Məhkəmə qərarları › İş №1(002)-236/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-236/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-236/2021 31.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs xx xxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, dalan 4 ünvanında yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X13 03 may 2021-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 5d, mənzil 44 ünvanında qayınanası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı sonuncunu vuraraq, Zərərçəkmiş şəxs başın sağ gicgah nahiyəsinin dərialtı hematoması və iki ədəd səthi əzilmiş yaraları, sol dirsək oynağının, sağ bazunun, sağ baldırın və sağ budun qançırı kimi sağlamlığa yüngül zərər vurmaya xarakterik xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X13 ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Validə qayınanasıdır, əvvəllər münasibətləri yaxşı olmuşdur. Son zamanlar Validə mütəmadi olaraq onun ailəsinə müdaxilə etmiş, bu səbəbdən münasibətləri pozulmuşdur. 2021-ci ilin mart ayında aralarında mübahisə yaranmış o, həyat yoldaşı ilə birlikdə kirayə ev tutaraq evdən köçmüşdür. 03.05.2021-ci tarixdə o, həyat yoldaşı Orxanla birlikdə qaynanasıgilə gəlmiş, Validə oğlu Orxana onu nə üçün gətirdiyini, tək gəlməsini söyləmiş, bu zaman o əcəb edib gəldiyini demişdir. Validə ilə aralarında söz mübahisəsi yaranmış, Validə onun atasını söymüş o, əsəbiləşərək qənd qabını Validənin üzərinə atmışdır. Validə başından xəsarət almış, Orxan onları ayırmışdır. Hadisə vaxtı evdə başqa heç kəs olmamış, mübahisə ümumilikdə 3-5 dəqiqə davam etmiş, hadisə zamanı özüdə xəsarət alsa da şikayət etməmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Əlavə olaraq göstərmişdir ki, heç bir yerdə işləməməklə bir yaşında olan uşağına baxmaqla məşğuldur və maddi cəhətdən çox böyük çətinliklə yaşayırlar. Ona cərimə cəzası təyin ediləcəyi təqdirdə cəriməni ödəmək imkanı olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Nuranə gəlinidir. Əvvəllər münasibətləri yaxşı olmuş, aralarında heç bir mübahisə olmamışdır. Son zamanlar gəlini Nuranə özbaşına hərəkətlər etdiyi üçün münasibətləri pozulmuşdur. 2021ci ilin mart ayında aralarında oxşar mübahisə yaranmış, gəlini ilə oğlu evi tərk edərək ayrı yaşamağa başlamışlar. 03.05.2021-ci il tarixdə Nuranə ilə Orxan onlara gəlmiş, həmin vaxt oğlu Orxana “gəlirdin tək gələrdin bunu niyə gətirirdin” ifadəsini işlətmiş, Nuranə bu sözə cavab olaraq əcəb edib gəldiyini demiş və aralarında söz mübahisəsi yaranmışdır. O, Nuranəni söymüş, bu zaman Nuranə qənd qabını onun başına çırpmışdır. Hadisə vaxtı evdə başqa heç kəs olmamış, mübahisə ümumilikdə 3-5 dəqiqə davam etmiş, hadisə zamanı Nuranəyə heç bir xəsarət yetirməmişdir. O öz ifadəsində son olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu və onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Validə anasıdır, Nuranə həyat yoldaşıdır. Əvvəllər münasibətləri yaxşı olmuşdur. 03.05.2021-ci il tarixdə saat 21 radələrində o, Nuranə ilə birlikdə anasıgilə getmişdir. Nuranə ilə anası Validə arasında mübahisə yaranmış, Nuranə qənd qabını Validənin başına vurmuşdur. Həmin vaxt evdə özlərindən başqa heç kəs olmamış, dayısı Sabir davadan sonra onlara gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Validə bacısıdır, Nuranə bacısının gəlinidir. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Son zamanlar Nuranə bacısı ilə tez-tez mübahisə etdiyi üçün münasibətləri pozulmuşdur. 03.05.2021-ci il tarixdə bacısı Validə ona zəng vurub gəlini Nuranənin onu döyməsini demiş, o, Validəgilə gəlmişdir. O, gələndə artıq dava bitmişdir. O, Nuranəni vurmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X18 11 may 2021-ci il tarixli 264 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər başın sağ gicgah nahiyəsinin dərialtı hematoması və iki ədəd səthi əzilmiş yaraları, sol dirsək oynağının, sağ bazunun, sağ baldırın və sağ budun qançırları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 3-4 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi yəni 03.05.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən aydın olur ki, təqsirləndirilən şəxs X5 məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 ilə X13 13 dekabr 2018-ci il tarixdə nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10.09.2019-cu il tarixdə doğulmuş X4 anası X7r. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, X5 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. X5 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, X5 əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. X5 əməlində ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X8 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təhqiqat zamanı X5 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili X3 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X9 göstərilmiş hüquqi yardımla bağlı 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 60 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X13 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X5 üzərinə: yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, dalan 4 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X13 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. X9 göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar