Məhkəmə qərarları › İş №1(002)-214/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-214/2020

18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-214/2020 18.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, “X15” MMC-də elektromexanik işləmiş və hazırda işləməyən, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla, faktiki olaraq Abşeron rayonu, Novxanı kəndi, V.Axundov küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X4 ölümünə səbəb olmuşdur. Belə ki, o, “xxxx” MTK ilə bağlanmış xx xxxxxx 2020-ci il tarixli XM-77/20 nömrəli xidmət müqaviləsinə görə, müqavilədə göstərilən müddət ərzində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi 24 ünvanında yeni inşa olunan çoxmərtəbəli yaşayış binalarında 8 (səkkiz) ədəd sərnişin liftlərinin tam quraşdırılması, tənzimlənməsi, işə buraxılması, təhvil verilməsi işlərinin görülməsini öz üzərinə götürmüş “X15” MMC-də xx xxxx 2020-ci il tarixli əmək müqaviləsi və eyni tarixli əmrlə elektromexanik vəzifəsinə işə qəbul olunaraq həmin MMC-nin xx xxxxx 2020-ci il tarixli 55/1-20 №-li əmrinə əsasən briqadir-elektromexanik təyin olunmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi tabeliyində olan briqadada işləyən işçiləri X2 və X5 üzrə təlimatlandırmalı, eləcə də bu təlimatların yerinə yetirilməsinə, mühafizə vasitələrindən istifadəsinə, həmin işçilərin işə davamiyyətinə, işlərin keyfiyyətlə görülməsi ardıcıllığına nəzarət etməli olsa da, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi 24 ünvanında yerləşən “xxxx” MTK tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binaları kompleksinin 3-cü blokunda lift quraşdırma işləri aparılarkən lift şaxtasında istifadə olunan, 7-ci mərtəbədə dayanmış lift kabinasının döşəməsinin təhlükəsizlik cihazlarla təmin olunmasını, kənarlarının çəpərlənməsini, eləcə də, yüksəklikdən yıxılmasının qarşısının alınması üçün işçilərin təhlükəsizlik kəmərdən və dəbilqədən istifadə edilməsini təmin etməyərək, cinayətkarcasına etinasızlıq edib öz əməlinin (hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu, yəni qabaqcadan görmək üçün real imkana malik olduğu halda onları görməyərək, “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.29, 2.26, 4.1, 12.23 bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 3.1, 6.34 bəndlərinin, “Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydaları”nın 5.1.27, 7.5.1 bəndlərinin, “Liftlərin quraşdırılması və sazlanması zamanı təhlükəsizlik texnikası üzrə 02 saylı təlimatı”nın 3, 8-ci bəndlərinin və “Briqadir-elektromexanikin vəzifə təlimatı”nın tələblərini pozmuş, bu əməli (hərəkətsizliyi) nəticəsində “X15” MMC-də elektromexanik işləyən X4 “xxxx” MTK tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binaları kompleksində hadisə baş vermiş 3-cü blokun lift şaxtasında istifadə olunan, 7-ci mərtəbədə dayanmış təhlükəsizlik cihazlarla təmin olunmayan, kənarları çəpərlənməyən lift kabinasının döşəməsindən təhlükəsizlik kəmərdən və dəbilqədən istifadə etməyərək lift quraşdırma işləri görən zaman lift çalovuna yıxılaraq ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən çoxsaylı qəlpəli sınıqları, sol tərəfli İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların, sağ said sümüklərinin qapalı, yerinidəyişən sınıqları, sağ çiyin nahiyəsinin, döş qəfəsinin, sol kürəkaltı nahiyənin, qarının sıyrıqları xəsarətlərini almaqla ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Novxanı kəndinə köçüb orada kirayədə yaşamağa başlamışdır. Abşeron rayonuna gəldikdən sonra müxtəlif lift müəssisələrində lift quraşdırma işləri ilə məşğul olmuşdur. İş qaydasına əsasən yeni tikilən binalarda sifarişlər əsasında liftlər quraşdırmış və həmçinin lift quraşdırılmış binalarda isə zərurət olduqda liftlərin təmiri ilə məşğul olmuşdur. X6 Novxanı kəndinə köçdükdən təxminən 5 il sonra tanımışdır. Abbasla arasında çox yaxşı münasibəti olmuş, zaman keçdikcə onların münasibətləri sıx dostluğa çevrilmiş, ədavətləri, düşmənçilikləri, həmçinin qohumluq əlaqələri olmamışdır. Abbas öz ailəsi ilə birlikdə Novxanı kəndində onun yaşadığı evin yaxınlığında yerləşən təndirxananı işlətmişdir. Özü ilk olaraq Abbası orada görüb tanımış və aralarında münasibət yaranmışdır. Daha sonra isə təxminən 5 il əvvəl özüdə 3 ay yay boyunca Novxanı kəndində yerləşən digər bir təndirxananı icarəyə götürüb işlətmiş, həmin təndirxananı icarəyə götürən zaman tanış bir insan kimi Abbasla görüşüb ondan bu iş barədə məsləhətlər almış və sonuncu ilə ilk yaxınlıq münasibətləri həmin vaxtdan başlamışdır. Özü icarəyə götürdüyü təndirxananı cəmi 3 ay yay ayları boyunca işlətmiş, Abbas isə keçən ilə qədər onların evi yaxınlığındakı təndirxananı işlətmişdir. Bu illər ərzində Abbasla münasibətləri çox yaxşı olmuş və artıq onlar ailəvi olaraq bir-birlərinin evinə gediş-gəliş etməyə başlamışlar. Münasibətləri sıx olduqdan sonra Abbasın əslən Quba rayonundan olduğunu, onunda özü kimi ailəsi ilə birlikdə Novxanı kəndinə gəlib burada kirayədə yaşadığını bilmişdir. Təxminən bir il bundan öncə alver olmadığına görə Abbas təndirxananı bağlamaq məcburiyyətində qalmış, Abbasın təmir işləri bacardığını bildikdən sonra iş olduqda onu da özü ilə tikintilərə aparmış və onlar müxtəlif tikintilərdə fərdi fəaliyyətlə məşğul olmuşlar. Onlar ilk öncə hasar çəkmiş, çardaq quraşdırmış və digər ev təmiri işləri ilə də məşğul olmuşlar. Sonra özü 2020-ci ilin mart-aprel aylarında əvvəldən tanıdığı “X15” şirkətinə işlə bağlı müraciət etmiş və həmin müraciətində təmir işlərində bacarıqlı olduğu üçün Abbası da özü ilə aparmışdır. Həmin vaxt onların hər ikisini “X15” şirkətində elektromexanik kimi işə götürmüşlər. xx xxxxx 2020-ci il tarixli əmrə əsasən xx xxxxx 2020-ci il tarixdən biriqadir-elektromexanik vəzifəsinə təyin olunmuş və əmrə əlavə edilmiş vəzifə təlimatı ilə tanış edilmişdir. xx xxxxx 2020-ci il tarixdə onlar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi 24 ünvanında yerləşən “xxxx” MTKda sərnişin və yük liftləri quraşdırmağa başlamışlar. Onların şirkətinin orada 2 briqadası fəaliyyət göstərmişdir. Bir briqadada özü və Abbas birlikdə, digər briqada da isə Vüsal və Rəvan birlikdə işləmişdilər. X10 işləyən briqadaya X2 və X5 üzrə təlimatlandırmaq, eləcə də bu təlimatların yerinə yetirilməsinə, mühafizə vasitələrindən istifadəsinə, həmin işçilərin işə davamiyyətinə işlərin keyfiyyətlə görülməsi ardıcıllığına nəzarət briqadirelektromexanik kimi ona həvalə edilmişdir. Onların iş qaydasına əsasən həftənin altı günü işləyir, bazar günü isə istirahət edirmişlər. Hər iş günü saat 09-da işə başlayır, saat 13-də nahar fasiləsinə çıxır, saat 18-də isə işlərini yekunlaşdırıb evə gedirlər. Təlimata əsasən küləkli hava şəraitində isə işləməmişlər. Onların briqadasında özü əsas usta, Abbas isə onun köməkçisi olmuş və özü əsas usta kimi görülən işlərə rəhbərlik və nəzarət etmişdir. Onlar bu müddət ərzində liftlərin relslərini quraşdırmış, lift kabinasını yarı vəziyyətdə yığmış, liftin mühərrikini quraşdırıb liftləri işə salmışlar. Son dövrdə isə Abbasla özü liftlərin qapılarının quraşdırılması ilə məşğul olurmuşlar. Hadisə baş verən gün, yəni xx xxx 2020ci il tarixdə də həmişə olduğu kimi səhər Abbasla birlikdə işə gəlib saat 09-da işə başlamışlar. Həmin gün özü yük liftində qapının astanasın quraşdırmış, Abbas isə sərnişin liftində detalların mərtəbələr üzrə paylanılması ilə məşğul olmuşdur. Həmin gün saat 13-də onlar nahar fasiləsinə çıxmışdır. Özü nahara qədər iş qaydasına əsasən ilk olaraq binanın sonuncu, yəni 16-cı mərtəbəsində liftin astanasını qurub, sonra 1-ci, 2-ci və 3-cü mərtəbələrin astanalarını quraşdırmış, Abbas isə nahara qədər detalların komplekləşdirilməsi ilə məşğul olmuşdur. Onlar bir saat nahar etdikdən sonra saat 14-də işlərinə qayıtmışlar və müvafiq olaraq özü yük liftində, Abbas isə sərnişin liftində işini davam etmişdir. Özü nahardan sonra binanın 4-cü mərtəbəsində işinə davam etmiş, Abbas isə artıq 1-ci mərtəbədən başlayaraq detalların mərtəbələr üzrə paylanılması ilə məşğul olmuşdur. Təxminən saat 16 radələrinə doğru binanın 4-cü mərtəbəsində yük liftinin kabinasında öz işini davam etdirmiş, Abbas isə sərnişin liftində öz işini görmüşdür. Birdən dəmir töküntüsü səsləri eşitmiş və bu zaman “Abbas, Abbas, Abbas noldu” deyə səslənsə də cavab gəlməmişdir. Narahat olub yük liftindən çıxıb sərnişin liftinin quyusundan ilk olaraq yuxarı baxdıqda lift kabinasının ondan 2-3 mərtəbə yuxarıda olduğunu görmüş, ondan sonra isə aşağı baxdıqda Abbası lift quyusunun dibində üzü üstə uzanıqlı halda görmüşdür. Abbası səslənsə də sonuncu ona cavab verməmiş və onun lift kabinasından yıxıldığını bilib dərhal pilləkənlərlə aşağı düşmüşdür. Birinci mərtəbədə lift quyusuna baxdıqda Abbasın baş nahiyəsindən qan axdığını görmüş, möhkəm səslə Abbas deyə qışqırsa da sonuncu cavab verməmiş və artıq Abbasın öldüyünü güman etmişdir. Onun qışqırıq səsinə həmin MTK-nın işçiləri və onların digər briqadasının işçiləri gəlmiş, özü bu barədə şirkətin rəhbərliyinə və təcili tibbi yardıma məlumat vermişdir. Bir az sonra ora gələn təcili tibbi yardım briqadası da Abbası müayinə etdikdə onun öldüyünü bildirmişlər. Bundan sonra aidiyyəti hüquq-mühafizə orqanlarına məlumat verilmiş və hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları ilə birlikdə Abbasın meyiti müayinə edilməsi üçün meyitxanaya aparılmışdır. Abbasın meyiti müayinə edildikdən sonra onun ailə üzvləri və yaxın qohumları ilə birlikdə meyitini anadan olduğu Quba rayonuna apararaq orada yaşadıqları Dağlı kəndinin qəbirstanlığında dəfn etmişlər. Onların şirkətində işləyən bütün işçilərə şirkət rəhbərliyi tərəfindən yazılı və şifahi formada hər bir təlimatın keçirilmiş, bununla bağlı müvafiq kağızları öz imzaları ilə imza etmişlər, özünün işə qəbul olunması haqqında əmri və işə götürən “X15” MMC ilə bağlanmış əmək müqaviləsi olmuş, özünün və digər işçilərin xüsusi geyim dəsti olmuş, onlara işlədikləri MMC tərəfindən xüsusi geyim forması, dəbilqə, kəmər verilmiş, onlara fərdi əmək vasitələri verilməsinə baxmayaraq səhlənkarlıqdan həmin gün həmin vasitələrdən istifadə etməmişlər. Hadisə zamanı Abbasın yanında heç kəsin olmamış, o, sərnişin liftində tək işləmiş, onun özü isə həmin vaxt yük liftində işləmişdir. Onlardan başqa orada heç kəsin olmamış, özü yük lifti ilə binanın 4-cü mərtəbəsində olanda bu hadisə baş vermişdir. Sonradan Abbasın işlədiyi sərnişin liftinin kabinasının 7-ci mərtəbədə dayandığını görmuş və onun oradan yıxıldığını bilmişdir. Lakin Abbasın yıxıldığı anı görən olmamışdır. Lift quyusunun içərisində əks yükün hərəkət etməsinə mane olduğu üçün çəpərlənmə aparılması mümkün olmamışdır, həmçinin lift quyusunda və kabinasında xüsusi xəbərdaredici nişanları qoymağa zərurət olmamışdır. Abbasın dəbilqədən, qoruyucu kəmərdən istifadə etməməsi, ümumiyyətlə digər təhlükəsizlik tədbirlərinin görülməməsi səhlənkarlıq nəticəsində tam nəzarətin aparılmaması səbəbindən baş vermişdir. Son olaraq əməlindən peşman olmasını, hadisənin təsadüfi axarı zəminində baş verməsini, ailəli olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq məhkəmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzasının şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmənin əvvəlki iclasında ifadə verərək göstərmişdir ki, mərhum əri X10 ilə 1994-cü ildə ailə qurmuşdur. Birgə nikahdan üç övladları dünyaya gəlmişdir. Övladlarından ikisi oğlan, sonuncu övladları isə qız olmuşdur. Abbasla ailə həyatı qurduqdan sonra 2005-ci ilə kimi Quba rayonu, Dağlı kəndində yaşamış, orada təsərrüfatla məşğul olmuşlar. Sonra, yəni 2005-ci il tarixdə bir tanışının sifarişi əsasında Abbas çobanlıq etmək üçün Bakıya gəlməli olmuş və ailəsi ilə birlikdə Abşeron rayonu, Novxanı kəndinə gəlib orada kirayə ev tutaraq yaşamağa başlamışlar. Gəldikləiri ilk bir il ərzində Abbas çobanlıqla məşğul olmuş, ondan sonra isə işsiz qalıb fərdi əməklə məşğul olmağa başlamışdır. Novxanıya gəldikdən iki il sonra Abbas Novxanıdan keçən, Bakı- Sumqayıt yolunun üstündə yerləşən təndirxananı icarəyə götürmüş və onlar orada işləməyə başlamışlar. Onlar həm təndirdə çörək bişirir, həm də meyvə-tərəvəz sataraq ailəni dolandırmışlar. Həmin vaxtdan 2019-cu ilin sentyabr ayına qədər təndirxananı işlətmiş, 2019-cu ilin sentyabr ayında isə alver zəif olduğuna görə təndirxananı bağlamaq məcburiyyətində qalmışlar. Bundan sonra isə Abbas işsiz olduğundan yenə fərdi qaydada işləməyə başlamış, sonuncu Novxanı kəndində onlarla qonşu olan, yaxın əlaqələrinin olduğu Üzeyirlə bərabər müxtəlif tikinti işlərində işləmişdir. Üzeyir harda iş tapsa mütləq Abbası da özü ilə həmin işə aparmışdır. Abbasın Üzeyirlə səmimi dostluq münasibətləri olmuş, sıx münasibətləri nəticəsində onlar bir evli kimi bir-birlərinin evinə gedib-gəlmişlər, həmçinin övladları da eyni məktəbdə oxumuşlar. Onlar təxminən 2014-cü ildən Üzeyir və onun ailəsini tanımağa başlamışlar. Belə ki, həmin vaxtlar Üzeyirgildə təndirxana işlətməyə başlamışlar və ilk tanışlıqları həmin müddətdə başlamış, daha sonra həmin tanışlıq çox yaxın münasibətlərə çevrilmişdir. Sonuncu dəfə isə Üzeyir lift şirkətində işə başladığını bildirib, işsiz olduğundan Abbası da özü ilə həmin şirkətə aparmışdır ki, imkan olarsa onu da ora işə götürsünlər. Abbasın müraciətindən sonra 2020-ci ilin aprel ayında onu həmin şirkətə işə götürmüşlər. Özünün Abbasın sonuncu iş yeri barədə tam məlumatı olmasa da, onun işə düzəldiyi lift şirkətin adının “Real” olduğunu, onların binalarda lift quraşdırma ilə məşğul olduqlarını və Abbasın Qaradağ rayonu, Lökbatan qəsəbəsində tikilən binalarda işlədiyini bilmişdir. Abbasın iş qaydasına əsasən həftənin altı günü işləmiş, bazar günü isə istirahət vaxtı olmuşdur. Bundan başqa binada elektrik verilişi dayandıqda və ya güclü külək olanda Abbasgil işləməmişlər. xx xxx 2020-ci il tarixdə hər gün olduğu kimi Abbas səhər saat təxminən 08 radələrində evdən çıxmış və Üzeyirlə birlikdə sonuncunun avtomobili ilə işə getmişlər. Onlar hər gün birlikdə işə gedib birlikdə də evə qayıtmışlar. Həmin gün böyük oğlu İlkin ilə özü evdə olmuş, digər övladları və oğlunun ailəsi isə Qubada olmuşlar. Həmin gün təxminən saat 16 radələrində qaynı Bəxtiyar oğlu İlkinə zəng edib babalarının xəstə olduğunu, buna görə rayona getmələrini bildirmişdir. İlkin əmisi ilə danışdıqda Üzeyirin də ona zəng etdiyini, yatmış olduğuna görə cavab verə bilmədiyini görüb, yenidən Üzeyirə zəng etmişdir. Bundan sonra onlara Abbasın liftə işləyən zaman 3-cü mərtəbədən yıxıldığını, vəziyyətinin pis olmadığını, lakin xəstəxanaya aparıldığını demişlər. Ondan sonra İlkin əmiləri ilə danışdıqda israr edib nə baş verdiyini soruşduqda onlar Abbasın iş görən zaman liftən yıxılıb xəsarət aldığını və öldüyünü bilmişlər. Qaynı Bəxtiyar özünün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki xəstəxanaya gəldiyini, onlarında ora gəlmələrini bildirmişdir. Özü oğlu İlkinlə birlikdə Lökbatan qəsəbəsində yerləşən xəstəxanaya gəlmiş, orada onlar Abbasın meyitinin xəstəxana həyətində yerləşən meyitxanada olduğunu bilib ora keçmişlər. Meyitxanada ekspertlər müayinələr apardıqdan sonra onlar Abbasın meyitini götürüb öz rayonlarına apararaq orada kənd qəbirstanlığında dəfn etmişlər. Abbas bədbəxt hadisə nəticəsində vəfat etmişdir, buna görə də Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Son olaraq Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2005-ci də “X15” MMC-ni təsis etmiş və təsisçilərin iclas protokoluna əsasən həmin MMCnin direktoru vəzifəsinə təyin edilmişdir. Ştat cədvəli üzrə MMC-də direktor, icraçı direktor, baş mühasib, mühasib köməkçisi, hüquqşünas və elektromexaniklər fəaliyyət göstərir. Onlar MMC, dövlət və ya özəl müəssisələrlə aralarında bağladıqları müqaviləyə əsasən lift və eskalatorların quraşdırılması, təmiri və servisi xidmətlərini həyata keçirir. O, mərhum X6 əvvəldən tanımamış, onunla arasında heç bir ədavəti, düşmənçiliyi və ya qohumluq əlaqələri olmamışdır. xx xxxx 2020-ci il tarixdə əvvəldən müxtəlif lift müəssisələrində elektromexanik vəzifəsində işləmiş bir şəxs olaraq tanıdığı Üzeyir MMC-yə işə qəbul barədə müraciət etmişdir. O da əvvəldən tanıdığı bir şəxs kimi onu MMC-də elektromexanik vəzifəsinə qəbul etmişdir. Üzeyir daha sonra Abbas adlı dostu və qonşusu olan şəxsin də işsiz olduğunu, onu da MMC-də işə götürməsini xahiş etmiş və o da etiraz etməmişdir. Abbasın özünün ərizə ilə müraciətindən sonra xx xxxxx 2020-ci il tarixdə onu da MMC-də rəsmi olaraq elektromexanik vəzifəsinə qəbul etmişdir. Səhəri gün, yəni xx xxxxx 2020-ci il tarixdə o, hərəsində 2 nəfər olmaqla 2 briqadanı “xxxx” MTK ilə xx xxxxxx 2020-ci il tarixdə liftlərin quraşdırılması, tənzimlənməsi və işə buraxılması barədə aralarında bağlanmış olan müqaviləyə əsasən həmin MTK-nın Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi 24 ünvanında yerləşən yeni tikilmiş binalarında liftlərin quraşdırılması işlərini icra etməyə göndərmişdir. Briqadanın biri Üzeyir və Abbas, digəri isə Vüsal və Rəvan adlı işçilərdən ibarət olmuşdur. İş qaydalarına əsasən daxili əmrlə bir briqadada Üzeyirə briqadir vəzifəsi həvalə edilmiş, Abbas isə ona köməkçi kimi təyin edilmişdir. Digər briqadada isə Vüsal briqadir kimi, Rəvan isə ona köməkçi kimi təyin edilmişdir. İlk olaraq Üzeyir ilə Abbas həmin MTK-nin 1-ci blokunda, Vüsal ilə Rəvan isə 2-ci blokunda sərnişin-yük liflərinin quraşdırılması işlərini icra etməyə başlamışlar. Onlar həmin liftlərin montaj işlərini qurtararaq həmin MTK-nın digər bloklarında liftlərin quraşdırılması işlərinə başlamışlar. Üzeyir ilə Abbas həmin MTK-nin 3-cü blokunda, Vüsal ilə Rəvan isə 4-cü blokunda sərnişin-yük liftlərinin quraşdırılması işlərini icra etmişlər. İş qaydalarına əsasən müvafiq briqadalar səhər saat 9-da birbaşa iş görəcəkləri əraziyə gedir, saat 13-dən 14-ə kimi nahar fasiləsi olur və axşam saat 18-də isə iş vaxtı başa çatır. O, direktor olaraq MMC-nin bağlamış olduğu müqavilələrə əsasən müəyyən vaxtlarda iş görülən ərazilərə gedib görülən işlərlə tanış olmuşdur. İş qaydasına əsasən işlərə gündəlik nəzarət MMC-nin icraçı direktoruna həvalə edilmişdir. Ərazilərdə görülən işlərin keyfiyyətinə, işlərin köməkçilər arasında bölünməsinə və tapşırıqlar verilməsinə, görülən işlərin texniki-təhlükəsizlik qaydalarına əsasən icra olunmasına nəzarət isə briqadirlərə həvalə edilmişdir. Üzeyirlə Abbasın işlədiyi briqada tərəfindən “xxxx” MTK-da liftlərin relsləri quraşdırılmış, lift kabinası yarı vəziyyətdə yığılmış, liftlərin mühərrikləri quraşdırılaraq liftlər reviziya rejimində işə salınmışdır. Artıq onlar liftlərin qapılarının quraşdırılması işləri ilə məşğul olmuşlar. Hadisə baş verən gün, yəni xx xxx 2020-ci il tarixdə, təxminən saat 16 radələrində o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən digər bir tikintidə tikinti rəhbərliyi ilə görüşə getmişdir. Yolda olan zaman MMC-nin icraçı direktoru Şahid2 ona zəng edərək Abbasın yıxıldığı barədə məlumat vermişdir. O da yoldan geri qayıdıb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi 24 ünvanında “xxxx” MTK-nın inşa etdiyi yeni tikililərə gəlmişdir. Orada o, Üzeyirlə Abbasın işlədiyi 3-cü bloka daxil olmuş və Abbasın sərnişin liftinin çalasında üzü üstə uzanıqlı halda, baş nahiyəsindən qan axan vəziyyətdə görmüşdür. Üzeyirin dediklərinə əsasən o, Abbasın lift detallarının mərtəbələr üzrə paylanılması işini görən zaman 7-ci mərtbədə yerləşən lift kabinasından yıxılaraq xəsarət aldığını və öldüyünü bilmişdir. O, hadisə yerinə çatdıqda artıq təcili tibbi yardım briqadası gəlib, ölüm faktını təsdiq etmişlər. Hadisə yerində olan pols və prokurorluq əməkdaşları hadisə yerinin müayinəsini apardıqdan sonra Abbasın meyidini müayinə edilməsi üçün meyitxanaya aparmışlar. Abbasın meyiti müayinə edildikdən sonra onun ailə üzvləri və yaxın qohumları ilə birlikdə anadan olduğu Quba rayonuna aparılaraq, oradan dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “X15” MMC-nin icraçı direktoru Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 4-16-cı vərəqələrində olan hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, X4 yıxıldığı yer – hadisə yeri, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi 24 ünvanda “xxxx” MTK tərəfindən inşa olunan 16 mərtəbəli binanın 3-cü girişin layihə üzrə sərnişin lifti üçün nəzərdə tutulmuş lift şaxtasıdır. Binanın əsas dəmir beton işləri tamamlanmış, hörgü, suvaq və digər işləri aparılmaqdadır. 3-cü girişə daxil olduqda 1-ci mərtəbədə iki ədəd-sol tərəfdə sərnişin, sağ tərəfdə isə yük lifti üçün nəzərdə tutulmuş şaxtaların olması müəyyən edildi. Hər iki şaxtanın içərisində liftlərin quraşdırılması üçün müəyyən dəmir konstruksiyalar quraşdırılmışdır. Hadisə baş verdiyi sol tərəfdəki sərnişin liftinin şaxtasının divarları dəmir betondandır, giriş tərəfdə qapı boşluğu vardır. Şaxta aşağıdan yuxarıya kimi, binanın sonuncu mərtəbəsinə kimi çəkilmişdir. Şaxtanın yuxarı hissəsində liftin maşın bölməsi vardır. Şaxtanın eni, uzunluğu 1.8 metrdir. Qapı boşluğunun eni 1 metr, hündürlüyü 2.2 metrdir. 1-ci mərtəbədən şaxtanın çalovuna baxdıqda çalovun dərinliyi 1.7 metrdir. Şaxtanın yan divarlarına aşağıdan yuxarıya qədər T-75 markalı, lift kabinasının hərəkəti üçün nəzərdə tutulmuş dəmir konstruksiyalar(relslər) quraşdırılmışdır. Qapı boşluğu ilə üzbəüz olan divarda isə aşağıdan yuxarıya qədər əks yükün hərəkəti üçün nəzərdə tutulmuş TK-5A markalı dəmir konstruksiyalar quraşdırılmışdır. Sağ divarda şaxtanın içərisinin işıqlandırılması üçün elektrik naqili çəkilmiş, naqilə müxtəlif yerlərdən elektrik lampalar bağlanmışdır. Yaxın sol küncdə, yan divara bərkidilmiş, çalova düşmək üçün nəzərdə tutulmuş nərdivan vardır. Qapı boşluğunun aşağısında astanalar şaxtanın içəri tərəfində uzunluğu 162 sm, eni 6 sm olan dəmir konstruksiya metal kranşteynlərin vasitəsi ilə divara bərkidilmişdir. Daha sonra mərhumun yıxılmış olduğu 7-ci mərtəbəyə qalxdıqda pilləkən qəfəslə üzbəüz sol tərəfdəki sərnişin şaxtasının içərisində lift kabinasının döşəməsinin dayandığı müşahidə edildi. Kabinanın döşəməsinin eni və uzunluğu 1.3 metrdir. Sol divardan döşəmənin kənarına qədər məsafə 24 sm, sağ tərəfdən 26 sm, qabaq ön qapı tərəf divardan döşəmənin kənarına qədər məsafə 15 sm, arxa divardan döşəmə kənarına qədər məsafə 40 sm-dir. Kabinanın döşəməsi yan tərəflərdə olan xüsusi metal konstruksiyalar vasitəsi ilə döşəmənin üzərindəki kabinanın saxlanması üçün nəzərdə tutulmuş metal tirə bağlıdır. Həmin tirin yuxarı hissəsində olan metal şkifinə binanın yuxarı hissəsindəki olan maşın bölməsindən aşağıya çəkilmiş 4 ədəd, diametri 10 mm olan polad burazlar keçirilmişdir. Burazlar bütövdür, üzərində qırılma, kəsmə əlamətləri yoxdur. Burazlar şkifin pazlarına tam oturmuş vəziyyətdədirlər. Lift kabinasının döşəməsi üzərində müxtəlif-liftin quraşdırılması üçün nəzərdə tutulmuş detallar, həmçinin astana adlanan dəmir konstruksiyalar və kronşteynlər vardır. Lift kabinasının döşəməsinin kənarları açıqdır, heç bir çəpərlə və yaxud hər hansı bir mühafizə kəndiri ilə bağlı deyildir. Lift şaxtasının içərisində kabinanın idarə edilməsi üçün nəzərdə tutulmuş, maşın bölməsindən çəkilmiş reviziya kabeli vardır. Liftin şaxtasının içərisində və maşın bölməsində liftin təhlükəsizlik cihazlarının (sonluq açarlarının, sürət məhdudlaşdırıcının, tutacaqların və.s.) quraşdırıldığı müəyyən edilməmişdir. Cinayət işinin 94-cü vərəqəsində olan istehsalatda baş vermiş hadisə yerinə baxış haqqında aktdan görünür ki, “X15” MMC-nin direktoru, baş mühasibi və hüquqşünası tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə yerinə baxış keçirilmiş və nəticədə Komissiya tərəfindən müəyyən edilmişdir ki, “X15” MMC-də elektromexanik vəzifəsində işləyən X10 xx.xx.2020-ci il tarixdə, saat 15:00-16:00 radələrində “xxxx” MTK ilə “X15” MMC arasında xx xxxxxx 2020-ci il tarixli, XM-77/20 saylı müqavilə əsasında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi 24 ünvanında 16 mərtəbəli binada yükqaldırma qabiliyyəti 630 kq, 1.5 m/s, “X14 (Suzhou) Co. Ltd” adlı Çin müəssisəsinin istehsalı olan AP (630/1.5-JXW) tipli sərnişin liftinin quraşdırılması işləri görülən zaman bədbəxt hadisə nəticəsində ölmüşdür. Sözügedən işlər görülərkən X1 döşəməsi ərazisində astanaları mərtəbələrə daşıyan zaman kabinə döşəməsindən kənara çıxmamalı idi. Ehtimal olunur ki, o, bu işləri görən zaman ehtiyatsızlıq edərək kabinə döşəməsi ilə şaxtanın arxa divarı arasındakı 40 sm boşluqdan yıxılmışdır. Nəticədə bədbəxt hadisə baş vermişdir. Hadisə zamanı X4 yanında heç kim olmamışdır. “X15” MMC-nin briqadir-elektromexaniki Təqsirləndirilən şəxs yanaşı şaxtada yükqaldırma qabiliyyəti 1000 kq, sürəti 1.5 m/s olan AP (1000/1.5- JXW) tiplu yük liftinin quraşdırılması işlərini aparırdı. O, X10 yıxılarkən səs eşitmiş və bədbəxt hadisədən sonra onu görən ilk şəxs olmuşdur. Cinayət işinin 132-ci vərəqəsində olan “X15” MMC-nin direktoru tərəfindən verilmiş 54/1-20 saylı, xx xxxx 2020-ci il tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixindən “X15” MMC-yə elektromexanik vəzifəsinə işə qəbul edilmişdir. Cinayət işinin 133-cü vərəqəsində olan “X15” MMC-nin direktoru tərəfindən verilmiş 54-20 saylı, xx xxxxx 2020-ci il tarixli əmrdən görünür ki, X11 xx.xx.2020-ci il tarixindən “X15” MMC-yə elektromexanik vəzifəsinə işə qəbul edilmişdir. Cinayət işinin 134-cü vərəqəsində olan “X15” MMC-nin direktoru tərəfindən verilmiş 55/1-20 saylı, xx xxxxx 2020-ci il tarixli əmrdən görünür ki, X10 işləyən briqadaya X2 və X5 üzrə təlimatlandırmaq, eləcə də bu təlimatların yerinə yetirilməsinə, mühafizə vasitələrindən istifadəsinə, həmin işçilərin işə davamiyyətinə işlərin keyfiyyətlə görülməsi ardıcıllığına nəzarət briqadir-elektromexanik Təqsirləndirilən şəxs həvalə edilmiş, Təqsirləndirilən şəxs əmrə əlavə edilmiş vəzifə təlimatı ilə tanış edilməsiməsi əmr edilmişdir. Təqsirləndirilən şəxs əmrlə tanış olmasını imzası ilə təsdiq etmişdir. Cinayət işinin 171-ci vərəqəsində olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “X15” MMC-yə müddətli əmək müqaviləsi ilə elektromexanik vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin 175-ci vərəqəsində olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə “X15” MMC-yə müddətli əmək müqaviləsi ilə elektromexanik vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin 187-ci vərəqəsində olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, hüquqi ünvanı ünvan 2 olan “X15” müəssisəsi Vergilər Nazirliyi yanında Milli Gəlilər Departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır, təsisçiləri Şahid1 və X12r; Cinayət işinin 190-194-cü vərəqələrində olan XM-77/20 saylı, xx xxxxxx 2020-ci il tarixli müqavilədən görünür ki, “icraçı” “X15” MMC-nin direktoru Şahid1 Məhəmmədli oğlu ilə “sifarişçi” “xxxx” MTK arasında MTK-ya məxsus yeni inşa olunan çoxmərtəbəli yaşayış binalarında 08 ədəd sərnişin liftinin tam quraşdırılması, tənzimlənməsi, işə buraxılması, təhvil verilməsi ilə bağlı müqavilə bağlanmış və müqavilənin müddətinin tərəflərin razılığı ilə xx xxxxxx 2020-ci il tarixə kimi uzadılması nəzərdə tutulmiuşdur. Cinayət işinin 219-223-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X20 tərəfindən xx.xx.2020-ci il tarixli, 49 nömrəli rəyində göstərilmişdir ki, 1972-ci il təvəllüdlü mərhum X4 meyitinin məhkəmə-tibbi ekspertizasında baş beyin toxumasının əzilməsi ilə müşayiət olunan sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən çoxsaylı qəlpəli sınıqları, sol tərəfli İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların, sağ said sümüklərinin qapalı, yerinidəyişən sınıqları, sağ çiyin nahiyəsinin, döş qəfəsinin, sol kürəkaltı nahiyənin, qarının sıyrıqları aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşya(əşyalar) təsirindən yaranmışlar, həyatidirlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə hündürlükdən yıxılma zamanı törənə bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər və A.Ə.Sultanovun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum A.Ə.Sultanоvun ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxumasının əzilməsi, sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən çoxsaylı qəlpəli sınıqları olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, A.Ə.Sultanovun ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl baş vermişdir. Mərhum A.Ə.Sultanovun meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir(xx.xx.2020ci il tarixli AKT № 1547/K). Cinayət işinin 225-230-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/1423 nömrəli rəyində görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosesi 24 ünvanında yerləşən “xxxx” MTK tərəfindən inşa olunan çoxmərtəbəli binada lift quraşdırma işləri aparılarkən, lift şaxtasında təhlükəsizlik cihazlarla təmin olunmamış, kənarları çəpərlənməmiş lift kabinasının döşəməsindən istifadə edildiyinə, yüksəklikdən yıxılmasının qarşısının alınması üçün işçilərin (konkret olaraq zərərçəkmiş X4) təhlükəsizlik kəmərindən və dəbilqədən istifadə edilməsinə nəzarətin aparılmadığına görə baş vermiş hadisə ilə əlaqədar “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.29, 2.26, 4.1, 12.23 bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 3.1, 4.13, 6.34 bəndlərinin, “Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydaları”nın 5.1.27, 7.5.1 bəndlərinin, “Liftlərin quraşdırılması və sazlanması zamanı təhlükəsizlik texnikası üzrə 02 saylı təlimatı”nın 3, 8 bəndlərinin, “Briqadir-elektromexanikin vəzifə təlimatı”nın və “Elektromexanikin vəzifə təlimatı”nın tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbidir. Ekspertizaya təqdim olunmuş materiallarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosesi 24 ünvanında yerləşən “xxxx” MTK tərəfindən inşa olunan çoxmərtəbəli binada lift quraşdırma işləri aparılarkən lift şaxtasında təhlükəsizlik cihazlarla təmin olunmamış, kənarları çəpərlənməmiş lift kabinasının döşəməsindən istifadə edildiyinə, yüksəklikdən yıxılmasının qarşısının alınması üçün işçilərin(konkret olaraq zərərçəkmiş X4) təhlükəsizlik kəmərindən və dəbilqədən istifadə edilməsinə nəzarətin aparılmadığına görə “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.29, 2.26, 4.1, 12.23 bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 3.1, 6.34 bəndlərinin, “Liftlərin quraşdırılması və təhlükəsiz istismarı qaydaları”nın 5.1.27, 7.5.1 bəndlərinin, “Liftlərin quraşdırılması və sazlanması zamanı təhlükəsizlik texnikası üzrə 02 saylı təlimatı”nın 3, 8 bəndlərinin və “Briqadir-elektromexanikin vəzifə təlimatı”nın tələbləri “X15” MMC-nin briqadir-elektromexaniki Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Bununla yanaşı, ekspertizaya təqdim olunmuş materiallarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosesi 24 ünvanında yerləşən “xxxx” MTK tərəfindən inşa olunan çoxmərtəbəli binada lift quraşdırma işləri aparılarkən yüksəklikdən yıxılmasının qarşısının alınması üçün fərdi mühafizə vasitələrdən (təhlükəsizlik(qoruyucu) kəmərdən və dəbilqədən) istifadə etmədiyinə görə “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 2.26 bəndinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 4.13 bəndinin və “Elektromexanikin vəzifə təlimatı”nın tələbləri zərərçəkmiş, “X15” MMCnin elektromexaniki X10 tərəfindən pozulmuşdur. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Cinayət işinin 236-250-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqqında qərardan görünür ki, Qarayev X9 işi üzrə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, iş üzrə Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsində göstərilən cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş və material ayrılaraq rayon prokurorluğunun arxivinə təqdim edilmiş, aparılmış istintaq nəticəsində hər hansı digər şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən həmin hissədə cinayət təqibi rədd edilmiş, iş üzrə toplanmış hadisə yerinə və meyitə baxış protokolu, şahid ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020ci il tarixli, 49 nömrəli rəyi, məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx xxxx 2020ci il tarixli, 10/1423 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin 254-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 262-ci vərəqəsində olan Abşeron RİHB-nin Novxanı kəndi Ərazi Dairəsi üzrə Nmüayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 285-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə daxil olmuş və iş materiallarına əlavə edilmiş “X15” MMC-nin direktoru tərəfindən verilmiş 54/5-20 saylı, xx xxxxx 2020-ci il tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixindən etibarən “X15” MMC-yə briqadirelektromexanik vəzifəsinə təyin olunmuşdur. Məhkəmə daxil olmuş və iş materiallarına əlavə edilmiş “X15” MMC-nin direktoru tərəfindən verilmiş 55/3-20 saylı, xx xxxxx 2020-ci il tarixli əmrdən görünür ki, “xxxx” MTK ilə bağlanmış xx.xx.2020-ci il tarixli, XM-77/20 nömrəli müqaviləyə əsasən “xxxx” MTK-nın tikinti ərazisində olan blok 1 və 3 üçün liftlərin mexaniki hissələrinin quraşdırılması üçün Təqsirləndirilən şəxs briqadir – elektromexanik, X11 elektromexanik (köməkçi) təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbini yoxdur, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət 162.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, hadisənin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan az ağır cinayəti törətməsini, evli olmaqla, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tam şəkildə ödəməklə sonuncunun ona qarşı şikayətinin və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışmış və ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Qarayev X9 Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X13 xx xxxx 2020-ci il tarixli № 1194 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 45 (qırx beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 45 (qırx beş) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192, 193, 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə tikinti və quraşdırma sahələrində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab Z34CTRE********************). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 45 (qırx beş) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar