Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-239/2023 20.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən cəzası 03 ilə endirilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 16 may 2023-ci il tarixdə, saat 16.00 radələrində fəhlə kimi işlədiyi ünvan 3 ünvanında Zərərçəkmiş şəxs pul kisəsinin stolun üstündə olmasından istifadə edərək gizli yolla həmin pul kisəsindən Zərərçəkmiş şəxs məxsus 1170 manat pulu oğurlayaraq, zərərçəkmişə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 may 2023-cü il tarixdə saat təxminən 13-14 radələrində Lökbatan qəsəbəsində yerləşən Kolxoz bazarının arxa hissəsində olan kafedə spirtli içki olan araq içmişdir. Saat təxminən 15.00 radələrində “Kingsmart” mağazasının qarşısında yük maşınları və fəhlələr dayanan yerə getmişdir. Orada olarkən bir nəfər şəxs fəhlə axtardığı üçün onun durduğu yerə yaxınlaşmışdır. Həmin şəxs yaşadığı evdə olan taxta parçalarının üzərindəki mismarları çıxartmaq üçün fəhlə axtardığını bildirmişdir. O, həmin şəxsdən həmin işin müqabilində nə qədər pul verəcəyini soruşduqda 20 manat verəcəyini demişdir. O, isə 30 manat versə, həmin işi görə biləcəyini demişdir. Həmin şəxs onunla razılaşmış və o, həmin şəxsin idarə etdiyi maşınla onun yaşadığı evə getmişdir. Orada o, həmin şəxsin göstərdiyi taxtalardan mismarları çıxarmağa başlamışdır. Bir qədər işlədikdən sonra o, su içmək üçün evə daxil olmuş və koridordan görmüşdür ki, otaqların birində stolun üstündə qara rəngli pul kisəsi qoyulmuşdur. Həmin vaxt onu gətirən ev sahibi evin damına çıxıb iş görmüşdür. O, içkili olduğu üçün tamah ona güc gəlmiş və pul qabını açıb içərisində olan pulu götürmüşdür. O, götürdüyü pulu cibinə qoyub siqaret almaq adı ilə evdən çıxıb həmin evdən uzaqlaşmış və avtobusa əyləşib Lökbatan qəsəbəsində avtobuslar dayanan “mərkəz” adlanan yerə gəlmiş, oradan isə taksiyə əyləşib 20 Yanvar metrostansiyana getmişdir. Orada dəqiq xatırlamadığı kafedə oturub pivə içmişdir. Gecə saatlarında taksi ilə yaşadığı evə qayıtmışdır. Səhəri günü, yuxudan oyananda oğurladığı puldan cəmi 150 manat pul qaldığını bilmişdir. 17 may 2023-cü il tarixdə Lökbatan qəsəbəsində “Kingsmart” mağazasının qarşısında yük maşınları və fəhlələr dayanan yerə getdikdə pulunu oğurladığı, sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşmış və onlar polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişlər.O, əlavə suallara cavab olaraq bildirmişdir ki, sərxoş olduğundan ola bilərdi ki, pulları düz saymayıb və zərərçəkmiş şəxsə 1170 manat ziyanın dəyməsini qəbul edir.Törətdiyi əməldən peşmandır.Zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışmışdır. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı ünvanda təmir işləri aparmaq məqsədilə evin həyətində olan taxtaların üzərində olan mismarları çıxartdırıb həmin taxtalardan evin mətbəxi üçün mebel düzəltdirmək istəmişdir. 16 may 2023-cü il tarixdə təxminən günorta saatlarında qeyd etdiyi taxtalardan mismarları çıxartmaq üçün fəhlə tapmaq üçün Lökbatan qəsəbəsində "Kingsmart” mağazası ilə üzbəüz yerdə yük maşınları və fəhlələrin dayandığı yerə getmişdir. Orada olan fəhlələrə taxta parçaların üzərindən mismarları çıxartmaq üçün fəhlə axtardığını demiş, həmin fəhlələrin arasından bir nəfər şəxs mənə yaxınlaşıb özünü Ruslan kimi təqdim edərək 30 manat əmək haqqı müqabilində həmin işi görəcəyini demişdir. O, Ruslanla razılaşıb onu götürüb yaşadığı evə gətirmişdir. Həmin şəxs həyətdə işləməyə başlamışdır. O, evə daxil olaraq cibində olan qara rəngli pul kisəsini və əynində olan gödəkçəni çıxarıb evdə olan stolun üstünə qoymuş və həyətə çıxmış, gödəkçəni pul kisəsinin üstünə atmışdır ki, görünməsin. Bir qədər sonra siqareti maşında qaldığından onu götürmək üçün maşınına yaxınlaşmışdır. O, maşının yanında siqaret çəkən zaman Ruslan yaşadığı evin həyətindən çıxaraq siqaret almaq üçün mağazaya getdiyini bildirmişdir. Lakin 1-2 saat gözləsə də Ruslan qayıtmamışdır. O, evdən pul kisəsini və gödəkçəsini götürüb sement almaq üçün Lökbatan qəsəbəsi, 28 May küçəsində 1001 xırdavat mağazasına getmişdir. Orada sement alıb pulunu ödəmək pul kisəsinə baxdıqda ona məxsus pulların oğurlandığını müəyyən etmişdir. Bundan sonra o oğurluq barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Şahid məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyin bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur, təxminən 4-5 gündür ki, Elməddinin Lökbatan qəsəbəsi, 1-ci massiv, ev 37 ünvanında yerləşən evində təmir işləri görür və orada da qalır. 16 may 2023-cü il tarixdə günorta saatlarında Elməddin evi həyətində olan taxtalardan mismarları çıxarmaq üçün Ruslan adında fəhlə gətirmişdir. Həmin vaxt o da Elməddinin evində yataq otağında işləmişdir. Ruslan bir qədər işlədikdən sonra Elməddinin çöldə olmasından istifadə edib evə girmişdir. Həmin vaxt nəsə səs gəlmiş, o, Elməddinin çölə çıxdığını bildiyi üçün dərhal digər otağa keçdikdə Ruslanı soyuducunun yanında görmüşdür. O, Ruslandan evdə nə iş gördüyünü soruşduqda Ruslan su axtardığını bildirmişdir. O, mətbəxdən su götürüb Ruslana vermiş və Ruslan həyətə çıxıb işini davam etmişdir. Bir qədər sonra Ruslanın həyətdə olmadığını görüb Elməddindən soruşmuşdur. Elməddin Ruslanın siqaret almağa getdiyini demişdir. O, işini davam etmişdir. Bir qədər sonra sement almaq lazım olmuş, Elməddin sement almağa getmişdir. Bir qədər sonra Elməddin ona zəng vurub bildirmişdir ki, pul qabısından 1170 manat pulu yoxdur, fəhlə kimi gətirdiyi Ruslan pulunu oğurlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən cəzası 03 ilə endirilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmişdir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilərək Qaradağ RPİ MSY-dən azad edilmişdir.. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimaitəhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut kimi tanınmış 50 (əlli) manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saat hesabı ilə 150 (bir yüz əlli) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat hesabı ilə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsindən seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 50 (əlli) manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saat hesabı ilə 300 (üç yüz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat hesabı ilə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabınaödənilsin. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-239/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-239/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver