Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-240/2020 05.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1976-cı ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020ci il tarixdə saat 11:44-də vət. Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” ticarət mərkəzində icarəyə götürərək işlətdiyi 4-cü sıra, 4-cü korpus, 77 nömrəli “Dossi” adlanan qadın paltarlarının satışı mağazasının qarşısından sonuncunun əmlakından ibarət bağlamanın içərisində hər dəstin dəyəri 18 manat təşkil edən 72 dəst müxtəlif rəngli Türkiyə istehsalı olan şalvar və uzunqol gödəkçəli qadın idman paltarlarını özündə olan arabaya yükləməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1296 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 09:30 radələrində vət. Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” ticarət mərkəzində icarəyə götürərək işlətdiyi 5-ci sıra, 2-ci korpus, 32 nömrəli “New Fashion” adlanan qadın paltarlarının satışı mağazasının qarşısından sonuncunun əmlakından ibarət bağlamanın içərisində hər birinin dəsti 25 manat təşkil edən, Türkiyə istehsalı olan “Crep” firmasına aid, onlardan 84 dəsti qara rəngli, 12 dəsti isə yasəmən rəngli, ümumilikdə 96 dəst şalvar və qısaqol köynəkdən ibarət qadın idman paltarları və hər birinin dəyəri 9 manat təşkil edən 30 ədəd yasəmən rəngli qadın idman köynəklərini özündə olan arabaya yükləməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2670 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 08:15 radələrində vət. Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” ticarət mərkəzində icarəyə götürərək işlətdiyi 3-cü sıra, 4-cü korpus, 92 nömrəli “Vivien” adlanan kişi paltarlarının satışı mağazasının qarşısından sonuncunun əmlakından ibarət bağlamanın içərisində hər birinin dəyəri 20 manat təşkil edən, Türkiyə istehsalı olan “Ette” firmasına aid 135 ədəd müxtəlif rənglərdə qısaqol kişi köynəklərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2700 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, özü heç bir yerdə işləmir, əvvəllər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən «Sədərək» ticarət mərkəzində oğurluq etdiyinə görə Qaradağ rayonu Məhkəməsi tərəfindən cərimə cəzasına məhkum olunmuş, lakin cəriməni ödəməmişdir. O, işin mahiyyəti üzrə göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə gecə saatlarında yaşadığı Şəmkir rayonundan Bakı şəhərinə yola düşmüş və səhər saat 06 radələrində Bakı şəhərinə çatmışdır. Bakı şəhərinə gəlməkdə məqsədi isə «Sədərək» və «Binə» ticarət mərkəzlərində oğurluq etmək olmuşdur. O, rayondan özü ilə gətirdiyi araba ilə əvvəlcə «Sədərək» ticarət mərkəzinə gəlmiş, orada oğurluq etmək üçün fürsət yaranmadığından çıxmış və «Binə» ticarət mərkəzinə getmişdir. Təxminən saat 08:15 radələrində ticarət mərkəzində araba ilə gəzdiyi zaman bir kişi paltarlarının satışı mağazasının qarşısında sahibsiz bağlamaların olduğunu görmüşdür. Ətrafa baxıb heç kimin görmədiyinə əmin olduqdan sonra araba ilə həmin mağazanın qarşısına yaxınlaşmış və orada olan qara rəngli sellofan bağlamanın birini arabaya yükləyərək oradan uzaqlaşmışdır. Həmin yerdən 100-150 metr aralandıqdan sonra araba ilə getdiyi zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq əlindən tutmuşdur. O, həmin şəxsin oğurladığı bağlamanın sahibi olduğunu zənn edib qorxmuş və heç bir söz demədən həmin şəxsin təkidi ilə orada yaxınlıqda olan başqa bir mağazaya daxil olmuşdur. Bir qədər sonra mağazaya bir nəfər polis əməkdaşı gəlmiş və ondan həmin mağazadan təxminən bir həftə əvvəl oğurluq edib-etmədiyini soruşmuşdur. O, mağazaya baxdıqda yadına düşmüşdür ki, həqiqətən də həmin mağazanın qarşısından bir bağlamada qadın idman paltarlarını oğurlamışdır. O, polis əməkdaşına həmin mağazadan və hazırda da başqa bir mağazadan arabada olan bağlamanı oğurladığını təsdiq etdikdən sonra polis əməkdaşı onu 10-cu polis bölməsinə dəvət etmiş və orada sənədləşmə işləri aparılmışdır. Oğurladığı bağlama qara rəngli sellofana büküldüyü üçün içərisində nə olduğunu bilməmiş, lakin həmin bağlamanı kişi geyimləri mağazasının qarşısından oğurladığını qeyd etmişdir. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə, gecə saatlarında yaşadığı Şəmkir rayonundan çıxıb səhər 06 radələrində Bakı şəhərinə gəlmiş, eyni səbəbə görə Bakı şəhərinə oğurluq etmək üçün yollanmışdır. Həmin gün saat 09:30 radələrində özündə olan həmin araba ilə «Binə» ticarət mərkəzində oğurluq etmək üçün münasib yer axtarmış, elə qadın idman paltarları mağazasının yanından keçdiyi zaman orada mağazanın qarşısında bir ədəd bağlamanın olduğunu görmüşdür. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra araba ilə həmin mağazanın qarşısına yaxınlaşmış və orada olan ağ rəngli sellofan bağlamanı arabaya yükləyərək oradan uzaqlaşmışdır. Oğurladığı bağlama ağır olduğu üçün təxminən 20-30 metr aralandıqdan sonra orada iri arabalı olan bir cavan oğlanı görmüş, arabaçıdan bağlamanı yükləyib ticarət mərkəzinin çıxışına qədər daşımağını xahiş etmiş, bunun müqabilində də oğlana 2 manat pul vermişdir. Həmin oğlan elə araba qarışıb bağlamanı öz iri arabasına yükləyərək onun dediyi yerə qədər daşımışdır. Daha sonra o, ticarət mərkəzidən çıxıb Lökbatan dairəsinə yaxınlaşmış və orada Bakı-Qazax magistral yoluna gedib gələn bir avtobusa əyləşərək Şəmkir rayonuna yollanmışdır. Rayonda həmin mallara baxdıqda görmüşdür ki, bağlamada qara və yasəmən rəngdə 96 dəst şalvar və qısaqol köynəkdən ibarət qadın idman paltarı və yasəmən rəngli 30 ədəd qısaqol qadın idman köynəkləri olmuş, Şəmkirin mərkəzində malların hamısını sata bilməmişdir. Şəmkir mərkəzi bazarında pal-paltar satan, tanıdığı, lakin adlarını bilmədiyi iki satıcı qadına cəmi 95 manata 9 dəst idman paltarlarından satmışdır. Onlardan biri 6 dəst, digəri isə 3 dəst almışdır. Həmçinin bazarda olan tanımadığı alıcılara hər birini 10 manatdan olmaqla 9 dəst qadın idman paltarlarından satmışdır. Daha sonra o, Zəyəm qəsəbəsinə yollanmış, orada da tanışı, «Qnim» ləqəbli İlqarın vasitəsi ilə özü də qalan digər paltarların hamısını, yəni 78 dəst idman paltarı və 30 ədəd köynəkləri 590 manat müqabilində adını bilmədiyi bir qadına satmışdır. Həmçinin o, xx xxxx 2020-ci il tarixdə gecə saatlarında yaşadığı Şəmkir rayonundan çıxıb səhər saat 06 radələrində Bakı şəhərinə gəlmiş, eyni səbəbə görə Bakı şəhərinə oğurluq etmək üçün yollanmışdır. Həmin gün səhər saatlarında özündə olan həmin araba ilə «Binə» ticarət mərkəzində oğurluq etmək üçün münasib yer axtarmışdır. Elə qadın idman paltarları mağazasının yanından keçdiyi zaman orada mağazanın qarşısında bir ədəd bağlamanın olduğunu görmüşdür. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra araba ilə həmin mağazanın qarşısına yaxınlaşmış və orada olan qəhvəyi rəngli sellofan bağlamanı arabaya yükləyərək oradan uzaqlaşmışdır. Daha sonra o, ticarət mərkəzindən çıxıb Lökbatan dairəsinə yaxınlaşmış və orada Bakı-Qazax magistral yoluna gedib gələn bir avtobusa əyləşərək Şəmkir rayonuna yollanmışdır. Rayonda həmin mallara baxdıqda görmüşdür ki, bağlamada müxtəlif rənglərdə 72 dəst şalvar və uzunqol köynəkdən ibarət qadın idman paltarı olmuşdur. Şəmkir mərkəzi bazarında pal-paltar satan, tanıdığı, lakin adını bilmədiyi bir qadına hər bir dəstini 10 manatdan cəmi 720 manata 72 dəst idman paltarlarından satmışdır. O, başqa bir cinayət hadisəsi törətmədiyini, həmin cinayətləri tək törətdiyini, hər hansı bir şəxsin ona köməklik göstərmədiyini təsdiq etmişdir. O, oğurluq nəticəsində əldə etdiyi pulların böyük hissəsini «Topaz» mərc oyunlarında uduzmuş, qalan pullara isə özünə yemək almış, yol puluna xərcləmişdir. «Topaz» mərc oyunlarında oynamaq üçün oğurluqları etmiş, həmin oyunda pul udmaq istəmişdir. Həmin arabanı oğurluq etmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə «Binə» ticarət mərkəzində ilk oğurluğunu etməmişdən əvvəl elə həmin ticarət mərkəzindən 45 manata almış, bütün oğurluqları eyni üsulla etmiş, özünü guya arabada mal daşıyan işçi kimi biruzə verirmiş ki, oğurluq etməyindən şübhələnən olmasın. Nə tanışı «Qnim» ləqəbli İlqar, nə də ki, qadınlara malların oğurluq olması barədə bildirməmiş, onlara həmin malların tanışı tərəfindən satıldığını, mağazasını bağladığı üçün təcili satdığını demişdir. O, saxlanıldığı zaman ona heç kim tərəfindən təzyiq göstərilmədiyini bildirmişdir. O öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən «Binə» ticarət mərkəzinin 5-ci sıra, 2-ci korpus, 32 nömrəli «New Fashion» adlanan mağazanı icarəyə götürərək işlədir, həmin mağazada qadın paltarlarının satışı ilə məşğul olur. xx xxxx 2020-ci il tarixdə saat 09:30 radələrində mağazada olmuş, təxminən 5 dəqiqə sonra isə siqaret çəkmək üçün bayıra çıxmışdır. Mağazanın qarşısına çıxdıqda vitrinin qarşısında içərisində qadın idman paltarları olan bir ədəd çuvalın olmadığını aşkar etmişdir. O, bunu gördükdə mağazadan oğurluq olduğunu bilmişdir. Bundan sonra mağazanın qarşısında olan kamera görüntüsünə baxmış, tanımadığı şəxsin əşyaları oğurladığı məqam görüntüyə düşdüyünü aşkar etmişdir. Daha sonra həmin şəxsi bazarda axtarmağa başlamış, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də DİN-nin 102 mərkəzi məlumat sisteminə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib mağazanın qarşısına baxış keçirmiş, özü isə Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə ərizə ilə müraciət etmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 09:30 radələrində icarəyə götürərək işlətdiyi mağazanın yaxınlığında olduğu zaman bir nəfər şəxsin arabada qara rəngli torbanın içərisində nəsə apardığını görmüşdür. Həmin şəxsin zahiri əlamətlərini mağazasından oğurluq edən şəxsə oxşatdığı üçün ondan şübhələnərək yaxınlaşmış və əlindən tutduğu zaman həmin şəxsin qorxduğunu görmüşdür. Həmin şəxsi işlətdiyi mağazaya dəvət etmiş və dərhal ticarət mərkəzinin əməliyyat müvəkkili İbrahim müəllimə zəng edərək çağırmışdır. Bundan sonra İbrahim müəllim mağazaya gəlmiş və həmin şəxsi sorğu-sual etmişdir. Həmin şəxs adının Rövşən olduğunu, arabada daşıdığı malları oğurladığını təsdiq etmişdir. Bundan başqa Rövşən adlı şəxs onun da mağazasının qarşısından qadın idman paltarlarını oğurladığını təsdiq etdikdən sonra Rövşəni polis bölməsinə aparmışlar, daha sonra nə baş verdiyindən məlumatı olmadığını göstərmişdir. İcarəyə götürərək işlətdiyi mağazanın qarşısında bir ədəd çuvalda şalvar və qısaqol köynəyi olan, onlardan 84 dəst qara rəngli, 12 dəst isə yasəmən rəngli, ümumilikdə 96 dəst, hər bir dəstin dəyəri 25 manat təşkil edən qadın idman paltarları, həmçinin hər birinin dəyəri 9 manat təşkil edən yasəmən rəngli 30 ədəd qadın idman köynəkləri oğurlanmış, paltarların Türkiyə istehsalı olan «Crep» firmasına aid olduğunu, oğurluq nəticəsində ona 2670 manat məbləğində maddi ziyan dəydiyini təsdiq etməklə kamera görüntüsündə Rövşən adlı şəxsin araba ilə yaxınlaşaraq malları həmin arabaya yükləməklə oğurlayıb apardığını görmüşdür. O öz ifadəsində son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənmədiyi üçün şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən «Binə» ticarət mərkəzinin 4-cü sıra, 4-cü korpus, 77 nömrəli «Dossi» adlanan mağazanı icarəyə götürərək işlədir, həmin mağazada qadın paltarlarının satışı ilə məşğul olur. xx xxxx 2020-ci il tarixdə anasının il dönümü ilə əlaqədar mağazaya gəlməmiş, lakin bacısı oğlu X4 mağazada olmuşdur. Həmin gün səhər saatlarında Samir müştərinin qəbul edərkən tanımadığı bir şəxs mağazanın qarşısında içərisində qadın idman paltarları olan bir ədəd bağlamanı oğurlamışdır. Belə ki, bir nəfər müştəri gəlib satdığı mallardan topdan almaq istədiyi zaman həmin skoçlanmış bağlamanı aşkar etməmişlər. Mağazanın qarşısında quraşdırdığı kameraya baxdıqda görmüşdür ki, bir nəfər tanımadığı şəxs araba ilə yaxınlaşaraq həmin bağlamanı arabaya yükləyib getmişdir. Həmin şəxsin tapılmasına ümidi olmadığı üçün hüquq mühafizə orqanlarına şikayət etməmiş, lakin xx xxxx 2020-ci il tarixdə mağazada olduğu zaman 5-ci korpusda qadın paltarları mağazası işlədən Elşən ona yaxınlaşaraq əvvəllər mağazasından oğurluq olub-olmaması barədə maraqlanmış, o, oğurluq olmasını təsdiq etmişdir. Elşən ona bildirmişdir ki, oğurluq edən şəxs tərəfindən saxlanılmış, həmin şəxs onun da mağazasından oğurluq etmişdir. Bundan sonra o, polis bölməsinə ərizə ilə müraciət etmişdir. İcarəyə götürərək işlətdiyi mağazanın qarşısında bir ədəd bağlamada şalvar və uzunqol gödəkçəsi olan 72 dəst müxtəlif rənglərdə qadın idman paltarlarının oğurlandığını, paltarların Türkiyə istehsalı olduğunu, lakin hansı firmaya aid olduğunu xatırlamadığını bildirmişdir. Hər bir qadın idman paltarının dəsti 18 manat təşkil etmiş, oğurluq nəticəsində ona 1296 manat məbləğində maddi ziyan dəymişdir. Kamera görüntüsündə həmin şəxsin araba ilə yaxınlaşaraq malları həmin arabaya yükləməklə oğurlayıb apardığını, digər şəxsin köməklik göstərməsini görmədiyini bildirmişdir. O öz ifadəsində son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənmədiyi üçün şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən «Binə» ticarət mərkəzinin 3-cü sıra, 4-cü korpus, 92 nömrəli «Vivien» adlanan mağazanı icarəyə götürərək işlədir, həmin mağazada kişi paltarlarınnın satışı ilə məşğul olur. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında mağazada olduğu zaman tanımadığı şəxs onun xəbəri olmadan mağazanın qarşısından içərisində qısaqol kişi köynəkləri olan bir ədəd bağlamanı oğurlamışdır. Bunu ona 10-cu polis bölməsinin əməkdaşları demişlər. Belə ki, o, mağazada olduğu zaman polis əməkdaşları gəlib bildirmişlər ki, içərisində paltarlar olan bağlamanı oğurlamış şəxsi tutmuşlar. Bundan sonra o, 10-cu polis bölməsinə dəvət olunmuş və oğurluqla bağlı ərizə ilə müraciət etmişdir. Ona məlum olmuşdur ki, həmin şəxs araba ilə mağazanın qarşısına gəlmiş, onun başının qarışıq olmağından istifadə edərək həmin bağlamanı arabaya yükləyib oğurlamış, ondan başqa digər mağazalardan da həmin qaydada oğurluqlar etmişdir. İcarəyə götürərək işlətdiyi mağazanın qarşısında bir ədəd bağlamada 135 ədəd müxtəlif rənglərdə qısaqol kişi köynəkləri oğurlanmış, Paltarlar Türkiyə istehsalı, «Ette» firmasına aid olmuşlar. Hər bir qısaqol kişi köynəyin dəyəri 14 manat təşkil etmiş, oğurluq nəticəsində ona 1890 manat məbləğində maddi ziyan dəydiyini təsdiq etmişdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, icarədarı olduğu mağazanın qarşısından bir ədəd bağlamada 135 ədəd müxtəlif rəngli qısaqol kişi köynəklərinin oğurlandığını və həmin köynəklərin bir ədədinin qiymətinin 14 manat olduğunu vurğulasa da bu onun şifahi hesablaması olmuşdur. O, qeyd etmişdir ki, həmin köynəkləri müxtəlif qiymətlərə satır. Bu səbəbdən də Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx.xx.2020-ci il tarixli, 9/2202 nömrəli rəydə göstərilən qiymətlə razı olduğunu, ona ümumi olaraq 2700 manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/2202 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, 02 ədəd təzə vəziyyətdə olan qısaqol kişi köynəklərinin 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilmişdir. - 01 ədəd qırmızı-albalı rəngli, üzərində Ette yazıları olan, XL ölçülü, yarılığında olan məlumatlara əsasən Türkiyədə istehsal edilmiş qısaqol kişi köynəyi – 20,00 manat; - 01 ədəd ağ-qara rəngli, üzərində Ette yazıları olan, XXL ölçülü, yarılığında olan məlumatlara əsasən Türkiyədə istehsal edilmiş qısaqol kişi köynəyi – 20,00 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İstintaq zamanı 135 ədəd qısaqol kişi köynəkləri maddi sübut kimi tanınaraq saxlanılması üçün qəbzlə Zərərçəkmiş şəxs3 təhvil verilmişlər və iki təkərli araba maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməklə CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş 1500 manat məbləğində cərimə cəzasını ödəməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət Məcəlləsinin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 135 ədəd qısaqol kişi köynəklərinin saxlanılması üçün Zərərçəkmiş şəxs3 verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan iki təkərli araba hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 57 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 342 (üç yüz qırx iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1500 manat məbləğində cərimə cəzası ilə tam birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1500 (min beş yüz) manat cərimə təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 135 ədəd qısaqol kişi köynəklərinin saxlanılması üçün Zərərçəkmiş şəxs3 verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan iki təkərli araba hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 342 (üç yüz qırx iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-240/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-240/2020
05.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver