Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-235/2023 09.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib saxlamaqla daşımış, 28 mart 2023-cü il tarixdə saat 09:40 radələrində Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmiş, polis şöbəsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaqı keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,643 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, tutulduğu gün üzərində narkotik vasitə olmadığını bildirmişdir. O, Anar adlı şəxsdən həmin gün narkotik vasitə əldə etmək məqsədilə Lökbatan qəsəbəsində Anarın evinin qarşısına gəlmiş, qapını açmağa hazırlaşarkən polis əməkdaşı Şahid3 tərəfindən tutularaq şöbəyə gətirilmişdir. Şahid3 ilkin olaraq ona oğurluqla bağlı şöbəyə getməli olduğunu desə də, şöbədə olarkən narkotik vasitə daşıması ilə əlaqədar tutulduğu ona məlum olmuşdur. Müdafiəçi dəvət olunduqdan sonra videoçəkiliş aparmaqla onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, o, əvvəl narkotik vasitəni tapdığını bildirmiş, daha sonra isə tanımadığı şəxsdən 30 manata aldığını qeyd etmişdir. Ozunu təqsirli bilərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntü və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 mart 2023-cü il tarixdə əməliyyat qrupunda olmuşdur. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü massiv, ev 56 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitəsi istifadəçisi olduğu üçün digər bir şəxslə bərabər polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra müvafiq raport tərtib olunmuşdur. Təhqiqat araşdırması zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə xidməti otaqda, videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxladığı qeyri-qanuni əşya və ya maddəni təqdim etməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli şəffaf sellofanda olan bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra onun üzərində şəxsi axtarış aparılmış, üzərindən başqa əşya aşkar olunmamışdır. Sonra narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq möhürlənmiş və təhqiqatçı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol və qablaşdırılmış zərf imzalarla təsdiq olunmuşdur. Videoçəkiliş Şahid2 tərəfindən aparılmışdır. Əlavə olaraq sualları cavablandırarkən qeyd etmişdir ki, əməliyyat tədbirlərinin çoxluğu səbəbindən Təqsirləndirilən şəxs tutulub saxlandığı vaxtı dəqiqliklə xatırlamasa da polis şöbəsində üzərindən müəyyən edilərək götürülmüş narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Şahid Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sabiq əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin digər əməkdaşı Şahid1 ifadəsi ilə oxşarməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasına şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, o həmin gün, yəni xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunda olsa da Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində görərkən isə sonuncu ondan məsuliyyətdən yayınmasında köməklik göstərilməsini xahiş etmiş, o isə imtina etmişdir. Uşaqlıq illərinin eyni məhəllədə keçməsinə əsaslanaraq, həmçinin polis əməkdaşı olduğuna görə Təqsirləndirilən şəxs ona kömək edə biləcəyini düşünmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ərazidə ximət göstərdiyi üçün Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması barədə məlumatı olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs polis şöbəsində saxlanılarkən şöbənin əməkdaşları tərəfindən ona heç bir fiziki zor tətbiq edilməmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 23-cü vərəqəsində olan 28 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 09:30-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2023-cü il tarixli 6/1764 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №222” dairəvi möhür əksi olan, “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,643 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroin təmiz çəkisi -0,643 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,593 qramdır. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 52-ci vərəqəsində olan cinayət işinin icraata qəbul edilməsi haqqında 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi V.Xalıqov tərəfindən icraata qəbul edilmişdir. Cinayət işinin 61-62-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 79-80-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və cinayət işinin 96- 97-ci vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən isə qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı ilə çəkilməmiş cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 01 may 2023cü il tarixli 2554 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 102-106-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus götürülmüş təmiz çəkisi 0,643 qram 01 ədəd bükümdə olan narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi - 0,593 qram 01 ədəd bükümdə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin xidməti otaqlarının birində videoçəkiliş aparılmaqla həyata keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla saxlanması qadağan edilmiş əşya və ya predmetin könüllü təqdim olunması təklif edilir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli şəffaf sellofanda olan bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, Qobu kəndindən 30 manata öz istifadəsi üçün aldığını bildirir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə baxmayaraq, narkotik vasitənin ona məxsus olmamasına dair verdiyi ifadəni özünü müdafiə kimi qiymətləndirir və məsuliyyətdən yayınmaq niyyəti daşıdığı qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxs analoji cinayət əməli törətdiyinə görə xx.xx.2021-ci il tarixdə də təqsirli bilinərək məhkum edilmişdir. Bundan əlavə təqsirləndirilən şəxs ibtidai istintaq və videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı verdiyi ifadəsində də narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, həmçinin özünü təqsirli bildiyini qeyd etmişdir. İbtidai istintaq dövründə təqsirləndirilən şəxs bildirmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə qəbul edir. Narkotik vasitə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2021-ci ildə Qaradağ rayon məhkəməsinin hökmü ilə 1 il 08 ay 28 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Narkotik vasitəni müxtəlif yerlərdən, tanımadığı şəxslərdən əldə edir. Lakin mütəmadi istifadəçisi, yəni aludəçisi deyil, arabir, ay ərzində 4-5 dəfə istifadə edir. Sonucu dəfə 27 mart 2023-cü il tarixdə axşam saatlarında Qobu qəsəbəsində tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin əldə edərək əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. 28 mart 2023-cü il tarixdə səhər saatlarında Lökbatan qəsəbəsində olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirmiş, onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Qaradağ RPİ-nin 10-cu Polis şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs qismində saxlanılmış, hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamazdan əvvəl ona üzərində saxladığı qanunsuz əşyanı könüllü təqdim etməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü masanın üzərinə qoymuş və narkotik vasitə heroin olduğunu, Qobu qəsəbəsində tanımadığı şəxsdən 30 manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, o, müdafiəçi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu saxlayarkən və üzərində şəxsi axtarış aparan zaman heç bir zor və fiziki təyziq göstərməmişlər. O narkotik vasitəni əldə etdiyi şəxsi tanımır, anket məlumatları barədə heç bir məlumatı yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü ilə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı ilə çəkilməmiş cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq iki il keçmədən yəni 28 mart 2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdıran halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasında davranışını, özünü təqsirli bilməməsini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, həmçinin narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 01 may 2023-cü il tarixli 2554 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,593 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 43 (qırx üç) iş saatı hüquqi xidmətə görə 258 (iki yüz əlli səkkiz) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3, məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,593 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımlarlar bağlı 258 (iki yüz əlli səkkiz) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 və 120 (yüz iyirmi) manat Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-235/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-235/2023
09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver