Məhkəmə qərarları › İş №1(002)-22/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-22/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-22/2023 20.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Şirvan (Əli-Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 11 iyun 2022-ci il tarixə keçən gecə saat 03:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Meyvəli” ticarət mərkəzindən Zərərçəkmiş şəxs2 məxsus hər kiloqramı 5.80 manat olmaqla, ümumi dəyəri 630 manat dəyərində 108 kiloqram 20 yeşik gilasları gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 iyun 2022-ci il tarixə keçən gecə saat 02:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Meyvəli” ticarət mərkəzindən Zərərçəkmiş şəxs1 məxsus hər kiloqramı 4 manat olmaqla ümumi dəyəri 1400 manat olan 350 kiloqram gilası və hər biri 0,70 qəpik olmaqla ümumi dəyəri 24.50 manat olan 35 ədəd plastmas yeşikləri oğurlamaqla ümumilikdə 1424.50 manat dəyərində 35 ədəd gilas dolu yeşikləri gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27 iyun 2022-ci il tarixə keçən gecə saat 03:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Meyvəli” ticarət mərkəzindən zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus hər kiloqramı 3.75 manat olmaqla ümumi dəyəri 1500 manat olan 400 kiloqram gilası və hər biri 1 manat olmaqla ümumi dəyəri 62 manat olan 62 ədəd plastmas yeşiyi oğurlamaqla ümumilikdə 1562 manat dəyərində 62 ədəd gilas dolu yeşikləri gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, o, təxminən 2 il müddətində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» ticarət mərkəzində alverlə məşğul olmuşdur, 2 aya yaxın olaraq maddi vəziyyəti pisləşdiyindən alqı-satqı işlərini dayandırmışdır. 11 iyun 2022-ci il tarixdə gecə saatlarında o, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» ticarət mərkəzinə gəlmiş və orada gəzişərkən gilasla dolu yeşikləri görmüş və oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt bazarda tanımadığı arabaçını çağırmış və ona malını daşımaq lazım olduğunu bildirmişdir. Arabaçıya 3 manat pul vermiş və 20 yeşik gilasları arabaya yükləmiş və yol kənarına aparmışdır. Oğurladığı 20 yeşik gilasları yol kənarında dayanmış, tanımadığı taksiyə yükləyib 8-ci kilometr adlanan bazara aparmış və orada tanımadığı müxtəlif şəxslərə dəyərindən aşağı qiymətə satmışdır. Ümumilikdə 260 manat pul əldə edib həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Təxminən 10 gün sonra yəni 21 iyun 2022-ci il tarixdə o, təkrarən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» ticarət mərkəzinə gəlmiş və təkrarən oğurluq etmək niyyətinə düşmüşdür. Bazarda gəzişərkən plastmas yeşiklərlə dolu gilasları görmüş və oğurlayıb satmaq qərarını vermişdir. O, yenə arabaçı çağırmış və arabaçıya malları aparmaq lazım olduğunu bildirmişdir. Təxminən 35 yeşik gilası arabaya yükləmiş və yolun kənarına apardıqdan sonra taksi çağıraraq həmin yeşikləri taksiyə yükləmişdir. Oğurladığı gilasları təkrarən 8-ci kilometr adlanan bazara gətirmiş və orada dəyərindən aşağı qiymətə satmış və ümumilikdə 320 manat pul əldə etmişdir. Həmin pulları o, öz ehtiyaclarına xərcləmişdir. 27 iyun 2022-ci il tarixə keçən gecə o, yenidən oğurluq etmək qərarına gəlmiş və Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» ticarət mərkəzinə gəlmişdir. Orada bir qədər gəzişdikdən sonra gilas dolu plastmas yeşikləri görmüş, eyni qayda ilə tanımadığı arabaçını çağırıb ona 6 manat pul vermiş və 62 ədəd gilas yeşiklərini sayıb arabaya yığmış və yol kənarına daşımışdır, orada tanımadığı “Opel” markalı taksi ilə həmin malları yenidən 8-ci kilometr adlanan bazara aparıb yığmışdır. Bir qədər sonra polis əməkdaşları ona yaxınlaşmış və onu Nizami RPİ-nin 24-cü PB-yə aparmışlar, orada ondan bazarda baş verən oğurluq halları barədə məlumat soruşduqda sonuncu dəfə oğurladığı 62 ədəd gilas dolu yeşiklərin bazarda olduğunu bildirmişdir. Daha sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı ibtidai istintaq dövründə ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahid ifadələri, maddi sübut və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonunda gilas alıb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» ticarət mərkəzində satmaqla məşğul olmuşdur. 21 iyun 2022-ci il tarixdə gecə saatlarında o, özünə məxsus “Opel Astra” markalı avtomobillə 35 ədəd gilas dolu yeşiklə Bakı şəhərində yerləşən «Meyvəli» ticarət mərkəzinə gəlmişdir. Gecə saatlarında o, Meyvəli ticarət mərkəzinə çatmış və gilas dolu yeşikləri avtomobilin qarşısına boşaltmışdır. Ümumilikdə 350 kiloqram olan gilasın hər kiloqramı 4 manat təşkil etmişdir. Avtomobildə onu yuxu tutmuş və o, yatmışdır. Səhər saatlarında yuxudan oyanarkən 35 gilas yeşiyinin oğurlandığını görmüşdür. Oğurluq hadisəsini etmiş şəxsi müəyyən etmək məqsədilə ətrafa nəzər salsa da diqqətini çəkən heç kimə rast gəlməmişdir. Buna görə də o, “102” xidməti zəng mərkəzinə hadisə barədə məlumat vermişdir, daha sonra isə polisə gedib ərizə yazmışdır. Gilasları yerləşdirdiyi 35 ədəd plastmas yeşiklərin hər birinə 70 qəpik olmaqla ümumilikdə 24 manat 50 qəpik pul vermişdir. Ona məxsus gilas yeşiklərinin oğurlanması nəticəsinə ona ümumilikdə 1424 manat 50 qəpik maddi ziyan dəymiş, mənəvi ziyanla birlikdə həmin məbləğin 1500 manat təşkil etdiyini bildirmişdir. Bundan əlavə, zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, ona dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. Bildirmişdir ki, 27 iyun 2022-ci il tarixdə onların şirkətinə məxsus 62 ədəd gilas dolu yeşiklərin oğurlanması barədə məlumat aldıqdan dərhal sonra Qaradağ RPİ-nin 10-cu PByə şikayət etmişlər, bundan sonra polis tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində gilas yeşiklərini oğurlayan şəxs Təqsirləndirilən şəxs polis tərəfindən tutulmuşdur. Şirkətə məxsus 62 yeşik gilas tam şəkildə geri qaytarılmışdır. 62 ədəd yeşiyin hər birinin ayrı-ayrılıqda qiyməti boş şəkildə 1 manat olmaqla ümumilikdə 62 manat, gilasın hər bir kiloqramı isə 3.75 manat olmaqla 400 kiloqram ümumi dəyəri 1500 manat təşkil edən gilas oğurlanmışdır. Şirkətə ümumilikdə 1562 manat maddi ziyan dəymişdir, lakin həmin maddi ziyan tam şəkildə ödənilmişdir. Bundan əlavə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, ona dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ərizə təqdim edərək ona dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasının məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında tədqiq edilmiş, ibtidai istintaq dövründə verdiyi ifadəsində görünür ki, o, Quba rayonundan aldığı gilasları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» ticarət mərkəzində satmaqla məşğul olmuşdur. 11 iyun 2022-ci il tarixdə gecə saatlarında o, özünə məxsus “Ford” markalı avtomobillə 20 yeşik ümumilikdə 108 kiloqram gilası «Meyvəli» ticarət mərkəzinə gətirmişdir. Gecə saatlarında o, meyvəli ticarət mərkəzinə çatmış və gilas dolu yeşikləri boşaldıb avtomobilin qarşısına qoymuş və həmin yeşiklərə nəzarət etməsini Hidayət adlı işçisinə tapşırmışdır. Növbəti gün o, «Meyvəli» ticarət mərkəzinə gəlmiş və malların orada olmadığını müəyyən etmişdir. Bu barədə polisə müraciət etmiş və oğurluq nəticəsində ona 630 manat maddi ziyan dəydiyini bildirmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Şahid2 və Şahid1 məhkəmə iclasında iştirak etməmələrini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidlərin ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. Şahid2 ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadəsindən görünür ki, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» bazarında arabaçı işləmişdir. Onun iş saatları saat 17:00-dan səhər saat 08:00-dəkdir. 21 iyun 2022-ci il tarixdə saat 03:00 radələrində bir nəfər sonradan adının Samir olduğunu bildiyi şəxs ona yaxınlaşmış və ona məxsus olan gilas dolu yeşikləri arabaya yükləyib yol kənarına aparılmalı olduğunu bildirmiş və ona 3 manat pul vermişdir. O, həmin malların oğurluq olmasını bilməmişdir. Şahid1 ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadəsindən görünür ki, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” bazarında satıcı işləmişdir. O, Zərərçəkmiş şəxs2 gilaslarını satmaqla məşğul olmuşdur. 11 iyun 2022-ci il tarixdə gecə saatlarında Urxanın gətirdiyi ümumi dəyəri 630 manat təşkil edən 20 ədəd gilas dolu yeşiyin naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etdikdə o, bütün bazarı gəzmiş, lakin malları tapa bilməmişdir. Bu barədə Urxana məlumat vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 28-ci vərəqəsində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 50-ci vərəqəsində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 64-cü vərəqəsində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 65-ci vərəqəsində olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 68-ci vərəqəsində olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 MMC-yə dəymiş 1500 manat ziyan tam şəkildə ödənildiyi üçün heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin 38-ci vərəqəsində olan 27 iyun 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 73-74-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan Qaradağ Rayon Prokurorunun 29 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət rədd olunmuş və o, müvəqqəti saxlanma yerindən azad edilmişdir. Cinayət işinin 86-87-ci vərəqələrində olan qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 88-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2011-ci il təvəllüdlü Bahar adlı azyaşlı övladı vardır. Cinayət işinin 89-cu vərəqəsində olan maddi ziyanın qəbul edilməsi haqqında 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası X1 tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan 2130 manat ödənişi tam şəkildə Qaradağ RPİ-nin İstintaq Şöbəsinə təhvil vermişdir. Cinayət işinin 90-cı vərəqəsində olan 20 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 oğurluq nəticəsində ona vurulmuş 1500 manat nağd pulu tam şəkildə Qaradağ RPİ-nin İŞ-dən təhvil almışdır. Cinayət işinin 91-ci vərəqəsində olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ona qarşı maddi və mənəvi borcu yoxdur. Ona görə heç bir şikayət və tələbinin olmadığını nəzərə alınmasını xahiş etmişdir; Cinayət işinin 92-ci vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 oğurluq nəticəsində ona vurulmuş 630 manat nağd pulu tam şəkildə Qaradağ RPİ-nin İŞ-dən təhvil almışdır. Cinayət işinin 93-cü vərəqəsində olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 94-cü vərəqəsində olan Bayramlı qəsəbə icra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və müsbət xarakterizə olunur. Cinayət işinin 95-ci vərəqəsində olan Bayramlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli, 153 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X2 və azyaşlı övladı X6 onun himayəsində yaşayır. Cinayət işinin 96-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 100-103-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə 62 ədəd gilas dolu yeşik maddi sübut hesab edilmiş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə qaytarılmışdır. Cinayət işində olan Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. MMC-yə dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və iddiası yoxdur. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etməsi cinayəti özünün etirafedici ifadəsi və hərəkəti (2130 manat pulu zərərçəkmiş şəxslərə ödəməsi), zərərçəkmiş şəxslər, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq tamah niyyəti ilə təkrarən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 62 yeşik gilasın zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə qaytarılması nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 ibtidai istintaq dövründə 49 (qırx doqquz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 49 (qırx doqquz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 294 (iki yüz doxsan dörd) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək, yəni 02 (iki) gün tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-62 yeşik gilasın zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 49 (qırx doqquz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 294 (iki yüz doxsan dörd) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar