Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-23/2025 27.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Dövlət ittihamçısı, Mülki iddiaçı X6, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), işləməyən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən hökmdən CM-nin 178.2.4-cü maddəsi xaric edilərək cəzası 03 il 03 ay müddətinə endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzadan 08 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmış və məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti və real imkanı olmadığı halda tanışı X6 vasitəsi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs, qohumu X1 qəsdən öldürməyə görə həbs edilmiş oğlu Taryel Qurbanova məhkəmə baxışının sonunda 28000 manat pul müqabilində yüngül cəza təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq həmin adla xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “NUR” kafesində X11 ilə görüşüb sonuncudan Zərərçəkmiş şəxs məxsus 14.500 manat, eyni niyyətlə, xx.xx.2022-ci il tarixdə növbəti dəfə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “NUR” kafesində Z.Şirinovla görüşüb sonuncudan Zərərçəkmiş şəxs məxsus 13.500 manat olmaqla, vahid niyyətlə cəmi 28.000 manat məbləğində Zərərçəkmiş şəxs məxsus pul vəsaitini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 və Şahid2 2021-ci ildətanımışdır. Belə ki, o yaxın tanışı Samir Bağırovla 2021-ci ilin dekabr ayında Bakı şəhəri, 20 yanvar dairəsi adlanan yerdə adı yadında qalmayan restoranların birində olan zaman Sübhanla Elmarı orada görmüş və tanışı Samir onu həmin şəxslərlə tanış etmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində tanışı Samir ona zəng vurub bildirmişdir ki, bir nəfər şəxs var, ona Bakı Ağır Cinayətlər Məhkəməsində daha az həbsli cəza almaq lazımdır. Ondan həmin şəxsə kömək etməyin mümkün olub-olmadığını soruşmuşdur.O da Samirə işi görmək istəyən şəxslərlə danışıb söhbət etmək istədiyini bildirmişdir. 2022-ci ilin əvvəllərində o, Elmar və Sübhanla Bakı şəhərində görüşmüşdür. Elmar və Sübhan ondan Taryel Qurbanov adlı şəxsin hazırda barəsində Azərbaycan Respublikası CM-nin 120-ci maddəsi ilə istintaq aparıldığını, həmin şəxsə məhkəmədə cəzasının 6 ilə verilməsi barədə köməklik etməyini xahiş etmişlər. O isə Elmarla Sübhana həmin maddə ilə şəxsə 6 il müddətinə cəza almağın mümkün olmadığını bildirmişdir. Elmar bu işdə onlara kömək etməyini xahiş etmişdir. Eləcə də Elmar bildirmişdir ki, bu işin alınması üçün 16.000 manat pul almışlar, həmin puldan Elmar özünə 500 manat, Sübhan özünə 500 manat və Elmarın dayısı Zakir özünə 500 manat pul götürmüşdür. Qalan 14.500 manat pulu isə ona verəcəklər ki, bu işi həll etsin.O da Elmarla Sübhana həmin şəxsə dair sənədləri və 14.500 manat pulu gətirmələrini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində o Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən kafelərin birində Elmar və Sübhanla görüşmüşdür. Söhbət əsnasında Elmar ona bildirmişdir ki, dayısı Zakirin tanışının oğlu Taryel Qurbanov qəsdən adam öldürdüyü üçün onun cəzasına kömək etməyini ondan xahiş etmişdir. Həmin vaxt Elmar ona 14.500 manat pulu və Taryel Qurbanova dair sənədləri verərək bildirmişdir ki, Taryelin məhkəmədə işinə köməklik etmişdir. O da X10 işi ilə maraqlanacağını, lakin onun törətdiyi cinayət əməlinin ağır cinayət olduğunu, Taryelə 9 il cəza almaq üçün çalışacağını bildirmişdir. Kafedə olan zaman başa düşmüşdür ki, bu işin alınması üçün ortada o, daxil 4 nəfər şəxs vardır. Bundan sonra o Elmar və Sübhanla sağollaşıb oradan çıxıb getmişdir. Daha sonra o Taryel Qurbanovun işi ilə maraqlandıqda ona daha aşağı cəza ala bilməyəcəyini bilmişdir. Həmin ərəfə də maddi cəhətdən sıxıntıları olduğu üçün, eyni zamanda qardaşı xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün 14.500 manat pulu xərcləmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində Taryel Qurbanova Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi tərəfindən 11 il 06 ay cəza təyin edilmişdir. Bundan sonra Taryel Qurbanovun atası Zakir Şirinovdan pulunu tələb edən zaman Elmar və Sübhan ondan pulu tələb etmişlər. O, isə hazırda pulunun olmadığını bildirmişdir. Daha sonra o, Zakir və Taryel Qurbanovun atası Zərərçəkmiş şəxsla Xəzər rayonu, Binə qəsəbəsində görüşmüşlər. Orada ona məlum olmuşdur ki, X18 Qurbanovdan oğlu Taryelə Məhkəmədə daha az iş alması üçün 28.000 manat pulunu almışdır. Bundan sonra o, orada Zakirdən hansı səbəbdən ona 14.500 manat verməsini soruşmuşdur. Zakir isə ona çatmış pulu tələb etmişlər. Bu mövzuda aralarında narazılıq yaranmışdır. Sonradan eşitmişdir ki, X18 Qurbanovdan aldığı 28.000 manat pulu geri qaytarmışdır. Sonradan Zakir ondan 28.000 manat tələb etdikdə o, Zakirə bildirmişdir ki, qohumu Elmar və Sübhan ona 14.500 manat pul vermişlər.. Daha sonra bilmişdir ki, Zakir onun barəsində polisə şikayət etmişdir.Törətdiyi əməldən peşmandır.Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyə bilmir.Himayəsində bir azyaşlı uşağı vardır.X13 vətən müharibəsi iştirakçısıdır və medallarla təltif olunub.Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Taryel Qurbanov onun oğludur. Oğlu Taryel 2021-ci ilin dekabr ayında Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasında olarkən onun yanına gəlməyini istəmişdir. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə oğlu Taryelin yanına gedib onunla görüşmüşdür. Həmin vaxtı Taryel ona demişdir ki, birlikdə cəza çəkən və eyni otaqda yatan X12 bildirmişdir ki, atası Zakir Şirinovun yaxşı əlaqələri vardır. X20 Cinayətlər Məhkəməsi ilə əlaqə yaradıb onun cəzasının azaldılmasına köməklik edə bilər. Bundan sonra o, Zakir Şirinova zəng edib onunla Qaradağ rayonu Ümid qəsəbəsində görüşmüşdür. Zakir Şirinov ona demişdir ki, oğlu Taryelin cəza müddətini aşağı salmağa kömək edə bilər. Zakirdən bu işin hansı qiymətə alınacağı barədə soruşduqda Zakir ona maraqlandıqdan sonra deyəcəyini bildirmişdir. Təxminən 10 gündən sonra Zakir ona zəng edib bu işin 28000 manata başa gələcəyini bildirmişdir və o, da Zakirin dediyi qiymətlə razılaşmışdır. O, 25.000 manat pulu Zakirə verdikdən sonra ona bildirmişdir ki, 3-4 günə 3000 manat pulu da düzəldib verəcəkdir. 2022-ci ilin yanvar ayınında Zakir Şirinov ona mobil telefon vasitəsi ilə zəng edib pulu düzəldib düzətmədiyini soruşmuş, o, da Zakirə 3000 manatı düzəltdiyini demiş, lakin xəstə olduğu üçün Zakiri yaşadığı Xəzər rayonuna dəvət etmişdir. Həmin gün saat 12 radələrində Zakirlə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Milli Aviasiya Akademiyasının qarşısında olan piyada keçidinin qarşısında görüşmüş, orada 3000 manat pulu Zakirə vermişdir. Zakir bir daha ona bildirmişdir ki, narahat olma Taryelin işini həll ediləcəkdir. Daha sonra oğlu Taryelə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi tərəfindən 11 il 06 ay cəza təyin edilmişdir. Bundan sonra o, Zakirlə əlaqə saxlayıb onu aldatdığını və oğlu Taryelə 11 il 06 ay cəza verildiyini demişdir. Zakir də ona bildirmişdir ki, bu işi həll etmək üçün Təqsirləndirilən şəxs adlı şəxsə pulu vermiş, həmin şəxs də onu aldatmışdır. O, isə Zakirə bildirmişdir ki, təcili olaraq onun pulunu geri qaytarsın, yoxsa polisə şikayət edəcəkdir. Bundan sonra Zakir ondan aldığı 28.000 manat pulu geri qaytarmışdır. Daha sonra eşitmişdir ki, Zakir onun oğlu Taryelin işini düzəltmək üçün Təqsirləndirilən şəxs barəsində polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında mülki iddiaçı X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2021-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs adlı şəxslə tanış olmuşdur. Belə ki, onun oğlu Tahir cəzaçəkmə müəssəsində olan zaman Almazın oğlu Taryellə tanış olmuşdur. Taryel oğlundan ona veriləcək cəzada kömək üçün kimləri tanıyıbtanımadığını soruşduqda oğlu Tahir bu işdə onun əlaqələrinin olduğunu demişdir. Taryeldə atası Almaza onun barəsində danışmışdır. Almazla görüşdüyləri ərəfədə Almaz bildirmişdir ki, oğlu Taryelin hazırda qəsdən adam öldürmə cinayəti ilə bağlı istintaqı gedir, hakimlə danışıb onun cəzasını azaltmaq lazımdır. O da bununla bağlı Elmara zəng vurub Almazın ona danışdığını Elmara danışmışdır. Elmar da bu barədə maraqlanıb ona bir söz deyəcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayında bacısı oğlu Elmar ona zəng vurub bildirmişdir ki, Faiq adında bir nəfər şəxs var və həmin şəxs bu işlərlə məşğul olur. Elmar telefonda ona bildirmişdir ki, həmin Faiq adlı şəxsə Almazın oğlu Taryelin işi barədə danışıb Faiq də bu işi 28.000 manata həll edə biləcəyini demişdir. O, bundan sonra Almazla əlaqə saxlayıb və bu işin alınması üçün 28.000 manat pul lazım olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə Almaz onunla “Lökbatan dairə”-si adlanan yerdə görüşmüş, söhbət zamanı Almaz ona 25.000 manat pul vermişdir. O, Almaza bu işin 28.000 manata həll olunacağını bildirmiş, Almaz da 3000 manat pulu 3-4 günə düzəldib verəcəyini demişdir. Təxminən 4 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Almaz onu yaşadığı Xəzər rayonuna dəvət etmiş və o, Almazla görüşmüş, həmin vaxt Almaz ona 3000 manat pulda vermişdir. Ümumilikdə Almaz ona 28.000 manat pul vermiş, o, da ilkin olaraq bacısı oğlu Elmara 14500 manat vermişdir ki, Faiqə verər. Həmin gün Elmar da dostu Sübhanla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsidə Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Orada özü 14.500 manat pulu, eləcə də Taryel Qurbanova dair sənədləri Təqsirləndirilən şəxs verərək bildirmişdir ki, yaxın gündə ona 13.500 manat da verəcəkdir. Faiq də orada Taryel Qurbanovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cəza təyin edilən zaman 6 il cəza alacağı barədə söz vermişdir. Bu söhbətdən 3-4 gün sonra o, bacısı oğlu Elmarla yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində görüşmüş və Elmara 13.500 manat pul vermişdir ki, Faiqə çatdırsın. xx.xx.2022-ci il tarixdə Elmar həmin pulu dostu Sübhana vermişdir ki, Faiqə çatdırsın. Həmin gün o, Sübhana zəng vurub pulu verməməsini, onu da gözləməsini demişdir. Axşam vaxtlarında o, Sübhanla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “NUR” kafesində Təqsirləndirilən şəxs ilə görüşmüş, həmin vaxt o, özü 13.500 manat pulu Faiqə vermişdir. Faiq də orada Taryel Qurbanovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cəza təyin edilən zaman 6 il cəza alacağı barədə söz vermişdir. Daha sonra o Təqsirləndirilən şəxs işin nə yerdə olduğu ilə maraqlandıqda o hər dəfəsində deyirmiş ki, narahat olmayın, işin düzəlməsi üçün artıq son addımlar qalıb. Bu minvalla Faiq onu aldatmış və Taryel Qurbanova Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi tərəfindən 11 il 06 ay cəza təyin edilmişdir. Bundan sonra 28.000 manat pulu vermiş Almaz ondan pulunu tələb etmiş, o, da 28.000 manat pulu Təqsirləndirilən şəxs tələb etdikdə Faiq pulu xərclədiyini yaxın günlərdə pulunu qaytaracağına söz vermişdir. Bundan sonra o özü Almazdan aldığı 28.000 manat pulu Almaza ödəmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs onu aldatdığını görüb Faiqin barəsində polisə şikayət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir və təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Şahid1 Məmməd oğlu ifadəsində göstərmişdir ki, X11 onun dayısıdır. Faiqi tanışı Samir adlı şəxsin vasitəsi ilə tanımışdır. 2022-ci ilin yanvar ayında dayısı Zakir ona zəng vurub bildirmişdir ki, yaxın tanışının oğlu Azərbaycan Respublikası CM-nin 120-ci maddəsi ilə təqsirləndirilir, həmin şəxsi işi hazırda məhkəmədədir. Dayısı Zakir ondan xahiş etmişdir ki, gör əgər yaxın ətrafında tanış adam varsa sözügedən şəxsin cəzasının 6 ilə verilməsi barədə məhkəmə ilə danışsın, haqq-hesabını ödəyəcəkdir. O da tanışlarının vasitəsi ilə Samir adlı şəxslə əlaqə saxlamışdır. Samir ona Təqsirləndirilən şəxs mobil telefon nömrəsini vermişdir. O dostu Sübhanla birlikdə Faiqlə Bakı şəhəri, 20 yanvar dairəsi adlanan yerdə restoranların birində görüşmüşlər. Söhbət əsnasında o dayısı Zakir ona dediyi sözləri Faiqə danışmışdır. Faiq bildirmışdır ki, heç bir problem yoxdur, onun hakimlərlə yaxın tanışlıq əlaqəsi vardır. Bu işi görmək üçün Təqsirləndirilən şəxs ondan 28.000 manat pul istəmişdir. O da Faiqə bildirmişdir ki, dediyi sözü dayısı Zakirə deyəcə, razılıq olduğu halda Faiqlə görüşəcəkdir. Bundan sonra o dayısı Zakirə zəng vurub Faiqin sözlərini ona danışmışdır. Dayısı a Faiqin təklifi ilə razılaşmış və ona bildirmişdir ki, yaxın günlərdə Faiqlə görüşüb bu məsələni həll edəcəkdir. xx.xx.2022-ci il tarixdə dayısı Zakirlə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan yerdə görüşmüşdür. Dayısı Zakir ona 14.500 manat pul vermişdir ki, ilkin olaraq həmin şəxsə bu pulu versin ki, işi düzüb qoşa bilsin. O da həmin pulu dayısı Zakirdən aldıqdan sonra Faiqlə əlaqə saxlamış və Faiq ona hazırda Bakı şəhərində olmadığını 3-4 gündən sonra Bakı şəhərinə gələcəyini bildirmişdir. Eyni zamanda dayısı X15 adlı şəxsə kömək olunacağı və həmin şəxsə dair sənədləri ona təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində o yaxın dostu Sübhanla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “NUR” kafesində Təqsirləndirilən şəxs ilə görüşmüşlər. O dayısı Zakirin verdiyi 14.500 manat pulu, eləcə də Taryel Qurbanova dair sənədləri Təqsirləndirilən şəxs vermiş və bildirmişdir ki, yaxın gündə 13.500 manat da verəcəkirdir. Faiq də orada Taryel Qurbanovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cəza təyin edilən zaman 6 il cəza alacağı barədə söz vermişdir. Bu söhbətdən 3-4 gün sonra o dayısı Zakirlə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində görüşmüşdür və dayısı Zakir ona 13.500 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə yaxın dostu Sübhanla əlaqə saxlamış və Sübhanla Sahil qəsəbəsində görüşüb 13.500 manat pulu Sübhana vermiş və demişdir ki, həmin pulu Təqsirləndirilən şəxs çatdırsın. Həmin gün axşam saatlarında Sübhan ona zəng vurub bildirmişdir ki, 13.500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs işin nə yerdə olduğu ilə maraqlandıqda Faiq hər dəfəsində demişdir ki, narahat olmasınlariş düzələcək. Bu minvalla Faiq onları aldatmış və Taryel Qurbanova Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi tərəfindən 11 il 06 ay cəza təyin edilmişdir. Bundan sonra 28.000 manat pulu vermiş Almaz adlı şəxs dayısı Zakirdən pulunu tələb etmişdir. Dayısı Zakir də 28.000 manat pulu Təqsirləndirilən şəxs tələb etdikdə Faiq pulu xərclədiyini yaxın günlərdə pulunu qaytaracağına söz vermişdir. Bundan sonra dayısı Zakir Almaz adlı şəxsə öz vəsaiti hesabına 28.000 manat pul ödəmışdır. Daha sonra dayısı Zakir Təqsirləndirilən şəxs barəsində polisə şikayət etmişdir. Məhkəmə iclasında Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 Məmməd oğlunun göstərdiklərini təsdiq etmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi, xx.xx.2023-cü il tarixdə fakt üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il qərarı ilə barəsində xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsiin 38-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Qaradağ Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Çələbizadə X4 şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasənAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən hökmdən CM-nin 178.2.4-cü maddəsi xaric edilərək cəzası 03 il 03 ay müddətinə endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzadan 08 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmış və məhkumluğu ödınilmişdir. İş materillarında olan AZEMİS elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X8 adında xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı vardır. İş materillarında olan vəsiqələrin surətindən görünür ki, X7 “Xocəvəndin azad edilməsinə görə”, “Zəngilanın azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, oğlunun “Vətən müharibəsi”-ndə iştirak edərək medallarla təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər də eyni əmələ görə məhkum edilməsini, məsuliiyətini yüngülləşdirən halları, mülki iddiaçının ona dəymiş ziyanı tələb etməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs tutma altında və ev dustaqlığında olduğu 02 (iki) ay ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən tutulduğu vaxtdan, yəni 14 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 181.1 və 181.1.1-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində mülki iddiaçı X9 maddi ziyan dəymişdir və mülki iddiaçının bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, mülki cavabdehin isə həmin zərərin əvəzini ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddaçı X11 tərəfindən verilmiş mülki iddia təmin edilməli və 28000 (iyirmi səkkiz min) manat pul Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı X9 ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki tüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, müsadirə edilməsi təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında və ev dustaqlığında olduğu 02 (iki) ay nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 14 noyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. X11 tərəfindən verilmiş mülki iddia təmin edilsin və 28000 (iyirmi səkkiz min) manat pul Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı X9 ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki tüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə məhkəmə xərci, maddi sübut, müsadirə edilməsi təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-23/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-23/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver