Məhkəmə qərarları › İş №1(002)-24/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-24/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-24/2023 20.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" Teleradio və Yayım Şirkətinin texniki departamentində növbə rəisi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tanışı Şahid1 psixotrop maddə alması barədə xahişinə əsasən tanışı X9 ilə danışıb 100 manat pul müqabilində sonuncudan psixotrop maddə almaq barədə razılaşaraq 22 aprel 2022-ci il tarixdə Gülnarə Gözəlovanın onu istiqamətləndirməsi ilə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 61 ünvanında yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən su sayğacının plastik qutusunun içərisinə Şahid1 aldığı 100 manat pulu qoyaraq orada olan şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd sellofan torbacıqda, ümumi təmiz çəkisi 0,0271 qram psixotrop maddə AB-Pinacanı götürərək satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, “Bakı dairəvi yol qovşağı” adlanan yerdən Sədərək ticarət mərkəzi istiqamətində gedən yolda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin həyətində Şahid1 çatdırmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. "xxxx" Teleradio və Yayım Şirkətinin texniki departamentində növbə rəisi işləyir. Zərdab rayon sakini Elçinlə aralarında dostluq münasibəti olmasa da onu təxminən bir il olar ki, tanıyırmış. Onunla təxminən bir il bundan qabaq Bakı şəhərində yerləşən "Sədərək" ticarət mərkəzində tanış olmuşdur. O, "Sədərək" Ticarət mərkəzində olan zaman Elçin ona yaxınlaşaraq ev üçün pərdə və karniz almaq istəməsini bildirmişdir. Həmin ticarət mərkəzi böyük olduğu üçün keyfiyyətli malın seçilməsində Elçinə kömək etmişdir. Beləliklə onların tanışlıq münasibətləri yaranmışdır. Elçinlə tanış olduqdan sonra mütəmadi olmasa da bayramlarda təbrik üçün bir-biri ilə əlaqə saxlamışlar. Elçin ona zəng edərək özünün istifadəsi üçün "spays" lazım olduğunu və ondan həmin narkotik vasitədən tapmağı xahiş etmişdir. Bir neçə gün sonra Elçin yenidən ona zəng edərək məsələnin nə yerdə olduğunu soruşduqda o, bir neçə günə təşkil edəcəyini bildirmişdir. Elçin pul cəhətdən narahat olmamağı, aprel ayının 22-si Bakıda olacağını, o vaxta qədər onun tapmasını istəmişdir. Aprel ayının 22-si saat təxminən 14-15 radələrində Bakı şəhərində "Bakı dairəvi yol qovşağı" adlanan yerdən Sədərək ticarət mərkəzi istiqamətinə gedən yolda yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsinin həyətində Elçin ilə görüşmüşdür. O, Elçinə hər biri ayrılıqda 0,2 və yaxud 0,3 qram olan iki bükümdə "spayse" adı ilə tanıdığı narkotik vasitəni vermişdir. Bunun qarşılığında Elçin ona 100 manat nağd pul ödəmişdir. Elə həmin yerdə Elçinlə sağollaşıb şəhərə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində "xxxx" Teleradio və Yayım Şirkətinin işdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb şübhəli olduğu üçün onu rayon Zərdab rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Zərdab rayon Polis Şöbəsinə gəlmişdir. Zərdab rayon Polis Şöbəsinə gəldikdən sonra şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Üzərində şəxsi axtarış keçirilən zaman heç bir cinayət xarakterli əşya, predmet və narkotik vasitə aşkar edilməmişdir. Üzərində olan mobil telefonu, iki qutu siqaret, alışqan, eynək, 30 manat pul, iş vəsiqəsi və açarlar ona qaytarılaraq, bu barədə tərtib olunmuş protokolu digər iştirakçılar kimi o da imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, məhkumluğunun olmamasını, 2 azyaşlı övladının onun himayəsində yaşamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Zərdab rayon CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 26 aprel 2022-ci il tarixdə onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16 radələrində Təqsirləndirilən şəxs işlədiyi "xxxx" Teleradio və Yayım Şirkətində olarkən ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmiş və onu Zərdab RPŞ-yə dəvət etmişlər. Zərdab RPŞ-nin müstəntiqi Şahid Lətifovun xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman üzərindən narkotik vasitə və ya cinayət xarakterli hər-hansı əşya, predmet aşkar edilməmişdir. Bu barədə onlar tərəfindən protokol tərtib edilərək imzalanmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Zərdab rayon CAB-nin baş əməliyyat müvəkkili Şahid3 və Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişdir. Şahid3 31 oktyabr 2022-ci il tarixdə məhkəmənin elektron ünvanına ərizə ünvanlayaraq xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Həmçinin Şahid1 18 yanvar 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid3 və Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid3 və Şahid1 ifadələri elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Ramin adlı Bakı şəhər sakinini təxminən bir ildir ki tanıyır. Onunla Bakı şəhərində yerləşən “Sədərək” ticarət mərkəzində ev üçün pərdə alarkən tanış olmuşdur. Yaxın münasibətləri olmasa da hərdən bir-biriləri ilə zəngləşərək hal-əhval tuturmuşlar. Tanışlıqları zamanı ona məlum olmuşdur ki Ramin alüdəçisi olmasa da narkotik vasitə istifadəçisidir. Təxminən mart ayında Raminlə əlaqə saxlayaraq istifadəsi üçün narkotik vasitə lazım olduğunu, həmin narkotik vasitəni tapa bilib-bilməyəcəyini soruşduqda o, özü üçün əldə etdiyi halda ona da verəcəyini bildirmişdir. Bu danışıqdan təxminən 15-20 gün sonra Raminlə əlaqə saxlayaraq aprel ayının 22-si Bakı şəhərinə gələcəyini əgər təşkil edə bilirsə elə həmin gün 100 manatlıq narkotik vasitə təşkil etməsini istəmişdir. Ramin cavabında heç bir problem olmadığını elə həmin gün ona 100 manatlıq narkotik vasitə verəcəyini bildirmişdir. Onlar xx.xx.2022-ci il tarixə günorta saatlarında Bakı şəhərində "Bakı dairəvi yol qovşağı" adlanan yerdən Sədərək ticarət mərkəzi istiqamətinə gedən yolda yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsinin həyətində görüşmüşlər. Ramin ona hər biri ayrılıqda 0,2 və yaxud 0,3 qram olan iki bükümdə "spays" (və ya "banzay") adı ilə tanıdğı narkotik vasitəni vermişdir. Narkotik vasitələrə görə o, Raminə 100 manat pul vermişdir. Elə həmin gün hər biri ayrılıqda 0,2 və yaxud 0,3 qram olan iki bükümdə "spays" adı ilə tanıdığı narkotik vasitələrini götürərək Zərdab rayonuna qayıtmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Zərdab rayon CAB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsindən görünür ki, o digər Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 26 aprel 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 7/404 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid1 üzərindən.... aşkar edilmiş...” sözləri yazılmış birinci kağız paketdə bir ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 0,168 qram, üzərində “Şahid1 idarə etdiyi Toyota Corolla markalı... baxış zamanı aşkar edilmiş...” sözləri yazılmış ikinci kağız paketdə 03 (üç) ədəd gümüşü rəngli kağız bükülüdə ayrıayrılıqda təmiz çəkiləri: 0,049 qram, 0,042qram, 0,038qram, bir ədəd qara rəngli kağız bükülüdə təmiz çəkisi 0,031qram və bir ədəd göy rəngli kağız bükülüdə təmiz çəkisi 0,036qram olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid AB-PİNACA adlı psixotrop maddə vardır. Onun çəkisi - 0,0271 qram təşkil edir. Tədqiqata təqdim olunmuş bitki mənşəli kütlələr tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “...Şahid1 üzərindən... aşkar edilmiş..." sözləri yazılmış birinci kağız paketdə iki ədəd "VİCEROY” adlı siqaretlərin tərkibi yalnız tütündən ibarətdir, onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Tədqiqata təqdim olunmuş üzərində “...Şahid1 idarə etdiyi Toyota Corolla markalı...baxış zamanı aşkar edilmiş...” sözləri yazılmış ikinci kağız paketdə bir ədəd qara rəngli kağız bükülüdə təmiz çəkisi 0,740 qram olan bitki mənşəli kütlə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin kağız paketdə bir ədəd “WEST” adlı siqaretdə tütün hissəcikləri və təm._.. çəkisi 0,337 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Tədqiqata təqdim olunmuş bir ədəd qrar rəngli kağız bükülüdə və bir ədəd “WEST”adlı siqaretdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. 1)Marixuananın ümumi çəkisi 1,077 qram, tədqiqata sərf edilmiş 0,04 qram, qalıq 1,037 qram olmuşdur. 2) bitki mənşəli kütlələrin ümumi çəkisi 0,364 qram, tədqiqata sərf edilmiş 0,12 qram, qalıq 0,244 qram olmuşdur. Cinayət işinin 62-ci vərəqəsində olan 26 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 97-98-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 109-110-cu vərəqələrində olan 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərdab Rayon X12 Saxlama Yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 116-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair heç bir məlumat yoxdur. Cinayət işinin 209-210-cu vərəqələrində olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ərazi aidiyyatı üzrə göndərilməsi haqqında 18 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ********* nömrəli ayrıca cinayət işi ayrılmışdır. Cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər Qaradağ RPİ-yə göndərilmişdir. Cinayət işinin 215-ci vərəqəsində olan cinayət işinin icraata qəbul edilməsi haqqında 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Azər Zeynalovun icraatına qəbul edilmişdir. Cinayət işinin 228-ci vərəqəsində olan yenidən ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması haqqında 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 16:00-da tutulmuşdur. Cinayət işinin 231-232-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 248-249-cu vərəqələrində olan Qaradağ rayon prokuroru Zəfər Əhmədovun 28 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Cinayət işinin 250-ci vərəqəsində olan 28 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Cinayət işinin 257-258-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının 05 avqust 2022-ci il tarixli, 4302 nömrəli rəyindən, görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 273-276-cı vərəqələrində olan cinayət əməlinin tövsif edilməsi haqqında 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 278-ci vərəqəsində olan təqsirləndirilən şəxs yeni məzmunlu ittiham elan etmək haqqında 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 290-297-ci vərəqələrində olan 05 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 verdiyi və sonuncunun üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,0271 qram bitki mənşəli kütlələrin tərkibində sintetik kannabioidlərə aid AB-Pinaca adlı psixotrop maddə və 01 ədəd «DVD» disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, 01 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra psixotrop maddə AB-Pinacanın qalığının bir ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Zərdab RPŞ-nin MSSK-nə təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2014-cü il təvəllüdlü Məsumə adlı və xx.xx.2016-cı il təvəllüdlü Nailə adlı azyaşlı övladı vardır; Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında 13 oktyabr 2011-ci il tarixdə nikah bağlanmışdır. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş Yasamal rayon MKTB-nin 32 saylı MKİS tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli, 1111 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 1-də qeydiyyatdadır və ailə tərkibi arvadı X7, qızları X8 və X10 və anası X1 ibarətdir. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş Yasamal rayon MKTB-nin 32 saylı MKİS tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci ildən ünvan 1-də qeydiyyatdadır. Həmin ərazidə, qeydiyyatda olduğu müddət ərzində onun haqqında heç bir şikayət daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-308, 1-857, 1-383 və 1-332 nömrəli vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X11 “İgidliyə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Cinayət işinə əlavə edilmiş DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 26 aprel 2022-ci il tarixdə, saat 19:45-dən başlayaraq qeydə alınmışdır. Zərdab Rayon Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında istintaq qrupunun müstəntiqi Lətifov Şahid Sahib oğlu özünü təqdim edir, bundan sonra Zərdab RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 və müdafiəçi qismində dəvət edilmiş X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Bundan sonra, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs müstəntiqin təklifi ilə özlərini təqdim edir, müstəntiq sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs əynində olan qolsuz qara gödəkçəsinin sol yan cibindən qara rəngli eynəyi, qara rəngli tibbi maskanı, həmin gödəkçənin sağ cibindən bir ədəd açılmamış, ağ rəngli üzərinə "Classic" yazılmış siqaret qutusunu, 01 ədəd alışqanı "xxxx" Teleradio və Yayım Şirkətinə məxsus, üzərində adı, soyadı və fotosu olan buraxılış kartını, 01 ədəd qara rəngli android tipli mobil telefonu, şalvarının sol arxa cibindən 3 ədəd 10 manatlıq və 1 ədəd 1 manatlıq əskinaslarda olmaqla ümumilikdə 31 manat pulu və 01 qutu ağ rəngli "Classic" yazılı siqaret qutusunu təqdim edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı başqa sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə hesab edilən AB-Pinacanı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, məhkumluğunun olmamasını, himayəsində 2 azyaşlı övladının olmasını, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 26 aprel 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək, 27 iyul 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək, yəni 03 (üç) gün tutulma müddətinin Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 06 (altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının 05 avqust 2022-ci il tarixli, 4302 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 0.0271 qram psixotrop maddə olan AB- Pinacanın Zərdab Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 1(035)-35/2022 nömrəli hökmü ilə məhv edilməsi və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatı xərcinin təqsirləndirilən şəxs Şahid1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə 50 (əlli) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 45 (qırx beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 300 (üç yüz) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək, 27 iyul 2022ci il tarixdən 28 iyul 2022-ci il tarixədək tutulduğu yəni 03 (üç) gün müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Zərdab RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 0.0271 qram psixotrop maddə olan AB-Pinacanın Zərdab rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmünə əsasən məhv edilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 300 (üç yüz) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar