Məhkəmə qərarları › İş №1(002)-236/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-236/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-236/2023 18.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı orta təhsilli, evli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 2000 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəriməni tam olaraq ödəmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə 0,362 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 02 ədəd konvalyut kəsiyində narkotik vasitə ümumi miqdarı 0,1 qram olan 02 ədəd bütöv və 01 ədəd yarım metadon həbini əldə edib üzərində saxlamaqla Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində daşımış, 08 mart 2023-cü il tarixdə, saat 18:50 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən yerüstü keçidin yaxınlığında saxlanılıb Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilərək xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən həmin çəkidə narkotik vasitə olan heroin və metadon həbləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, avtoyuma məntəqəsində işləyir. 3-4 ay olar ki, narkotik maddə qəbul edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 19.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən yerüstü keçidin yaxdığından keçib gedərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra, ondan Rüfət olub-olmadığını soruşmuşlar. O isə həmin şəxslərə özünü təqdim etmişdir. Bundan sonra ona, narkotik vasitələrin, qanunsuz dövriyyəsində, şübhəli olduğu bildirilmiş və onu 11-ci PB-yə gətirmişlər. Polis bölməsində o, könüllü olaraq əynindəki gödəkcənin cibindən 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş olan bükümü və 02 ədəd bütöv və 01 ədəd yarım həbi masanın üzərinə qoyaraq, bükümün içərisindəki narkotik maddə olan heroindir, həblər isə metodon həbidir və özünün olduğunu bildirmişdir. Həmin narkotik vasitəni istifadəsi üçün də Ziko adlı şəxsdən Bakı şəhəri, Yasamal rayonu ərazisində Asan xidmətin yaxınlığında almışdır. 15 manat kakosa görə, 45 manat isə metadon həblərinə görə pul ödəmişdir. Törətdiyi əməldən peşmandır. Himayəsində azyaşlı uşağı var. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 11-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 mart 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində “Rüfət” adlı şəxsin olduğu yer müəyyən edilmiş və həmin gün saat təxminən 18 radələrində əməliyyat qrupunun üzvü Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən yerüstü keçidin yaxınlığına gəldikdə xarici əlamətləri “Rüfət” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin olduğunu görərək sonuncuya yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bölməyə gətirildikdən sonra təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd gümüşü rəngli siqaret kağızında olan bükümü və 02 ədəd bütöv, 01 ədəd isə yarım həbi çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan kakos kimi tanıdığı heroin və həblərin isə metadon həbi olduğunu bildirmişdir. Həmin büküm açılarkən içəsirində qəhvəyi rəngli maddə aşkar olundu. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Yasamal rayonu ərazisində yerləşən “ASAN xidmətin” yaxınlığında “Ziko” adlı şəxslə görüşərək, öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 11-ci polis bölməsinin sahə inspektoru Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 08 mart 2023-cü il tarixli “Şəxsi Axtarış və Götürmə” protokoluna əlavə edilmiş 01 ədəd DVD formatında diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci polis bölməsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçi X2 və Qaradağ RPİ-nin 11-ci polis bölməsinin sahə inspektoru Şahid3, həmin bölmənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmadığı soruşulur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd gümüşü rəngli siqaret kağızında olan bükümü və 02 ədəd bütöv, 01 ədəd isə yarım həbi çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan kakos kimi tanıdığı heroin və həblərin isə meadon olduğunu, həmin narkotik vasitəni 04 mart 2023-cü il tarixdə Yasamal rayonu ərazisində yerləşən “ASAN xidmətin” yaxınlığında yerləşən “Təndir evinin” qarşısında “Ziko” adlı şəxslə görüşərək, 15 manat müqabilində heroini, 45 manat müqabilində isə metadon həblərini öz istifadəsi üçün aldığını bildirir. Bundan sonra büküm iştirakçıların yanında zərfə qoyulub möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1427 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş....” sözləri, soyadlar və imzalar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,362 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “..40” göstəricisi olan iki ədəd konvalyut kəsiyində ayrı-ayrılıqda 01 həb; 01 həb və ½ həb olmaqla ümumilikdə 2,5 ədəd həb metadondur, təsiredici maddəsinin ümumi miqdarının 0,1 qram (üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram) olduğu müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsin xx.xx.2023-cü il tarixli, 2973-nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə 0,362 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 02 ədəd konvalyut kəsiyində təsiredici maddəsinin ümumi miqdarı 0,1 qram olan 02 ədəd bütöv və 01 ədəd yarım metadon həbi və 01 ədəd «DVD» disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, 01 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,312 qram qalığı və metadonun 1 ədəd bütöv, 1 ədəd yarım həb qalığı bir ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Qaradağ RPİ-nin müvəqqəti saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 2000 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəriməni tam olaraq ödəmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi və səmimi peşmançılığı, himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasınu, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0.312 qram narkotik vasitə heroin və 1 ədəd bütöv, 1 ədəd yarım narkotik vasitə metadon həbləri məhv edilməli, 01 ədəd içərisində videogörünütü olan «DVD» disk iş materiallarında saxlanlmalıdır. İş üzrə 80 manat (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0.312 qram narkotik vasitə heroin və 1 ədəd bütöv, 1 ədəd yarım narkotik vasitə metadon həbləri məhv edilsin və 01 ədəd içərisində videogörünütü olan «DVD» disk iş materiallarında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 80 manat (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar