Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-229/2023 09.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyanı tətbiq etməklə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs “Kaessbohrer Setra S215 HDH A” markalı mikroavtobusunu Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Suvorov küçəsində yerləşən “Qazi” marketin qarşısında saxladığına görə onun idarə etdiyi “DAF” markalı yük avtomobilinin ərazidə olan video müşahidə kamerasının nəzarətinə düşməməsi və avtomobili sərbəst hərəkət etdirə bilməməsi kimi cüzi səbəbi bəhanə edərək, onunla heç bir əsaslı səbəb olmadan münaqişə yaradıb, ətrafda olan insanlara məhəl qoymayaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib, etibarnamə ilə idarə etdiyi “DAF” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini silah qismində tətbiq etməklə nəqliyyat vasitəsinin yəhərli-dartıcı hissəsini bir neçə dəfə “Qazi” marketə çırparaq zərərçəkmiş şəxsə məxsus 2800 manat dəyərində əmlakı zədələmiş, həmçinin Zərərçəkmiş şəxs sağ əlinin arxa səthinin V barmaq falanqasının sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər alması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, işdən evə qayıdarkən həm sərxoş, həm də hirsli olmuşdur. O, idarə etdiyi “DAF” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Zərərçəkmiş şəxs istifadəsində olan marketin qarşısında yolun əks tərəfində saxlamışdır. Sonuncu nəqliyyat vasitəsini onun idarə etdiyi nəqliyyat vasitəsinin önündə saxladığından həmin ərazidə quraşdırılmış kamera vasitəsi ilə qeydə almanın məhdudlaşmasına narazılıq edərək Zərərçəkmiş şəxs işlədiyi “Qazi” marketə getmişdir. Bir qədər danışdıqdan sonra mübahisə etmişlər. Zərərçəkmiş şəxs və övladlarının onun ünvanına səsləndirdiyi söyüşlərin ətrafda toplaşmış vətəndaşlar tərəfindən yaxşı qarşılanmadığını düşünərək nəqliyyat vasitəsinə əyləşmiş, mağazanın şüşələrini sındırmaq məqsədilə onu hərəkətə gətirərək marketin qapısına, vitrin şüşəsinə çırpmışdır. Ətrafda toplaşmış insanların onun törətdiyi əməlin qarşısını almaq məqsədilə əllərində daş parçası ilə onun idarə etdiyi nəqliyyat vasitəsinə doğru hərəkət etdiklərini gördükdə ona xəsarət yetirmələrindən ehtiyat edərək nəqliyyat vasitəsinin qapılarını bağlamışdır. Bundan sonra o, yolu bağlamamaq üçün nəqliyyat vasitəsinin təhlükəsiz şəraitdə ümumi yoldan kənarda saxlamış və düşmüşdür. Zərərçəkmiş şəxs özü və oğlanları tərəfindən söyülüb, döyülməsi barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Bu vaxt onun idarə etdiyi nəqliyyat vasitəsinin sahibi Hünər Əliyev və polis əməkdaşları hadisə yerinə gəlmiş və o, Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Bölmədə baş verən hadisəni danışmış və sərxoşluq müayinəsindən keçmişdir. Yüngül dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Daha sonra törətdiyi əməldən peşman olduğunu, özünü təqsirli bildiyini, himayəsində iki azyaşlı övladının olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, məhkəmədən onun barəsində ədalətli cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə və istintaq dövründə verdikləri ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı evin aşağı mərtəbəsində özünə məxsus, ərzaq malları satılan “Qazi” market fəaliyyət göstərir. Birinci Qarabağ müharibəsində xəsarət aldığı üçün sağ ayağının 1/3 hissəsi amputasiya olunmuş, bu səbəbdən 1-ci qrup əlilliyi olan şəxsdir. Ona məxsus “Kaessbohrer Setra S215 HDH A” markalı avtobusu sürücü mağaza ilə üzbəüz saxlamışdır. Təqsirləndirilən şəxs da son vaxtlar “DAF” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini ona məxsus marketin əks tərəfində yolun kənarında və həmin ərazilərdə saxlayır. 03 fevral 2023-cü il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs yük avtomobilini yolun kənarındakı dayanacaqda saxlamışdır. Təxminən saat 12-13 radələrində o da özünə məxsus avtobusu sonuncunun nəqliyyat vasitəsinin arxa hissəsində saxlatdırmışdır. Həmin gün saat 19:00 radələrində Təqsirləndirilən şəxs mağazanın yanında ona yaxınlaşaraq nəqliyyat vasitəsini onun nəqliyyat vasitəsinin arxa hissəsində saxlamasına etiraz etmişdir. Bu zaman onlar mübahisə etmiş, Təqsirləndirilən şəxs yüksək səslə ucadan nəqliyyat vasitəsi ilə ona məxsus mağazanı dağıdacağını bildirmiş və ətrafa çoxlu insanlar toplaşmışlar. Daha sonra Təqsirləndirilən şəxs yolun kənarında saxladığı yük avtomobilini işə salmış arxa istiqamətdə hərəkət etməklə nəqliyyat vasitəsinin arxa hissəsi ilə mağazaya iki dəfə çırpmışdır. Mağazanın plastik qapıları, şüşələri sınmış, o, həmin vaxt Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin arxa hissəsində dayandığı üçün əl nahiyəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxs onun arxada dayandığını bilərək nəqliyyat vasitəsinin pəncərəsindən onun ünvanına söyüş söymüşdür. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini üçüncü dəfə mağazaya tərəf hərəkət etdirməsinə ətrafda toplaşan şəxslər imkan verməmiş, onun nəqliyyat vasitəsindən düşməsini tələb etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini əvvəlki yerində saxlayaraq getmişdir. O, hadisə barədə “102” xidməti zəng mərkəzinə məlumat vermiş və Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasının xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Suvorov küçəsində yerləşən evlərinin aşağı mərtəbəsində ailəsinə məxsus, ərzaq malları satılan “Qazi” market fəaliyyət göstərir. Hadisə baş verən gün o, evdə olmuş, küçədən söyüş, təhqir ifadə olunan səslərin yüksəldiyini eşitmişdir. Pəncərədən baxdıqda Təqsirləndirilən şəxs onun atası ilə mübahisə etdiyini görmüşdür. Aşağı düşdükdə isə Təqsirləndirilən şəxs “DAF” markalı, **- XE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini onların mağazası istiqamətinə sürərək mağazaya çırpdığını görmüşdür. O, bu hərəkətini ümumilikdə iki dəfə təkrarlamış, hadisə nəticəsində isə mağazanın şüşələri qırılmış, atası isə əl nahiyəsindən xəsarət almışdır. Daha sonra əraziyə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 03 fevral 2023-cü il tarixdə mağazada satıcı işləyən Gülnarə Musafayeva ona zəng edərək onlarla eyni qəsəbədə yaşayan Təqsirləndirilən şəxs onun atası ilə mübahisə etdiyini və idarə etdiyi yük avtomobilini onlara məxsus mağazaya çırparaq dağıtdığını demişdir. Mobil telefonu vasitəsilə mağazanı qeydə alan kamera görüntülərinə baxdıqda Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsini onlara məxsus mağazaya çırpdığını görmüş və dərhal oraya gəlmişdir. Çatdıqda ətrafa çoxlu sayda şəxslərin toplaşdığını və polis əməkdaşlarının da orada olduğunu görmüşdür. Onlara məxsus “Qazi” marketin qapı və pəncərələri dağıdılmış halda, atasının isə əl nahiyəsində yüngülcə xəsarət olmuşdur. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə həmin şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Suvorov küçəsində yaşayır. Yaşadıqları evin aşağı mərtəbəsində onlara məxsus, ərzaq malları satılan, əri Zərərçəkmiş şəxs işlədiyi “Qazi” market fəaliyyət göstərir. Əri Zərərçəkmiş şəxs məxsus avtobusu bir çox hallarda həmin mağaza ilə üzbəüz saxlayırlar. 03 fevral 2023-cü il tarixdə axşam saatlarında o, yaşadığı evdə olarkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs marketin qarşısında əri Zərərçəkmiş şəxsla mübahisə etdiyini eşitmiş, həmin vaxt oğlu Natiq də onların yanına getmişdir. O, da marketə daxil olduqdan sonra mübahisə böyüdüyünü, ərtafa tanımadığı şəxslərin toplaşdığını görmüşdür. Daha sonra yük maşınının marketə tərəf gəldiyini, arxa hissəsi ilə marketə çırpıldığını görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini əmvvəlki yerində saxlamış və getmişdir. Əri Zərərçəkmiş şəxs hadisə barədə “102” xidməti zəng mərkəzinə məlumat verdikdən sonra Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə həmin şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən Şahid1 ilə eyniməzmunlu ifadə verməsi müəyyən olunur. Cinayət işinin 1-ci vərəqində olan 07 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 13-cü vərəqində olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus “Qazi” marketin plastik qapı-pəncərələri və şüşələri dağılmış və əzilmiş vəziyyətdədir. Cinayət işinin 28-30-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 94 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarət-sağ əlin arxa səthinin V barmaq falanqasının sıyrığı bərk küt əşya təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 20 saylı TTYS-na müraciət etdiyi xx.xx.2023-cü il tarixdə və şəraitdə törənmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 44-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:30-da tutulmuşdur. Cinayət işinin 57-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli götürmə haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisənin görüntülərini əks etdirən disk götürülmüşdür. Cinayət işinin 58-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli diskin götürülməsi və baxışının aparılması barədə protokoldan və cinayət işinin 69-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini bir neçə dəfə Zərərçəkmiş şəxs məxsus “Qazi” marketə tərəf sürərək, yük avtomobilinin arxa hissəsini marketə çırparaq marketin qapı-pəncərəsinin sıradan çıxmasına səbəb olur. Cinayət işinin 59-60-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (saat 15:45) Cinayət işinin 73-74-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “DAF” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili maddi sübut kimi tanınmış və saxlanması üçün H.G.Əliyevə təhvil verilmişdir. Cinayət işinin 84-cü vərəqəsində olan qəbzdən görünür ki, H.G.Əliyev “DAF” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini maddi sübut kimi təhvil almışdır. Cinayət işinin 86-87-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri haqqında qərar ləğv edilmişdir. Cinayət işinin 94-98-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 102-103-cü vərəqələrində olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il doğum tarixli Zəhra Dadaşzadə və xx.xx.2013-cü il doğum tarixli Rəsul Dadaşzadə adlı iki övladı var. Cinayət işinin 105-ci vərəqəsində olan 127 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 123-130-cu vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 133-142-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3- cü maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilərək ona həmin maddədə nəzərdə tutulmuş itiiham yenidən elan edilmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs məxsus "Qazi" marketə dəymiş maddi ziyanın məbləği beş min manatdan yuxarı olmadığı üçün həmin fakt üzrə Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ətrafda olan digər şəxslərə müqavimət göstərməsi və xəsarət yetirməsi əlamətləri olmadığından, həmçinin onunla birlikdə bu cinayətin törədilməsində başqa şəxsin iştirakı təsdiq olunmadığı üçün Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, "DAF" markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili etibarnamə ilə Təqsirləndirilən şəxs verildiyi üçün bununla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzə Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən sağlamlığa zərərvurmayan xəsarət alması xüsusatı ilə bağlı Zərərçəkmiş şəxs, Şahid2 Əliməmməd oğlu, Şahid3 əməlində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə şahid və zərərçəkmiş ifadələri, təyin edilmiş məhkəmə tibbiekspertizasının rəyləri, video görüntülərə və hadisə yerinə baxış keçirilməsi haqqında protokollar və digər istintaq sənədləri sübut növü kimi tanınmış, video görüntülərin olduğu bir ədəd disk sübut növü kimi tanınaraq iş materiallarına əlavə edilmiş, cinayət işi üzrə "DAF" markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin maddi sübut kimi tanınması və şahid qismində dindirilmiş X1 təhvil verilməsi nəzərə alınmış, cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş 2800 manat maddi ziyanın ödənilməsi nəzərə nəzərə alınmışdır. Cinayət işinin 144-145-ci maddələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. (saat 11:05) Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onlar barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il № 15 qərarında tövsiyə olunur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini və davranışını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 09 oktyabr 2023-cü il tarixdən məhdudlaşdırıldığından sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Əlavə olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 06 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət, həmçinin xx.xx.2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 ay 24 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə 41 (qırx bir) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş 41 (qırx bir) saat hüquqi xidmətə görə 246 (iki yüz qırx altı) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut DAF markalı 99XE126 dövlət qeydiyyat nişanlı yük avtomobilinin X1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət, 15 mart 2023-cü il tarixdən 09 oktyabr 2023cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 ay 24 gün müddət təyin olunmuş cəzadan çıxılsın, ona qəti olaraq 01 il 05 ay 04 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. İş üzrə maddi sübut DAF markalı 99XE126 dövlət qeydiyyat nişanlı yük avtomobilinin X1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş 41 (qırx bir) saat hüquqi xidmətə görə 246 (iki yüz qırx altı) manat, məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-229/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-229/2023
09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver