manat yığdıqdan sonra Bakı şəhərinə gəlmişdir. O, təxminən həmin gün 23:55 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” Ticarət mərkəzinin qarşısına gəlmiş və ticarət mərkəzi bağlı olduğundan yolun kənarında avtomaşınının içərisində gecələmişdir. Səhər, yəni 01.02.2021-ci il tarixdə saat 08 radələrində ticarət mərkəzinə daxil olaraq avtomaşını “beton yol” deyilən yerdə saxlamışdır. O, Cəlilabad şəhərində müştərilərdən aldığı pulların hamısını bir yerdə avtomaşının kabina hissəsində olan taxta materialından düzəltdiyi üzərinə süni dəridən çəkilmiş üzlük olan yeşiyin içərisində düyü kisəsində saxlayırmış. 01.02.2021-ci il tarixdə təxminən saat 12:40 radələrində müştərisi olan Namiq adlı şəxsin verdiyi sifarişləri gətirmişlər və o, avtomaşının yük hissəsinə gedərək orada həmin sifarişləri avtomaşına yükləmişdir. Namiq Emil adlı şəxsə göndərdiyi pulun müqabilində gətirilmiş yükləri o, avtomaşına yükləyib qurtardıqdan sonra köməkçisi Muşviqə bildirmişdir ki, yeşikdə olan pulları yığdığı kisəni ona versin ki, Emilin malının pulunu versin. Bu zaman Muşfiq ona bildirmişdir ki, kisə yeşikdə yoxdur. O, tez avtomaşının yük yerindən düşərək avtomaşının kabina hissəsinə keçmiş və orada yeşiyin içərisinə qoyduğu kisədə olan 7238 manat pulun oğurlandığını müəyyən etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonradan o, yaxınlıqda olan mağazaların nəzarət kameralarına baxan zamanı ona məlum olmuşdur ki, həmin şəxs onun idarə etdiyi avtomaşının kabina hissəsindən pulu götürdükdən sonra piyada yürüyərək gedərək yaxınlıqda, yəni təxminən 5 metr məsafədə dayanmış qara rəngli avtomaşının sürücü tərəfdən qapısını açaraq kənarda dayanmış bir nəfər şəxslə görüşdükdən sonra avtomaşına əyləşərək sürüb gedir. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. O, həmin görüntüləri istintaqa təqdim etmişdir. Ona həmin oğurluq nəticəsində 7238 manat maddi ziyan dəymişdir. Belə ki, həmin pulları müştərilər ona verdiyindən pullar ona məxsusdur və ona maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs sonda vurulmuş maddi ziyanın bu günədək ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olmaqla, sonuncuya ağır cəza verilməsini xahiş edib və bu barədə müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.41-42,44-45) Videogörüntüyə baxış keçirilməsi haqqında 12.02.2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş 1 ədəd diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, bir nəfər şəxsin MAN markalı yük avtomaşının kabina hissəsinə yaxınlaşdığını, 2 dəfə qapını açmaq istədiyini, lakin kənara çəkildiyini, bundan sonra ətrafa baxdıqdan sonra yenidən avtomaşının qapısını açaraq içəridən kisə götürərək getdiyi görünür. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, videogörüntüdə olan şəxs odur və MAN markalı avtomaşının qapısını açaraq oradan pul olan kisəni götürərək ərazini tərk etmişdir.(i.v.57) Videogörüntüyə baxış keçirilməsi haqqında 12.02.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerindən götürülmüş hadisəni özündə əks etdirən videogörüntü olan 1 ədəd flaşkarta şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Görüntü 1:07:13 müddətdə davam edir, görüntünün 44:25 radələrində bir nəfər şəxsin mağazada olan mallara baxaraq stola yaxınlaşması və mağazadan götürüyü malı əlində saxlayaraq digər əli ilə stolun siyirməsini yoxlayır, lakin siyirmə açılmadığından digər siyirməni yoxlayır, həmin siyirmə açılır və siyirmədə pulların olduğu görsənir, o, siyirmədən pulları götürərək cibinə qoyub mağzanı tərk edir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, görüntüntüdə olan şəxs odur və siyirmədən pulları götürərək mağazanı tərk etdikdən sonra tanımadığı taksi vasitəsi ilə ticarət mərkəzini tərk etmişdir.(i.v.58) İfadənin yerində yoxlanılması barədə 13.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadələrini təsdiq edərək əyani şəkildə zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus nağd pulların oğurlaması mexanizmini göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur.(i.v.98-101) Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 13 fevral 2021-ci il tarixli qərardan görünür ki, əvvəli 11 fevral 2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 122-126) Şəxsin tanınmaya təqdim edilməsi haqqında 15.02.2021-ci il tarixli protokoldan görünür ki, toplanmış material üzrə X4 ilə tanınma istintaq hərəkəti keçirilmiş və o, təqdim edilmiş 4 nəfər arasında 3-cü sırada dayanmış Təqsirləndirilən şəxs tanımışdır. (i.v.143- 146) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03.04 2021-ci il tarixli cavabından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 30.06.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07.09.2004-cü ildə Salyan rayon məhkəməsinin 18.08.2004-cü tarixli qərarına əsasən 01 il 04 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24.12.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 24.04.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 28.09.2018-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarına əsasən 02 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuş, 25.12.2018-ci il tarixdə cəza müddəti bitmişdir. (i.v.204-205,220-224) Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokolu, hadisə yerinə baxış protokolları və fotoşəkillər, ifadələrin yerində yoxlanılması protokolları və fotoşəkillər, şəxsin tanınmaya təqdimedilməsi haqqında protokol və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. Hadisə yerindən götürülmüş 1 ədəd flaşkart və Qaradağ RPİ-nnin 10-cu PB-nin təqdim etdiyi 1 ədəd disk sübut əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir.(i.v. 220-232) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrarən xeyli miqdarda törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrarən xeyli miqdarda törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində “05.10.2020-ci il tarixdə Sədərək ticarət mərkəzində yerləşən mağazadan 9000 manat pul oğurlamamış onun oradan götürdüyü məbləğ cəmi 2365 manat olmuşdur” kimi göstərdiyi xüsusata tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, Videogörüntüyə baxış keçirilməsi haqqında 12.02.2021-ci il tarixli protokol və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. İfadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Beləliklə məhkəmə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), cəzanın fərdiləşdirilməsi prinsipini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.2.2, 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalar qismən toplanmaqla, ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməli (CM 66.2), ibtidai istintaq dövründə tutma altında və həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu tarixdən hesablanmalı (CPM- 158.2.1, 158.6), Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 işə qoşularaq ibtidai istintaq dövründə 65 (altmış beş) iş saatı hüquqi yardım göstərmişlər. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə 10 (on) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 65 (altmış beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 390 (üç yüz doxsan) manat məbləğində və məhkəmə də göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 65 (altmış beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 390 (üç yüz doxsan) manat məbləğində və məhkəmə də göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar