Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-231/2023 10.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3 və 67.1-ci maddələri tətbiq edilməklə 02 il 05 ay 22 gün azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırması cəzasının çəkilməmiş hissəsi 01 il 01 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Quba şəhəri, Əliqulu Nərimanov küçəsi, ev 23-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi nömrəsiz fərdi tikili evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə, saat 20:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Nizami küçəsində yerləşən «Coşqun» marketin yaxınlığında xidmətdə olan Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilmiş, dəvət edilmiş müdafiəçinin iştirakı ilə saat 22:15 radələrində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,907 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, narkotik və psixotrop maddələrin aludəçisi olduğu üçün arada bir tanımadığı şəxslərdən əldə edib qəbul edir. Bir neçə gün öncə təsadüfən “İnstagram” sosial şəbəkəsində adını bilmədiyi özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etdiyi üzdən görmədiyi bir şəxs ilə tanış olmuşdur. Həmin şəxs onun narkotik alüdəçisi olduğunu bildikdən sonra bir çet (kakos) yəni narkotik vasitə olan heroini ona pay verəcəyini, əgər xoşuna gələrsə bundan sonra ondan alacağını bildirmişdir. O, həmin şəxslə razılaşandan sonra narkotiki müvafiq ərazidə işarələnmiş yerdən əldə edə biləcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə həmin şəxs ilə əlaqə saxlayarkən o, həmin günü axşam radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinə getməyini, hal-hazırda adını unutduğu marketin qarşısında “Milli-ön” aparatının yan hissəsində yerdən bir çet narkotik vasitəni götürə biləcəyini bildirmişdir. O, da həmin şəxsin dediyi kimi həmin gün axşam radələrində Ələt qəsəbəsinə, qeyd edilən yerə getmişdir. “Milli ÖN” aparatı nəzərdən keçirdikdə yan hissəsində yerdən gümüşü kağız kəsiyində bir çet büküm tapıb yerdən götürmüşdür. Açıb içərisinə baxdıqda çetin içərisində narkotik vasitə kakos olduğunu görmüşdür. Bükümü cibinə qoyub oradan bir neçə addım uzaqlaşan zaman iki nəfər polis əməkdaşı onu saxlayaraq bölməyə gətirmişlər. Bölmədə üzərinə aparılan axtarış zamanı narkotik vasitəni cibindən çıxararaq təqdim etmişdir.Törətdiyi əməldən peşmandır. İş üzrə şahid Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə xidmətdə olduqları zaman saat 20:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Nizami küçəsində «Coşqun» marketin yaxınlığında bir nəfər şəxsin zahiri görnüşü diqqətlərini cəlb etdiyi üçün həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs danışarkən gözlərinin axması, davranışları və eləcə də həyəcanlanması, verilən suallara qeyrimüəyyən cavab verməsi onun narkotik alüdəçisi olması şübhəsini göstərmişdir. Həmin şəxsdən narkotik qəbul edib-etməməsini və üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmamasını soruşduqda o, qeyri-səmimilik göstərərək yenidən həmin yerdən uzaqlaşmağa çalışdığını görüb həmin şəxs tərəflərindən saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət edilmişdir. Qaradağ RPİ-nin 11-ci PB-də məlum olmuşdur ki, həmin şəxs Qaradağ rayon Quba rayonu sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə, görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən kağız kəsiyində bir büküm çıxararaq masanın üzərinə qoymuşdur. Bükümün içərisində «kakos» yəni narkotik vasitə heroin olmasını, öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Aşkar olunmuş büküm açılaraq içərisinə baxdıqda içərisində qəhvəyi rəngli toz şəklində maddə müəyyən edilmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin maddəni sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran vətəndaşından əldə etmişdir. Aşkar edilmiş həmin büküm, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və onlar həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti yoxdur. Ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməyibdir. Tədbir keçirilsə də onun narkotiki İrandan əldə etməsi faktı təstiqini tapmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı andan şəxsi axtarış və götürmə aparılma anınadək daim nəzarətdə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. İş üzrə şahid Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə şahid Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 qeyd etdiklərini təsdiq etmişdir. İş materiallarında olan 10 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçi X1 və polis əməkdaşları Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakları ilə şəxsi axtarış və götürmə aparılır.Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən siqaretin gümüşü kağızı kəsiyində bir bükümü çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisindəkinin narkotik vasitə “kakos” olmasını, həmin narkotik vasitəni “İnstaqram” sosial şəbəkəsi ilə danışdığı tanımadığı İran Respublikası vətəndaşəndan pay almasını və Ələt qəsəbəsində yerləşən «Coşqun» marketin yanından götürdüyünü bildirir. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar edilir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1502 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 223№” möhür əksi, Təqsirləndirilən şəxs aşkar olunmuş...” və. sözlər, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,907 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,907 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,857 qram İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2022 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,907 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,857 qram heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 12 mart 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək MSY-dən azad edlmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3 və 67.1-ci maddələri tətbiq edilməklə 02 il 05 ay 22 gün azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırması cəzasının çəkilməmiş hissəsi 01 il 01 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu iki gün, ona cəza təyin edilərkən nəzərə alınmaldır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 110 (bir yüz on) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,857 qram heroin məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 12 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 110 (bir yüz on) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,857 qram heroin məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-231/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-231/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver