Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-212/2023 20.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, fərdi yaşayış evində yaşayan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədilə 13 fevral 2023-cü il tarixdə saat 18.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “№134 Zeytun” aptekə daxil olub, həmin aptekdə əczaçı işləyən Zərərçəkmiş şəxs fikrini yayındırmaq niyyətilə uşaq yeməyi üçün şüşə qab istəmiş, Zərərçəkmiş şəxs həmin sifarişi vermək üçün digər vitrinə keçən zaman fürsətdən istifadə edib əlini vitrinin alqı-satqı üçün nəzərdə tutulmuş hissəsindən salmaqla siyirmədə olan 150 manat pulu götürüb qaçaraq açıq şəkildə talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə saat təxminən axşam radələrində Qızıldaş qəsəbəsində yerləşən “Zeytun” aptekə girmişdir. Həmin vaxt vitrinin arxasında satıcıdan başqa bir qız da olmuşdur. Aptekə daxil olub bir qədər baxdıqdan sonra orada işləyən satıcıdan başını qatmaq məqsədilə uşaq üçün yemək qabı butulka istəmişdir. Satıcı qabı götürmək digər vitrinə keçən zaman vitrinin boşluğundan siyirmədə pul olduğunu görmüşdür. Həmin vaxt satıcının başının qarışmasından istifadə edib əlini atıb siyirmədə olan pulların hamısını götürmüş və qaçmağa başlamışdır. Satıcı və orada olan qız onu səsləsələr də, həmin şəxslərə fikir verməyib uzaqlaşmışdır. Lakin 100-150 metr gedib gözdən itdikdən sonra əməlindən peşman olmuşdur. Geri qayıdıb pulları qaytarmaq istəsə də, qayıtmağa və həmin şəxslərlə üz-üzə gəlməyə utanmışdır. Həmin gün Qızıldaş qəsəbəsindən çıxaraq atasının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişdir. Orada təxminən 2-3 gün qaldıqdan sonra işləyəcəyini deyib evdən çıxmış və həmin vaxtdan Binə qəsəbəsində tanışlarının evlərində qalmışdır. Qızıldaş qəsəbəsində “Zeytun” aptekdən oğurladığı 150 manat pulu ehtiyaclarına xərcləmişdir.Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda Qızıldaş qəsəbəsində yerləşən “Zeytun” aptekini işlədir. Həm də özü əczaçı olaraq işləyir. 13 fevral 2023-cü il tarixdə saat təxminən 18.00 radələrində işlədiyi aptekdə olarkən əvvəllər tanıdığı qəsəbə sakini Fərid adlı şəxs aptekə daxil olmuşdur. O, həmin vaxt vitrinin arxasında dayanmışdır, ondan bir qədər aralıda aptekdə təcrübə keçən Şahid dayanmışdır. Fərid bir qədər aptekin içərisində dayandıqdan sonra ondan uşaq üçün şüşə qab istəmişdir. O, şüşə qabı götürmək üçün dayandığı yerdən bir neçə addım uzaqlaşdıqda Fərid qəflətən əlini vitrinin boşluğundan içəri salıb siyirməni açaraq orada olan pulu götürüb qaçmağa başlamışdır. O, Raisə ilə birlikdə Fəridin ardınca çölə çıxdıqda Fəridin poçt məntəqəsinə tərəf qaçdığını görmüşlər. Onlar uca səslə Fəridin arxasınca qışqıraraq dayanmasını və pulu qaytarmasını bildirmişlər. Lakin Fərid onların səsinə məhəl qoymadan qaçıb uzaqlaşmışdır. Fərid ailəsi ilə onun işlədiyi aptekin yerləşdiyi binada kirayədə qalır. O, Fəridin həyat yoldaşına bu barədə məlumat verib pulunu qaytarmasını bildirsə də, yoldaşı Fəriddən ayrıldığını, əlaqəsi olmadığını bildirmişdir. Bundan sonra polisə müraciət edib şikayət ərizəsi yazmışdır.Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir.Ziyanın ödənilib-ödənilməməsindən asılı olmayaraq Təqsirləndirilən şəxs şikayətçidir və ona cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə Şahid məhəkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini və ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir İş üzrə Şahid ibtidai istintaq verdiyi ifadəsində göstərmişdir ki, hal-hazırda Qızıldaş qəsəbəsi, bina 36 ünvanında “№134 Zeytun” aptekdə operator vəzifəsində işləyir. 13 fevral 2023-cü il tarixdə həmin aptekdə təcrübə keçmişdir. Belə ki, həmin vaxtlar apteki işlədən və orada əczaçı olan Zərərçəkmiş şəxs yanında təcrübə keçən zaman həmin gün təxminən 18-19 radələrində aptekdə vitrinin arxasında dayanmışdır. Həmin vaxt İlhamə xanım satış üçün nəzərdə tutulan pəncərənin arxasında olmuşdur. Bu zaman əvvəllər qonşusu olan Təqsirləndirilən şəxs aptekə daxil olaraq uşaq üçün su şüşəsi istəmişdir. İlhamə xanım dayandığı yerdən təxminən 4-5 addım atıb şüşəni götürməyə gedən zaman Fərid əlini pəncərənin boşluğundan salaraq kassadan pulları götürərək qaçmağa başlamışdır. O, İlhamə xanımla birlikdə Fəridin ardınca çölə çıxdıqda Fəridin poçt məntəqəsinə tərəf qaçdığını görmüşdür. Onlar uca səslə Fəridin arxasınca qışqıraraq dayanmasını və pulu qaytarmasını bildirmişlər. Lakin Fərid onların səsinə məhəl qoymadan qaçıb uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs əvvəldən tanımışdır, Fərid təxminən 1-2 il onunla qonşu olmuşdur, sonradan isə aptekin yerləşdiyi binada kirayədə qalmışdır.Şahid əlavə suallara cavab olaraq bildirmişdir ki, Fərid adlı şəxs pulu götürüb qaçarkən ona və Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Fərid sadəcə olaraq onu vitrindən uzaqlaşdırmaq üçün şüşə qab istəmiş, onun aralanmağımdan istifadə edib əlini vitrindən içərisi salaraq siyirmədə olan 150 manatı götürüb qaçıb uzaqlaşmışdır. Həmin vaxt siyirmədə 150 manat pul var olmuş, Fərid pulun hamısını götürüb qaçmışdır. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və qərardan görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.4 və 263.2-ci maddələri ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində 01 ay 22 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan aradan qalxmadığından onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-212/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-212/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver