Məhkəmə qərarları › İş №1(002)-218/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-218/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-218/2023 18.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli kağız bükümdə 1,296 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində daşımış, 01 mart 2023-cü il tarixdə saat 22:15 radələrində Qaradağ RPİ-nin 11ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “Buta” marketin qarşısında saxlanılıb Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilərək xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən həmin çəkidə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirsə də ifadə verməkdən imtina etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Subaydır. Hal-hazırda heç bir yerdə işləmir. Əvvəllər iki dəfə üzərində narkotik vasitə gəzdirdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmuşdur. Sonuncu dəfə 2022-ci il tarixdə sentyabr ayında üzərində narkotik vasitə gəzdirdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 22:10 radələrində Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “Buta” marketin qarşısına gəlmiş, orada yerləşən “Million” aparatından ödəniş edən zaman yerdə “Vinston” siqaret qutusunu görmüş və qutunu ayağı ilə basdalamış, qutunu içərisində nəsə olduğunu hiss etmişdir. Siqaret qutusunu yerdə götürüb içərisinə baxarkən siqaretin gümüşü kağız kəsiyinə bükülmüş 1 ədəd büküm aşkar etmişdir. Bükümü azacıq açmış, bükümdə narkotik maddə kakos olmasını aşkar etmişdir. Həmin narkotik maddəni qəbul etmək üçün əynindəki qara rəngli gödkcənin sağ yan cibinə qoyub pilləkənləri aşağı düşüb oradan uzaqlaşmaq istəyərkən marketin qarşısında iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra, ondan Fərhad olub-olmadığını soruşmuşlar. O isə polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və onu 11-ci PB-yə gətirmişlər. Daha sonra polis bölməsinə müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra 11-ci PB-də üzərinə şəxsi axtarış keçirilərkən, könüllü olaraq, üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olunmuşdur. O, əynindəki, qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümü masanın üzərinə qoyaraq, bükümün içərisindəkinin narkotik maddə olan heroin olduğunu, özünə məxsus olduğunu, bir qədər əvvəl Qobustan qəsəbəsində Buta marketin qarşısında yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli narkotik maddə olan heroinə oxşar kütlə aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Həmin zərfin üzərinə və protokola imzalar edilmişdir. Narkotik maddəni kiməsə satmaq və ya pay vermək niyyəti olmamışdır. Həmçinin üzərində narkotik maddə olması barədə heç kimin məlumatı olmamışdır. O son olaraq törətdiyi əməldən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin CA üzrə baş əməliyyat-müvəkkili, polis baş leytenantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 01 mart 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində Fərhad adlı şəxsin olduğu yer müəyyən edilmiş və həmin gün saat 22 radələrində əməliyyat qrupunun üzvü Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “Buta” marketin qarşısına gəldikdə xarici əlamətləri “Fərhad” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin olduğunu görərək sonuncuya yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “Buta” marketin qarşısında vətəndaş Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin qanunzuz olaraq əldə edilməsi, saxlanılması, istifadəsi və dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişdir. Həmin şəxsi Qaradağ RPİ-nin 11-ci PB-nə gətirərək bu barədə raport yazmışlar. 11-ci PBnə gəldikdə həmin şəxsin Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Daha sonra Qaradağ RPİnin 11-cu PB-nin təhqiqatçısı Murad Əhmədəliyev tərəfindən xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızında olan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan kakos kimi tanıdığı heroin olduğunu bildirmişdir. Həmin büküm açılarkən içəsirində qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 01 mart 2023-cü il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “Buta” marketin qarşısında yerdən taparaq öz istifadəsi üçün cibinə qoyduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən maddi sübut əhəmiyyəti kəsb edə biləcək və ya cinayət xarakterli hər-hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. Şahid Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 Qaradağ RPİ-nin 11-ci polis bölməsinin digər əməkdaşı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2023-cü il tarixli, 6/1265 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №223” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən....” sözü, soyadlar və imzalar qeyd edilmiş 01 ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,296 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 1,296 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq –1,246 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 10 aprel 2023-cü il tarixli, 2030 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 1,296 qram narkotik vasitə olan heroini və 01 ədəd «DVD» disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmalı, 01 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 1,246 qram qalığı bir ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Qaradağ RPİ-nin MSSK-nə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızında olan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan kakos kimi tanıdığı heroin olduğunu, həmin narkotik vasitəni 01 mart 2023-cü il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “Buta” marketin qarşısında yerdən taparaq öz istifadəsi üçün cibinə qoyduğunu bildirir. Üzərindən aşkar olunmuş həmin büküm açılaraq içərisinə baxdıqda içərisində qəhvəyi rəngli maddə olduğu müəyyən edilmişdir. Bundan sonra büküm iştirakçıların yanında zərfə qoyulub möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli hökm çıxdığı gün, yəni həbsə alındığı vaxt olaraq 10 may 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi ilə əlaqədar olaraq 01 mart 2023-cü il tarixdə tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1,246 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırki cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1,246 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar