Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-235/2024 31.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Müdafiəçi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakı ilə, Gülnar Təhmirazovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Gülnar Təhmirazovanın məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayət ərizəsinə uyğun məzmunda ifadə verərək göstərmişdir ki, onun Bakı şəhəri Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən mənzilinə çirkab suları axır. O bununla bağlı qonşusu Gülnar Təhmirazovaya iradını bildirsə də G.Təhmirzova ona təhqiramiz cavablar vermişdir. Sonuncu dəfə evdən çıxarkən Gülnar Təhmirazovaya eyni hallarla bağlı irad bildirmiş, G.Təhmirazova ona cavab vermədən evinə daxil olmuş, o isə öz işlədiyi 123 saylı MKİS-ə getmişdir. İş yerində olduğu vaxt Gülnar Təhmirazova onun iş yerinə daxil olmuş mühasibin yanında onu əxlaqsız adlandıraraq təhqiramiz ifadələr işlətmiş, bundan sonra 102 xidməti zəng mərkəzinə müraciət edərək onun barəsində təhqiramiz ifadələr səsləndirilməsi barədə şikayət etmişdir. O, bu hadisə nəticəsində təhqir edilmişdir. Odur ki, G.Təhmirazovanın məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Gülnar Təhmirazovanın ata adı və digər anket məlumatları ona məlum deyildir. Məhkəmə hazırlıq iclasında Müdafiəçi xüsusi ittiham qaydasında şikayətin forma və məzmunun Azərbacan Respublikası CPM-nin tələblərinə uyğun olmadığını, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin şəxsiyyətini müəyyən etməyin mümkün olmadığını, həmçinin hadisəni görən şəxslər dairəsinin dəqiq müəyyən edilmədiyini və sübutların kifayət qədər olmadığını nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində göstərilir ki, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinin tələbindən aydın olur ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 293.3.3-cü maddəsinin tələbindən aydın olur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi xüsusi ittiham qaydasında şikayətdə göstərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293 və 302-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Gülnar Təhmirazovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 şikayəti üzrə xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X2 izah edilsin ki, şikayət etdiyi şəxsin müəyyən edilməsi və barəsində tədbir görülməsi məqsədilə yenidən aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmək hüququ vardır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-235/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-235/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver