Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-216/2023 21.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1983-cü il tarixdə Yardımlı rayonu, Allar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olan), Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, Korgöz əhəng-daş yatağında yerləşən daş karxanasında fərdi sahibkar işləyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Allar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, Korgöz əhəngdaş yatağında faktiki olaraq fərdi sahibkarlıqla məşğul olaraq daş karxanası işlətdiyi halda daş karxanasında istifadə edilən avadanlıqların saz vəziyyətdə saxlanılmasına və işlərin təhlükəsiz aparılmasına cavabdeh olan şəxs olaraq “Faydalı qazıntılı yataqların açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 181 və 243 bəndlərinin tələblərinə görə, daş kəsən maşında hər hansı bir nasazlığın aradan qaldırılması və təmir işlərinin aparılması mühərriki söndürülərək dayandırılmış maşında aparılmalı olduğu, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”na uyğun olaraq faktiki olaraq daş karxanasında rəhbər olaraq vəzifə borcunu yerinə yetirib iş yerində sağlam və təhlükəsiz şərait yaratmalı, maşın və avadanlıqların texniki saz vəziyyətini təmin etməli, qaydalarda işin təhlükəsizliyini təmin edən lazımi tələblər olmadıqda, müəssisənin rəhbərliyi olaraq təhlükəsiz iş şəraitinin yaradılması üçün tədbir görməli olduğu, eləcə də “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın tələblərinə görə istehlakçıların və elektrik şəbəkələrinin elektrik qurğularını istismar edərkən təhlükəsizlik texnikası qaydalarına əsasən gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin təhlükəsizliyini təmin edən texniki tədbirlərə görə elektrik qurğularında gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin icrasının təhlükəsizliyini təmin etmək üçün zəruri açılmalar aparmalı, kommutasiya aparatlarının səhv və ya özbaşına qoşulması nəticəsində iş yerinə gərginlik verilməsinin qarşısını alan tədbirlər görməli olduğu halda göstərilmiş qaydada texniki tədbirləri yerinə yetirmədən işlətdiyi daş karxanasında istifadə etdiyi daş kəsən mişar – kombaynı daş karxanasında kombaynçı işləyən işçisi, faktiki olaraq əmək münasibətlərində olduğu qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində sazlayarkən sonuncu kombaynın kəsici daş mişarını açmaq istəmiş, lakin onun sıxıcı bolt hissəsi açılmadığından Zərərçəkmiş şəxs onu laqonda ilə kəsərək açmaq qərarına gəlmiş, odur ki, onlar kombayna gələn elektrik naqilinin çəkici qolunu ümumi elektrik cərəyanından, eləcə kombaynın üzərindəki elektrik qutusundakı çəkici qolu cərəyandan ayırmadan, yalnız dövriyyə qapayıcıları söndürməklə laqondanı elektrik qutusundakı elektrik cərəyanına qoşmuş, laqonda ilə iş görərkən yaranmış elektrik axımının təsirindən dövriyyə qapayıcıları qoşulduğundan kombaynın mühərrikinin işə düşməsi, Zərərçəkmiş şəxs sağ çiyni üzərinə söykəyərək iş gördüyü daş kəsən mişarın fırlanması nəticəsində mişarın sonuncunun bədən nahiyəsini kəsib ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik döş qəfəsinin sağ yarısının sağ qoltuqaltı və sağ bazunun yuxarı 1/3-nin kəsilmiş-didilmiş yarası, sağ bazu venasının və arteriyasının zədələnməsi xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs xəsarətlərlə əlaqədar M.A.Topçubaşov adına Elmi-Cərrrahiyə Mərkəzinə çatdırılaraq ona orada ixtisaslaşdırılmış tibbi yardım edilsə də aldığı xəsarətlərdən kəskin xarici qanitirmə və poliorqan çatışmamazlığı (azqanlılıq, anemiya, polioqran ürək, böyrəklər, qara ciyər çatışmamazlığı) ilə əlaqədar xx.xx.2023-cü il tarixdə 23:50-də həmin xəstəxanada ölmüş, bununla da Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailədə dörd qardaş, üç bacı olmuşlar. Qardaşları Sevindik, Orduxan, Mürşid Ağabalayevlər və o, bacıları Gülşən, Xoşqədəm və Hökmə Ağabalayevalardır. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır, o, Yardımlı rayonunda doğulmuşdur, orta təhsilli olmuşdur. Müddətli hərbi xidmətdə olmuş, 1990-cı illərdə Qaradağ rayonu ərazisində daş karxanalarında fəhlə kimi işləmiş, ailəli olmuş, dörd övladı olmuşdur. O ailəsi ilə birlikdə Biləsuvar rayonu, Muğan kəndində yaşamış, son illər yaşadığı rayonda təsərrüfat və maldarlıqla məşğul olmuşdur. O, 2001- 2003-cü illərdə müddətli hərbi xidmətdə olmuş, təxris edildikdən sonra yaşadığı Yardımlı, Allar kəndində maldarlıqla məşğul olmuş, 2005-ci ildə ailə qurmuş, 2008-ci ildə işləmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə köçmüş, ilk illərdə kirayə yaşamış, 2010-cü ildə özünə torpaq sahəsi alaraq orada fərdi ev tikmiş, hazırda da həmin evdə ailəsilə birlikdə yaşayır, üç övladı var, onlar hazırda onun himayəsində yaşayır, böyük övladının 16, kiçik övladının 10 yaşı var. 2008-ci ildə Bakı şəhərinə gələndə Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən daş karxanalarında fəhlə kimi işləməyə başlamış, bir müddət sonra daş kəsən mişarda usta – kombanyor işləməyə başlamışdır. Bir neçə il sonra isə tanışları vasitəsi ilə Korgöz qəsəbəsində kiçik bir sahə götürərək orada özü sahibkar kimi işləməyə başlamışdır. 2020-ci ildən sonra, ölkə ərazisində yaranmış iqtisadi çətinliklərə görə işlərimə fasilələr vermiş, həmin vaxtdan bu günə kimi fasilələrlə işləmişdir, son bir ildir, demək olar ki, işləmirmiş. Sahibkarlıq fəaliyyətilə əlaqədar Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi uçotunda qeydiyyata alınmış, VÖEN almış və həmin VÖEN əsasında işləyir. İşlədiyi ərazi ilə əlaqədar başqa hər hansı sənədi yoxdur. 2023-cü ilin fevral ayında o, işlədiyi daş karxanasını yenidən işə salmaq qərarına gəlmiş, bunun üçün artıq işlər görməyə başlamış, belə ki, işçilər tapır, onlarla danışır, texnikalarını sazlayırmış. Bu barədə qardaşı Zərərçəkmiş şəxs demişdir. O isə cavabında kömək etmək üçün Bakı şəhərinə gələcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhərinə gəlmiş, o, onunla birlikdə həmin günü saat 15 radələrində birlikdə ona məxsus daş karxanasına gəlmiş, yoxlamaq üçün daş kəsən mişarı – kombaynı işə salmış, o, normal işləmiş, onlar onu sazlamaq qərarına gəlmişdir. Artıq Novruz bayramına az qalmışdır, o düşünürmüş ki, bayram qurtarana kimi, yəni işçilər və fəhlələr gələnə kimi o texikalarının hər birini sazlasın və işə hazır olsun, bayramdan dərhal sonra işə başlasın. Odur ki, kombayn bir az işlədikdən sonra onu dayandırmış və onun fırlanan-kəsici mişar daşlarını açaraq həmin hissəsini yağlamaq qərarına gəlmişdir. Bunun üçün kombaynın alt hissəsinə girib orada mişar daşlarını bağlayan qaykaları açmaq lazım olmuşdur. Odur ki, Zərərçəkmiş şəxs kombaynın altına girmiş və qaykaları açmağa başlamışdır. Amma ilk qaykanı açanda o, bildirmişdir ki, qayka uzun müddət açılmadığı üçün paslayıbdır, açılmır, onu laqonda ilə kəsərək açmaq lazımdır. Odur ki, o, laqonda gətirərək ona vermişdir. Kombayna elektrik kabeli vasitəsi ilə elektrik cərəyanı gəlir və ərazidə başqa heç yerə elektrik cərəyanı getmir, yaxınlıqda elekrik cərəyanı yoxdur. Odur ki, onlar elektrik cərəyanını kombaynın üzərində quraşdırılmış qutudan söndürmüş, amma kombayna gələn ümumi xətti ana xətdən söndürməmişlər. Çünki onlar laqondanı kombaynın elektrik qutusuna gələn xəttə qoşmuşlar. Zərərçəkmiş şəxs iki, yanbayan olan, yerə perpendikulyar dayanan mişar daşlarına yaxınlaşıb onların ikisinin arasındakı yerdən daxil olunaraq bağlanmış boltu kəsməli olmuşdur. Odur ki, o, laqondanı yerdən götürmüş və özü isə sağ qolunu mişar daşına söykəyib laqondanı işə salmışdır. Həmin vaxt o, kombaynın yanında, ona yaxın yerdə dayanmışdır. Laqonda iş düşəndən bir neçə saniyə sonra birdən kombayn da işə düşmüş və onun qolunu kəsmişdir. Zərərçəkmiş şəxs dərhal geri atılmışdır. O, qaçaraq kombaynı elektrik qutusundan təkrar söndürmüş və geri çevriləndə Zərərçəkmiş şəxs artıq kombaynın altından çıxaraq kənara qaçdığını görmüşdür. O, qaçdığı yol boyunca qan axırmış. Birdən o dayanmış, ona çatanda o, qolunu qaldırmışdır. Onda onun qolunun altından sürətlə qan axmağa başlamışdır. Onlar iş görməyə başlayanda qonşu daş karxanasının işçisi Niyaməddin adlı şəxs onların yanına gəlmişdir. O, Zərərçəkmiş şəxs qan axan kəsilmiş yarasına onun öz mayka və köynəyini basmış, bununla qanın axmasının qarşısını almağa çalışmış, daha sonra örtük tapıb onunla qolunu üstdən bərk sıxmışdır. Həmin vaxt Niyaməddin də artıq onların yanına çatmışdır. Daha sonra o avtomobilini işə salmış, Zərərçəkmiş şəxs avtomobilin arxa oturacağında otuzdurmuş, Niyaməddin onun yanında əyləşmiş və o, avtomobli idarə edərək daş karxanasından çıxmışdır. O, yolun tıxac ola bilcəyini, odur ki, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya daha tez çatacaqlarını düşündüyü üçün avtomobili “Aznest” adlandırılan qəsəbədə yerləşən təcili tibbi yardım stansiyasına sürmüşdür. Ora təxminən 10 dəqiqəyə çatmış. Lakin ora çatanda məlum olmuşdur ki, stansiyada avtomobil yoxdur, həkim briqadası çağırışdadır və qısa zamanda geri gələcək. Onlar təxminən 15 dəqiqə orada gözləməli olmuşlar. 10 dəqiqə sonra sonra təcili tibbi yardım stansiyasının avtomobili gəlmiş və həkimlər Zərərçəkmiş şəxs dərhal avtomobilə mindirib xəstəxanaya aparmışlar. O da Zərərçəkmiş şəxs yanında əyləşmişdir. Yolda olduqları müddətdə Zərərçəkmiş şəxs huşu özündə olmuş, həkimlər onun qoluna sistem qoşmuşlar. Tıxacla əlaqədar təxminən 40-45 dəqiqə sonra onlar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna çatmış, orada Zərərçəkmiş şəxs sistem köçürülmüş və təxminən bir saat orada gözləməli olmuşlar. Orada Zərərçəkmiş şəxs yarası açılmış, bundan sonra ondan qan daha sürətlə axmağa başlamışdır. Yara yerinə bint qoyulmuş və qardaşına sistem qoşulmuşdur. Lakin bir saat sonra həmin xəstəxananın həkimləri bildirmişlər ki, Zərərçəkmiş şəxs Akademik M.A.Topçubaşov adına Elmi-Cərrrahiyə Mərkəzinə göndərəcəklər. Bir az sonra onları gətirən təcili tibbi yardım stansiyasının avtomobili ilə onları Akademik M.A.Topçubaşov adına Elmi-Cərrrahiyə Mərkəzinə aparmışlar. Oraya çatan kimi Zərərçəkmiş şəxs qəbul etmişlər və bildirmişlər ki, o, cərrahi əməliyyat olacaq. Sonradan bilmişdir ki, xəstəxanada növbətçi həkim olsa da onu əməliyyat edəcək həkim evdən gələcək. Təxminən daha bir saat sonra bilmişlər ki, əməliyyat başlayıbdır. Həmin xəstəxanada olduğu müddətdə artıq tanışları oraya gəlmişdir. Xəstəxanada ondan oranın işçilərindən kimsə Zərərçəkmiş şəxs harada xəsarət aldığını soruşmuşdur. O, bildirmişdir ki, onun qolunu mişar kəsibdir, amma harada və necə kədiyini deməmişdir, indi də həmin hadisələr zamanı nə dediyini dəqiq xatırlamır. Xəstəxanada olduqları müddətdə Qaradağ Rayon Polis İdarəsinin 10-cu və 38-ci Polis Bölməsindən ona zənglər gəlirmiş, ondan hadisənin yerini soruşurmuşlar, onlara da nə dediyini xatırlamır, amma zəng edən polis əməkdaşlarına izah etmişdir ki, qardaşının qolu kəsilibdir. Daha sonra ona 38-ci Polis Bölməsindən iki ayrı nömrədən zəng gəlmişdir. Bir az sonra xəstəxanaya 38-ci Polis Bölməsinin üç nəfər əməkdaşı gəlmiş, onlar həkimlə danışmışlar, ondan Zərərçəkmiş şəxs danışa bilməməsi barədə arayış alıb getmişlər. xx.xx.2023-cü il, saat 21 radələrindən xx.xx.2023-cü il, saat 23 radələrinə kimi Zərərçəkmiş şəxs davamlı olaraq tibbi yardım göstərilib, amma vəziyyəti ağır olaraq qalmışdır. Həkimlər bildirmişdir ki, ona davamlı qan köçürürlər. xx.xx.2023-cü il, saat 00:00 radələrində isə onu çağırıb demişlər ki, Zərərçəkmiş şəxs ölmüşdür. O, məlumatdan bir az sonra özünü toplamış və adını bilmədiyi, xəstəxananın qadın tibb işçisinə və mühafizəçiyə bildirmişdir ki, qardaşının meyitini sabah xəstəxanadan götürmək istəyir, onu gecə tək harasa apara bilməyəcək. Buna baxmayaraq onlar təkid edərək meyiti götürməyini demişlər. Onların bu hərəkətlərindən sonra o polisə də məlumat vermək qərarına gəlmişdir. Odur ki, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsindən ona zəng vurmuş ***-***-**-** və ***-***-**-** nömrəsinə zəng vurmuşdur. Onlardan ***-***-**-** nömrəsi cavab verməmişdir. Odur ki, o ***-***-**-** nömrəsinə zəng vurmuşdur. Zəngə cavablandıran şəxsə özünü təqdim edib bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs ölmüş, eyni zamandan ondan nə etməli olduğunu soruşmuşdur. O isə cavabında demişdir ki, “Allah rəhmət eləsin, apar meyitini dəfn et”. Bundan sonra o, avtomobil çağırıb qardaşının meyitini oradan birbaşa rayona gətirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində onlar qardaşı Zərərçəkmiş şəxs meyitini yaşadığı məhəllədə yuyub, onu kəfənləyib saat 12 radələrində Biləsuvar rayonu, Muğan kəndində yerləşən ümumi kənd qəbirstanlığında dəfn etmişlər. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında ona Qaradağ Rayon Prokurorluğunun müstəntiqi Fuad Əhmədov zəng vurmuş, hadisə barədə soruşmuş, məlum olmuşdur ki, o, onun nömrəsini xəstəxanadan tapıbdır. Əlavə olaraq göstərmişdir ki, hadisə zamanı onların yanlarında heç kim olmamış, amma ola bilər ki, qonşu daş karxanasının işçisi Niyaməddin yaxınlıqda olubdur, çünki o, hadisədən dərhal sonra onların yanlarına gəlib köməklik etmişdir. Onun hadisəni görüb-görmədiyini bilmir. Kombaynın alt hissəsində mişar daşı kəsmək üçün bir-birinə paralel dayanmış və aralarında təxminən 25-30 sm olan, diametrinə görə də bir-birindən fərqlənən mişar daşları vardır. Böyük olan mişar daşı dörd ədəd iri boltlar vasitəsi ilə bağlanır. Mişar daşları isə özləri yerə nisbətdə perpendikulyar dayanır. Zərərçəkmiş şəxs dayandığı tərəfdən baxdıqda sağdakı böyük diametrli mişar daşının boltunu aça bilmədiyi üçün onu laqonda ilə kəsmək istəyirmiş. O, laqondanı elektrik cərəyanına qoşduqdan sonra sağ çiyni mişar daşına söykənmiş vəziyyətdə önə əyilib laqondanı işə salmış, o, boltu kəsməyə başlayan anda birdən kombayn işə düşmüş və onun sağ tərəfdən qolunu kəsmişdir. Kombaynın elektrik qutusunda quraşdırılmış ayırıcılar vardır. Hesab edir ki, laqondanı qoşanda orada yaranmış elektrik axımı həmin ayırıcıların ətrafında elektrik cərəyanın və ya maqnit zonasının yaranması qoruyucuların qoşulmasına səbəb olubdur. Ona görə də kombayn işə düşübdür. Çünki orada onların ikisindən başqa heç kim olmamış və onun başqa cür qoşulması mümkün olmamışdır. O, kombaynın elektrik qoruyucusunu sonuncu dəfə nə vaxt yoxlatdığını xatırlamır, onların saz olduğunu düşünür. Kombayn tam elektrik cərəyanından ayrılmadan onun altında və ya ümumiyyətlə onda hər hansı təmir işləri aparılması düzgün deyil, bu texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına ziddir, mən bu barədə səhlənkarlıq etmişdir. Hadisənin baş verdiyi kombaynın hər hansı texniki sənədi yoxdur. Ona məxsus daş karxanası ərazisində texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə əlaqədar hər hansı tədbir görülməmişdir. Çünki o, işə yeni başlayırmış, həmin günü birinci iş gün olmuşdur. Daha əvvəlki iş müddətində də orada hər hansı tədbir görməmiş, eyni vəziyyətdə işləmişdir. Daha əvvəl işlədiyi müddətdə ona məxsus daş karxanasında əməyin mühafizəsi və texniki təhlükəsizliyə özü cavabdeh olmuş, ümumiyyətlə işə həmişə özü nəzarət etmişdir. Onun işlədiyi ərazi kiçikdir, daşı tam yararlı deyil, onun qazancı çox az olur, odur ki, özü də karxanada şəxsən işləyir və ondan başqa orada işləyən şəxslər yalnız fəhlə və kombaynçı olubdur. Hadisədən aylar öncə isə o, işini tamamilə dayandırmış və yenidən işə başlamaq üçün hadisə günü ora getmişdir. İşə başlamazdan əvvəl qardaşı Zərərçəkmiş şəxs əməyin mühafizəsi və texniki təhlükəsizliklə əlaqədar hər hansı təlimatlandırılması aparılmamış, bununla bağlı hər hansı sənədləşmə edilməmiş, çünki o belə hadisə olacağını qabaqcadan görməmiş, daha əvvəllər belə təlimatlandırmalar onun tərəfindən aparılmış və o bunu şifahi etmiş, özü də ərazidə daimi olaraq belə hallara nəzarət etmişdir. Qardaşı Zərərçəkmiş şəxs daş karxanasında hər hansı vəzifədə işə başlamamış, o, oraya ona kömək üçün gəlmiş, ona görə də onunla hər hansı əmək müqaviləsi bağlamamışdır. Hadisə zamanı onun əynində adi – gündəlik geyinilən geyim olmuşdur. Təcili tibbi yardım xidmətinə, xəstəxanaya və polis əməkdaşlarına hadisə barədə məlumat verərəkən qardaşı Zərərçəkmiş şəxs evdə laqonda ilə iş görərkən xəsarət aldığını və qolunu laqonda kəsdiyini dediyini xatırlamır. Ola bilər hadisə zamanı qorxduğu və həyəcanlı olduğu üçün belə demişdir. Yəni o, məqsədyönlü halda belə deməmişdir. Qardaşı Zərərçəkmiş şəxs Biləsuvar rayonu, Muğan kəndində, ümumi kənd qəbrstanlığında dəfn edilibdir. O, öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 1993-cü ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, birgə nikaha daxil olmuş, birgə nikahdan 1996-cı il təvəllüdlü qızı Sevanə Ağabalayeva, 1998-ci il təvəllüdlü oğlu Fərahil Ağabalayev, 2001-ci il təvəllüdlü oğlu Fərid Ağabalayev və 2003-cü il təvəllüdlü oğlu Bahandur Ağabalayev doğulubdur. Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs daş karxanasında işləyirmiş. Onun işlədiyi yeri dəqiq bilmir, amma iş yeri Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşirmiş. O, davamlı olaraq işləmirmiş, çox vaxt növbəlilik qaydasında işləyirmiş, yəni bir neçə gün işlədikdən sonra evə qayıdırmış və bir müddət sonra yenidən işə gedirmiş. Onun müdiri Təqsirləndirilən şəxs olmuşdur, iş yoldaşlarından kimisə tanımır. Zərərçəkmiş şəxs sonuncu dəfə evdən xx.xx.2023-cü ildə evdən çıxmış, bildirmişdir ki, Təqsirləndirilən şəxs yanına gedir, onun karxanasında kombaynı idarə etməlidir, işlətməlidir. Çünki kombaynı idarə edəcək başqa işçi yoxdur. Həmin günü saat 06 radələrində o, evdən çıxmışdır. Eyni gün gecə saatlarında Təqsirləndirilən şəxs ona zəng vuraraq Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsini istəmiş və bildirmişdir ki, vəsiqə ona işə görə lazımdır. Növbəti gün o, hadisə barədə eşidib Təqsirləndirilən şəxslə əlaqə saxlamış və Zərərçəkmiş şəxs barəsində soruşmuşdur. O isə bildirmişdir ki, Zərərçəkmiş şəxs qolunu kombaynın mişarı kəsibdir, onu xəstənxaya aparıblar, əməliyyat ediblər, vəziyyəti ağırdır. İki gün sonra, yəni xx.xx.2023-cü il tarixdə, gecə saatlarında ona demişlər ki, Zərərçəkmiş şəxs xəstəxanada ölübdür. Bir neçə gün sonra isə prokurorluq əməkdaşları Biləsuvar rayonuna gəlmiş, məlum olmuşdur ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinəsindən keçirilməyibdir, ona görə də meyit qəbirdən çıxarılacaq. Daha sonrakı hadisələr barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs müddətli həqiqi hərbi xidmətdə olmuş, hər hansı xəstəlikdən əziyyət çəkmirmiş, kəmağıl deyil, psixi pozuntusu olmamışdır, sağlam olmuş, siqaret çəkmiş, narkotik maddələr qəbul etməmişdir, spirtli işçi içməmişdir, namaz qılmışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında hər hansı əmək müqaviləsi bağlanmamış, Təqsirləndirilən şəxs tərəfindən əri Zərərçəkmiş şəxs əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılma keçirilib-keçirilmədiyini bilmir. Amma dəqiq bilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə bağlı heç bir sənədləşmə aparmamış, o, orada sənədsiz işləmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, təqsirləndirilən şəxs onun qaynı olmaqla hal-hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, özü heç bir yerdə işləməməklə qaynı onun və dörd övladının maddi tələbatlarının ödənilməsində ona daim yardım edir. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2000-2001-ci illərdə müddətli hərbi xidmətdə olmuş, təxris olunduqdan sonra ticarətlə məşğul olmuş, daha sonra Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən müxtəlif daş karxanalarında fəhlə, usta, çilingər, kombanyor vəzifələrində işləmişdir. Daha əvvəl Cəlilabad rayonunda yaşamışdır. Təxminən 10 il əvvəl Bakı şəhərinə köçmüş, müxtəlif ünvanlarda kirayədə yaşamış, bir neçə il əvvəl isə hazırda yaşadığı öz evə köçmüşdür. Təxminən bir ildir Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, Korgöz əhəng-daş yatağında yerləşən Vidadi adlı şəxsin daş karxanasında usta-çilingər vəzifəsində işləyir. Vidadi onu işə qəbul edəndə onun əmək müqaviləsi bağlanılıb, ona vəzifə təlimatı izah edilib, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılmış, bilik səviyyəsi yoxlanılmış, xüsusi geyimlə təmin edilmiş və bütün bunlarla bağlı zəruri sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs Korgöz əhəng-daş yatağından tanıyır. O, onun işlədiyi daş karxanasında onlara qonşu olan daş karxanasını işlədir, əslən Yardımlı rayonundadır, işləri zəif olur, yeri kiçikdir, adətən işləri özü görür, işçi qüvvəsi az olur, yalnız bir ədəd kombaynla işləyir. Təqsirləndirilən şəxs uzun müddət idi işlərinə fasilə vermişdir. Çünki onun karxanasından yaxşı daş çıxmırmış, xərci artmışdır. Amma o, mütəmadi olaraq əraziyə gəlir, oranı nəzarətdə saxlayırmış, daima texnikası ərazidə olurmuş. xx.xx.2023-cü il tarixində bir neçə gün əvvəl Təqsirləndirilən şəxs ilə ərazidə görüşmüşlər, o bildirmişdir ki, karxananı yenidən işlədəcək. Zərərçəkmiş şəxs Alağa oğlunu o, Təqsirləndirilən şəxs qardaşı kimi karxana ərazisində tanımış, amma Zərərçəkmiş şəxs karxana ərazisində işləməyib, bildiyim qədəri ilə o, Biləsuvar rayonunda kənd təsərrüfatı və maldarlıqla məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə, nahardan sonra o, Təqsirləndirilən şəxs daş karxanası ərazisində gəzdiyini, qardaşı ilə birlikdə öz ərazilərindəki kombaynı işə saldığını görmüşdür. O, onları ərazidə görüb onlara baş çəkmək üçün oraya gəlmiş, ora çatanda birdən Zərərçəkmiş şəxs qaçaraq kombayn tərəfdən üzü ona tərəf gəlmiş, Təqsirləndirilən şəxs də onun dalınca gəlirmiş. Zərərçəkmiş şəxs ona çatanda sağ qoltuqaltı hissəsini göstərib ona həmin hissəni mişarın cızdığını demiş və qolunu qaldıraraq ondan ora baxmağını istəmişdir. O, ondan nə olduğunu soruşduqda o, danışmışdır ki, kombaynın kəsici–daş kəsən mişarını açmaq istəyib, onu aça bilməyib, laqonda ilə kəsmək istəyib, bu vaxt kombaynın mühərriki işə düşüb və qolunu cızıbdır. O, bunları danışa-danışa qolunu qaldıran anda birdən çox sürətlə yaradan qan axmağa başlamışdır. O, ona xəsarətin dərin olduğunu dedikdə o, yerə yıxılmışdır. O və Təqsirləndirilən şəxs köməkləşib onun qolunun altına mayka və koftasını qoyub qolunu üstdən bərk sıxmış, o, onun qolunu sıxıb saxlamış, Nazir Ağabaleyev isə qaçaraq öz avtomobilini onların yanlarına gətirmişdir. Onlar köməkləşib Zərərçəkmiş şəxs avtomobilin arxa oturacağında otuzdurmuş, o, onun yanında əyləşmiş və Nazir Ağabaleyev avtomobili idarə edərək daş karxanasından çıxmışdır. Təqsirləndirilən şəxs avtomobili “Aznest” adlandırılan qəsəbədə yerləşən təcili tibbi yardım stansiyasına sürmüşdür. Ora təxminən 15-20 dəqiqəyə çatmışlar. Lakin ora çatanda məlum olmuşdur ki, stansiyada avtomobil yoxdur, həkim briqadası çağırışdadır və qısa zamanda geri gələcək. Onlar təxminən 15 dəqiqə orada gözləməli olmuşlar. 15 dəqiqə sonra sonra təcili tibbi yardım stansiyasının avtomobili gəlmiş və həkimlər Zərərçəkmiş şəxs dərhal avtomobilə mindirib xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs təcili tibbi yardım xidmətinin avtomobilində Zərərçəkmiş şəxs yanında əyləşdiyindən o, stansiyanın qarşısında qalmalı olmuşdur. Sonradan o, daş karxanasına qayıtmış və əraziyə gəlmişdir. Baxdıqda görmüşdür ki, Zərərçəkmiş şəxs gödəkçəsi və onun tükləri kombaynın altındakı, yerə perpendikulyar dayanan iki ədəd mişar daşlarından diametri böyük olan mişar daşına dolanıbdır. Sonradan həmin gödəkçənin necə olduğunu bilmir. Həmçinin sonradan eşidib bilmişdir ki, yolda olduqları müddətdə Zərərçəkmiş şəxs huşu özündə olub, həkimlər onun qoluna sistem qoşublar, tıxacla əlaqədar təxminən 40-45 dəqiqə sonra onlar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna çatıblar, orada Zərərçəkmiş şəxs sistem köçürülüb və təxminən bir saat orada gözləməli olublar, orada Zərərçəkmiş şəxs yarası açılıb, bundan sonra ondan qan daha sürətlə axmağa başlayıb, yara yerinə bint qoyulub və Zərərçəkmiş şəxs sistem qoşulub. Lakin bir saat sonra həmin xəstəxananın həkimləri bildiriblər ki, Zərərçəkmiş şəxs Akademik M.A.Topçubaşov adına Elmi-Cərrrahiyə Mərkəzinə göndərəcəklər, bir az sonra onları gətirən təcili tibbi yardım stansiyasının avtomobili ilə onları Akademik M.A.Topçubaşov adına Elmi-Cərrrahiyə Mərkəzinə aparıblar, oraya çatan kimi Zərərçəkmiş şəxs qəbul ediblər və bildiriblər ki, o, cərrahi əməliyyat olacaq. Sonradan bilinib ki, xəstəxanada növbətçi həkim olsa da Zərərçəkmiş şəxs əməliyyat edəcək həkim evdən gəlib, bundan da bir saat sonra əməliyyat başlayıb. Hadisə zamanı ərazidə Nazir və Sevindik Ağabaleyevlərdən başqa yalnız o olmuş, başqa heç kim olmamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs hansı vəziyyətdə xəsarət aldığını görməmişdir. Zərərçəkmiş şəxs özü ona danışmışdır ki, o, kombaynın kəsici – daş kəsən mişarını açmaq istəyib, onun qaykasını aça bilməyib, qaykanı laqonda ilə kəsmək istəyib, bu vaxt kombaynın mühərriki işə düşüb və qolunu kəsib. Hətta o, ilk dəfə ona qolunun cızıldığını demişdir. Amma qolunu qaldıranda məlum olmuşdur ki, onun qoltuqaltı hissəsi kəsilibdir. Onun sözlərindən təxmin edir ki, Zərərçəkmiş şəxs kombaynın alt hissəsində olan kəsici-daş kəsən mişarı açmaq istəyib, onun qaykası açılmadığı üçün onu laqonda ilə kəsmək istəyib, laqondanı kombaynın elektrik xəttinə qoşub və kombayn elektrik cərəyanından ayrılmadığı üçün kombaynın elektrik açarları yaranmış elektrik cərəyanı axınından və ya yaranan maqnit ərazisinin təsirindən birləşib və mühərrik işləməyə başladıb və ona xəsarət yetirib. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində adı gündəlik geyim forması olmuş, yəni onun əynində xüsusi geyim forması olmamışdır. O, daha əvvəllər Zərərçəkmiş şəxs qardaşı Nazir Ağabaleyevə məxsus daş karxanasında işləməsinin şahidi olmamışdır. O, ümumiyyətlə karxanada işləməyib. xx.xx.2023-cü il tarixindən əvvəlki tarixlərdə, sonuncu dəfə Nazir Ağabaleyevə məxsus daş karxanasında nə vaxt iş olduğunu dəqiq xatırlamır. Çünki o, artıq neçə aylar idi ki, işləmirmiş. Hadisə günü isə o, işə başlamaq üçün gəlmiş, yəni ilk iş günü olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X20 Publik Hüquqi şəxsin 17 aprel 2023-cü il tarixli, 07 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: döş qəfəsinin sağ yarısının sağ qoltuqaltı və sağ bazunun yuxarı 1/3-nin kəsilmiş-didilmiş yarası, sağ bazu venasının və arteriyasının zədələnməsi ilə. Kəskin xarici qanitirmə. Daxili orqanlarda azqanlılıq, anemiya, polioqran ürək, böyrəklər, qara ciyər çatışmamazlığı. Göstərilmiş bədən xəsarətləri qərarda qeyd olunan şəraitdə yəni, daş kəsən mişarkombayının kəsici təsirindən əmələ gələrək yetirilmə müddəti 14 mart 2023-cü il tarixə uyğun gəlir və bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəskin xarici qanitirmə və poliorqan çatışmamazlığı olmuşdur. Mərhum Zərərçəkmiş şəxs cərrahiyyə mərkəzində intensiv infuzion tədbirlər həyat keçrildiyindən ölümündən bilavasitə əvvəl spirtli içkilər, narkotik vasitələr və hər hansı güclü təsiredici maddələrin qanın kimya tədqiqatı nəticəsində müəyyən edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X20 Publik Hüquqi şəxsin 03 may 2023-cü il tarixli, 267/KEŞ nömrəli rəyindən görünür ki, Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən Zərərçəkmiş şəxs istehsalatda almış olduğu travma ilə əlaqədar xx.xx.2023-cü il tarixdə, saat 19:03-də BŞT və TTYS 15 saylı bölməsinə müraciət etmişdir. Müayinə zamanı ona "Sağ qoltuqaltı nahiyənin kəsilmiş yarası” diaqnozu təyin edilmiş və təyin edilmiş diaqnoza uyğun olaraq yara nahiyəsinə sıxıcı sarğı qoyulmuş və damar yolu ilə infuziyalar edilmişdir. Xəstə həmin tarixdə Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:47-də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırılmış, ilkin müdaxilədən sonra damar zədələnməsinin bərpası üçün xəstə düzgün olaraq Akademik M.A.Topçubaşov adına Elmi- Cərrahiyə Mərkəzinə göndərilmişdir. Zərərçəkmiş şəxs almış olduğu travmatik xəsarət və vəziyyətinin ağırlığı ilə əlaqədar ona Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda ilkin mərhələdə göstərilmiş tibbi yardım təyin edilmiş diaqnoza uyğun olmuşdur. Zərərçəkmiş şəxs meyiti xx.xx.2023cü il tarixdə ekshumasiya olunmuş və onun ölümünə səbəb kəskin xarici qanitirmə və poliorqan çatışmamazlığı olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. Zərərçəkmiş şəxs Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə xx.xx.2023-cü il tarixdə, saat 21:00-da "Sağ qoltuqaltı nahiyənin kəsilmiş yarası, qoltuqaltı arteriya və venaların zədələnməsi" diaqnozu ilə damar cərrahiyyə şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra diaqnoz öz təsdiqini tapmış və üzərində "Yaranın cərrahi işlənməsi, qoltuqaltı-bazu arteriyasının autovenoz plastikası. Sağ qoltuqaltı venanın bağlanması" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Əməliyyatdan sonrakı dövrdə xəstədə itirilmiş qanın kompensasiyası üçün müvafiq infuziyalar (Eritositar kütlə, dondurulmuş plazma və s.) aparılmışdır. Lakin buna baxmayaraq orqanizmin kompensator funksiyalarının pozulması nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 23:10-da xəstədə bioloji ölüm faktı qeydə alınmışdır. Zərərçəkmiş şəxs meyiti xx.xx.2023-cü il tarixdə ekshumasiya olunmuş və onun ölümünə səbəb kəskin xarici qanitirmə və poliorqan çatışmamazlığı olduğu müəyyən edilmişdir ki, bununlada aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. Zərərçəkmiş şəxs hər iki tibb müəsisəslərində təyin edilmiş diaqnozlar aparılmış müvafiq müayinələr əsasında düzgün olmuşdur. Zərərçəkmiş şəxs ölümünün Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində xx.xx.2023-cü il tarixdə, saat 23:10-da baş verdiyi qeyd edilmişdir. Zərərçəkmiş şəxs meyiti xx.xx.2023-cü il tarixdə ekshumasiya olunmuş və onun ölümünə səbəb kəskin xarici qanitirmə və poliorqan çatışmamazlığının olduğu müəyyən edilmişdir ki, buda onun almış olduğu travmatik xəsarət ilə əlaqədar olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2023-cü il tarixli, 10/2531 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Faydalı qazıntı yataqlarının açıq üsulla işlənməsində vahid təhlükəsizlik qaydaları»nın 181, 243 bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin (“b” və “e” abzaslarının) və «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası»nın 3.1.1.1 bəndinin (“a” və “b” abzaslarının) tələbləri pozulmuşdur. «Faydalı qazıntı yataqlarının açıq üsulla işlənməsində vahid təhlükəsizlik qaydaları»nın 181, 243 bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin (“b” və “e” abzaslarının) və «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası»nın 3.1.1.1 bəndinin (“a” və “b” abzaslarının) tələbləri Qaradağ rayonu, Korgöz qəsəbəsi əhəng-daş yatağında yerləşən hadisə baş vermiş daş karxanasında istifadə edilən avadanlıqların saz vəziyyətdə saxlanılmasına və işlərin təhlükəsiz aparılmasına cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). İş materiallarında olan “Baxış keçirilməsi haqqında protokol”da göstərildiyi kimi elektrik qurğularında nasazlıq nəticəsində kombaynın elektrik qutusunda quraşdırılmış elektrik qolları elektrik cərəyanından ayrılmadığı, yalnız elektrik açarlarının söndürüldüyü təqdirdə açarların fiziki təsir olmadan yenidən elektrik xəttinə qoşulması texniki cəhətdən mümkündür. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İstintaq zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi Qaradağ rayonu, Korgöz qəsəbəsi əhəng-daş yatağında yerləşən hadisə baş vermiş daş karxanasında istifadə edilən avadanlıqların saz vəziyyətdə saxlanılmasına və işlərin təhlükəsiz aparılmasına cavabdeh olan şəxs Təqsirləndirilən şəxs olmuşdur. Belə ki, faktiki olaraq orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda faktiki olaraq bütün işləri özü təşkil etmiş və özü onlara nəzarət etmişdir. Yəni Məhkəmə Ekspetizası Mərkəzinin yuxarıda göstərilən rəyindəki vəzifəli şəxs Təqsirləndirilən şəxsdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə 6 saylı Ərazi Vergi İdarəsində qeydiyyatdan keçmişdir. “Yardımlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 4-123 nömrəli cavab məktubu əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ruhiəsəb və ya hər hansı digər xəstəliklərlə həmin xəstəxanada dispanser qeydiyyatda yoxdur. Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 4788 nömrəli cavab məktubdan görünür ki, Təqsirləndirilən şəxs və X11 göstərilən xəstəxanada müalicə almamışdır. Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, xx/xx-4684 nömrəli cavab məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mərkəzdə müalicə almamışdır, qeydiyyatda yoxdur. Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş materialdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 22:25-də 15 saylı Təcili və X2 15 saylı Bölməsindən 38-ci Polis Bölməsinə məlumat verilərək xx.xx.1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ qoltuqaltı nahiyənin kəsilmiş yarası xəsarəti ilə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrrahiyə Mərkəzinə yerləşdirilməsi barədə bildirilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə X8 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X9, xx.xx.2009-cu il tarixdə doğulmuş X6 və xx.xx.2013-cü il tarixdə doğulmuş X15 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Yardımlı RİHB-nin Allar İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X1, qızları X7 və X5, oğlu X12 ibarətdir. İş materiallarında olan Yardımlı RİHB-nin Allar İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunmuş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olmasını, zərərçəkmiş tərəflə tam barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olmasını, zərərçəkmiş tərəflə tam barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X22 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X17 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə tikinti və dağ-mədən sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X17 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-216/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-216/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver