Məhkəmə qərarları › İş №1(002)-216/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-216/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-216/2025 19.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri Prospekt Vəkil Bürosunun vəkili Müdafiəçi Mübariz oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(002)-136/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda va yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,645 qram çəkidə narkotik vasitə heroini və xeyli miqdarda 0,324 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 iyun 2025-ci il tarixdə saat 20:28-də ünvan 2 ünvanda yerləşən binanın 1-ci blokunda tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusunun içərisindən 04 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,048 qram, 0,032 qram, 0,525 qram olmaqla ümumi təmiz çəkisi 0,645 qram təşkil edən eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,324 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində də göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. O, neçə müddətdir narkomanlar arasında "Şüşə və Patı" kimi tanınan və əslində adı metamfetamin olan psixotrop maddə olan metamfetamin, bəzən isə narkotik vasitə qəbul etməyə başlamışdır. Metamfetamini çəkmək yolu ilə qəbul edir. Psixotrop maddəni bəzən tanımadığı şəxslərdən almışdır. Bundan başqa 2025-ci ildə "İnstagram" sosial şəbəkəsində tanış olduğu və şəxsiyyəti ona məlum olmayan İran İslam Respublikasının vətəndaşından da metamfetamin alıb istifadə etmişdir. Sonuncu dəfə 02 iyun 2025-ci il tarixdə günorta saatlarında İran İslam Respublikasının vətəndaşı tərəfindən onun istifadəsində olan mobil telefonuna göndərilmiş məkan ünvanı üzrə Sumqayıt şəhəri, Saray qəsəbəsinə getmiş və həmin ünvanda İran İslam Respublikasının vətəndaşı tərəfindən qoyulmuş içərisində 01 ədəd bükümdə metamfetamin olan və 04 ədəd bükümdə heroin olan "Winston" markalı siqaret qutusunu götürüb əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. İranlı kimi tanıdığı şəxsin xatırlamadığı bank hesabına 50 manat pul köçürmüşdür. Həmin günü saat təxminən 20 radələrində dostu Şahid4 ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, 41 nömrəli bina evinin 1-ci girişində görüşüb həmin binanın girişindən çıxan zaman 3 nəfər mülki geyimdə şəxs onlara yaxınlaşmışdır. Həmin şəxslərdən biri ona Qaradağ Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və iki nəfər şəxs isə 38-ci Polis Bölməsinin əməkdaşı kimi özlərini təqdim edib narkotik vasitələri qanunsuz əldə etməkdə və daşımaqda şübhəli olduğunu ona izah edərək ondan şəxsiyyəti barədə məlumat verməyini xahiş etmişlər. Həmin vaxt polis əməkdaşlarından bir nəfəri mobil telefonun videokamerası ilə videoçəkiliş aparmışdır. O, və dostu Şahid4 özlərini təqdim etdikdən sonra polis əməkdaşlarından biri ona hüquq və vəzifələrini, o cümlədən müdafiəçi ilə təmin edilmə kimi hüquqlarının olduğu izah etmişdir. O, həmin vaxt müdafiəçiyə ehtiyacının olmadığını bildirmişdir. Polis əməkdaşları üzərində yoxlama aparılacağını bildirib yoxlamaya başlanmazdan əvvəl ondan üzərində qanunsuz əşya və maddənin olub-olmadığını soruşduqda o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində 1 ədəd bükümdə metamfetamin və 04 ədəd bükümdə heroin olan "Winston" markalı siqaret qutusunu çıxarıb polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı siqaret qutusunda nə olduğunu soruşduqda o, qutuda heroin və metamfetamin olduğunu, heroini və metamfetamini həmin gün İran İslam Respublikasının vətəndaşı tərəfindən Sumqayıt şəhəri, Saray qəsəbəsində qoyulmuş ünvandan 50 manata özü üçün istifadə məqsədi ilə aldığını demişdir. Ondan götürülmüş bükümlər açıldıqda 01 ədəd bükümün içərisində kristal formada ağ rəngli maddənin, digər 04 ədəd bükümdə isə qəhvəyi rəngli maddənin olduğu müəyyən edilmişdir. Bükümlər polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkildikdən sonra siqaret qutusu ilə birlikdə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa baxış zamanı ondan üzərində ***-***-**-** nömrəsi olan "Samsung A54" markalı mobil telefonu və bank kartı götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu avtomobillə Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə gətirmişlər. Bölmədə xidməti otaqlardan birində təhqiqatçı tərəfindən hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilmiş və vəkilin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra ona bildirilmişdir ki, əməliyyat axtarış tədbiri zamanı ondan götürülmüş 05 ədəd bükümə videoçəkilişlə baxış aparılacaqdır. Baxış başlandıqdan sonra bir qədər əvvəl ondan götürülmüş 05 ədəd büküm yenidən açılmış, bükümlərin birində kristal formalı ağ rəngli maddənin və dörd ədəd bükümdə isə qəhvəyi rəngli maddənin olması bir daha təsdiq edilmişdir. O, təhqiqatçıya da psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroinləri haradan əldə etməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, narkotik və psixotrop maddə istifadəçisi olsa da, onların satışı ilə məşğul olmur. Metamfetamini və heroini satmaq niyyətində olmamış, şəxsi istifadəsi üçün almışdır. Metamfetamin və heroin İranlı tərəfindən bükümlərə ayrılmışdır. O, pulu olduğu üçün gündəlik istifadə normasına uyğun olaraq metamfetamini və heroini ayrı-ayrı günlərdə istifadə edə bilməsi üçün bir neçə bükümdə almışdır. Narkoloji dispanserdə qeydiyyatda deyil. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı zorakılıq və qanunsuzluqlar edilməmişdir. İran Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin anket məlumatlarını bilmir və həmin şəxsi görmədiyi üçün tanımır, onunla yalnız "İnstagram" sosial şəbəkəsi vasitəsi ilə əlaqə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ondan götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metmfetamini tanımadığı İran İslam Respublikasının vətəndaşından almışdır. Həmin maddəni istifadə etmək məqsədi ilə 50 manata almışdır. O, tutulan zaman polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, 02 ədəd DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək hazırki ifadəsində göstərmişdir ki, 02 iyun 2025-ci il tarixdə xidmətdə olarkən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması barədə məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması üçün onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması üçün ondan, Qaradağ RPİ-nin 38-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 və Qaradağ RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə getmişlər. Saat 20:28-də Sahil qəsəbəsi, B.Əliyev küçəsi 41 saylı ünvanda yerləşən binanın 1-ci blokunda Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, üzərinə yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanında şəxsiyyəti sonradan məlum olan Şahid4 da olmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, o cümlədən saxlanıldığı andan müdafiəçinin yardımından istifadə etmək hüququnun olmasını izah etmişlər. Bu proses videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs də üzərinə yoxlama aparılmasına etiraz etməmiş və bundan sonra sonuncuya əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusu açılaraq içərisinə baxış aparıldıqda içərisindən 05 ədəd bükümlər aşkar olunmuşdur. Həmin bükümlər tək-tək açılaraq içərlərinə baxıldıqda Təqsirləndirilən şəxs bildirməsinə əsasən, bükümlərin birinin içərisində psixotrop maddə metamfetaminə, digərlərinin içərisində isə narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddələrin «kakos» kimi tanınan narkotik vasitə heroin və “patı” kimi tanınan psixotrop maddə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs həmin vasitə və maddələri şəxsi istifadəsi üçün İran vətəndaşından 50 manata məkan bildirmə vasitəsilə əldə etdiyini, onları satmaq niyyətinin olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılaraq Təqsirləndirilən şəxs onlarla birlikdə Qaradağ RPİ-nin 38-ci polis bölməsinə gəlməsi təklif olunmuş, sonuncu da razılaşaraq onlarla birlikdə 38-ci PB-yə gəlmişdir. Polis bölməsinə gəldikdən sonra əvvəlcə protokol, bundan sonra isə Təqsirləndirilən şəxs barəsində raport tərtib olunmuş və bölmənin təhqiqatçısı tərəfindən sonuncu şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş əşyalara baxış aparılmışdır. Şahid2 məhkəmə baxışında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsi ilə bağlı məlumat olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən videoçəkilişdən istifadə olunmuş, şəxsin üzərindən çıxan narkotik vasitə və psixotrop maddənin hər bir bükümü tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı müqavimət göstərməmiş və həmin şəxsə qarşı hər hansı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermiş, Təqsirləndirilən şəxs saxlanılarkən videoçəkilişdən istifadə olunduğunu və həmin şəxsin könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunu təqdim etdiyini, siqaret qutusunun içərisindən 05 ədəd bükümlərin aşkar olunduğunu, həmin bükümlərin birinin içərisində psixotrop maddə metamfetaminin, digərlərinin içərisində isə narkotik vasitə heroinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin vasitə və maddələri şəxsi istifadəsi üçün İran vətəndaşından 50 manata məkan bildirmə vasitəsilə əldə etdiyini bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Bakı şəhəri Qaradağ RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3 Kazım oğlunun və Şahid4 ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, onlar məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 və Şahid1 ifadələrinə oxşar ifadə verərək bildirmişlər ki, həqiqətən də, Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla saxlanılmış, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metmfetaminin və 04 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni və narkotik vasitəni şəxsi istifadəsi üçün İran vətəndaşından 50 manata məkan bildirmə vasitəsilə əldə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində 04 ədəd bükümdə olan təmiz çəkisi 0,040 qram, 0,048 qram, 0,032 qram və 0,525 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,324 qram psixotrop maddə olan metamfetaminin aşkar edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 01). “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında”, “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdə saat 20:28-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 07-08, 22). “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən CM-nin 234.2-ci maddəsinə tövsif edilmişdir (i.v. 56-57). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 59-60). xx.xx.2025-ci il tarixli vəsatətdən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elnur Həsənov tərəfindən vəsatət verilmişdir (i.v. 82-84). “Təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2025-ci tarixli vəsatət Bakı şəhəri Qaradağ rayon prokuroru tərəfindən rədd edilmişdir (i.v. 85-86). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, həbsdə saxlanıldığı Bakı şəhəri Qaradağ RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir (i.v. 87-88). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir (i.v. 156-164). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 166-167). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6\2066 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..Şübhəli şəxs Təqsirləndirilən şəxs (İmza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,324 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, dörd ədəd bükümlə ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,048 qram, 0,032 qram, 0,525 qram ümumi çəkisi 0,645 qram olan açıq-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 0,645 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 0,545 qramdır; Metamfetaminin təmiz çəkisi – 0,324 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,274 qramdır (i.v. 41-44). Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir (i.v. 40). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının 07 avqust 2025-ci il tarixli, 4791 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 139-140). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,324 qram çəkidə psixotrop maddə metamfetamin, 0,645 qram çəkidə narkotik vasitə heroin, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı, o cümlədən əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı çəkilmiş içərisində videogörüntülər olan 02 (iki) ədəd DVD disk, Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinin antenn dairəsi haqqında məlumatın qeyd edildiyi "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 01 (iki) ədəd CD disk maddi sübut kimi tanınmışdır (i.v. 156-164). “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli, “diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollardan və xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş DVD diskdə olan videogörüntüdən görünür ki, 02 iyun 2025-ci il tarixdə saat 20:28-də Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi 41 saylı binanın 1-ci blokunun qarşısında polis əməkdaşları bloka daxil olmuşlar. Blokda pilləkənlərlə 2 nəfər şəxsi saxlamışlar. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs, digər şəxs isə özünü Şahid4 kimi özlərini təqdim etmişlər. Orada polis əməkdaşları da özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah etmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunu çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin siqaret qutusu polis əməkdaşı tərəfindən açıldıqda içərisindən 05 ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlər bir-bir elektron tərəzi vasitəsilə ölçülmüş, bükümlərin birində Təqsirləndirilən şəxs bildirməsi əsasında psixotrop maddə “patı” deyilən metamfetaminin olması, digər 04 ədəd bükümün hər birində Təqsirləndirilən şəxs bildirməsi əsasında narkotik vasitə «kakos» deyilən heroin olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər polis əməkdaşı tərəfindən zərfdə qablaşdırılmış, zərf polis əməkdaşları və digər iştirakçılar tərəfindən imzalanmışdır. Orada Təqsirləndirilən şəxs təqdim etdiyi bükümləri tanımadığı İran İslam Respublikası vətəndaşından məkan bildirmə vasitəsilə 50 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılarkən sonuncudan 01 ədəd mobil telefon, 01 ədəd açar, 01 ədəd bank kartı və 19 manat pul aşkar olunmuş, mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şahid4 isə üstü yoxlanılarkən üzərində qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır (i.v. 07-08, 09, 104-105). “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli, “diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollardan və xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdə saat 20:28-də ünvan 5 ünvanda yerləşən binanın 1-ci blokunda polis əməkdaşları tərəfindən saxlanılaraq üstü yoxlanıldıqdan sonra Qaradağ RPİ-nin 38-ci polis bölməsinə gətirilməklə üzərindən aşkar olunmuş 01 ədəd qızı rəngli folqaya bükülmüş kristalşəkilli metamfetaminə bənzər psixotrop maddəyə və 04 ədəd ağ rəngli kağıza bükülmüş tünd qəhvəyi rəngli heroinə bənzər maddəyə baxış keçirilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərdə olan şəxsin özünün olduğunu, təqdim etdiyi 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər və 04 ədəd bükümdə heroinə bənzər kütlələrin özünə məxsus olduğunu, sosial şəbəkələrdən adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından özü üçün istifadə etmək məqsədi ilə 50 manata aldığını bildirmişdir (i.v. 31-32, 33, 104-105). “Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və "xxxx" MMC tərəfindən təqdim edilmiş CD diskdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsi sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 19:17-də “Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev 50” antenn dairəsində qeydə alınmışdır (i.v. 154-155). Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(002)-136/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 120-121, 127-134). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, 02 ədəd DVD diskdə olan videogörüntülər, 01 ədəd CD diskdə olan antenn dairəsi barədə məlumat və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarının 27-ci bəndinin mənasına görə Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsi və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını, eləcə də, əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunaraq həmin cəzanı çəkdiyi müddətdə üzərinə qoyulmuş vəzifələri qərəzli olaraq pozmamasını və həmin cəzanı çəkib qurtarmasını, məhkəmədən gizlənməməsini və məhkəmənin çağırışlarına vaxtlı-vaxtında gəlməsini nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın yuxarı həddinə yaxın müddətə məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 iyun 2025-ci il tarixdən 04 iyun 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi, yaxud işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının 07 avqust 2025-ci il tarixli, 4791 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,545 qram çəkidə narkotik vasitə heroin və 0,274 qram çəkidə psixotrop maddə metmfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskdə olan videogörüntülər və 01 ədəd CD diskə olan antenn dairəsinə dair məlumat cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat məbləğində pul vəkil X1, iş materialları ilə tanış olduğu və məhkəmənin hazırlıq iclası zamanı göstərilmiş hüquqi yardımla bağlı 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəkil X2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Nazirlər Kabinetinin “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli Qərarına NK-nin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, NK-nin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdədən 04 iyun 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla), cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi, yaxud işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,545 qram çəkidə narkotik vasitə heroin və 0,274 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat məbləğində pul vəkil X1, iş materialları ilə tanış olduğu və məhkəmənin hazırlıq iclası zamanı göstərilmiş hüquqi yardımla bağlı 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəkil X2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar