Məhkəmə qərarları › İş №1(002)-222/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-222/2022

22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-222/2022 22.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1979-cu ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, DİN-in Təchizat İdarəsində qaynaqçı işləyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Biləvər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdə saat 16:15 radələrində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 2-ci küçədə yerləşən «Transformator yanı» adlanan ərazidə 111-№-li avtobus dayanacağının yanında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə acıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı ətrafda olan vətəndaşların yanlarında nalayiq sözlərlə təhqir edib yumruq təpiklə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə yumruq təpiklərlə vuraraq Zərərçəkmiş şəxs başın sol təpə nahiyyəsinin dərialtı hematoması, sol gözaltı nahiyyənin qançırı və səthi əzilmiş yarası, döş qəfəsinin sol yarısının qançırı, boynun arxa səthinin sıyrığı, belin arxa səthinin, sağ qalça sümüyü proyeksiyasının və sağ əlin arxa səthinin 2-3 əl-daraq sümüyü proyeksiyasının qançırları, sağ əlin arxa səthinin 2 əl-daraq sümüyü oynağının proyeksiyasının səthi əzilmiş yarası ilə müşayiət olunan və dərəcələrinə görə başın sol təpə nahiyəsinin dərialtı hemotoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərərvurmaya aid xəsartlər, sol gözaltı nahiyənin qançırı və səthi əzilmiş yarası, döş qəfəsinin sol yarsının qançırı, boynun arxa səthinin sıyrığı, belin arxa səthinin, sağ qalça sümüyü proyeksiyasının və sağ əlin arxa səthinin 2-3 əl daraq sümüyünün proyeksiyasının qançırları, sağ əlin arxa səthinin 2ci əl daraq sümüyü oynağının proyekiyasının səthi əzilmiş yaraları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailəsilə birlikdə yaşayır. Bundan başqa 05 dekabr 2021-ci il tarixdə, saat 16 radələrində biraz aralıda yaşayan Taleh adlı şəxsin ev ünvanına getmişdir. Bir müddət əvvəl Taleh ondan ona iş tapmasını xahiş etmişdir. O, Talehin yaşadığı ev ünvanına çatıb, onun yaşadığı evin darvazasını döydükdə, həyətdən “hoy” deyə kişi səsi eşitdiyini qeyd etmişdir. Həmin səsdən sonra Talehin həyat yoldaşı Hökümə kimdir deyə soruşduqda ona zarafatla “İvan Petrovdu” deyə səsləndiyini bildirmişdir. Təxminən bir dəqiqə sonra 40-45 yaşlarında bir kişi qapını açaraq kimsən nə istəyirsən İvan nədir deyə bərk səslə onu təhqir etməyə başladığını bildirmişdir. O, ondan kimliyi barədə soruşduğunda həmin şəxs ona, ev yiyəsi olduğunu bildirmişdir. Daha sonra həmin şəxs həyətdən küçəyə çıxaraq ona qarşı nalayiq ifadələr işlədib, sifət nahiyəsindən yumruqla vurmuşdur. O onu vuran zaman Talehin qonşusu Eminin qardaşı orada avtomobilini təmizləyirmiş. Həmin şəxs onu təhqir edib vurduqdan sonra, oranı tərk edib 111 nömrəli avtobusa tərəfə gedib avtobusa əyləşmişdir. O, avtobusun qarşısına keçərək, əlini avtobusun üzərinə qoyub sürücüdən həmin şəxsi düşürtməsini tələb etmiş, avtobus sürücüsü həmin şəxsi avtobusdan düşürdükdən sonra yenidən aralarında dava dalaş başlamışdır. Həmin vaxtı ona yumruq və təpik vurmuşdur. O, öz ifadəsində daha sonra göstərmişdir ki, Aslan kimi tanıdığı şəxslə dava-dalaş edərkən onun yanında həmin vaxt heç kim olmamış, onlar mübahisə etdikdən təxminən iki-üç dəqiqə sonra hadisə yerinə qardaşı Qalib, oğlu Elşən gəlmiş və sonuncular gələn zaman Zərərçəkmiş şəxsla aralarında olan mübahisə artıq bitmişdir. Elşən və Qalib gəldikdə Zərərçəkmiş şəxs qaz borusunun üzərində oturmuş və Rövşənin oğlu Elşən onu evinə aparmağı təklif etmiş, həmçinin qardaşı Qalib su verərək onu sakitləşdirmişdir. Həmçinin oğlun və qardaşı Zərərçəkmiş şəxs xəsarət yetirməmiş, ümumiyyətlə Zərərçəkmiş şəxsla aralarında olan mübahisə zamanı biri-birlərini qarşılıqlı vurmuşlar. O, Zərərçəkmiş şəxsla mübahisə edən zaman orada onlardan başqa üzlərini xatırlamadığı bir neçə şəxs olmuşdur. Aslan ona Talehin evinin qarşısında sifət nahiyyəsindən bir dəfə vuraraq xəsarət yetirmiş, o isə Aslana 111-№-li avtobus dayanacağında yumruq təpiklərlə vuraraq xəsarət yetirmişdir. Həmçinin aralarında baş verən münaqişə zamanı qarşılıqlı bir-birlərini söymüşlər. Aralarında baş verən mübahisə təxminən 3-5 dəqiqə arası davam etmişdir. O öz ifadəsində son olaraq əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışmaqla, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını və oğlu Elşənin İİ Qarabağ müharibəsində iştirak etməklə “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilməsini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Gürcüstan Respublikası vətəndaşıdır, Bolnisi rayonu, Darvaz kəndində qeydiyyatdadır. Bundan başqa X5 və onun həyat yoldaşı Şahid4 tanıyır, onların hər ikisi onun uzaq qohumudur. Onların yaxın ətrafda qalan yeganə qohumları olduğundan, eləcə də həmişə onlar üçün böyüklük etdiyindən tez-tez onların evinə ehtiyaclarının olub-olmamasını maraqlanmaq üçün baş çəkmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində, saat təxminən 16:00 radələrində onların yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, “111” saylı sərnişin avtobusunun sonuncu dayanacağı yaxınlığında yerləşən evlərinə getmiş, bir qədər hal-əhval tutub, söhbət etdikdən sonra Taleh ona otaq qapılarının açar kilidinin sıradan çıxdığını bildirmiş, onu dəyişməkdə köməklik göstərməyini ondan xahiş etmişdir. O qapının açar hissəsinə baxaraq və yenisinin alınması üçün Talehi onun yaşadığı ev ünvanına göndərərək oradan pul götürməklə yeni bir qapı kilidi almasını bildirmişdir. Taleh onun sözünə əsasən evdən çıxıb getmişdir. Təxminən 2-3 dəqiqə sonra evin həyət darvazası möhkəm şəkildə döyülmüş, kişi səsilə “Aç qapını” qışqırıqlarını eşitmişdir. Onlar səsə evin həyətinə çıxmış, Hökümə “Kimdi?” deyə qapını döyən şəxsə səsləndiyində qapının arxa hissəsindən “İvandı” deyə cavab gəldikdə, Hökümə bir də “Kimdir axı qapını sındırır?” sualını vermişdir. Bu səfər həmin şəxs “Petrovdu, sənə deyirəm qapını aç!” deyə yüksək səslə cavab vermişdir. O, buna əsəbiləşib, qapını özü açmış və həmin şəxsin orta yaşlı tanımadığı bir kişi olduğunu görüb, ondan nə istədiyini, nə üçün qapını sındırdığını soruşmuşdur. Həmin şəxs “Mən bu evin ağsaqqalıyam, sən kimsən burda? Mən səni birinci dəfədir səni görürəm.” deyə ona sual vermiş, o isə həmin şəxsə “Bu evin ağsaqqalı mənəm, bu ailənin çətin günlərində mən bunlara dəstək olmuşam, sən hardan çıxdın?” deyəndə həmin şəxs ona nalayiq küçə söyüşləri söymüşdür. O, onun söyüşlərinə əsəbiləşib onun yaxasından tutaraq, qapıdan çölə çıxarmış və “Get, rədd ol burdan!” deyib özündən kənara itələmiş, lakin həmin şəxs daha da nalayiq ifadələrlə onun və ailəsinin ünvanına söyüşlər söyməyə başlamış və hirslərini cilovlaya bilməyib həmin şəxsin sifət nahiyəsindən sağ əli ilə yumruq vurmuşdur. Elə həmin zaman yaxınlıqda öz avtomobili ilə məşğul olan tanımadığı qonşulardan biri onu həmin şəxsdən ayıraraq hər ikisini sakitləşdirməyə çalışmışdır. Lakin həmin şəxs söyüşlər söyməyinə davam etmiş, onun arxasıyca gələrək mobil telefon vasitəsilə özünə kömək çağırmışdır. Rövşənin qohumlarının gələcəyindən ehtiyyat edib tez “111” saylı sərnişin avtobusuna əyləşib oradan uzaqlaşmaq istəmişdir. Biraz keçdikdən sonra Rövşən arxasınca gəlib, avtobusu saxlatdırmış, sürücüyə qapıları açdırıb onu zorla çölə çıxarmış və əllərindən tutaraq onu saxlamış və ona yumruq təpiklər vuraraq xəsarətlər yetirmişdir. Təxminən 10 dəqiqə sonra həmin ətrafda yaşayan və səs-küyə çıxan sakinlər onları ayırmışdır. O, mobil telefon vasitəsilə oğluna zəng vuraraq onu oradan aparmasını xahiş etmişdir. Bir qədər sonra oğlu həmin yerə gələrək onu evə aparmış, axşam saatlarında bədənində ağrıların çox olduğunu görüb, yaşadığı ünvana təcili tibbi yardım qrupu çağırmışdır. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, hadisədən sonra ilk olaraq qaynına zəng vurmuş, ona zəng çatmadığından sonra oğluna zəng vurmuş və oğlu Afər gəlib onu oradan aparmışdır. İlkin izahat və ifadələri verərkən keçirdiyi stressdən ifadədə nəyi necə yazdığını tam xarakterizə edə bilməmişdir. Təqsirləndirilən şəxs, ilk dəfə görmüş, onunla heç bir münasibəti, ədavət və yaxud düşmənçiliyi olmamışdır. İlkin ifadələri verən zaman, həmçininin üzləşdirmə keçirilən zaman Rövşənə qarşı çox əsəbi olduğundan göstərmişdir ki, onu Rövşən və qohumları döymüşdür. Lakin faktiki olaraq onu, yalnız Təqsirləndirilən şəxs vurmuş, Elşən, Qalib və Rövşənin digər qohumları ona heç bir xəsarət yetirməmişlər. Rövşənin qardaşı, Qalib hadisədən sonra hadisə yerinə gələn zaman sonuncunun qolu sarıqlı olmuşdur. Aralarında yaşanmış münaqişə təxminən 3-5 dəqiqə arası davam etmişdir. 111-№-li avtobus dayanacağında Rövşən onu döyərək sifətindən, belindən, gözünün altına bir neçə dəfə yumruq təpiklərlə vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır və hal-hazırda heç bir yerdə işləmir. X5 onun həyat yoldaşıdır, birgə nikahlarından birgə 2 övladları var. Mahiyyəti üzrə onlarla yaxın ətrafda qonşuluqda yaşayan Rövşən adlı şəxs əvvəllər onun həyat yoldaşı Taleh ilə birlikdə fərdi tikintilərdə işləmiş, bəzən Rövşən öz avtomobili ilə gedərkən yolüstü Talehi də aparmış, bəzən də kafelərdə içki məclislərində onunla birlikdə iştirak etmişdir. Zərərçəkmiş şəxs həm onun, həm də həyat yoldaşı Talehin uzaq qohumudur, Aslan onların hər köməyinə çatır, hər zaman onlara baş çəkərək nəyəsə ehtiyaclarının olub-olmamasını maraqlanır. Belə ki, xx.xx.2021-ci il tarixində, saat təxminən 16:00 radələrində Aslan həmişə olduğu kimi baş çəkmək üçün onların yaşadığı ünvana gəlmişdir. Həmin zaman Taleh otağın qapısının açar kilidi sıradan çıxdığı üçün onunla məşğul olmuşdur. Aslan da ona köməklik etmək qərarına gəlmiş və Talehdən onun yaşadığı ünvana gedib pul götürməklə həmin açar kilidini almasını istədiyini qeyd etmişdir. Talehin onun sözü ilə evdən çıxaraq kilid almaq üçün getmiş və təxminən 2-3 dəqiqə sonra evin həyət darvazasının möhkəm şəkildə döyüldüyünü, kişi səsilə “Aç qapını” qışqırıqlarını eşitmişlər. Onlar səsə evin həyətinə çıxmış, “Kimdi?” deyə qapını döyən şəxsə səslənmiş, qapının arxa hissəsindən “İvandı” deyə cavab gəldikdə, o, bir də “Kimdir axı qapını sındırır?” sualını vermişdir. Bu səfər həmin şəxs “Petrovdu, sənə deyirəm qapını aç!” deyə yüksək səslə cavab vermişdir. Aslan buna əsəbiləşmiş, o qapını açmış və qapını döyənin Rövşən adlı tanıdığı şəxsin olduğunu görmüşdür. Aslan nə istədiyini, nə üçün qapını sındırdığını soruşduğunda Rövşən “Mən bu evin ağsaqqalıyam, sən kimsən burda? Mən səni birinci dəfədir görürəm.” deyə Aslana sual vermişdir. Aslan isə Rövşənə “Bu evin ağsaqqalı mənəm, bu ailənin çətin günlərində mən bunlara dəstək olmuşam, sən hardan çıxdın?” deyəndə Rövşən Aslana nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Aslan Rövşənin söyüşlərinə əsəbiləşib yaxasından tutaraq, qapıdan çölə çıxarmış və “Get, rədd ol burdan!” deyib kənara itələmişdir. Lakin Rövşən daha da nalayiq ifadələrlə Aslanın özünün və ailəsinin ünvanına söyüşlər söyməyə davam etmiş və Aslan həmin zaman Rövşənin sağ əli ilə sifətinə yumruq vurmuşdur. Elə bu vaxt yaxınlıqda öz avtomobili ilə məşğul olan qonşuları Emin onları bir-birindən ayıraraq hər ikisini sakitləşdirməyə çalışmış və “xahiş edirəm, evimin qarşısında söyüşlər söyüb, dava-dalaş salmayın” deyə öz etirazını bildirmişdir. Lakin Rövşən söyüşlər söyməyinə davam edir, Aslanın arxasınca gələrək mobil telefon vasitəsilə özünə kömək çağırmışdır. Səs-küyə küçəyə çıxan digər qonşular da Rövşəni Aslandan uzaqlaşdırmış və onunla birlikdə problem çıxmaması üçün Aslanı “111” saylı sərnişin avtobusuna əyləşdirib, yola salmaq istəmişlər. Rövşən isə Aslanın arxasınca avtobusa tərəf gedib, avtobusu saxlatdırmış, sürücüyə qapıları açdırıb Aslanı zorla çölə çıxararaq əllərindən tutub saxlamışdır, sonra Rövşən Aslanı yumruq təpiklə döyməyə başlamışdır. O, dəfələrlə Rövşəndən Aslanı döyməməsini xahiş etsə də Rövşən ona məhəl qoymamışdır. O əlacsız qalıb qışqıraraq ətrafda yaşayan digər qonşuları çağırmış və Aslanı Rövşənin əlindən alaraq kənarlaşdırmışlar. Aslan bir hasarın kənarına çəkilərək qaz borusunun üzərində oturub mobil telefon vasitəsilə oğluna zəng vuraraq onu oradan aparmasını xahiş etmişdir. Bir qədər sonra xalası oğlu Afər həmin yerə gələrək Aslanı yaşadığı evə aparmışdır. O, öz ifadəsində daha sonra göstərmişdir ki, həmin hadisə baş verənə qədər Rövşənlə heç bir ədavətləri olmamışdır. O Aslanı Rövşəndə ayırarkən, Rövşən ona heç bir müqavimət göstərməmişdir. Hadisə qurtardıqdan sonra hadisə yerinə Rövşənin qardaşı Qalib və oğlu Elşən gəlmişdir. Elşən və Qalib Aslanı vurmamışlar, Aslanı yalnız Rövşən vurmuşdur. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş və hadisəni kənardan adlarını bilmədiyi qonşular görmüşdür. O özü hadisə nəticəsində heç bir xəsarət almamışdır, ona heç kəs xəsarət yetirməyib, sadəcə olaraq Rövşən tərəfindən Aslanı döyməməsi barədə çağırışlar etmiş lakin Rövşən həmin çağırışlara fikir verməmişdir. Dava yalnız Aslan ilə Rövşənin arasında baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Bundan əlavə Lökbatan qəsəbəsində paltar mağazasında satıcı işləyir. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində atası ona zəng vuraraq Lökbatan qəsəbəsi birinci massiv adlanan ərazidə döyüldüyünü bildirmişdir. Dərhal ora atasının yanına getmişdir. Ora çatanda atası qaz borsunun üstündə oturmuş, ətrafda tanımadığı bir neçə şəxsin olduğunu görmüşdür. Həmin vaxtı atasının sifət və bədən nahiyələrində xəsarətlərin olmasını görüb nə baş verdiyini soruşduqda atası ona xalası qızı Höküməgildə təmir işləri görən zaman küçədən kişi səsinin gəldiyini, həmin kişinin bərkdən xalası qızı ilə danışdığını eşitməsi səbəbilə küçəyə çıxıb həmin şəxslə aralarında münaqişə baş verdiyini ona bildirmişdir. Daha sonra həmin şəxsin Rövşən adlı şəxs olduğunu həmçinin onunla bərabər dörd nəfər şəxsin atasını döydüyünü ona bildirmişdir. Lakin artıq aralarında barışıq olduğunu və atasınında Rövşəni vurduğu üçün, atasını oradan götürüb uzaqlaşmışdır. Axşam evdə atasının halının pis olduğunu görüb bu barədə Azərbaycan respublikası DİN-nin 102 zəng mərkəzinə zəng vuraraq bu barədə bildirmişdir. Daha sonra onları Qaradağ RPİ-nin 10-cu PB-nə çağırıb atasının izahatını almışlar. Polis bölməsində atası onlara onu Rövşənin oğlu və qardaşının döydüyünü bildirmişdir. Bir neçə gün əvvəl atası onlara onu Rövşənin oğlu və qardaşının vurmadığını, onu yalnız Rövşənin vurduğunu bildirmişdir. Atası Rövşənin əlindən əsəbi olduğu üçün Rövşənin oğlunun və qardaşının adlarını qəsdən verdiyini qeyd etmişdir. Hazırda atasının vəziyyəti stabil olduğunu onun Rövşənə qarşı heç bir ədavətinin və düşmənçiliyinin olmadığını qeyd etmişdir, Rövşənin atasının döyməsinin şahidi olmadığını hadisə yerinə atasının zəngi ilə gəldiyini, o, hadisə yerinə gələrkən orada heç bir münaqişə olmadığını yalnız atası borunun üzərində oturmasını sifətində xəsarət izləri olduğunu qeyd etmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, Lökbatan qəsəbəsində paltar mağazasında satıcı işləyir. xx.xx.2021-ci il tarixdə küçədə, özünə məxsus avtomobili təmizlədiyini bildirmişdir. Avtomobili təmizləyəndən sonra ana yola çıxdığını həmin vaxt Ramin evlərinin qapısında dayandığını, qarşıda bir neçə şəxsin toplaşdığını görmüş, Raminə onun maşınına oturmağı təklif etdiyini o, ona getməyini oda öz maşını ilə gələcəyini bildirmişdir. O ora çatanda Zərərçəkmiş şəxs dəmir borunun üzərində oturduğunu görmüşdür. Həmin vaxtı atasıda orada olmuşdur. O Zərərçəkmiş şəxs harada qalması və kimlərdən olması barədə sual vermişdir. Zərərçəkmiş şəxs ona yerli olmadığını həmçinin onlar tərəfdə qalmadığını bildirmişdir. O, hadisə yerinə hadisə baş verdikdən sonra gəlmişdir. Hadisə yerinə gələn zaman orada bir çox adını xatırlamadığı adamların, həmçinin əmisi Qalibində orada olduğunu görmüşdür. Əmisi oğlu Ramini hadisə yerində görməmişdir. O hadisə yerinə çatanda münaqişə artıq başa çatmışdır. Zərərçəkmiş şəxs qaz borusunun üstündə oturmuşdur. O, Zərərçəkmiş şəxs xəsarət yetirməmiş və nə də Zərərçəkmiş şəxs ona xəsarət yetirməmişdir. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, yalnız idarə etdiyi sərnişin avtobusunun qarşısını kəsən şəxsin adı Rövşən olduğunu bilir, orada olan digər şəxsləri isə üzdən tanıyır. Hadisə yerinə toplaşmış şəxslərin həmin ərazinin sakinləri olduqlarını bildirmişdir. Zərərçəkmiş şəxs avtobusdan Təqsirləndirilən şəxs yerə zorla düşürdüyünü görmüş, Lakin, Zərərçəkmiş şəxsı kimlərin döyməsini görməmişdir. Çünki o avtobusu sürərək marşurut xətti üzrə işini davam edərək hadisə yerindən uzaqlaşmışdır.Zərərçəkmiş şəxs avtobusdan yerə düşürdükdən sonra döyülməsinin şahidi olmamışdır. Hadisədən xeyli müddət keçdikdən sonra sərnişinlərin ara söhbətlərindən Zərərçəkmiş şəxs tək Rövşənin döyməsini, başqa heç kim onu döyməməsini eşitmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci il tarixdə doğulmuş Şahid2 atası X3r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının № İ-8980 vəsiqəsinin surətindən görünür ki, Şahid2 “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının № İ-3035 vəsiqəsinin surətindən görünür ki, Şahid2 “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Şahid2 xx.xx.2020-ci il tarixdə hərbi döyüş əməliyyatları vaxtı partlayış zamanı sağ bazunun aşağı 1/3-nün sol dirsək nahiyəsinin kor qəlpə yaralanması xəsarətini almışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlini səmimi olaraq etiraf etməklə peşiman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və oğlunun İİ Qarabağ müharibəsində iştirak edərək yaralanmasını, “Kəlbəcərin azad olunmasına görə” medalı və “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 60 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar