Məhkəmə qərarları › İş №1(002)-218/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-218/2020

03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-218/2020 03.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 38 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan “Mehrab” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,282 qram olan psixotrop maddə metamfetamini əldə edərək Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindən keçən 54-cü kilometrliyində üzü Qazax rayonu istiqamətində “Qobustan” körpüsünün yerləşdiyi əraziyədək daşıyaraq üzərində saxlamış, xx xxx 2020-ci il tarixdə saat 17:10 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindən keçən 54-cü kilometrliyində üzü Qazax rayonu istiqamətində “Qobustan” körpüsünə çatmamış yolun sağ tərəfindən 20 metr məsafəsində saxlanılaraq polis bölməsinə aparılmış və həmin tarixdə polis bölmsində saat 17:50-də video çəkilişlə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd siqaretin gümüşü kağızı bükümlərində təmiz çəkiləri 0,652 qram və 0,630 qram olmaqla ümumi təmiz çəkisi 1,282 qram olan ağ rəngli, kristal hissəciklərdən ibarət maddələr, eyni tərkibli psixotrop maddə olan metamfetmin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitə aludəçisi olduğunu, qurudulmuş marixuananı siqaretdə çəkməklə istifadə etdiyini, metamfetamin psixotrop maddəsindən isə cəmi üç dəfə siqaret falqasında tüstülətməklə istifadə etdiyini, qurudulmuş marixuananı yalnız Qobustan qəsəbəsində tanımadığı ayrı-ayrı şəxslərdən, metamfetamin psixotrop maddəsini isə Binəqədi rayonu 9-cu mikrayonda yaşayan dəqiq ünvanını bilmədiyi «Mehrab» adlı şəxsdən alıb qəbul etdiyini bildirərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə səhər saatlarında bədənində ağrılar başladığı üçün narkotik vasitə almaq üçün Qobustan qəsəbəsinə çıxmışdır. Lakin nə qədər axtarsa da narkotik vasitə tapa bilmədiyindən, günorta saatlarında yaşadığı qəsəbədən Binəqədi rayonu 9-cu mikrorayona gəlmiş və xeyli vaxt gəzdikdən sonra təsadüfən «Mehrab» adlı şəxslə rastlaşaraq, ona bədənində ağrıları olduğunu demişdir. «Mehrab» isə ona 50 manat müqabilində bir ədəd kibrit qutusunda yığılmış halda, 02 ədəd kağız bükümlərində narkotik vasitə olan qurudulmuş marixuana, 02 ədəd siqaretin gümüşü kağızı bükümlərində isə psixatrop maddə olan metamfetamin vermişdir. O, içərisində bükümlər olan həmin kibrit qutusunu əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra o, Qaradağ rayonu ərazisində çöllük sahədə axşam vaxtında almış olduğu narkotik vasitələrdən bir qədər istifadə etmiş, qalan narkotik vasitələri isə üzərində saxlamışdır. Onun ağrıları başlayan kimi üzərində saxladığı narkotik vasitələrdən istifadə etmişdir. xx xxx 2020-ci il tarixdə, saat 17:10 radələrində narkotik vasitəni qəbul etmək üçün Qobustan qəsəbəsi Milli Qoruq istiqamətinə gedərkən «Qobustan» körpüsünə 20 metr qalmış «Bakı-Qazax» magistral yolunun üzü Qazax rayonu istiqamətində yolun sağ tərəfində iki nəfər mülki geyimdə olan şəxlər ona yaxınlaşıb, özlərini təqdim edərək 11-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. O, polis əməkdaşlarına özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, onu 11-ci Polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə 11-ci Polis bölməsinə getmişdir. Polis bölməsində təqdim edilmiş müdafiəçi Şükür Şıxıyevin iştirakı ilə polis əməkdaşı tərəfindən onunla sorğu-sual aparılaraq üzərində qanunla qadağan edilmiş əşya və predmetlərin, narkotik vasitələrin və psixotrop maddələrin olub-olmaması barədə sual verilərkən, o, üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları kibrit qutusunun içərisində olan 2 ədəd ağ kağız bükümlərinə və 02 ədəd siqaretin gümüşü kağız bükümlərinə baxış keçirmişlər. Baxış zamanı 02 ədəd ağ kağız bükümün içərisindən yaşıl rəngli, spesfik iyə malik, narkotik vasitə marixuanaya oxşar kütlə, digər 02 ədəd siqaretin gümüşü kağızı bükümlərindən isə ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. O, şifahi sorğu zamanı üzərindən aşkar olunan kütlələrin narkotik vasitə marixuana və şüşə olduğunu, həmin narkotik vasitələri öz ifadəsi üçün xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9cu mikrorayon adlanan ərazidən üzdən tanıdığı «Mehrab» adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş maddələr polis əməkdaşları tərəfindən zərfə qoyularaq üzəri möhürlənmiş, bununla bağlı protokol tərtib edilmişdir. Həmin protokol onunla bərabər digər iştirakçılar tərəfindən də imzalanaraq təsdiq edilmişdir. O, həmin maddələri şəxsi istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitələri alan zaman Mehrab adlı şəxsdən metamfetamin istəmiş, Mehrab ona marixuana təklif etdikdə o, düşünmüşdür ki, həmin narkotik vasitəni də alsın ki, ağrıları olanda narkotik vasitə axtarmasın. Ona görə də, Mehrab adlı şəxdən bir dəfəlik iki ədəd bükümdə olan qurudulmuş marixuana, eləcədə iki ədəd bükümlərdə metamfetamin psixotrop maddəsini almışdır. O, narkotik vasitələri satmaq məqsədi ilə və yaxud da fikri ilə əldə etməmişdir. O, üzərindən aşkar olunan narkotik vasitələri istifadə etmək üçün əldə etmişdir. O, Mehrab adlı şəxsdən narkotik vasitə alan zaman hansı miqdarda narkotik vasitə adlığını dəqiq bilməmişdir. Mehrab adlı şəxs ona narkotik vasitəni satan zaman kibrit qutusunda hansı miqdarda narkotik vasitənin olduğunu bildirməmişdir. O, Mehrabdan narkotik vasitə aldıqdan sonra həmin narkotik vasitədən iki gün istifadə etmişdir. O, narkotik vasitələri Mehrabdan kibrit qutusunda almış və həmin narkotik vasitələri bükümlər halına o, deyil, ona narkotik vasitələr satan Mehrab gətirmişdir. Onunla Mehrab arasında aldığı narkotik vasitələrin bükümlər halına gətirilməsi və satılması barədə qabaqcadan heç bir razılıq olmamışdır. Son olaraq əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, polis bölməsinə Təqsirləndirilən şəxs Qaradağ rayonu, Qobustan qəsəbəsinin ərazisində qanunsuz narkotik vasitə qurudulmuş marixuana qəbul etməsi və əldə edərək üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx xxx 2020-ci il tarixdə saat 17:10 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindən keçən 54-cü kilometrliyində üzü Qazax rayonu istiqamətində “Qobustan” körpüsünə çatmamış yolun sağ tərəfindən 20 metr məsafədə Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxs saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra onlarla birlikdə Qaradağ RPİ-nin 11-ci polis bölməsinə getməsi təklif olunmuşdur. Elşən Hacıyev buna etiraz etmədiyindən Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişdir. Polis bölməsində Elşən Hacıyevə hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra polis bölməsinin xidməti otaqlarının birində vəkilin iştirakı ilə onun üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd kibrit qutusu və həmin qutunun içərisindən spesifik iyə malik olan narkotik vasitəyə bənzər kütlələr, həmçinin maddələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunan 01 ədəd kibrit qutusunun içərisində narkotik vasitə marixuana və psixiatrop maddə olan şüşədir. Həmin narkotik vasitələri xx.xx.2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində “Mehrab” adlı şəxsdən 50 manat müqabilində istifadə etmək məqsədi ilə almışdır. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd kibrit qutusunun içərisində olan 04 ədəd narkotik və psixotrop maddələr oxşar kütlələr ayrı-ayrılıqda 02 ədəd kağız zərfdə Azərbaycan Respublikası DİN-nin “Zərfələr üçün” 223 sayhlı möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, məzuniyyətdə olması ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1 hazırkı məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqəsində olan xx xxx 2020-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin 20-ci vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 17:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 28-29-cu vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, üzərində şəxsi axtarış keçirilərkən o, könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, həmin qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana və psixotorop maddə şüşə olduğunu, narkotik vasitə və psixotrop maddəni xx.xx.2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərasində “Mehrab” kimi tanıdığı şəxsdən 50 manata şəxsi istifadə məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunu açdıqda içərisində 02 ədəd ağ kağız kəsiyinə bükülmüş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixunaya bəndər maddə, 02 ədəd siqaretin gümüşü kağızına bükülmüş ağ rəngli psixotrop maddəyə oxşar kristal kütələlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd narkotik və psixotrop maddələr oxşar kütələlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ayrı-ayrılıqda 02 ədəd kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 223 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Cinayət işinin 39-cu vərəqində olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxx 2020-ci il tarixli 1/2651 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs OPİ (Opioid), TNS (marixuana) aşkar edilmişdir. Cinayət işinin 42-46-cı vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/749 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs aşkar olunmuş 2 ədəd bükümdə psixotrop maddəyə oxşar kütlə...” və s. qeydlər olan zərfdəki 2 ədəd bükümdəki təmiz çəkiləri 0,652 qram və 0,630 qram, ümumi təmiz çəkisi 1,282 qram olan ağ rəngli, kristal hissəciklərdən ibarət maddələr, eyni tərkibli psixotrop maddə - metamfetamindir. Həmin rəyin qeyd hissəsindən görünür ki, metamfetaminin ümumi təmiz çəkisi – 1,282 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq 1,232 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 108,46 manatdır. Cinayət işinin 47-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 7/209 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,512 qram və 0,558 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 1,07 qramdır. Həmin rəyin qeyd hissəsindən görünür ki, marixuananın ümumi təmiz çəkisi – 1,07 qram, tədqiqata sərf edildi - 0,06 qram, qalıq 1,01 təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 manatdır. Cinayət işinin 66-67-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 95-100-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 4(002)-59/2020 nömrəli Qərarından görünür ki, həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 111-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 114-cü vərəqəsində olan Qaradağ rayon MKTB 156 saylı MKİS tərəfindən verilmiş 91 saylı, xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 mənzil 38 ünvanında yaşayır və ailə tərkibi 1969-cu il təvəllüdlü anası X2, 1998-ci il təvəllüdlü bacısı X5, 1987-ci il təvəllüdlü bacısı X7, 1990-cı il təvəllüdlü qardaşı X11 və 1992-ci il təvəllüdlü qardaşı X3 ibarətdir. Cinayət işinin 115-ci vərəqəsində olan Qaradağ rayon MKTB 156 saylı MKİS tərəfindən verilmiş 92 saylı, xx xxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 mənzil 38 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində MKİS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxxx 2020-ci il tarixli 2000 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotorp maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 133-143-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, ona xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməklə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə o, yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmiş və barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmiş, əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddəsinin tərkibi olmadığından həmin xüsusatlara dair barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs X1 aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1,282 qram olan psixotorp maddə metamfetamin və ümumi təmiz çəkisi 1,282 qram olan psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 1,07 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra 1,01 qram çəkidə qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin tədqiqata sərf edildikdən sonra 1,232 qram çəkidə qalıq qalmış psixotrop maddə maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Qaradağ RPİ-nin MSK-na təhvil verilməsi qərara alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə axtarış aparılan zaman keçirilmiş istintaq hərəkətlərinin qeydə alındığı görüntülər əks olunan 01 ədəd “CD” disk iş üçün sübut əhəmiyyəti kəbs etdiyindən sübut növü kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi və şahid ifadələri, Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərar, “axtarış və götürmə aparılması haqqında” protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş qurudulmuş marixuananın miqdarı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə kifayət edən narkotik vasitənin miqdarda olmadığından həmin xüsusat üzrə elan olunacaq ittiham üzrə hissəvi xitam verilməsi qərara alınmışdır. Cinayət işinin 146-cı vərəqində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasının a yarımbəndinə əsasən təmiz halda 5 qram qurudulmuş marixuana-kannabis və «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin və psixotrop maddənin qalığı məhv edilməli, (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 xx xxx 2020-ci il tarixli № 735 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 48 (qırx səkkiz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 48 (qırx səkkiz) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı – 1,01 qram qurudulmuş marixuana və 1,232 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 197,46 (yüz doxsan yeddi manat, qırx altı qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 48 (qırx səkkiz) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar