Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-214/2023 19.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,295 qram çəkidə narkotik vasitə olan heroini əldə etmiş, daşıyaraq üzərində saxlamış, 01 mart 2023-cü il tarixdə saat 11:00 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, saat 11:20-də Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarın arxa sol cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1(bir) ədəd siqaretin qara rəngli kağızında olan büküm içərisində, təmiz çəkisi 0,295 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır. xx.xx.2023-ci il tarixdə narkotik vasitənin “heroin” növündən almaq məqsədi ilə, Kubinka adlanan əraziyə getmişdir. Orada tanımadığı şəxsdən qara rəngli siqaret kağızına bükülmüş 1(bir) ədəd bükümdə olan heroini 10 (on) manata almışdır. Bükümü də özü üçün istifadə etmək məqsədilə əynində olan açıq göy rəngli cins şalvarın arxa sol cibinə yerləşdirmişdir. Həmin tarixdə Qaradağ rayon, Lökbatan qəsəbəsi, massiv 1-də hərəkətdə olan zaman iki nəfər şəxs ona tərəf yaxınlaşmış, özlərini polis əməkdaşları xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu 10-cu polis bölməsinə dəvət etmişlər. xx.xx.2023-ci il tarixdə polis bölməsində xidməti otaqların birində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparmaqla üzərində şəxsi axtarış və götermə istintaq hərəkəti aparmışlar. İstintaq hərəkətinə başlamazdan əvvəl üzərində saxladığı qeyri-qanuni əşya və maddəni təqdim etməsi təklif olunmuşdur. O, əynində olan açıq göy rəngli cins şalvarın arxa sol cibindən qara rəngli siqaret kağızına bükülmüş bükümü masanın üzərinə qoymuş və içərisində narkotik vasitə heroin olduğunu, xx.xx.2023-ci il tarixdə Kubinka adlanan ərazidən tanımadığı şəxsdən 10 (on) manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa üzərindən hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə olan heroindən 3 ildir istifadə edir. Ona narkotik vasitəni satmış şəxsi tanımamış, adını və digər məlumatlarını bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə gətirilərkən və üzərinə baxış keçirilərkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülər və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 01 mart 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu polis bölməsində xidmətdə olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs cinayət törədərkən onu ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə qərar qəbul edilmişdir. Həmin gün əməliyyat qrupu ilə birlikdə Lökbatan qəsəbəsində müşahidələr aparmağa başlanmış, müşahidələr zamanı Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısında olduğu müəyyən edilmişdir. 01 mart 2023- cü il tarixdə saat 11:00-da o, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmış, ona özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, 10-cu PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onlarla birlikdə 10-cu PB-yə gəlmişdir. Bundan sonra polis bölməsində Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı Vüqar Eyyubov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. İstintaq hərəkəti zamanı təhqiqatçı Vüqar Eyyubov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya yaxud hər hansı predmet varsa könüllü təqdim etməsini təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın arxa sol cibindən siqaretin qara rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılan zaman bükümün içərisindən tünd qəhvəyi rəngli, iysiz maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab olunan "heroin" olduğunu, xx.xx.2023-ci il tarixdə tanımadığı şəxsdən 10(on) manat qarşılığında aldığını bildirmişdir. Bundan başqa B.T.Tapdiqovun üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş büküm məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və aidiyyəti üzrə Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. Cinayət işinin 35-ci vərəqəsində olan 01 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 90-cı vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 115-117-ci vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 4(002)-37/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 77-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2023-cü il tarixli, 6/1253 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün N222" dairəvi möhür əksi olan, "vət. Təqsirləndirilən şəxs (imza)" sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,295 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 0,295 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq- 0,245 qram təşkil edir. Cinayət işinin 76-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən edilmişdir. Cinayət işinin 139-140-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 08 aprel 2023-cü il tarixli, 2020 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 125-132-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 mart 2023-cü il tarixdə verilmiş tələbnamədən və Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin "05" noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinin 36-cı bəndinin tələblərinə uyğun olaraq, cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra tətbiq olunması xx.xx.2021-ci il tarixdə müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin 25 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli Qaradağ rayon məhkəməsinin hökmü ilə AR CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən 01 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə "8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin "05" noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq edilmiş, 36-cı bəndinin tələblərinə uyğun olaraq həyata keçirilməsi xx.xx.2021-ci il tarixdə müəyyən edildiyindən, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı ilə ləğv edildikdən sonra (Qərar qanuni qüvvəsini xx.xx.2022-ci il tarixdə almışdır) xx.xx.2022-ci il tarixdə cəza çəkməkdən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2022-ci il tarixli, 7(002)-1138/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Cinayət işinin 148-ci vərəqəsində olan maddi sübut qismində tanıma haqqında 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,295 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,245 qram hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 162-167-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 06 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmışdır. Cinayət işinin 153-cü vərəqəsində olan 150 saylı MKİS-in rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə üzərində ola biləcək qanunsuz əşyaların təqdim edilməsi təklif olunmuş, o, əynində olan tünd göy rəngli cins şalvarın sol arxa yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoymuş, həmin bükümün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, xx.xx.2023-cü il tarixdə "Kubinka" adlanan ərazidən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün səmimi etirafı və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməli səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, əvvəllər də onun analoji cinayət əməli səbəbindən məhkum olunmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, barəsində tətbiq olunmuş "8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin "05" noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edildiyindən və həmin qərarın 7-ci bəndinə əsasən (Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün) üzərindən məhkumluğu götürüldüyündən və cinayətlərin residivi halı aradan qalxdığından o, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq hazırki cinayət işi üzrə 01 mart 2023-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 08 aprel 2023-cü il tarixli, 2020 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut olan və Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,245 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci–80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi yardıma görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan psixotrop maddənin qalığı 0,245 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi yardıma görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-214/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-214/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver