Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-219/2023 25.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakı ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 şikayətinə məhkəmənin binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nə şikayət ərizəsi ilə müraciət edərək “TikTok” sosial şəbəkəsində “sebiw.111” istifadəçisi tərəfindən özünün toy məclisi günü geyindiyi gəlinlik libasında olan videosunun paylaşılaraq təhqir olunmasının araşdırılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 Bakı şəhəri Qaradağ RPİ-nin 10cu PB-nə verdiyi şikayət ərizəsində və izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ailə qurmuşdur. Ailə quran zaman onun toy yığıncağında müəyyən video və şəkillərdən bəzilərini o, öz şəxsi mobil telefonu ilə çəkmişdir. Həmin video və şəkillərdən bəzilərini o, özünə məxsus şəxsi istifadəsində olan “TikTok” sosial şəbəkəsində Toma.Ebil səhifəsində xx.xx.2023-cü ildə paylaşmışdır. O, videonu paylaşdığından müəyyən vaxt sonra həmin videonu “sebiw.111” profilinin sahibi “TikTok” sosial şəbəkəsində paylaşaraq altında nalayiq ifadələr yazmışdır. Həmin şəxsin tapılaraq məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Qeyd olunan ərizə ilə bağlı Qaradağ RPİ-nin 10-cu PB-si tərəfindən həmin profil istifadəçisi barədə məlumatın təqdim edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsinə sorğu verilmiş və həmin idarənin 20/2- 6011 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə “sebiw.111” adlı “TikTok” hesabı hazırda mövcud olmadığına görə araşdırılma aparılmasının texniki imkanlar xaricində olduğu göstərilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən heç bir müvafiq araşdırma aparılmadan, o cümlədən qeyd olunan hüquq pozuntusunu törətməsi ehtimal edilən şəxsin şəxsiyyəti müəyyən edilmədən 06 may 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin tələblərinə zidd olaraq vətəndaş X1 şikayət ərizəsi əsasında toplanmış materialın araşdırmanın davam etdirilməsindən ötrü Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hazırlıq iclasında şikayətçi X3 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayəti polisə verdiyini, polis əməkdaşı tərəfindən onlara şəxsin müəyyən edilməsinin mümkün olmaması bildirilərək şikayəti geri götürməyi təklif edilmişdir. Lakin təklifi qəbul etməyərək ona qarşı qanunsuz hərəkətlər etmiş şəxsin müəyyən edilməsini tələb etdiyini, işin məhkəməyə göndərilməsindən xəbərdar olmadığını, məhkəmədən müvafiq bildiriş ona gəldikdən sonra bu barədə məlumatının olduğunu, sosial şəbəkədə onun videosunu paylaşan şəxsi tanımadığını və həmin şəxsin tapılaraq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə, X1 şikayət ərizəsini, izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs müəyyən edilmədiyindən şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində göstərilir ki, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinin tələbindən aydın olur ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 293.3.3-cü maddəsinin tələbindən aydın olur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi xüsusi ittiham qaydasında şikayətdə göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293.3.3 və 302-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Qaradağ RPİ-nin 10-cu PB-dən məhkəməyə göndərilmiş X1 şikayəti üzrə xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X2 izah edilsin ki, şikayət etdiyi şəxsin müəyyən edilməsi və barəsində tədbir görülməsi məqsədilə yenidən aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət etmək hüququ vardır. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-219/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-219/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver