Məhkəmə qərarları › İş №1(002)-213/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-213/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-213/2023 22.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1983-cü ildə Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), məhkumluğu olmayan, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində kirayədə yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 onu gəmidə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq 2022-ci ilin noyabr ayının ortalarında istintaqla dəqiq müəyyən edilməyən gündə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi 46 saylı binanın qarşısında Zərərçəkmiş şəxs1 məxsus 5000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 onu gəmidə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq 2022-ci ilin dekabr ayının ortalarında istintaqla dəqiq müəyyən edilməyən gündə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi 46 saylı binanın qarşısında Zərərçəkmiş şəxs2 məxsus 5000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Əvvəllər məhkum olunmuşdur. Hal-hazırda işləmir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayətləri ilə tanış olmuş, həmin şikayətlər üzrə özünü qismən təqsirli bilir. 2022-ci ilin aprel ayından 2023-cü ilin yanvar ayının axırlarına kimi həyat yoldaşı və övladları ilə birlikdə Qaradağ rayonu, Ələt qəsəbəsində kirayədə yaşamışdır. Orada yaşadığı müddətdə 3 ay Ələt limanında, daha sonra “Metronet” internet şirkətində fəhlə kimi işləmişdir. 2022-ci ilin oktyabr-noyabr aylarında barəsində Səbail RPİ-də Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmışdır. Həmin işin mahiyyəti üzrə bildirmişdir ki, o, əvvəllər iş yoldaşı olmuş Elnur adlı şəxsdən 2500 borc pul almışdır, daha sonra Elnur həmin pulun müqabilində onu "xxxx" ASC-yə işə düzəltməyini istəmişdir. O, Elnura narahat olmamasını, onu işə düzəldəcəyini demişdir. Daha sonra adam tapmadığı üçün Elnuru işə düzəldə bilməmiş və Elnur ondan Səbail RPİ-nə şikayət etmişdir. Orada araşdırma aparılarkən təxminən 2022-ci ilin noyabr ayının ortalarında o, Ələt qəsəbəsində evlərdən birinə internet çəkərkən Saleh adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Saleh ona işsiz olduğunu bildirmiş, həmin zaman onun ağlına gəlmişdir ki, Salehdən işə düzəltmək üçün pul alsın və Səbail RPİ-də aparılan araşdırma üzrə vurduğu 2500 ziyanı ödəsin ki, cinayət işi xitam olunsun. O, əvvəllər Hərbi Dəniz Qüvvələrində işlədiyi üçün həmin sahədən məlumatı olmuş və Salehə bildirmişdir ki, tanışı var, istəsə gəmidə matros kimi aylıq maaşı 1200 manat olan işə düzəldə bilər. Saleh həmin işə düzəlmək istədiyini bildirmişdir. O, təxminən 2-3 gün sonra Salehlə yaşadığı binanın qarşısında görüşdükdə yalandan demişdir ki, tanışı ilə danışmışdır, işə düzəlmək üçün şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletinin əsli, əmək kitabçası və 2500 manat pul lazımdır. Saleh onunla razılaşmış və səhərisi günü yaşadığı binanın qarşısında istədiyi şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletinin əsli və əmək kitabçası ilə birlikdə 2500 manatı ona vermişdir. O, pulu aldığı gün sonra Elnur adlı şəxsə vurduğu ziyanı ödəmiş və Elnurla barışmışdır. Daha sonra Səbail RPİ-də barəsində aparılan araşdırmaya xitam verilmişdir. Bundan sonra hər dəfə Salehlə Ələt qəsəbəsində görüşdükdə ona 10-15 gün səbrli olmağını, işin həll olunduğunu demişdir. Təxminən bir ay sonra, yəni 2022-ci ilin dekabr ayının ortalarında Salehlə görüşdükdə Saleh ona qohumu olan Novruz adlı şəxsin də işə düzəlmək istədiyini demişdir. O, fikirləşmişdir ki, həmin şəxsdən də pulu alar, həm bir qədər borclarını qaytarar, həm “Topaz” oynayıb hər ikisinin pulunu geri qaytarıb işin alınmadığını deyər. O, yenə Salehin yaşadığı binanın qarşısında Saleh və qohumu Novruzla görüşmüşdür. O, Novruza bildirmişdir ki, gəmidə matros kimi aylıq maaşı 1200 manat olan işə düzəldə bilər, Novruz da həmin işə düzəlmək istədiyini bildirmişdir. O, Novruza demişdir ki, işə düzəlmək üçün şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletinin əsli, əmək kitabçası və 3000 manat pul lazımdır. Novruz onunla razılaşmış, bir gün sonra yaşadığı binanın qarşısında istədiyi şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletinin əsli və əmək kitabçası ilə birlikdə 3000 manatı Salehin yanında ona vermişdir. O, Novruzdan aldığı pulun 2000 manatını borclarına vermiş, qalan 1000 manatına “Topaz” mərc oyunundan oynamışdır ki, pul udub hər ikisinin pulunu qaytarsın. Lakin 1000 manatı mərcdə uduzmuşdur. Bundan sonra ağlına gəlmişdir ki, Novruzdan əlavə 1000 manat da alsın, yenə oynayıb pul udsun. Bu məqsədlə dekabr ayının sonlarında o, Novruzla görüşüb yalandan işdə problem olduğunu, əlavə 1000 manat da pul vermək lazım olduğunu demişdir. Bu söhbətin səhərisi günü Novruz 1000 manatı pulu Ələt qəsəbəsində “beşmərtəbələr” deyilən yerdə olan dayanacaqda ona vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. O, həmin pulu da “Topaz” mərc oyununda uduzmuşdur. Salehlə Novruz hər dəfə ona zəng vuranda vaxt uzatmış, işin bayramdan sonra olacağını, sənədlərin yoxlanıldığını və başqa bəhanələr demişdir. 2023-cü ilin fevral ayının 6-da Nəsimi rayonunda xırda talama inzibati xətası törətdiyinə görə Nəsimi Rayon Məhkəməsi tərəfindən 1 ay inzibati həbs edilmişdir. O, gəmidə işə düzəltmək adı ilə Salehdən 2500, Novruzdan isə ümumilikdə 4000 manat pul almışdır. Saleh və Novruz yalan danışır, o, dələduzluq etdiyini səmimi etiraf edir. O, Salehdən 2500 manat, Novruzdan bir dəfə 3000 manat, bir dəfə isə 1000 manat olmaqla ümumilikdə 4000 manat almışdır. Saleh və Novruzun nə üçün ifadələrində 5000 manat verdiklərini bildirdiklərinin səbəbini bilmir. Salehdən 2022-ci ilin noyabr ayının ortalarında yaşadığı binanın qarşısında 2500 manat alarkən yanlarında heç kim olmamışdır. Novruzdan 2022-ci ilin dekabr ayının ortalarında yaşadığı binanın qarşısında 3000 manatı alarkən yanlarında Saleh olmuşdur. Daha sonra həmin ilin dekabr ayının sonlarında Novruzdan Ələt qəsəbəsində “beşmərtəbələr” deyilən yerdə olan dayanacaqda 1000 manat pulu alarkən yanlarında heç kim olmamışdır. O öz ifadəsində daha sonra törətdiyi əməllərdən peşman olduğunu və hal-hazırda heç bir maddi imkanı olmadığı üçün həbsdən çıxdıqdan sonra ziyanı ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Hal-hazırda fərdi əməklə məşğul olur. Təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində evinə internet çəkən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Söhbət əsnasında Mənsura işsiz olduğunu bildirmişdir. Mənsur ona Gəmiçilik İdarəsində tanışı olduğunu, onu həmin idarəyə işə düzəldə biləcəyini demişdir. O, Mənsurla razılaşmışdır. Daha sonra Mənsur ondan gəmidə aylıq 1200 manat maaşı olan mexanik işinə düzəltmək üçün hərbi bileti ilə əmək kitabçasını, şəxsiyyət vəsiqəsinin surətini və 5000 manat pul istəmişdir. O, Mənsurun dediyi qiymətlə razılaşıb, iki gün sonra yaşadığı binanın qarşısında Mənsurla görüşüb 5000 manat pulu ona vermişdir. Mənsur ondan hərbi bileti ilə əmək kitabçasını və şəxsiyyət vəsiqənin surətini almışdır. Bundan bir ay sonra dostu Zərərçəkmiş şəxs2 ilə söhbət edərkən belə bir iş olduğunu, işə düzəlmək üçün 5000 manat verdiyini və işə düzələcəyini demişdir. Novruz özünün də işə ehtiyacı olduğunu bildirmişdir. O, Novruzla birlikdə Mənsurla yaşadıqları binanın qarşısında görüşmüşlər. Novruz da eyni qaydada sənədlərin əslini və surətini, 5000 manat pulu Mənsura vermişdir. Bundan sonra onlar dəfələrlə Mənsurla əlaqə saxlasalar da Mənsur hər dəfə müxtəlif bəhanə ilə onları aldatmışdır. Onlar bir neçə gün Mənsurla görüşmək istəmişlər, lakin Mənsurun nömrəsinə zəng çatmamışdır. Buna görə də 26 yanvar 2023-cü il tarixdə aldadılmaları barədə polisə müraciət etmişlər. O, öz ifadəsində daha sonra göstərmişdir ki, Mənsur ondan 2500 manat, Novruzdan 4000 manat almasını yalan deyir. O da, Novruz da Mənsura 5000 manat pul vermişdir. O, Mənsura 5000 manatı verərkən yanlarında heç kim olmamış, lakin Novruz Mənsura 5000 manat verərkən o, yanlarında olmuşdur. O, öz ifadəsində daha sonra təqsirəndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu və ziyanı ödəməzsə ona ağır cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Hal-hazırda fərdi əməklə məşğul olur. Təxminən 2022-ci ilin dekabr ayının ortalarında dostu Zərərçəkmiş şəxs1 ilə söhbət edərkən Saleh gəmidə mexanik işinə düzəlmək üçün Mənsur adlı tanışına 5000 manat pul verdiyini, işə düzələcəyini və aylıq 1200 manat maaş olacağını demişdir. Onun da işə ehtiyacı olduğu üçün Salehdən xahiş etmişdir ki, özünün də həmin işə düzəlməyinə köməklik etsin. Bundan sonra o, Salehlə birlikdə Mənsurla yaşadıqları binanın qarşısında görüşmüşlər. Mənsur gəmidə boş iş yeri olduğunu, işə düzəlmək üçün hərbi biletini, əmək kitabçasını, şəxsiyyət vəsiqənin surətini və 5000 manat pulu lazım olduğunu demişdir. O, səhəri günü Mənsurun dediyi kimi hərbi biletini, əmək kitabçasını, şəxsiyyət vəsiqəsinin surətini və 5000 manat pulu yaşadıqları binanın qarşısına görüşən zaman Mənsura vermişdir. Həmin vaxt Saleh də yanlarında olmuşdur. Bundan sonra onlar dəfələrlə Mənsurla əlaqə saxlasalar da Mənsur hər dəfə müxtəlif bəhanə ilə onları aldatmışdır. Onlar bir neçə gün Mənsurla görüşmək istəmişlər, lakin Mənsurun nömrəsinə zəng çatmamışdır. Buna görə də Mənsurun onlara qarşı dələduzluq etdiyini başa düşüb 26 yanvar 2023-cü il tarixdə aldadılmaları barədə polisə müraciət etmişlər. Mənsur ondan 4000 manat almasını yalan deyir, o, 2022-ci ilin dekabr ayının ortalarında sənədləri ilə birlikdə 5000 manat pulu yaşadığı binanın qarşısında Mənsura vermişdir, o, Mənsura 5000 manatı verərkən yanlarında dostu Zərərçəkmiş şəxs1 da olmuşdur. O, öz ifadəsində daha sonra təqsirəndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan heç bir ödəniş edilmədiyinə görə ona qarşı şikayətçi olduğunu və ona veriləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş qohumluq haqqında məlumatdan görünür ki, X4 xx.xx.2010-cu il tarixdə və X5 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs1 2500 manat və Zərərçəkmiş şəxs2 isə 4000 manat məbləğində ziyan vurduğunu bildirsə də məhkəmə, onun bu ifadəsini özünümüdafiə xarakterli ifadə məqsədilə verildiyini və vurulmuş ziyan üzrə məsuliyyətini yüngülləşdirmək məqsədilə verdiyi qeyri-səmimi ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutların məcmusu ilə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 06 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 07 mart 2023cü il tarixdə barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 06 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Zərərçəkmiş şəxslərə izah edilsin ki, yuxarıda qeyd olunan cinayət hadisəsi nəticəsində onlara dəymiş maddi və ya mənəvi ziyanların ödənilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar